Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № 2(053)-137/2024 28.03.2024 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Samir İdris oğlunun sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı «Maddi və mənəvi zərər tələbinə dair» iddiası üzrə mülki işə açıq məhkəmə iclasında, audio video yazı istifadə edilməklə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ilə məhkəməyə müraciət edərək ona vurulmuş maddi zərərə görə 9.000 manat, mənəvi zərərə görə 500 manat məbləğində pulun və iddia ərizəsinə görə ödənilmiş 115 manat dövlət rüsumunun cavabdehdən xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ona məxsus “Folksvagen” markalı, 99- HV-302 dövlət qeydiyyat nişanlı avtomobildə xəbərdaredici qırmızı işıq yandığından servisə müraciət etmiş, servisdə kompyuterdə diaqnostika aparılmış, ciddi bir məsələ olmadığı, yalnız mühərrikin qapaq (krışka) hissəsinin dəyişdirilməsi zərurəti olduğu ona bildirilmişdir. “Everest” sevisdə usta kimi fəaliyyət göstərən Cavabdeh ilə qapağın dəyişdirilməsi barədə razılığa gəlmiş və o, avtomobili servisdə saxlamışdır. O, cavabdehə bildirmişdir ki, yalnız qapaq dəyişdirilməli, mühərrikdə problem yoxdur deyə mühərriki sökməməlidir. 2022-ci ilin sentyabr ayında o, avtomobili servisdən götürmüş, cavabdeh hər şeyin qaydasında olduğunu bildirmişdir. O, avtomobili sürərək getmiş, bir kilometr yol qət etməmişdir ki, avtomobilin mühərriki sıradan (“vurmuşdur”) çıxmışdır. Evakuator vasitəsilə avtomobili servisə aparmış və məlum olmuşdur ki, cavabdeh zərurət olmadığı halda avtomobilin mühərrikini sökmüşdür. Cavabdehin məqsədi əlavə pul məbləği əldə etmək olmuş, lakin mühərriki yığmaqda səriştəsi olmadığından mühərrikin sıradan çıxmasına zəmin yaratmışdır. Qeyd edir ki, o, məcbur qalaraq avtomobilin mühərrikinin yığılması üçün 4500 manat vəsait xərcləmiş və ehtiyat hissələrinin də alınmasına, usta və s. 4500 manat məbləğində pul xərcləmişdir. Cavabdehdən ona vurulmuş maddi ziyanı ödəməsini tələb etmiş, lakin cavabdeh bundan boyun qaçırmışdır. O, Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinə ərizə ilə müraciət etmiş, verilmiş cavabda ona iş mülki xarakterli olması səbəbindən məhkəməyə müraciət edilməsi bildirilmişdir. Cavabdehdən dəfələrlə vurulmuş maddi ziyanı ödəməsini tələb etsə də əhəmiyyət verməmiş və maddi zərəri ödəməkdən yayınmışdır. Eyni zamanda o, cavabdehin təqsiri üzündən çox ciddi stres keçirmiş, əsəb gərginliyinə məruz qalmağı səbəbindən mənəvi zərərə məruz qalmışdır. Maddi zərərə məruz qalmağı şüuruna mənfi psixoloji təsir göstərmiş, sağlamlığı pozulmuşdur. O xəstədir, mütəmadi olaraq müalicələr alır. Belə bir halın baş verməsi onun xəstəliyini daha da şiddətləndirmişdir. Bu səbəbdən cavabdeh tərəfindən vurulmuş mənəvi zərəri 500 manat dəyərində qiymətləndirir. İşin məhkəmə hazırlıq iclası zamanı İddiaçı iddiasını müdafiə edərək, bildirmişdir ki, mühərrikin qapağını alıb gətirəndə görmüşdür ki, usta mühərriki açmışdır. Mühərrikin sökülməsinə görə ustaya iradını bildirmiş, cavabdeh də cavabında mühərriki yığa bildiyini bildirmiş, o da razılaşmışdır. Mühərrik yığıldıqdan sonra avtomaşını sürmüş və qısa zamanda mühərrik (vurmuşdur) sıradan çıxmışdır. Mühərrikin yığılmasına 4500 manat xərci çıxmışdır. O, ustaya mühərriki sökülməsini deməmişdir. Ona görə də hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. İddiasının tam təmin olunmasını məhkəmədən xahiş edir. Cavabdeh məhkəmə hazırlıq iclasında iddianı qəbul etməyərək etiraz ərizəsi təqdim edərək bildirmişdir ki, tərəfindən icarə əsasında istifadə etdiyi bakı şəəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi DSK yolunda yerləşən avtomobil təmir sexində təxminən bir il bundan əvvəl Akif adlı vətəndaş və oğlu ona məxsus avtomobilin mühərrikinin yağ göstəricisi sensorunun işığının yandığını bildirərək yaranmış problemi aradan qaldırmaq niyyəti ilə müraciət etmişlər. Avtomobilə baxış keçirdikdən sonra müştəriyə bildirmişdir ki, avtomobilin mühərliki sökülməlidir və yenidən təmir olunmalıdır. Bunun isə qarşılığında müştəriyə 450 manat zəhmət haqqı təyin edilmiş, halbuki, həmin işin qiyməti 700 manat civarındadır. Adı çəkilən müştərinin hadisədən əvvəl digər iki ədəd avtomobilinə aid mühərriki təmir etdiyinə görə müvafiq endirim etmiş, mühərrik iddiaçının razılığı ilə söküldükdən sonra detallar tokara gedib yoxlanıldıqda mühərrikin qalovka hissəsinin yaramadığı müəyyən edilmiş, həmin vaxt tokarda başqa mühərrik olduğunu bilən zaman təsadüfən Akif adlı vətəndaşla, yəni iddiaçı və qonşusu ilə orada rastlaşmış və tokardan qalovkanın işləyib-işləməyəcəyini soruşduqda tokar iddiaçının yanında bildirmişdir ki, qolovka işləməyəcək, hətta mühərriki işə salan zaman tutula bilər. Bu görülən işə zəmanət yoxdur. Xarab ehtiyat hissəsi dəyişdirilməlidir. Əks halda mühərrikin işləyəcəyinə zəmanət verilməsi mümkün deyildir. Bundan sonra sexə gəlmiş, Akif adlı vətəndaşa bildirmişlər ki, bu qalovka işə yaramır, işləməyəcək, mühərrik dağılacaqdır. O da onlara demişdir ki, təmir edin işləyəcək, o, əlli ildir ki, maşın sürür, yeni qalovkanı almağa da pulu yoxdur. O, Akifə təkidlə bildirmişdir ki, bu vəziyyətdə qalovka işləməyəcək. Akif yenə də siz təmir edin işləyəcək, mən razıyam demişdir. Onlar demişlər ki, bu qalovka olə mühərrik yığılsa da yenidən dağılacaq deyə zəmanət vermirlər. O da onlarla razılaşmış, hətta oğluna da zəng edib bildirmişdir ki, bu mühərrik işləməyəcək, o da demişdir ki, yığın inşallah işləyəcək və razılıq vermişlər. Mühərriki yığdıqdan sonra üç-dörd gün keçmiş, Akif kişi zəng edərək bildirmişdir ki, maşında nasazlıq var. Sonra avtomaşını gətirmişdir. Onlar tərəfdən də müəyyən olunmuşdur ki, mühərrik yenidən deformasiyaya uğrayıb və xarab olub. Akif kişi demişdir ki, mühərriki təzədən yığmalısınız, 3000-3500 manat xərc qoymuşdur. Onlar da bildirmişlər ki, bu mühərrik işləməyəcək və zəmanət ona görə də verilmədi. Onlar tərəfdən köməklik kimi təklif olunmuşdur ki, başqa mühərrik alsın, quraşdırmağı tərəflərindən təmənnasız quraşdırılar, lakin Akif kişi razılaşmayaraq onlara hədə-qorxu gəlməyə başlayaraq nalayiq sözlər işlədib bildirmişdir ki, onun polis qohumları var, şikayət edib onları tutduracaqdır. Bundan 2-3 gün sonra onları polis bölməsinə dəvət edib, izahat almışlar. Qeyd edir ki, onlar tərəfindən görülən işə zəmanət verilməyib və Akif kişi buna razılaşmayıb bölməni tərk etmişdir. Bu hallardan sonra yenə də onlara hədə-qorxu gələrək hətta oğlu özü ilə üç nəfər də gətirib onlara hədə qorxu gələrək, məsələni yanındakılara iş necə olubsa danışdıqdan sonra yanındakılar iddiaçının oğlu Nofələ irad bildirmişlər ki, sizə usta her şeyi bildirib, ustanın günahı yoxdur. İki-üç gün sonra Akifin oğlu Nofəl yanında bir nəfərlə gəlmiş və bildirmişdir ki, əmisi oğludu, əmisi oğlu demişdir ki, dəyən ziyanı qaytarmalısınız. Məsələni olduğu kimi deyəndən sonra əmisi oğlu mövqelərinin yanlış olduğunu gördükdə bura səhv edib gəlmişəm deyə getmişdir. Bir müddətdən sonra Bakı şəhər Baş Polis İdarəsindən zəng gəlmiş və onun haqqında şikayət olduğu bildirilmiş və oraya dəvət olunmuşdur. Oraya getdikdə, edilən şikayəti oxuduqdan sonra görmüşdür ki, ona şər-böhtan atır və bildirir ki, 600 manat zəhmət haqqı almışlar, halbuki 450 manat zəhmət haqqı alınıb və 6000 manat məbləğində ziyan vurulduğunu yazıb, halbuki 3000- 3500 manat xərc çəkiblər. Onun tərəfdən izahat yazılanda yalan yazdığına görə iradını bildirmişdir. Uzun zaman keçdikdən sonra bildiriş gəlmiş, məhkəməyə çağırılmışdır. Bildirmək istəyir ki, Akif adlı vətəndaşın bildirdikləri hamısı yalandır və şər-böhtan atmaqla onları maddi ziyana uğratmaq istəyir. İddia tələbi ilə razı deyil. Əlavə olaraq qeyd etmişdir ki, iddiaçı və oğlu mühərrikdə problem olduğu bildiriləndə onlar açılmasına razılaşmış, qalovka Nərimanov rayonuna aparılmış, orada Nəriman adlı usta qalovkaya zəmanət verməmişdir. On dəfədən çox zəng etmiş ki, bu qalovka yaramayacaq. İddiaçı ilə oğlu ona təkid etmişlər ki, 450 manat verirlər bu qalovqanı qoyub mühərriki yığsın işləyəcək. Mühərrik açıldıqda kladişdə iz olduğunu görmüşdür. Həmçinin qeyd edir ki. o, cavabdehlə mühhərikin ancaq sökülüb yığılması barədə 450 manata razılığa gəlmişdir. Mühərrikdə olan nasazlığın aradan qaldırılması üçün isə iddiaçı özü şəxsən həmin xarab olan hissəni Nəriman deyilən ustaya aparmış, usta iddiaçıya qolovkanın yonulmasından sonra da yararsız olduğunu bildirməsinə baxmayaraq iddiaçı təkid edərək zəmanət verilməyi mümkün olmayan ehtiyyat hissəsinin mühərrikin üzərinə yığılmasını istəmişdir. Bir daha ona bu vəziyyətdə mühərrikin tezliklə sıradan çıxacağı bildirilmiş, görülən işə heç bir halda zəmanət verə bilməyəcəyini vurğulamışdır. Göstərilənləri nəzərə alaraq günahsız olduğunu və bu səbəbdən də iddianın əsassız olduğundan rədd olunmasını məhkəmədən xahiş edir. İddiaçı da eyni zamanda Nəriman ustanın onun tanışı olduğunu, qalovkanı ona göstərdikdə ona zəmanət vermədiyini məhkəmə hazırlıq iclasında etiraf etmişdir. İddiaçı işin məhkəmə baxışı iclasına gəlməmiş, teleqramlar göndərərək xx.xx.2024cü il tarixə və xx.xx.2024-cü tarixlərinə təyin olunmuş məhkəmə baxışı iclasında xəstəliyi ilə əlaqədar iştirak edə bilməyəcəyini, iddia tələbini müdafiə etdiyini və işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. İşin 26 yanvar 2024-cü il tarixə təyin olunmuş məhkəmə hazırlıq iclasında Cavabdeh şahidləri olduğunu, onların dindirilməsi üçün məhkəmə iclasına dəvət olunmasını xahiş etmişdir. İşin məhkəmə hazırlıq iclasında şahid qismində dindirilmiş X1 ifadə verərək bildirmişdir ki, Cavabdeh xalası oğludur. İddiaçı qalovka deyilən ehtiyyat hissəsini yondurmaq üçün Nəriman ustaya vermiş, Nəriman usta ona bildirmişdir ki, bu qalovka yonulsa da işə yaramayacaq. Akif ona demişdir ki, bu qalovkanı yığ düzəlt ver, sənin işin olmasın. Nə görübsə onu da danışır. İşin məhkəmə hazırlıq iclasında şahid qismində dindirilmiş X3 ifadə verərək bildirmişdir ki, Cavabdeh yanında köməkçi işləmişdir. Akif avtomaşınla bağlı müştəriləri olmuşdur. Akiflə oğlu vasitəsilə tanış olmuşdur. Akif ona yaxınlaşıb avtomobilinin mühərrikini göstərmiş, nasazlıq olduğunu demiş, onlar da ona detalın dəyişilməsini tövsiyyə etmişlər. O, Nəriman usta ilə birlikdə dayanmış, ona demişdir ki, Nəriman usta bu detala zəmanət vermir. Nəriman ustadan birlikdə soruşmuşlar, o da zəmanət vermədiyini bildirmiş, zəhmət haqqı kimi 30 manat pul almışdır. Akif oğluna zəng edib bu barədə məlumat vermişdir. Oğlu da bildirdi ki, mühərriki yığın, problem olmaz. O da onlara bu vəziyyətlə razı olmadığını bildirmişdir. Habelə qeyd edir ki, Akif kişinin razılığı olmadan mühərriki aça bilməzdilər və bu mümkün də deyil. Müştəri istəmədiyi halda onların nəyinə lazımdır ki, özlərinin işini artırsınlar. İddiaçının oğlu Nofəl də bütün olanlardan məlumatlı idi. Oğlu razılıq verdi ki, mühərrik sökülsün. Mühərrik sökülən zaman da Akif orada olmuşdur. Ona əvvəlcədən deyilmişdir ki, bu qaydada mühərrikin yığılması işə yaramayacaqdır. Məhkəmə iş materiallarını nəzərdən keçirib, toplanmış sübutların cəminə hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia rədd edilməlidir. Azərbaycan Respublikası MM-nin 442-ci maddəsinə əsasən “Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür”. Həmin Məcəllənin 443.2-ci maddəsinə əsasən “Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir”. Eyni Məcəllənin 21.1-ci maddəsinə əsasən “Maddi və mənəvi zərərni tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın”. Məhkəmədə müəyyən olunur ki, iddiaçı 2022-ci ilin ikinci yarısnda özünə məxsus “Folksvagen” markalı, **-HV-*** dövlət qeydiyyat nişanlı avtomobildə xəbərdaredici qırmızı işıq yandığından avtomobil təmiri servisinə müraciət etmiş, servisdə kompyuter diaqnostika aparılmış, ona mühərrikdə ciddi problem olduğu bildirilmiş, qolovka deyilən ehtiyat hissəsinin yenisi ilə əvəzlənməsi məsləhət görülmüş, iddiaçı isə bir məsələ olmadığını, yalnız mühərrikin qapaq (krışka) hissəsinin dəyişdirilməsi zərurəti olduğu ona bildirilmişdir. Bundan sonra iddiaçı mühərrikin özü həmin xarab olan hissəni özünün tanıdığı ustaya aparmış və yonduraraq yenidən mühərrikə yerləşdirilməsini istəmişdir. Ona yonulmadan sonra da mühərrikin işləməyəcəyi dəfəələrlə və qətiyyətlə bildirilsə də iddiaçı bunu tələb etmişdir.Bu zaman isə ehtiyat hissəsini təmir edən və cavabdeh bu halda görüləcək işə heç bir zəmanət verilməkdən söhbət gedə bilinməyəcəyini iddiaçıya bildirmiş, sonuncu da buna baxmayaraq yenidən mühərrikin yığılmasını tələb etmişdir. Halbuki o, görüləcək işə heç bir halda zəmanət verilə bilməyəcəyi barədə dəfələrlə xəbərdar olunmuşdur. Məhkəmə iclası zamanı həmçinin müəyyən edilir ki, iddiaçının cavabdehə ödədiyi 450 manat pul vəsaiti yalnız mühərrikin sökülüb yığılması üçün ödənilmiş məbləğ olmuşdur. Mühərrikin təmiri puluna həmin məbləğin heç bir aidiyyatı olmamışdır. Mühərrikin sökülüb-yığılmasının zəhmət haqqı isə qeyd edilən kimi 450 manat olmuş və cavabdeh iddiaçı ilə razılaşmasına əsasən öhdəsinə götürdüyü işi yerinə yetirmişdir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən “Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir”. Mülki-prosessual qanunvericiliyin yuxarıda istinad olunan tələbini rəhbər tutaraq məhkəmə hesab edir ki, iddia tələbinin əsası kimi istinad olunan hallar iddiaçının özü tərəfindən sübuta yetirilməlidirlər. İddiaçı tərəf Nəriman adlı ustanın qeyd edilən ehtiyat hissəsinə zəmanət vermədiyini məhkəmə hazırlıq iclasında etiraf etmişdir. İlk növbədə qeyd olunmalıdır ki, iddiaçının ərizədə göstərdiyi fakt və hallar məhkəmə iclasında öz təqdiqini tapmadığından sübuta yetirilmir. Beləliklə, iddiaçı yuxarıda qeyd olunan avtomobillə bağlı ona dəymiş maddi zərərə dair sübut təqdim etməmişdir. Ən əsası isə budur ki, iddiaçı öz təşəbbüsü ilə avtomobilin zəmanət verilmədən istifadəyə yararsız detallarla təmir olunmasına birbaşa göstəriş verməklə məsuliyyəti öz üzərinə götürmüşdür. Göstərilənlərə əsasən iddia rədd olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 78.1-ci maddəsinə əsasən «Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın». Azərbaycan Respublikası MPM-nin 14.2 və 217.4-cü maddələrinə əsasən «Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir», «Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır». Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216 – 220, 227, 233, 238, 357 – 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı «Maddi və mənəvi zərər tələbinə dair» iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Samir Quliyev
Məhkəmə qərarları › İş №2(053)-137/2024
Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №2(053)-137/2024
28.03.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver