Azərbaycan Respublikası adından QƏRARDAD Naftalan şəhəri İş № 2(052)-82/2023 29.03.2023 NAFTALAN ŞƏHƏR MƏHKƏMƏSİ Naftalan Şəhər Məhkəməsinin hakimi X5. İddiaçı cavabdehlər Cavabdeh1 və AR DİN Baş Mühafizə İdarəsinin Goranboy RMB-nə qarşı «sahiblik və istifadədə olan sanatoriya kompleksindən hüquqları olmayan şəxslərin çıxarılması» tələbi barədə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı cavabdehlər Cavabdeh1 və AR DİN Baş Mühafizə İdarəsinin Goranboy RMB-nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Naftalan şəhəri, R.Zülfüqarov 64A ünvanında yerləşən sanatoriya kompleksindən cavabdehlərin və 3-cü şəxslərin çıxarılması, sahiblik və istifadə hüquqlarının barpası barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, o, 2018-2021-ci illərdə mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən torpaq sahəsində sanatoriya kompleksi inşa etdirmişdir. Tikintinin layihələndirilməsi, işlərin görülməsi üçün podratçı təşkilatlara verilən sifarişlər və müqavilələr, müvafiq dövlət qurumlarından alınan zəruri hüquqmüəyyənedici sənədlər onun adına rəsmiləşdirilmişdir. Naftalan şəhər İcra Hakimiyyətinin başçısının xx.xx.2021-ci il tarixli 05 saylı tikinti obyektinin istismarına İcazəsinə əsasən kompleks fəaliyyətə başlamışdır. 25 mart 2020-ci ildə X1 50% paya, X6 25% paya və o, yəni İddiaçı 25% paya sahib olmaqla “PARK NAFTALAN" MMC təsis edilmiş və o, təsisçilərin ümumi yığıncağında Nizamnaməyə uyğun MMC-nin direktoru təyin edilmişdir. xx.xx.2020-ci il tarixdə Naftalan şəhər dövlət notariat ofisində bağlanmış alqı-satqı müqaviləsinə əsasən mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən torpaq sahəsini direktoru və həmtəsisçisi olduğu "xxxx" MMC-yə satmışdır. xx.xx.2022-ci il tarixdə "xxxx" MMC-nin təsisçilərinin növbəti ümumi yığıncağında X1 50%, X6 20%, İddiaçı 20% və X2 10% pay sahibi olmaqla ikinci redaksiyada MMC-nin Nizamnaməsi qəbul edilmiş və yenə də o, direktor təyin olunmuşdur. 02 mart 2023-cü ildə AR DİN Baş Mühafizə İdarəsinin Goranboy RMB-nin nümayəndələrinin müdaxiləsi nəticəsində sahibliyində və istifadəsində olan sanatoriya kompleksinin fəaliyyəti dayandırılmışdır. Araşdırma zamanı məlum olmuşdur ki, onların məlumatı olmadan MMC-nin 50% payla həmtəsisçisi X1 tərəfindən direktor təyin olunmuş Cavabdeh1 ona məxsus binanın mühafizəsinə dair müqavilə imzalamışdır. Bu özbaşınalığa son qoyulması üçün AR Daxili İşlər Nazirliyinə və digər icra strukturlarına çoxsaylı müraciətləri isə cavabsız qalmışdır. Nəticədə kompleksin fəaliyyətini davam etdirmək mümkün olmadığı üçün sahibkarlıq fəaliyyəti dayandırılmış və kompleksdə işləyən 65 nəfər əməkdaş işsiz qalmışlar. Odur ki, pozulmuş hüquqlarının bərpa olunması üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi geri qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının məhkəmələri pozulmuş və barəsində mübahisə edilən hüquq və azadlıqları müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq belə hüquq və azadlıqları müdafiə və təmin edir. Həmin Məcəllənin 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 25.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən ümumi məhkəmələr bu Məcəllənin 26.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, bu Məcəllənin 305-ci maddəsində göstərilən xüsusi icraat işlərinə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Həmin Məcəllənin 26.2-ci maddəsinə əsasən kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” 2020-ci il 18 sentyabr tarixli, 10 saylı qərarının məhkəmə aidiyyətinin müəyyən edilməsi meyarları və onların xüsusiyyətlərini, habelə bu meyarlar üzrə yoxlanılma ardıcıllığını əks etdirən cədvəlin “Mübahisə tərəflərinin subyekt tərkibindən asılı olmayaraq aşağıdakı tələblərə kommersiya məhkəmələri baxır” hissəsində qeyd edilmişdir ki, Kommersiya hüquqi şəxsləri ilə bağlı korporativ tələblər (təsisçiləri, üzvləri, iştirakçıları, idarəetmə orqanının nümayəndələri arasında və onlarla hüquqi şəxs arasında olan hüquqi şəxsin fəaliyyətindən irəli gələn tələblər) tərəflərinin subyekt tərkibindən asılı olmayaraq kommersiya məhkəmələri tərəfindən baxılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2020-ci il 18 sentyabr tarixli Qərarının tətbiqi ilə bağlı məhkəmələrin fəaliyyətinin monitorinqinin nəticələrinə dair 19 dekabr 2022-ci il tarixli 6 nömrəli qərarında qeyd edilmişdir ki, 2.3-cü bəndində qeyd edilmişdir ki, Plenum Qərarının icrası üzrə məhkəmə aidiyyətinin müəyyən edilməsi meyarları və onların xüsusiyyətlərini, habelə bu meyarlar üzrə yoxlanılma ardıcıllığını əks etdirən Cədvəlin “Mübahisə tərəflərinin subyekt tərkibindən asılı olmayaraq aşağıdakı tələblərə kommersiya məhkəmələri baxır” hissəsində “(təsisçiləri, üzvləri, idarəetmə orqanının nümayəndələri arasında və onlarla hüquqi şəxs arasında olan hüquqi şəxsin fəaliyyətindən irəli gələn tələblər)” sözləri (təsisçilər, üzvlər, iştirakçılar, hüquqi şəxsin nizamnaməsi ilə müəyyən edilən idarəetmə orqanlarının nümayəndələri arasında və ya onlarla hüquqi şəxs arasında olan hüquqi şəxsin fəaliyyətindən, o cümlədən hüquqi şəxsin yaradılmasından, yenidən təşkil olunmasından, ləğv edilməsindən, idarə olunmasından, eləcə də səhmlərin, təsis və iştirak paylarının alqı-satqısından ibarət tələblər) sözləri ilə əvəz edilsin. Vergi ödəyiciləri barədə elektron baza məlumatlarından əldə edilmiş çıxarışdan görünür ki, "xxxx" MMC (VÖEN: **********) kommersiya hüquqi şəxsdir və cəmiyyətin direktoru Cavabdeh1dur (FİN: xxxxxxx). Göründüyü kimi, İddiaçı "xxxx" MMC-nin həmtəsisçisi, Cavabdeh1 isə direktorudur. Hazırki iddia isə hüquqi şəxsin fəaliyyətindən, eləcə də onun idarə olunmasından irəli gələn cəmiyyətin təsisçisi və direktoru arasında yaranan tələblərə dair mübahisədir. Odur ki, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri baxımından işə ümumi məhkəmədə deyil, müvafiq kommersiya məhkəmsində baxılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 269.3-cü maddəsinə əsasən bu Məcəllənin 32.5-ci maddəsində nəzərdə tutulmuş qaydada aidiyyət haqqında qərardaddan şikayət verildikdə həmin şikayət bu Məcəllənin 403-1.5-ci maddəsinin tələbləri izah edilməklə işdə iştirak edən şəxslərə rəsmi qaydada verilir və iş kasasiya instansiyası məhkəməsinə göndərilir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 152-ci maddəsinə əsasən QƏRARA ALDİM: İddiaçı cavabdehlər Cavabdeh1 və AR DİN Baş Mühafizə İdarəsinin Goranboy RMB-nə qarşı «sahiblik və istifadədə olan sanatoriya kompleksindən hüquqları olmayan şəxslərin çıxarılması» barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Naftalan Şəhər Məhkəməsinə şikayəti verilə bilər. Hakim: Ayaz Səlimov
Məhkəmə qərarları › İş №2(052)-82/2023
Naftalan Şəhər Məhkəməsi Qərardad — İş №2(052)-82/2023
29.03.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver