Məhkəmə qərarları › İş №2(053)-369/2023

Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №2(053)-369/2023

13.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № 2(053)-369/2023 13.07.2023 NEFTÇALA RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Mazanov Kamran Ramazan oğlunun katibliyi, Cavabdeh2 iştirakı ilə, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «ödənilmiş məbləğin subroqasiya hüququ əsasında geri qaytarılması» tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçı "xxxx" ASCnin xeyrinə 4.450 manat məbləğində sığorta ödənişinin, 64,50 manat dövlət rüsumunun, habelə 0,40 manat bank xidməti xərcinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 məxsus Cavabdeh2 tərəfindən idarə olunan 47BD357 dövlət qeydiyyat nişanlı «VAZ 21074» markalı avtonəqliyyat vasitəsi 13 mart 2020-ci il tarixində "xxxx" ASC tərəfindən «Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası» növü üzrə sığortalanmışdır. 24 yanvar 2021-ci il tarixində yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə «Toyota Corolla» markalı 99VZ317 dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə zərər vurulmuşdur. Tərtib olunmuş TP ******* saylı inzibati tənbeh vermə haqqında qərara əsasən məlum olmuşdur ki, Cavabdeh2 nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə etmişdir. «Toyota Corolla» markalı 99VZ317 dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə vurulan zərərin əvəzində sığorta ödənişinin verilməsi ilə bağlı "xxxx" ASC-yə müraciət edilmişdir. Yolnəqliyyat hadisəsində zərər çəkmiş nəqliyyat vasitəsi «Toyota Corolla» markalı 99VZ317 dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə dəymiş zərər qiymətləndirilmiş, 31 yanvar 2021-ci il tarixli «Zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabat»a əsasən zərər 4.450 manat məbləğində müəyyən edilmişdir. "xxxx" ASC-nin 04 fevral 2021-ci il tarixli «Sığorta aktı»na əsasən 4.450 manat məbləğində sığorta ödənişi zərərçəkmiş şəxsin hesabına köçürülmüşdür. Bundan sonra 29 oktyabr 2021-ci il tarixində ödənilmiş məbləğin subroqasiya hüququ əsasında geri qaytarılması barədə cavabdehlərə məktub göndərilmiş, lakin cavabdehlər həmin məbləği ödəməmişlər. Ona görə də hazırkı iddia ilə məhkəməyə müraciət edilmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Lakin nümayəndə X2 məhkəməyə ərizə ilə müraciət edərək məsafənin uzaq olması səbəbindən məhkəmə iclaslarında iştirak edə bilmədiklərini bildirib, məhkəmə iclaslarının onların iştirakı olmadan keçirilməsini və iddianın tam təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin məhkəmə baxışı zamanı Cavabdeh2 iddianı qəbul edərək, «VAZ 21074» markalı 47BD357 dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında faktik satın aldığını bildirmişdir. 24 yanvar 2021-ci il tarixdə Neftçala şəhərində ehtiyatsızlıqdan yolnəqliyyat hadisəsi törətmiş, nəticədə «Toyota Corolla» markalı 99VZ317 dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə maddi zərər dəymişdir. Qeyd edilən hadisə ilə əlaqədar inzibati qaydada məsuliyyətə cəlb edilmişdir. Hadisə nəticəsində zərər çəkmiş nəqliyyat vasitəsi «Toyota Corolla» markalı 99VZ317 dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə dəymiş zərərin məbləği 4.450 manat miqdarında müəyyənləşdirilmişdir. Həmin miqdarda sığorta ödənişi "xxxx" ASC tərəfindən zərərçəkmiş şəxsə ödənilmişdir. Bundan sonra "xxxx" ASC ödənilmiş sığorta məbləğinin əvəzinin ödənilməsini ondan və iş üzrə digər Cavabdeh1 tələb etmişdir. Bildirir ki, Cavabdeh1 onun qardaşı oğlunun dostudur. Avtomobili alarkən özünün sürücülük vəsiqəsi olmadığından avtomobili onun adına qeydə aldırmışlar. Avtomobilin faktik olaraq sahibi özüdür və hadisə vaxtı da onu özü idarə etmişdir. Yol-nəqliyyat hadisəsi zamanı təkcə özü olmuş, Cavabdeh1 və ya başqa şəxslər avtomobildə olmamışdır. Ona görə də hesab edir ki, hadisədə Cavabdeh1 hər hansı bir məsuliyyəti yoxdur. Qeyd edir ki, maddi imkansızlığı səbəbindən öz avtomobilini xeyli müddət sonra təmir etdirə bilmiş, lakin sığorta şirkətinin pul tələbini təmin etməmişdir. Halhazırda da maddi imkanı yaxşı olmadığı üçün tələb olunan məbləği yalnız hissə-hissə ödəyə bilər və bunu nəzərə almaqla iddianın təmin edilməsinə etiraz etmir. İşin məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş Cavabdeh1 gəlməmiş (nümayəndəsini göndərməmiş) və bunun səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, «Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir». Məhkəmə, Cavabdeh1 məhkəmə iclaslarının vaxtı və yeri barədə əvvəlcədən xəbərdar olunduğuna baxmayaraq, gəlmədiyini üzrsüz saymış və bunu nəzərə alaraq işə həmin cavabdehin iştirakı olmadan baxılaraq qətnamə çıxarılmasını mümkün hesab etmişdir. Məhkəmə Cavabdeh2 dinləyib, toplanmış materialları tədqiq edib, araşdırılmış sübutların cəminə hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. 13 mart 2020-ci il tarixli «İcbari sığorta müqaviləsinə dair məlumat»ın və 04 fevral 2021-ci il tarixli 112902 nömrəli sığorta aktının təsdiqlənmiş surətlərindən görünür ki, Cavabdeh1 məxsus olan «VAZ 21074» markalı 47BD357 dövlət qeydiyyat nişanlı avtomobil 13 mart 2020-ci il tarixdən 12 mart 2021-ci il tarixədək 5.000 manat məbləğində "xxxx" ASC tərəfindən icbari sığorta növü ilə sığorta edilmişdir. Azərbaycan Respublikası DİN-in Neftçala Rayon Polis Şöbəsinin DYPB-nin vəzifəli şəxsinin 25 yanvar 2021-ci il tarixli AP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolunun, həmin DYPB-nin vəzifəli şəxsinin 26 yanvar 2021-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının surətindən, habelə 3/14/23 nömrəli məlumat bazasından çıxarışın surətindən görünür ki, Cavabdeh2 24 yanvar 2021-ci il tarixdə saat 10:40 radələrində sürücülük hüququ olmadan idarə etdiyi «VAZ-21074» markalı, 47BD357 dövlət qeydiyyat nişanlı avtomobillə Neftçala şəhəri, S.İmanov küçəsində hərəkətdə olarkən qarşıda eyni istiqamətdə hərəkətdə olan «Toyota Corolla» markalı, 99VZ317 dövlət qeydiyyat nişanlı avtomobillə düzgün ara məsafəsi saxlamamış və düzgün manevr etməmiş, nəticədə idarə etdiyi avtomobili «Toyota Corolla» markalı avtomobillin arxa sol hissəsinə vuraraq zərər çəkmiş şəxsə maddi zərər vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətdiyinə görə Azərbaycan Respublikası İXM-nin 327.1-ci, 332.3-cü və 332.1-ci maddələri ilə təqsirli bilinərək, inzibati məsuliyyətə cəlb edilmişdir. Neftçala Rayon Məhkəməsinin 3(053)-24/2021 saylı iş üzrə 26 yanvar 2021-ci il tarixli inzibati xəta haqqında qərarının surətindən görünür ki, həmin qərarla Cavabdeh2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə təqsirli bilinib 400 (dörd yüz) manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası DİN-in Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən tərtib edilmiş yol-nəqliyyat hadisəsinin sxemi və Cavabdeh2 alınmış izahatın surətindən görünür ki, cavabdeh tərəfindən «Toyota Corolla» markalı 99VZ317 dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurulmuşdur. "xxxx" ASC tərəfindən məhkəməyə təqdim edilmiş 31 yanvar 2021-ci il tarixli «zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabat»la müəyyən olunur ki, «Toyota Corolla» markalı 99VZ317 dövlət qeydiyyat nişanlı avtomobilə 4.450 manat məbləğində zərər vurulmuşdur. İş materiallarına əlavə edilmiş AC № 373210 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, buraxılış ili 1994, mühərrik nömrəsi 3257258, ban nömrəsi XTA210740R0849309 olan ağ rəngli, sedan tipli, «VAZ 21074 MİNİK» markalı 47BD357 dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Neftçala şəhəri, Heydər Əliyev prospekti ünvanı üzrə qeydiyyatda olan Cavabdeh1dur. İş materiallarına əlavə edilmiş Neftçala rayon dövlət notariat kontorunun dövlət notariusu X1 tərəfindən verilmiş 26 fevral 2018-ci il tarixli etibarnamənin surətindən görünür ki, Cavabdeh1 «VAZ 21074» markalı 47BD357 dövlət qeydiyyat nişanlı avtomobilin sürücülük hüququ olduqda idarə edilməsini, bağışlanmasını, ipoteka qoyulmasını, onun üzərində sərəncam verməsini, qeydiyyata salmasını, qeydiyyatdan çıxarmasını, bu tapşırıqların yerinə yetirilməsi ilə əlaqədar adından ərizə verməsini və digər hərəkətlərin edilməsini Cavabdeh2 etibar etmişdir (həmin etibarnamə 26 fevral 2019cu ilədək qüvvədə olmuşdur). Beləliklə, işin faktiki halları ilə müəyyən olunur ki, iddiaçı "xxxx" ASC Cavabdeh2 təqsiri üzündən baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində «Toyota Corolla» markalı 99VZ317 dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş zərərə görə 4.450 manat məbləğində sığorta ödənişi həyata keçirmişdir. Azərbaycan Respublikası MM-nin 1108-ci maddəsinə əsasən “1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1108.2. Yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. 1108.3. Yüksək təhlükə mənbələrinin sahibləri bu mənbələrin qarşılıqlı təsiri (nəqliyyat vasitələrinin toqquşması və i.a.) nəticəsində üçüncü şəxslərə dəymiş zərər üçün bu Məcəllənin 1108.1ci maddəsində nəzərdə tutulan əsaslar üzrə birgə məsuliyyət daşıyırlar. Yüksək təhlükə mənbələrinin qarşılıqlı təsiri nəticəsində onların sahiblərinə dəymiş zərərin əvəzi ümumi əsaslarla ödənilir”. Həmin Məcəllənin 936.1, 936.2 və 936.5-ci maddələrinə əsasən «Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur», «Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir» və «Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər». Qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını və işin faktiki hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı cavabdehlərdən sığortalıya ödədiyi məbləği tələb etməkdə haqlıdır. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən dövlət rüsumu və bank xidmət haqqı olaraq 64,90 manat ödəmişdir. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunvericiliyi yuxarıda qeyd olunan müddəalarını və iddianın tam təmin olunduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş bank xidmət haqqı ilə birlikdə öddənilmiş 64,90 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən «Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir». Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən «Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın». Eyni Məcəllənin 14.2 və 217.4-cü maddələrinə əsasən «Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir», «Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır». Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216 – 220, 222, 227, 233, 357 – 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh1 və Cavabdeh2 subroqasiya qaydasında 4.450 (dörd min dörd yüz əlli) manat məbləğində sığorta ödənişi və iddiaçı tərəfindən məhkəməyə müraciət olunarkən dövlət rüsumu və bank xidmət haqqı kimi ödənilmiş 64 (altmış dörd) manat 90 (doxsan) qəpik müştərək qaydada tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən bir ay müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər Sədrlik edən Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar