Məhkəmə qərarları › İş №2(053)-1521/2024

Neftçala Rayon Məhkəməsi Qərardad — İş №2(053)-1521/2024

23.12.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Neftçala rayonu İş № 2(053)-1521/2024 23.12.2024 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Mən, Neftçala Rayon Məhkəməsinin hakimi Quliyev Samir İdris oğlu İddiaçı cavabdeh Neftçala Rayon Polis Şöbəsinə qarşı «istifadə hüququna xitam verilməsi və yaşayış yeri üzrə qeydiyyatdan çıxarılma» tələbinə dair ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı cavabdeh Neftçala Rayon Polis Şöbəsinə qarşı üçüncü şəxs X2 cəlb edilməklə iddia ilə məhkəməyə müraciət edərək, ona məxsus Neftçala rayonu, Həsənabad qəsəbəsi, H.Z.Tağıyev küçəsində yerləşən 59 saylı evdən X1 istifadə hüququna xitam verilərək, qeydiyyatdan çıxarılmaları öhdəliyinin Cavabdeh-nın üzərinə qoyulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edirəm ki, iddia yolverilməz olduğundan onun qəbul edilməsindən imtina olunmalı, ərizə ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. İddia ərizəsindən göründüyü kimi iddiaçı üçüncü şəxs kimi cəlb etdiyi X1 oğlu olduğunu, 10 ildən artıqdır həmin ünvanda deyil, Rusiyada yaşadığını və oranın vətəndaşı oğlduğunu, buna görə də Cavabdeh-nın qeydiyyat məsələləri bölməsinə müraciət etdiyini bildirmişdir. Eyni zamanda qeyd etmişdir ki, bölmə tərəfindən ona xx.xx.2024-cü il tarixli imtina məktubu verilərək məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. İddiaçı isə ona edilən imtinanı əsassız hesab edərək Neftçala Rayon Məhkəməsinə istifadə hüququna xitam verilməsi və yaşayış yeri üzrə qeydiyyatdan çıxarılma tələbi ilə müraciət edərək üçüncü şəxsin qeydiyyatdan çıxarılması öhdəliyinin Cavabdeh-nın üzərinə qoyulmasını xahiş etmişdir. İddia ərizəsinə fərdi yaşayış evinə dair çıxarışın təsdiq edilmiş surəti, fərdi yaşayış evinə dair daşınmaz əmlakın texniki pasportunun təsdiq edilmiş surəti, yaşayış yeri üzrə qeydiyyat haqqında arayışı və Neftçala Rayon Polis Şöbəsinin İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli məktub əlavə edilib). İlk növbədə qeyd olunmalıdır ki, sözügüdən mənzil xx.xx.2010-cü ildə İddiaçı adına rəsmiləşdirilmiş, iddiaçı üçüncü şəxsin mənzildən qeydiyyatdan çıxmasını ona könüllü şəkildə təklif etməsi halına ərizəsində heç bir münasibət bildirməyərək mülkiyyətçi olaraq qeydiyyatdan çıxarılma ilə bağlı müraciətinə imtina məktubu verilərək üçüncü şəxsin qeydiyyatdan çıxarılması ilə bağlı Neftçala Rayon Məhkəməsinə müraciət etməsi ona tövsiyyə olunmuşdur. İddiaçının ərizədə qeyd etdiyi kimi Azərbaycan Respublikası İPM-nin 73.1-ci maddəsinə əsasən “inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəktsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur”. Belə ki, «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanunun 9-cu maddəsinə əsasən şəxs yaşayış yeri üzrə qeydiyyatdan müvafiq dövlət orqanı tərəfindən çıxarılır. Beləliklə, şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması məsələsi Daxili İşlər Nazirliyinin aidiyyəti qurumu tərəfindən həll olunur və həmin məsələnin həlli məhkəmələrin səlahiyyətində deyil. Belə olan halda iddiaçı üçüncü şəxsin mənzil üzrə qeydiyyatdan çıxarılması tələbi ilə aidiyyəti inzibati məhkəməyə müraciət edə bilər. Qeyd olunur ki, bu növ məsələlərə ümumi məhkəmələrdə baxıla bilməz. Göründüyü kimi müvafiq tələbə hazırkı vəziyyətdə məhkəmə qaydasında baxıla bilməz. Azərbaycan Respublikası MPM-nin 153.2.1-ci maddəsinə əsasən «ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə», hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 153.3, 153.4, 153.5, 153.6, 264, 266 – 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı ərizəsi yolverilməz olduğundan onun qəbul edilməsindən imtina olunsun. Hazırkı qərardad iddia ərizəsinə əlavə olunmuş bütün sənədlərlə birlikdə İddiaçı qaytarılsın. İddiaçıya izah olunsun ki, Azərbaycan Respublikası MPM-nin 153.5-ci maddəsinə əsasən “Ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur”. Qərardaddan 10 gün müddətində Neftçala Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Samir Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar