Məhkəmə qərarları › İş №2(053)-11/2024

Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №2(053)-11/2024

14.05.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № 2(053)-11/2024 14.05.2024 NEFTÇALA RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Mazanov Kamran Ramazan oğlunun katibliyi, iddiaçı Neftçala rayonu, Tatarməhlə bələdiyyəsinin sədri X8, Cavabdeh iştirakı ilə iddiaçı Neftçala rayonu, Tatarməhlə bələdiyyəsinin Cavabdeh qarşı «zəbt edilmiş kəndarası yolun açılması» tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Neftçala rayonu, Tatarməhlə bələdiyyəsi Cavabdeh qarşı iddia ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən zəbt edilmiş 8 metr eni, 40 metr uzunluğu olan hasarlanmış yolun açılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Neftçala rayonu, Tatarməhlə bələdiyyəsinin sədri X13 işin məhkəmə baxışı zamanı iddianı müdafiə edərək bildirmişdir ki, kəndarası yollar bələdiyyə mülkiyyətindədir. Cavabdehin yaşadığı evin yaxınlığından keçən torpaq yol uzun illər kənd əhalisi tərəfindən gediş-gəliş yolu kimi istifadə olunub. Lakin hazırda cavabdehə məxsus evin yaxınlığından keçən, eni 8 metr, uzunluğu isə 40 metr olan yol sonuncu tərəfindən zəbt edilərək hasara alınıb. Halbuki həmin yoldan kənd əhalisi illər uzunu Kür çayına çıxış yolu kimi istifadə edib. Cavabdehə yolun açılması barədə dəfələrlə şifahi xəbərdarlıq edilmiş, həmçinin ona 06 sentyabr 2022-ci il tarixində rəsmi xəbərdarlıq göndərilmişdir. Lakin cavabdeh ona edilmiş xəbərdarlıqlara baxmayaraq yolun açılmasını təmin etməyib. Cavabdeh yolun zəbt olunması barədə onun iştirakı ilə tərtib edilmiş akta imza etməkdən də imtina etmişdir. Qeyd edir ki, sözügedən yolun zəbt olunması kənd əhalisinin həmin yoldan normal istifadə etməsini əngəlləyir. Bu səbəbdən həmin yolun açılması zəruridir. Bələdiyyə sədri göstərilənləri nəzərə alaraq iddianın təmin olunmasını məhkəmədən xahiş edir. Cavabdeh iddianı qəbul etməyərək işin məhkəmə baxışı zamanı bildirmişdir ki, iddiada mübahisələndirilən ərazi, yəni uzunluğu 40 metr, eni isə 8 metr təşkil edən torpaq sahəsi «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnaməyə əsasən atası X3, anası X2 və onun (cavabdehin) mülkiyyətində olan həyətyanı torpaq sahəsinin daxilində yerləşir. Ona görə də həmin ərazinin zəbt olunmasından söhbət gedə bilməz. Sadəcə olaraq mübahisələndirilən ərazi xeyli müddət ərzində açıq, yəni çəpərlənməmiş vəziyyətdə olub. Bu səbəbdən də kənd sakini X6 ailə üzvləri ilə birlikdə həmin sahədən gediş-gəliş yolu kimi istifadə edib. Başqa heç kəs bu ərazidən gediş-gəliş yolu kimi istifadə etməyib. Sonradan o (cavabdeh), ərazini çəpərləyib (ətrafına “setka” çəkib). Məhz bundan sonra X6 müxtəlif instansiyalara, o cümlədən Neftçala Rayon İcra Hakimiyyətinə və bələdiyyəyə şikayətlər etməyə başlamışdır. Halbuki, qeyd olunan sahənin istər bələdiyyəyə, istərsə də hər hansı başqa bir şəxsə heç bir aidiyyəti yoxdur. Bələdiyyənin məhkəməyə müraciətinin əsl məqsədi X5 şikayətlərinin qarşısını almaqdan ibarətdir. Cavabdeh həmçinin qeyd edir ki, ərazidə başqa gediş-gəliş yollarının mövcud olması səbəbindən göstərilən sahənin çəpərlənməsi heç kəsə maneə törətmir. Göstərilənlərə əsasən iddianın rədd olunmasını məhkəmədən xahiş edir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını nəzərdən keçirib, toplanmış sübutların cəminə hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia rədd olunmalıdır. Tatarməhlə bələdiyyəsinin sədri X13, Neftçala Rayon İcra Hakimiyyəti başçısının Tatarməhlə İƏDÜ nümayəndəsi X17, Neftçala rayonu, Tatarməhlə bələdiyyəsinin üzvü X14 və Tatarməhlə kənd sakini X7 tərəfindən tərtib edilərək imzalanmış və üzərində tərtib edilmə tarixi göstərilməyən aktda aşağıdakılar qeyd olunur: «...uzun illər Kürboyu əraziyə çıxmaq üçün X6yla Cavabdeh yaşayış məntəqələri arasında olan yolu və ya küçəni halbuki Tatarməhlə bələdiyyəsinin mülkiyyətinə aid olan sahəni Cavabdeh qanunsuz zəbt edərək hasarla tutmuşdur». Qeyd olunur ki, həmin aktda Cavabdeh da adı göstərildiyinə baxmayaraq, akt cavabdeh tərəfindən imzalanmayıb. İş materiallarına Neftçala rayonu, Tatarməhlə bələdiyyəsinin Cavabdeh ünvanladığı 06 sentyabr 2022-ci il tarixli xəbərdarlıq məktubu əlavə olunub. Həmin məktubda aşağıdakılar qeyd olunur: «Tatarməhlə bələdiyyəsi Sizə bildirir ki, Tatarməhlə kənd sakini X1 bələdiyyəsinə rəsmi olaraq ərizə ilə müraciət edərək bildirmişdir ki, onların küçəsi Siz tərəfindən zəbt olunaraq hasarlanmış və bağlanmışdır. Bununla bağlı həmən ərazini 2021ci ildə Əmlak Müfəttişliyindən nümayəndələr gələrək, həmən ərazinin heç bir kəsə sənədlə aid olmadığından bələdiyyə mülkiyyəti kimi göstərilmişdir. Bununla əlaqədar olaraq 15 gün müddətində həmin sahəni boşaldıb bələdiyyəyə təhvil verməyinizi xahiş edirik». Neftçala rayonu, Tatarməhlə bələdiyyəsinin 16 fevral 2023-cü il tarixli 04 nömrəli iclas protokolunun məzmunundan Tatarməhlə kənd sakini X5 şikayət ərizəsinin nəzərə alındığının; Tatarməhlə kənd sakini Cavabdeh qanunsuz zəbt edib hasarladığı torpaq sahəsini boşaldıb, hasarını söküb, torpağı əvvəlki vəziyyətinə qoyması və torpağın qanuni yolla alınması üçün bələdiyyəyə ərizə ilə müraciət etməsinin təklif olunmasının; zəbt etdiyi torpaq sahəsindən çıxmadığı halda toplanmış sənədlərin baxılması üçün Neftçala Rayon Məhkəməsinə təqdim ediləcəyinin Cavabdeh nəzərinə çatdırılmasının; həmçinin qərarın icrasına nəzarətin bələdiyyə sədrinə həvalə olunmasının qərara alındığı görünür. «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamə ilə (JN-092F; kod ********) müəyyən olunur ki, Neftçala rayon Aqrar İslahat Komissiyasının 14 dekabr 1998-ci il tarixli 33 nömrəli qərarına əsasən 0,30 ha torpaq sahəsi (şəhadətnamədə torpaq sahəsinin cizgisi göstərilib) Neftçala rayonu, Tatarməhlə kənd sakinləri X3, X2 və Cavabdeh mülkiyyətinə ayrılıb. Neftçala Rayon Məhkəməsinin 27 aprel 2023-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə mühəndis-texniki ekspertizası təyin edilmişdir. Bununla əlaqədar Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 13 saylı Şirvan ərazi idarəsinin mütəxəssisi tərəfindən verilmiş rəydən, ona əlavə edilmiş yerquruluşu planından, habelə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin eksperti tərəfindən 06 mart 2024-cü ildə verilmiş 3-16- 16/2-10/1272 nömrəli ekspert rəyindən görünür ki, Cavabdeh tərəfindən zəbt olunduğu iddia edilən, eni 8 metr, uzunluğu 40 metr təşkil edən torpaq sahəsi (yuxarıda göstərilən sxemə (yerquruluşu planına) əsasən mübahisəli ərazinin faktik sahəsi 237 kv.m təşkil edir) Azərbaycan Respublikası Prezidentinin 07 mart 2016-cı il tarixli 818 nömrəli Fərmanı ilə təsdiq edilmiş X9 X11 (TEKUİS) əsasən Cavabdeh istifadəsində olan, JN-092F nömrəli şəhadətnamə ilə ayrılmış torpaq sahəsinin hüdudları daxilindədir. Məhkəmə işin faktik hallarını nəzərə alaraq hesab edir ki, «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamə (JN-092F; kod ********), habelə yuxarıda göstərilən mütəxəssis və ekspert rəyləri hazırkı iş üzrə mötəbər sübut kimi qiymətləndirilməlidirlər. Mübahisəyə hüquqi qiymət verərək məhkəmə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən «Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər». Beləliklə, istər hüquqi, istərsə də fiziki şəxsin məhkəmə müdafiəsindən istifadə etmək hüququ o, halda yaranır ki, onun qanunla qorunan hüquq və azadlıqları, eləcə də maraqları pozulmuş olsun. «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında əks olunmuş hüquqi mövqeyə görə “Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz». Yuxarıda göstərilənləri və işin faktik hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı Tatarməhlə bələdiyyəsi mübahisəli torpaq sahəsi ilə bağlı tələb irəli sürərkən ilk növbədə həmin sahəyə qanuna əsaslanan maraqlarının olduğunu, o cümlədən bu sahənin ona aid olduğunu, başqa sözlə desək mübahisələndirdiyi torpaq sahəsinə subyektiv hüququnun mövcud olmasını sübuta yetirməlidir (iddiaçı bu halların müəyyən edilməsi üzrə sübutetmə vəzifəsinin daşıyıcısıdır). Göstərilən hallar sübuta yetirilməcəyi təqdirdə isə iddia cavabdehin dəlillərinin məzmunundan asılı olmayaraq rədd edilməlidir. İddiaçı öz ərizəsində mübahisələndirilən torpaq sahəsinin bələdiyyə mülkiyyətində olduğunu bildirir. Bunu nəzərə alaraq məhkəmə Azərbaycan Respublikası MM-nin 157.2-ci maddəsinə istinad edərək qeyd edir ki, həmin maddəyə əsasən “Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər”. Məhkəmə mülki qanunvericiliyin yuxarıda istinad olunan müddəasının hazırkı iş üzrə iddiada göstərilən növdə tələblərin hüquqi əsası kimi çıxış etdiyini qeyd etməklə yanaşı vurğulayır ki, bu hüquq normasına əsaslanan tələb hüququ da yalnız iddiaçının müvafiq subyektiv hüququ mövcud olduğu, yəni iddiaçı əmlak üzərində mülkiyyət hüququna malik olduğu (eyni zamanda cavabdehin sahibliyinin də qanunsuz olduğu) halda yarana bilər. Lakin, iddiaçı öz ərizəsində mübahisələndirilən torpaq sahəsinin bələdiyyə mülkiyyətində olduğunu bildirdiyinə baxmayaraq, məhkəməyə bu halı təsdiq edə biləcək hər hansı mötəbər sübut təqdim etməmişdir. İddiaçı qaldırdığı iddia tələbi üzrə hər hansı başqa hallara əsaslanan subyektiv hüquqa malik olmasını da işin məhkəmə baxışı zamanı sübuta yetirməyib. Əksinə, yuxarıda qeyd edilən şəhadətnamə habelə mütəxəssis və ekspert rəyləri ilə müəyyən olunur ki, mübahisələndirilən torpaq sahəsi «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamədə (JN-092F; kod ********) adları qeyd olunan şəxslərin mülkiyyətində olmaqla cavabdehin qanuni istifadəsində və sahibliyindədir. Göstərilənlərə əsasən mübahisəli torpaq sahəsi cavabdeh tərəfindən zəbt olunmuş sayıla bilməz. O, mübahisələndirilən torpaq sahəsinin mülkiyyətçilərindən biridir ki, bu da bələdiyyənin eyni yerə münasibətdə mülkiyyət hüququnu istisna edir. Cavabdehin mülkiyyət hüquqları qanunla qorunur. Belə ki, Azərbaycan Respublikası MM-nin 152.1-ci maddəsinə əsasən «Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur». Bununla yanaşı, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84.1-ci maddəsinə əsasən «Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur». Həmçinin Azərbaycan Respublikası MM-nin 152.5-ci maddəsinə əsasən «Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın». Beləliklə, məhkəmə iddiaçının mübahisələndirilən torpaq sahəsinə münasibətdə subyektiv hüquqa malik olmadığını, həmçinin cavabdehin torpaq sahəsinə qanuni əsaslarla sahiblik etdiyini nəzərə alaraq hesab edir ki, iddia rədd olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən «Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir». Eyni Məcəllənin 78.1-ci maddəsinə əsasən «Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın». Azərbaycan Respublikası MPM-nin 14.2 və 217.4-cü maddələrinə əsasən «Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir», «Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır». Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 214, 216 – 220, 227, 233, 357 – 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Neftçala rayonu, Tatarməhlə bələdiyyəsinin Cavabdeh qarşı «zəbt edilmiş kəndarası yolun açılması» tələbinə dair iddiası rədd edilsin. Qətnamədən bir ay müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar