Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Neftçala rayonu İş № 2(053)-289/2023 05.05.2023 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Samir İdris oğlunun sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin və 20 iyun 2010-cu il təvəllüdlü X2 onun mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı işin məhkəmə baxışı zamanı iddiasını müdafiə edərək, ünvan 2 ünvanında ümumi sahəsi 30.0 kv.metr, yaşayış sahəsi, 16.2 kv.metr, yardımçı sahəsi 13.8 kv.metr 1 (bir) otaqdan ibarət mənzili olduğunu, həmin mənzilə 30 iyun 2012- ci il tarixdə xüsusi mülkiyyət hüququna dair çıxarış aldığını bildirmişdir. Tanımadığı cavabdeh X5 və 20 iyun 2010-cu il təvəllüdlü X4 adlı şəxslərin ona məxsus mənzildə qeydiyyatda olduğunu göstərmişdir. İddiaçı həmin mənzilə xüsusi mülkiyyət hüququna dair çıxarış aldığığı zaman adları qeyd olunan şəxslər mənzildə qeydiyyatda olmamışlar. Həmin mənzildə ümumiyyətlə tanımadığı cavabdeh X5 və 20 iyun 2010-cu il təvəllüdlü X4 adlı şəxslərin ona məxsus mənzilə necə qeydiyyata düşmələrindən xəbəri olmadığını və bunun qanunsuz olduğunu bildirir. Həmin mənzilini satmaq qərarına gəldiyi üçün tələb olunan müvafiq sənədlər toplanarkan bu şəxslərin adları Neftçala RPŞ-nin yaşayış yeri üzrə qeydiyyat haqqında verdiyi arayışında məlum olmuşdur. İddiaçı, bu şəxslərin ona məxsus mənzildə qeydiyyatda olmalarını onun mənzil üzərində sərəncam vermək hüququnu məhdudlaşdırdığını bildirir. Bu səbəbdən o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göstərilənlərə əsasən iddiasının təmin olunmasını məhkəmədən xahiş edir. İşin məhkəmə baxışının vaxtı və yeri barədə lazımi qaydada bildiriş göndərilmiş cavabdehlər gəlməmişlər və bunun səbəbləri barədə məlumat verməmişlər. İddiaçı tərəf işə qiyabi icraat qaydasında baxılmasına etiraz etmədiyini yazılı formada bildirmişdir. Göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 238-ci maddəsinə əsasən məhkəmə hazırkı mülki işə qiyabi icraat qaydasında baxmışdır. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə işdə iddiaçını dinləyərək, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. İş materiallarına əlavə olunmuş yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışında göstərilir ki, xx xxxxxx 1991-ci il təvəllüdlü Cavabdeh və 20 iyun 2010-cu il təvəllüdlü X1 şəhəri, Heydər Əliyev prospekti, ev 3, mənzil 33-də qeydiyyatdadırlar. İş materiallarına əlavə olunmuş Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Neftçala şəhəri, Heydər Əliyev prospekti, ev 3, 33 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 30 iyun 2012-ci il tarixdə qeydiyyata alınmışdır. Beləliklə, işin faktiki hallarından və işdə olan sənədlərdən məlum olur ki, İddiaçı yaşayış evinə mülkiyyət hüququ müvafiq qaydada dövlət qeydiyyatına alınmışdır. Halhazırda cavabdeh və 20 iyun 2010-cu il təvəllüdlü X4 qeyd olunan evdə formal olaraq qeydiyyatdadırlar və hazırda da həmin mənzildə yaşamırlar. Cavabdehin, eyni zamanda 20 iyun 2010-cu il təvəllüdlü X2 hazırda hansı ünvanda yaşamaları barədə heç bir məlumat yoxdur. Buna baxmayaraq cavabdeh və digər şəxs, qanunun tələblərini pozaraq, daimi yaşadığı yer üzrə qeydiyyata düşməmiş və hal-hazıradək, həmin ünvanda qeydiyyatda qalmışlar. Nəticədə cavabdeh, eyni zamanda 20 iyun 2010-cu il təvəllüdlü X4 mülkiyyətçi kimi İddiaçı hüquqlarının gerçəkləşdirilməsinə manelər yaratmışlar. Azərbaycan Respublikası MM-nin 228.4-cü maddəsinə əsasən, yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir. Həmin Məcəllənin 152-ci maddəsinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Müvafiq olaraq sahiblik hüququ-əmlaka faktiki sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ-əmlakdan onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Sərəncam hüququəmlakın hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 157.4-cü maddəsinin tələblərinə görə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Maddi nemətlərin fərdi mənsubiyyətini təsbit edən mülkiyyət hüququ beynəlxalq hüquq aktlarında (insan hüquqları haqqında Ümumi Bəyamnamənin 17-ci mad., İnsan hüquqlarının və Əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya Əlavə (1 saylı protokolun 1-ci maddəsi və s.) və Azərbaycan Respublikasının Konstitusiyasında (29-cu maddə) nəzərdə tutulmuş fundamental insan hüquqları sırasında mühüm yer tutur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 3-cü bəndinə əsasən, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Həmçinin Konstitusiyanın 43-cü maddəsinə görə, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Konstitusiyamızın 13 və 29-cu maddələrində mülkiyyətin toxunulmazlığına, növündən asılı olmayaraq dövlət tərəfindən bərabər müdafiə olunmasına, mülkiyyət hüququnun qanunla qorunmasına, bu hüququn mülkiyyətçinin əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarət olmasına dair müddəalar təsbit olunmuşdur. Azərbaycan Respublikasının qoşulduğu «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi» haqqında Konvensiyanın 1 saylı xx.xx.1952-ci il tarixli Protokolunun 1-ci maddəsinə əsasən «hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz». “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən «Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər.» Göründüyü kimi, şəxsin yaşayış sahəsində qeydiyyatda olması, onun yaşayış sahəsinə istifadə hüququnun yaranması məqsədini daşımır. Adı çəkilən Qanununun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri və digər bu kimi yaşayış yerləri başa düşülür. Həmin Qanunun 5-ci maddəsinə əsasən yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Həmin Qanunun 9-cu maddəsinin 1-ci hissəsinin 6-cı bəndinə əsasən yaşayış sahəsindən istifadə hüququnu itirmiş şəxs qeydiyyatdan çıxarılmalıdır. İddiaçının izahatından və işin faktiki hallarından aydın olur ki, cavabdeh, eyni zamanda 20 iyun 2010-cu il təvəllüdlü X4 uzun müddətdir ki, iddiaçıya məxsus mənzildə yaşamadıqları halda qeydiyyatdadırlar. Buna baxmayaraq cavabdeh və digər şəxs daimi yaşadığı yeni yer üzrə qeydiyyata düşməmiş və hal-hazıradək, iddiaçıya məxsus mənzildə qeydiyyatda qalmışlar. Cavabdehin eyni zamanda 20 iyun 2010-cu il təvəllüdlü X2 iddiaçının mülkiyyətində olan mənzildə qeydiyyatda qalmaları sonuncunun öz əmlakına sərbəst surətdə sərəncam vermək hüququnu, beləliklə də mülkiyyət hüququnu həyata keçirmək imkanını əhəmiyyətli dərəcədə məhdudlaşdırmaqla, onun mülkiyyət hüququnu şərti və qeyri-sabit xarakterli etmiş olur. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdehin, eləcə də 20 iyun 2010-cu il təvəllüdlü X2 ünvan 3 ünvanında yaşamamaları, mülkiyyətçinin hüquqlarının həyata keçirilməsinə maneələr yaratmaları, onların qeyd olunan mənzildə yaşayış sahəsindən istifadə hüquqlarının itirilmiş hesab edilməsinə əsas verir. Odur ki, cavabdehin və 20 iyun 2010-cu il təvəllüdlü X2 Neftçala şəhəri, H.Əliyev prospekti, ev 3, 33 saylı mənzilinə istifadə hüquqları itirilmiş hesab edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh və 20 iyun 2010-cu il təvəllüdlü X2 Neftçala şəhəri, H.Əliyev prospekti, ev 3, 33 saylı mənzilə istifadə hüquqları itirilmiş hesab edilsin. Cavabdehə izah edilsin ki, qiyabi qətnaməni aldıqdan sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi üçün Neftçala Rayon Məhkəməsinə ərizə vermək hüququna malikdir. Qətnamədən 01 (bir) ay müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Samir Quliyev
Məhkəmə qərarları › İş №2(053)-289/2023
Neftçala Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(053)-289/2023
05.05.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver