Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № 2(053)-352/2025 29.07.2025 NEFTÇALA RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Mazanov Kamran Ramazan oğlunun katibliyi, Maraqlı şəxs1 nümayəndəsi (əri) X1, cavabdeh Neftçala rayon notariat ofisinin xüsusi notariusu X8 iştirakı ilə iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 cavabdeh Neftçala rayon notariat ofisinə, habelə maraqlı şəxslər Maraqlı şəxs1 və Maraqlı şəxs2 qarşı “notariat hərəkətlərinin qanunsuz hesab edilməsi və nəticələrinin aradan qaldırılması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 cavabdeh Neftçala rayon notariat ofisinə, habelə maraqlı şəxslər Maraqlı şəxs1 və Maraqlı şəxs2 qarşı iddia ilə məhkəməyə müraciət edərək, maraqlı şəxslər Maraqlı şəxs1 və Maraqlı şəxs2 mülkiyyətlərində olan torpaq payının 3,8399 hektardan 0,31495 hektar həcmində azaldılaraq dövlət qeydiyyatına alınmasına etirazlarının olmamasına dair ərizələrinin qanuna uyğun hesab edilərək mövcud imzaların təsdiq edilməsi barədə Neftçala rayon notariat ofisinin xüsusi notariusu X8 hərəkətlərinin qanunsuz hesab edilməsinə və həmin ərizələr əsasında 23 iyun 2023-cü il tarixli, ********** nömrəli reyestr qeydinin ləğv olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçılar iddia tələblərini onunla əsaslandırmışlar ki, Neftçala rayon Aqrar İslahat Komissiyasının 24 noyabr 1999-cu il tarixli, 44 nömrəli qərarına əsasən torpağın mülkiyyətə verilməsinə dair JN-0016 nömrəli Dövlət Aktında göstərilmiş cizgilər daxilində olmaqla ümumi 6,86 ha kənd təsərrüfatı məhsullarının istehsalı məqsədli torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ ilə mülkiyyətlərinə verilmişdir. 05 aprel 2023-cü il tarixində həmin torpaq sahəsinə dair hüquqları ********** nömrəli reyestr qeydi ilə dövlət qeydiyyatına alınmışdır. 11 aprel 2023-cü il tarixdə Neftçala rayon notariat ofisinin xüsusi notariusu X13 maraqlı şəxslər Maraqlı şəxs1 və Maraqlı şəxs2 mülkiyyətlərində olan payın 3,8399 hektardan 0,31495 hektar həcmində azaldılaraq dövlət qeydiyyatına alınmasına etirazlarının olmamasına dair ərizələrini qanuna uyğun hesab edərək, mövcud imzaları təsdiq etmişdir. Həmin ərizələr əsasında sözügedən torpaq sahəsinə dair hüquqların dövlət qeydiyyatı 23 iyun 2023-cü il tarixdə ********** nömrəli reyestr qeydi ilə yenidən aparılmışdır. Neftçala rayon notariat ofisinin xüsusi notariusu X13 tərəfindən Maraqlı şəxs1 və Maraqlı şəxs2 alınan ərizələr torpaq sahəsinin digər mülkiyyətçilərinin razılıqları alınmadan təsdiq edildiyi üçün məzmunca Azərbaycan Respublikası Mülki Məcəlləsinin 215.5-ci maddəsinə zidd olmuş, qanunla qorunan ümumi mülkiyyət maraqları pozulmuşdur. Hesab edirlər ki, maraqlı şəxslər Maraqlı şəxs1 və Maraqlı şəxs2 mülkiyyətlərində olan torpaq payının 3,8399 hektardan 0,31495 hektar həcmində azaldılaraq dövlət qeydiyyatına alınmasına etirazlarının olmamasına dair ərizələrinin qanuna uyğun hesab edilərək, mövcud imzaların təsdiq edilməsi barədə Neftçala rayon notariat ofisinin xüsusi notariusu X8 hərəkətləri qanunsuz hesab edilməli və həmin ərizələr əsasında aparılmış 23 iyun 2023-cü il tarixli, ********** nömrəli reyestr qeydi ləğv olunmalıdır. İddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı4 və İddiaçı5 11 iyun 2025-ci il tarixdə məhkəməyə ərizə göndərərək Neftçala rayonunda yaşamadıqları üçün 24 iyun 2025-ci il tarixinə təyin edilmiş məhkəmə iclasında iştirak edə bilməyəcəklərini, prosesin iştirakları olmadan keçirilməsini və işin məhkəmə baxışına təyin olunmasını xahiş etmişlər. Həmin iddiaçılar sonrakı məhkəmə iclaslarının da vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırıldıqlarına baxmayaraq gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. İddiaçı2 məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırıldığına baxmayaraq gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə yuxarıda göstərilənləri və işin s. faktik hallarını nəzərə alaraq işə iddiaçıların iştirakı olmadan baxılmasını mümkün saymışdır. Cavabdeh Neftçala rayon notariat ofisinin xüsusi notariusu X13 işin məhkəmə baxışı zamanı iddianı qəbul etməyərək bildirmişdir ki, maraqlı şəxslər Maraqlı şəxs1 və Maraqlı şəxs2 öz iradələri ilə notariat ofisinə gəlib mülkiyyətlərində olan 3,8399 ha torpaq sahəsinin 0,31495 ha həcmində azaldılmasına razılıq verdiklərinə dair ərizə təqdim etmişlər. Cavabdeh həmçinin qeyd edir ki, müvafiq notariat əməliyyatı sadəcə olaraq imzaların həqiqiliyinin təsdiq edilməsindən ibarət olub. Yəni o, ərizənin şəxsən Maraqlı şəxs1 və Maraqlı şəxs2 tərəfindən imzalandığına əmin olmuş, bundan sonra müvafiq imzaların həmin şəxslər tərəfindən edildiyini notariat qaydasında təsdiq etmişdir. Buna baxmayaraq o, imzaların həqiqiliyini təsdiq etməzdən əvvəl Maraqlı şəxs1 və Maraqlı şəxs2 ərizənin mahiyyətini izah etmiş, həmçinin həmin ərizələr notariat qaydasında təsdiqləndikdən sonra baş verə biləcək nəticə barədə onları dəfələrlə məlumatlandırmışdır. Qeyd olunan şəxslər notariat əməliyyatının nəticələrini tam dərk etmiş və imzalarının həqiqiliyinin təsdiq olunmasını xahiş etmişlər. Cavabdeh göstərilənləri nəzərə alaraq iddianın rədd olunmasını məhkəmədən xahiş edir. Maraqlı şəxs1 nümayəndəsi (əri) X3 işin məhkəmə baxışı zamanı iddianı müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun məzmunlu izahat vermişdir. Qeyd edir ki, iddiaçılar onun baldızları və qayınlarıdır. Torpaq sahəsi maraqlı şəxslərlə yanaşı iddiaçıların da mülkiyyətində olduğundan arvadı Maraqlı şəxs1 və qaynatası Maraqlı şəxs2 torpaq sahəsinin həcminin azaldılmasına razılıq verərkən iddiaçıların da razılığı alınmalı idi. Lakin, Neftçala rayon notariat ofisinin xüsusi notariusu X13 iddiaçıların razılığı olmadan maraqlı şəxslərin ərizəsini təsdiq etmiş, bu səbəbdən Maraqlı şəxs1 və Maraqlı şəxs2 mülkiyyətlərində olan torpaq sahəsi 3,8399 hektardan 0,31495 hektar həcmində azaldılaraq dövlət qeydiyyatına alınmışdır. Maraqlı şəxslər savadsız olmaları səbəbindən təsdiq etdirdikləri ərizənin mahiyyətini bilməyiblər. Göstərilənlərə əsasən iddianın təmin olunmasını məhkəmədən xahiş edir. Maraqlı şəxs2 məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırıldığına baxmayaraq gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə yuxarıda göstərilənləri və işin s. faktik hallarını nəzərə alaraq işə həmin maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını nəzərdən keçirib, toplanmış sübutların cəminə hüquqi qiymət verərək hesab edir ki, iddia rədd olunmalıdır. “Torpağa mülkiyyət hüququna dair” JN-0016 nömrəli (kod ********) Dövlət Aktından görünür ki, Neftçala rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il 44 nömrəli və xx.xx.2002-ci il 63 nömrəli qərarlarına əsasən Neftçala rayonu, Astanlı kənd sakini Maraqlı şəxs2 və onun ailə üzvləri – İddiaçı3 Zülfüqar oğluna, X6, İddiaçı4, X4, X7, X9 və X2 təsərrüfatı məhsullarının istehsalı məqsədilə 6,86 ha torpaq sahəsi ayrılmışdır. Neftçala rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 05 sentyabr 2022-ci il tarixli arayışdan görünür ki, X11 09 aprel 2015-ci ildə ölmüşdür. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan Ərazi İdarəsi tərəfindən verilmiş 06 dekabr 2020-ci il tarixli arayışdan görünür ki, Maraqlı şəxs2 adına Neftçala rayonu, Astanlı kəndində yerləşən ümumi birgə mülkiyyət hüququ ilə 6,86 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi mövcuddur (Qeydiyyat tarixi xx.xx.2003; qeydiyyat nömrəsi JN-0016). Maraqlı şəxs1 və Maraqlı şəxs2 tərəfindən verilmiş və 11 aprel 2023-cü ildə Neftçala rayon notariat ofisinin xüsusi notariusu X13 tərəfindən notariat qaydasında təsdiq olunaraq, reyestrdə 8i-1284 nömrəsi ilə qeydə alınmış ərizədə aşağıdakılar göstərilir: «Bildiririk ki, ümumi birgə mülkiyyətdə olan ünvan 1i ünvanında yerləşən JN-16-də olan sənəd üzrə 3,8399 ha torpaq sahəsinin bizə məxsus hissəsindən hər birimizdən 0,31495 ha azalaraq Maraqlı şəxs1 və Maraqlı şəxs2 hər birinin faktiki istifadədə olan 0,1650375 ha olmasına və hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsinə etiraz etmirik, razıyıq. Qeyd: Azərbaycan Respublikası “Notariat haqqında” Qanunun 67-ci maddəsinə əsasən notarius və ya müvafiq icra hakimiyyəti orqanı sənəddə imzanın həqiqiliyini təsdiq edərkən sənəddə şərh olunmuş faktları deyil, yalnız müəyyən şəxsin etdiyi imzanın həqiqiliyini təsdiq edir». Ərizə Maraqlı şəxs1 və Maraqlı şəxs2 tərəfindən şəxsən imzalanmış, imzaların qarşısında onların öz xətləri ilə adları yazılmışdır. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Neftçala rayonu, Astanlı kəndində yerləşən 3,0223 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi 05 aprel 2023-cü ildə ümumi birgə mülkiyyət hüququ ilə Maraqlı şəxs1, Maraqlı şəxs2, İddiaçı3, X5, İddiaçı4, İddiaçı1, İddiaçı2, İddiaçı5 adlarına qeydə alınıb. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən digər çıxarışın surətindən görünür ki, Neftçala rayonu, Astanlı kəndində yerləşən 3,21 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi 23 iyun 2023-cü il tarixində ümumi birgə mülkiyyət hüququ ilə Maraqlı şəxs1, Maraqlı şəxs2, İddiaçı3, X5, İddiaçı4, İddiaçı1, İddiaçı2, İddiaçı5 adlarına qeydə alınıb. Neftçala Rayon İcra Hakimiyyəti başçısının Aşağı Qaramanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 13 yanvar 2025-ci il tarixli 60 nömrəli arayışında aşağıdakılar qeyd olunur: «Verilir, Maraqlı şəxs2 və Maraqlı şəxs1 ondan ötəri ki, həqiqətən JN-0016 №-li Dövlət Aktı ilə mülkiyyətlərinə verilmiş torpaq sahəsi 2023-cü ilədək 3,8399 ha həcmində olmaqla onlar tərəfindən faktiki istifadə edilmiş, əkilibbecərilmişdir...». Mübahisənin hüquqi həlli ilə bağlı məhkəmə aşağıdakıları qeyd edir. “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinin 1-ci hissəsinə əsasən “Notarius bu Qanunda nəzərdə tutulan hərəkətləri apara bilər, əqdlərin, ərizələrin və digər sənədlərin layihələrini tərtib edə bilər, sənədlərin surətlərini və onlardan çıxarışları hazırlaya bilər, notariat hərəkətlərinin aparılması ilə əlaqədar məsləhətlər verə bilər, fiziki və hüquqi şəxslərdən həmin hərəkətlərin aparılması üçün sənədləri və məlumatları tələb edə bilər”. Həmin Qanunun 26-cı maddəsinə əsasən “Xüsusi notarius bu Qanunun 17-ci maddəsində nəzərdə tutulmuş notariat hərəkətlərini aparır”. Eyni Qanunun 17-ci maddəsinin 1-ci hissəsinin 7-ci bəndinə əsasən dövlət notariusu “sənədlərdəki imzaların həqiqiliyini təsdiq edir”. Göründüyü kimi xüsusi notarius sənədlərdəki imzaların həqiqiliyini təsdiq etmək səlahiyyətinə malikdir. “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinin 1-ci və 3-cü hissələrinə əsasən “Notarius və ya müvafiq icra hakimiyyəti orqanı qanuna zidd və əqdin şərhindən ibarət olmayan, eləcə də özündə insanın şərəf və ləyaqətini ləkələyən məlumatlar əks etdirməyən sənədlərdə imzanın həqiqiliyini təsdiq edir”, “Notarius və ya müvafiq icra hakimiyyəti orqanı imzanın həqiqiliyini təsdiq edərkən sənəddə şərh olunmuş faktları deyil, yalnız müəyyən şəxsin etdiyi imzanın həqiqiliyini təsdiq edir”. Mübahisələndirilən ərizəni nəzərdən keçirərək məhkəmə hesab edir ki, o, qanuna zidd deyil. Belə ki, Maraqlı şəxs2 və Maraqlı şəxs1 həmin ərizəni verərkən (imzalayarkən) mülkiyyətlərində olan torpaq sahəsinə münasibətdə öz sərbəst iradələrini (istəklərini) yazılı formada ifadə etmişlər. Onların bu iradəsi (istəyi) iddiaçıların ümumi birgə mülkiyyətdə olan torpaq sahəsinə münasibətdə iradəsi (istəkləri) ilə üst-üstə düşməyə bilər ki, bu da özü-özlüyündə qanuna zidd deyil. Başqa sözlə desək, mülkiyyətçinin öz mülkiyyətində olan əmlaka münasibətdə iradəsini (istəyini) istər şifahi, istərsə də yazılı formada ifadə etmək sərbəstliyi heç kəs, hətta əmlakın digər mülkiyyətçiləri tərəfindən belə məhdudlaşdırıla bilməz. Bu zaman aydınlaşdırılmalıdır ki, yuxarıda nəzərdə tutulan mənada iradə ifadəsi hələ həmin iradənin (istəyin) həyata keçirilməsi demək deyil (iradə ifadəsi və iradənin həyata keçirilməsi fərqli mənalar kəsb edirlər). Belə ki, mülkiyyətçinin öz əmlakına münasibətdə iradəsini (istəyini) şifahi və ya yazılı formada ifadə etməsi özü-özlüyündə onun həmin əmlaka münasibətdə hələ ki, həyata keçirilməmiş (reallaşmamış) arzusunu ehtiva edir. Bu iradənin (istəyin) həyata keçirilməsi isə onun artıq reallaşdırılması kimi başa düşülməlidir. Təbiidir ki, mülkiyyətçinin öz mülkiyyətinə münasibətdə iradəsinin reallaşdırılması üçün qüvvədə olan qanunvericilikdə konkret mexanizmlərin, hətta məhdudiyyətlərin belə nəzərdə tutulması mümkündür. İddiaçılar tərəfindən mübahisələndirilən ərizədə də Maraqlı şəxs2 və Maraqlı şəxs1 sadəcə olaraq ümumi birgə mülkiyyətdə olan əmlaka münasibətdə iradələrini (istəklərini) ifadə ediblər ki, bu da yuxarıda qeyd olunduğu kimi özü-özlüyündə qanuna zidd sayıla bilməz. Məhkəmə “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinin yuxarıda istinad olunan müddəalarını və ərizəni nəzərdən keçirərək eyni zamanda hesab edir ki, ərizə qanuna zidd olmamaqla yanaşı, o, hər hansı əqdin şərhindən ibarət deyil və özündə insanın şərəf və ləyaqətini ləkələyən məlumatlar əks etdirmir. Belə olan halda ərizənin mətni “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 67-cimaddəsinə və digər müddəalarına uyğun sayılmalıdır. Ancaq hər bir halda xüsusi notarius mübahisələndirilən notariat əməliyyatını həyata keçirərkən ərizənin mətnini deyil (Qanunda yazıldığı kimi desək, “sənəddə şərh olunmuş faktları deyil”), Maraqlı şəxs2 və Maraqlı şəxs1 imzalarının həqiqiliyini təsdiq etmişdir. Əməliyyatın mahiyyətcə məhz bundan ibarət olduğu, yəni ərizədə “şərh olunmuş faktların deyil” (ərizənin mətninin deyil), məhz imzaların həqiqiliyinin təsdiq olunması ərizənin “Qeyd” hissəsində də açıq-aydın göstərilib. Buna baxmayaraq, ərizənin mətni və hüquqi nəticələri notariusun bildirdiyi kimi Maraqlı şəxs2 və Maraqlı şəxs1 ətraflı izah olunub (bunun əksi iş materialları ilə müəyyən edilmir). Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Neftçala rayon notariat ofisinin xüsusi notariusu X13 tərəfindən həyata keçirilmiş notariat əməliyyatının qanunsuz hesab edilməsi üçün heç bir əsas yoxdur. Ona görə də iddia mübahisələndirilən ərizəyə aid hissədə rədd olunmalıdır. Məhkəmə həmçinin qeyd etməyi zəruri sayır ki, iddiaçılar “xx.xx.2023-cü il tarixli ********* nömrəli reyestr qeydinin” ləğvinə dair tələblərini həyata keçirilmiş notariat əməliyyatının qanunsuz olması ilə əsaslandırırlar. İşə cavabdeh qismində də yalnız xüsusi notarius cəlb olunmuş və iddiada “qeydin ləğvi” üçün faktik olaraq heç bir digər əsas gətirilməmişdir. Beləliklə, iddiaçıların mülahizəsinə görə “qeydin ləğvi” zəruriliyi ilə notariat əməliyyatının qanunsuzluğu arasında bilavasitə səbəbli əlaqə var. Məhkəmə “xx.xx.2023-cü il tarixli ********* nömrəli reyestr qeydinin” ləğvinə dair tələbin birinci tələbdən irəli gəldiyini, yəni bilavasitə notariat əməliyyatının qanunsuzluğu ilə əsaslandırıldığını nəzərə alaraq hesab edir ki, birinci tələb rədd olunduğuna görə ondan irəli gələn (onunla bilavasitə əlaqələndirilən) ikinci tələbin də təmin edilməsi üçün qanuni əsas yoxdur. Göstərilənlərə əsasən iddiaçıların ikinci tələbi də rədd olunmalıdır. Məhkəmə yuxarıda göstərilənlərlə yanaşı vurğulayır ki, hazırkı iddianın rədd olunması iddiaçıları daşınmaz əmlakın dövlət reyestrindəki qeydi başqa əsaslarla (həmçinin aidiyyəti şəxsləri işə müvafiq prosessual statusla cəlb etməklə) məhkəmə qaydasında mübahisələndirmək imkanından məhrum etmir. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən «Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir». Eyni Məcəllənin 119.1-ci maddəsinə əsasən «Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir». İddianın bütövlükdə rədd olunduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu məbləği iddiaçıların özünə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən «Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir». Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən «Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın». Eyni Məcəllənin 14.2 və 217.4-cü maddələrinə əsasən «Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir», «Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır». Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 214, 216 – 220, 227, 233, 357 – 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 cavabdeh Neftçala rayon notariat ofisinə, habelə maraqlı şəxslər Maraqlı şəxs1 və Maraqlı şəxs2 qarşı “notariat hərəkətlərinin qanunsuz hesab edilməsi və nəticələrinin aradan qaldırılması” tələbinə dair iddiası rədd edilsin. Məhkəməyə müraciət olunması üçün ödənilmiş dövlət rüsumu iddiaçıların özlərinə aid edilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ceyhun Qədimov
Məhkəmə qərarları › İş №2(053)-352/2025
Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №2(053)-352/2025
29.07.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver