Məhkəmə qərarları › İş №2(053)-35/2023

Neftçala Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(053)-35/2023

23.01.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Neftçala rayonu İş № 2(053)-35/2023 23.01.2023 NEFTÇALA RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 Fyodor qızına, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 Fyodor qızına, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin onun mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən yaşayış sahəsindən istifadə hüquqlarına 16 mart 2022-ci il tarixdən itirilmiş hesab olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı işin məhkəmə baxışı zamanı iddiasını müdafiə edərək, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 52,20 kv.m, yaşayış sahəsi 31.2 kv.m, yardımçı sahəsi 21,0 kv.m olan 02 otaqlı mənzili Neftçala rayon Dövlət Notariat Ofisinin dövlət notariusunda 16 mart 2022-ci il tarixdə bağlanmış daşınmaz əmlakın alğı-satqı müqaviləsinə əsasən satın aldığını bildirmişdir. 06 may 2022-ci il tarixdə ona həmin mənzilə mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Mənzil satın alınarkən, Cavabdeh1 Fyodor qızı alğı-satqı zamanı Neftçala rayon Dövlət Notariat Ofisinin dövlət notariusunda tez bir zamanda satdığı evdən qeydiyyatdan çıxacağını bildirsə də, vədinə əməl etməmişdir. Həmçinin Cavabdeh1 Fyodor qızının qohumları cavabdehlərin həmin mənzildə qeydiyyatda olmalarından xəbəri olmamışdır. Neftçala rayon Polis Şöbəsindən mənzildə olan şəxslərin qeydiyyatı ilə bağlı məktub alarkən həmin mənzildə cavabdehlərin qeydiyyatda olması ona məlum olmuşdur. Cavabdehlər mənzil satıldığı gündən hal-hazıra kimi onun mülkiyyətində olan mənzildə yaşamırlar. Bununla da cavabdehlər və onun ailə üzvləri yetkinlik yaşına çatmayan X4 və X3 16 mart 2022-ci il tarixdə həmin mənzildə yaşamadığından mənzilə olan istifadə hüququnu itirmişdir. Dəfələrlə cavabdehlərdən yaşayış sahəsindən istifadə etmədikləri üçün mənzildən qeydiyyatdan çıxmalı olduqlarını bildirsə də, cavabdehlər buna əhəmiyyət verməmişdir. Bu səbəbdən o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göstərilənlərə əsasən iddiasının təmin olunmasını məhkəmədən xahiş edir. İşin məhkəmə baxışının vaxtı və yeri barədə lazımi qaydada bildiriş göndərilmiş cavabdehlər gəlməmişlər və bunun səbəbləri barədə məlumat verməmişlər. İddiaçı tərəf işə qiyabi icraat qaydasında baxılmasına etiraz etmədiyini yazılı formada bildirmişdir. Göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 238-ci maddəsinə əsasən məhkəmə hazırkı mülki işə qiyabi icraat qaydasında baxmışdır. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə işdə iddiaçını dinləyərək, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2022-ci il tarixli AN-İ seriyalı ******* nömrəli «Daşınmaz əmlakın alğı-satqı müqaviləsindən» görünür ki, həmin tarixdə Qasımova X1 şəhəri, Ü.Hacıbəyov küçəsi, ev 1B, 11 saylı mənzilini İddiaçı 16000 manata satmışdır. İş materiallarına əlavə olunmuş yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışında göstərilir ki, Cavabdeh1 Fyodor qızın Cavabdeh2, Cavabdeh3 və Qasımov X2 rayonu, Ü.Hacıbəyov küçəsi, ev 1B, 11 saylı mənzildə qeydiyyatdadırlar. İş materiallarına əlavə olunmuş Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və reyestri X6 Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Neftçala şəhəri, Üzeyir Hacıbəyov küçəsi ev 1B, 11 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 06 may 2022-ci ildə qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş Neftçala şəhər İnzibati Ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş arayışdan görünür ki, ünvan 2 ünvanda qeydiyyatda olan vətəndaş Cavabdeh1 Fyodor qızı, Cavabdeh2 və Cavabdeh4 həmin ünvanda qeydiyyatda olsa da hal-hazırda ərazidə yaşamırlar. Beləliklə, işin faktiki hallarından və işdə olan sənədlərdən məlum olur ki, İddiaçı yaşayış evinə mülkiyyət hüququ müvafiq qaydada dövlət qeydiyyatına alınmışdır. Halhazırda cavabdehlər qeyd olunan evdə formal olaraq qeydiyyatdadırlar, həmin evdə artıq uzun müddətdir ki, yaşamırlar, mənzil satıldıqdan sonra başqa ünvana köçmüşlər. Cavabdehlərin hazırda hansı ünvanda yaşamaları barədə heç bir məlumat yoxdur. Buna baxmayaraq cavabdehlər, qanunun tələblərini pozaraq, daimi yaşadığı yer üzrə qeydiyyata düşməmiş və hal-hazıradək, həmin ünvanda qeydiyyatda qalmışlar. Nəticədə cavabdehlər mülkiyyətçi kimi İddiaçı hüquqlarının gerçəkləşdirilməsinə manelər yaratmışlar. Azərbaycan Respublikası MM-nin 228.4-cü maddəsinə əsasən, yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir. Həmin Məcəllənin 152-ci maddəsinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Müvafiq olaraq sahiblik hüququ-əmlaka faktiki sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ-əmlakdan onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Sərəncam hüququəmlakın hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 157.4-cü maddəsinin tələblərinə görə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Maddi nemətlərin fərdi mənsubiyyətini təsbit edən mülkiyyət hüququ beynəlxalq hüquq aktlarında (insan hüquqları haqqında Ümumi Bəyamnamənin 17-ci mad., İnsan hüquqlarının və Əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya Əlavə (1 saylı protokolun 1-ci maddəsi və s.) və Azərbaycan Respublikasının Konstitusiyasında (29-cu maddə) nəzərdə tutulmuş fundamental insan hüquqları sırasında mühüm yer tutur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 3-cü bəndinə əsasən, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Həmçinin Konstitusiyanın 43-cü maddəsinə görə, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Konstitusiyamızın 13 və 29-cu maddələrində mülkiyyətin toxunulmazlığına, növündən asılı olmayaraq dövlət tərəfindən bərabər müdafiə olunmasına, mülkiyyət hüququnun qanunla qorunmasına, bu hüququn mülkiyyətçinin əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarət olmasına və s. dair müddəalar təsbit olunmuşdur. Azərbaycan Respublikasının qoşulduğu «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi» haqqında Konvensiyanın 1 saylı xx.xx.1952-ci il tarixli Protokolunun 1-ci maddəsinə əsasən «hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz». “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən «Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər.» Göründüyü kimi, şəxsin yaşayış sahəsində qeydiyyatda olması, onun yaşayış sahəsinə istifadə hüququnun yaranması məqsədini daşımır. Adı çəkilən Qanununun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri və digər bu kimi yaşayış yerləri başa düşülür. Həmin Qanunun 5-ci maddəsinə əsasən yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Həmin Qanunun 9-cu maddəsinin 1-ci hissəsinin 6-cı bəndinə əsasən yaşayış sahəsindən istifadə hüququnu itirmiş şəxs qeydiyyatdan çıxarılmalıdır. İddiaçının izahatından və işin faktiki hallarından aydın olur ki, Cavabdeh1 Fyodor qızı iddiaçı ilə həmin mənzilə dair alğı-satqı müqaviləsini bağlayarkən, mülkiyyət hüququndan imtina barədə öhdəliyi üzərinə götürmüş və həmin razılaşma notarial qaydada təsdiq edilmişdir. Eyni zamanda Cavabdeh1 Fyodor qızı və onlarla birgə yaşayan digər cavabdehlər qeyd olunan mənzili tərk etmişlər. Buna baxmayaraq cavabdehlər, daimi yaşadığı yeni yer üzrə qeydiyyata düşməmiş və hal-hazıradək, satdığı mənzildə qeydiyyatda qalmışlar. Cavabdehlərin iddiaçının mülkiyyətində olan mənzildə qeydiyyatda qalmaları sonuncunun öz əmlakına sərbəst surətdə sərəncam vermək hüququnu, beləliklə də mülkiyyət hüququnu həyata keçirmək imkanını əhəmiyyətli dərəcədə məhdudlaşdırmaqla, onun mülkiyyət hüququnu şərti və qeyri-sabit xarakterli etmiş olur. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdehlərin ünvan 3 ünvanında yaşamamaları, mülkiyyətçinin hüquqlarının həyata keçirilməsinə maneələr yaratmaları, onların yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilməsinə əsas verir. Odur ki, cavabdehlərin Neftçala şəhəri, Ü.Hacıbəyov küçəsi, ev 1B, 11 saylı mənzilinə istifadə hüquqları itirilmiş hesab edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh1 Fyodor qızının, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 Neftçala şəhəri, Ü.Hacıbəyov küçəsi, ev 1B, 11 saylı mənzilinə istifadə hüquqları itirilmiş hesab edilsin. Cavabdehlərə izah edilsin ki, qiyabi qətnaməni aldıqdan sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün Suraxanı Rayon Məhkəməsinə ərizə vermək hüququna malikdirlər. Qətnamədən bir ay müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar