Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № 2(053)-38/2025 10.01.2025 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Samir İdris oğlunun sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “Mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında audio video yazı istifadə edilməklə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ilə məhkəməyə müraciət edərək, mülkiyyət hüququ ilə ona məxsus olan ünvan 1 ünvanında yerləşən mənzildən Cavabdeh1 və Cavabdeh2 istifadə hüquqlarının itirilmiş hesab edilməsi və onların sözügedən mənzilin pasport qeydiyyatından çıxarılmaları haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən mənzilə dair mülkiyyət hüququ xx.xx.2007-ci il tarixdə ********* nömrəli qeydlə dövlət qeydiyyatına alınmış və bu barədə ona MH seriyalı, ******* nömrəli çıxarış təqdim edilmişdir. Hazırkı iş üzrə cavabdeh olan oğlu Cavabdeh1 və gəlini Cavabdeh2 təxminən 20 ilə yaxındır ki, Bakı şəhərinə köçməklə ona məxsus mənzildə yaşamırlar. Lakin onlar mənzilin bir otağının qapısını mübahisələndirilən hüquqlarına istinad edərək kilidləmiş və bəhs olunan müddətdən bəri istifadə etməmişlər. Nəticədə otaq uzun illər istifadəsiz qaldığından ümumi mənzilin istehlak xassələrini zədələmiş və yaşayış üçün yararlılığına maneələr gəlmişdir. Hesab edir ki, mülkiyyət hüququ ilə ona məxsus ünvan 1 ünvanında yerləşən mənzilə dair Cavabdeh1 və Cavabdeh2 istifadə hüququları itirilmiş hesab edilməli və onlar sözügedən mənzilin pasport qeydiyyatından çıxarılmalıdırlar. Bu səbəbdən məhkəməyə müraciət etmişdir. İş üzrə ilkin məhkəmə hazırlıq iclasında iddiaçı ərizə təqdim edərək iddia ərizəsinə dəqiqləşmə apardığını, ərizənin xahiş edirəm hissəsində ünvan 1 ünvanında yerləşən mənzildən Cavabdeh1 və Cavabdeh2 istifadə hüquqlarının itirilmiş hesab edilməsi kimi oxunmasını bildirərək növbəti məhkəmə iclasında iştirak edə bilmədiyi halda işə iştirakı olmadan baxılıb, qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə baxışı iclasının vaxtı və yeri haqqında lazımı məlumat verilmiş cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri haqqında məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən “Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir”. Məhkəmə, Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclaslarının vaxtı və yeri barədə əvvəlcədən xəbərdar olunduğuna baxmayaraq gəlmədiylərini üzrsüz saymış və işə həmin cavabdehlərin iştirakı olmadan baxılaraq qətnamə çıxarılmasını mümkün hesab etmişdir. İşin 13 dekabr 2024-cü il tarixə təyin edilmiş məhkəmə baxışı iclası zamanı şahid qismində dindirilmiş X6 iddiaçı ilə qonşu olduğunu, 10 ildən çoxdur ki, iddiaçıya məxsus evdə cavabdehlərin yaşamadığını, onların Bakı şəhərində yaşadığını, İddiaçı ərinin vəfat etdiyini, evdə yaşayış olmadığını, həmin evə özü nəzarət etdiyini, iddiaçının Bakı şəhərində qızı ilə yaşadığını bildirmişdir. İşin 13 dekabr 2024-cü il tarixə təyin edilmiş məhkəmə baxışı iclası zamanı şahid qismində dindirilmiş X1 iddiaçı ilə 34 ildir ki, qonşu olduğunu, hazırda Aliyənin qızı ilə birlikdə Bakı şəhərində yaşadığını, uzun illərdir ki, oğlu ilə gəlininin o evdə yaşamadığını bildirmişdir. İşin 13 dekabr 2024-cü il tarixə təyin edilmiş məhkəmə baxışı iclası zamanı şahid qismində dindirilmiş X2 iddiaçı ilə 27 ildir ki, qonşu olduğunu, İddiaçı iki qızı və iki oğlu olduğunu, oğlanlarından birinin vəfat etdiyini, oğlunun və gəlininin iddiaçıya baxmadığını, sonuncu dəfə onları gördüyünü xatırlamadığını, uzun illədir ki, cavabdehlərin həmin evə gəlmədiyini bildirmişdir. Məhkəmə iddiaçı və şahidləri dinləyib, iş materiallarını tədqiq edib, araşdırılmış sübutların cəminə hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. “Yaşayış yeri üzrə qeydiyyat haqqında” ******* nömrəli arayışda qeyd olunur ki, İddiaçı mülkiyyətində olan Neftçala rayonu, Bankə qəsəbəsi, Nəriman Nərimanov küçəsi, ev 9, mənzil 6 ünvanında 11 may 1968-ci il təvəllüdlü Cavabdeh1 İsrafil oğlu, 11 iyun 1983-cü il təvəllüdlü Cavabdeh2, 17 avqust 1999-cu il təvəllüdlü X4 və 27 mart 2007-ci il təvəllüdlü X5 qeydiyyatdadırlar. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən MH seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, Neftçala rayonu, Bankə qəsəbəsi, Nəriman Nərimanov küçəsində istifadədə olan 0.037 ha torpaq sahəsində yerləşən 9 nömrəli, 2 mərtəbəli binanın 2-ci girişində, 1-ci mərtəbəsində 51.7 kv.m ümumi, 37 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı, 6 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı adına Daşınmaz Əmlakın Dövlət Reyestrində 1 nömrəli reyestr kitabının 141 nömrəli vərəqində 05 dekabr 2007-ci il tarixdə qeydiyyata alınmışdır. Neftçala rayon İcra Hakimiyyəti başçısının Bankə qəsəbə İƏDÜNN-nin 672 saylı arayışından görünür ki, İddiaçı qeyd olunan mənzildə qeydiyyatdadır. Lakin oğlu Cavabdeh1 İsrafil oğlu və gəlini Cavabdeh2 həmin mənzildə pasport qeydiyyatında olsalar da, 2005-ci ildən etibarən faktiki olaraq orada yaşamırlar. İşin məhkəmə baxışı zamanı müəyyən olunur ki, cavabdehlər həqiqətən də mübahisəli ünvanda yaşamır, lakin qeydiyyat ünvanları ünvan 2aqdadır. Beləliklə, işin faktiki hallarından və işdə olan sənədlərdən məlum olur ki, İddiaçı yaşayış evinə mülkiyyət hüququ müvafiq qaydada dövlət qeydiyyatına alınmışdır. Halhazırda cavabdehlər qeyd olunan evdə formal olaraq qeydiyyatdadırlar və hazırda da həmin mənzildə yaşamırlar. Şahidlərin də ifadələrindən məlum olmuşdur ki, cavabdehlər uzun müddətdir ki, Bakı şəhərində yaşayırlar. Buna baxmayaraq cavabdehlər qanunun tələblərini pozaraq, daimi yaşadığı yer üzrə qeydiyyata düşməmiş və hal-hazıradək, həmin ünvanda qeydiyyatda qalmışlar. Nəticədə cavabdehlər mülkiyyətçi kimi İddiaçı hüquqlarının gerçəkləşdirilməsinə manelər yaratmışlar. Azərbaycan Respublikası MM-nin 228.4-cü maddəsinə əsasən, yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir. Həmin Məcəllənin 152-ci maddəsinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Müvafiq olaraq sahiblik hüququ-əmlaka faktiki sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ-əmlakdan onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Sərəncam hüququəmlakın hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 157.4-cü maddəsinin tələblərinə görə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Maddi nemətlərin fərdi mənsubiyyətini təsbit edən mülkiyyət hüququ beynəlxalq hüquq aktlarında (insan hüquqları haqqında Ümumi Bəyamnamənin 17-ci mad., İnsan hüquqlarının və Əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya Əlavə (1 saylı protokolun 1-ci maddəsi və s.) və Azərbaycan Respublikasının Konstitusiyasında (29-cu maddə) nəzərdə tutulmuş fundamental insan hüquqları sırasında mühüm yer tutur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 3-cü bəndinə əsasən, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Həmçinin Konstitusiyanın 43-cü maddəsinə görə, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Konstitusiyamızın 13 və 29-cu maddələrində mülkiyyətin toxunulmazlığına, növündən asılı olmayaraq dövlət tərəfindən bərabər müdafiə olunmasına, mülkiyyət hüququnun qanunla qorunmasına, bu hüququn mülkiyyətçinin əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarət olmasına dair müddəalar təsbit olunmuşdur. Azərbaycan Respublikasının qoşulduğu «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi» haqqında Konvensiyanın 1 saylı xx.xx.1952-ci il tarixli Protokolunun 1-ci maddəsinə əsasən «hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz». “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən «Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər.» Göründüyü kimi, şəxsin yaşayış sahəsində qeydiyyatda olması, onun yaşayış sahəsinə istifadə hüququnun yaranması məqsədini daşımır. Adı çəkilən Qanununun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri və digər bu kimi yaşayış yerləri başa düşülür. Həmin Qanunun 5-ci maddəsinə əsasən yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Həmin Qanunun 9-cu maddəsinin 1-ci hissəsinin 6-cı bəndinə əsasən yaşayış sahəsindən istifadə hüququnu itirmiş şəxs qeydiyyatdan çıxarılmalıdır. İddiaçının, şahidlərin izahatlarından və işin faktiki hallarından aydın olur ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 uzun müddətdir ki, iddiaçıya məxsus mənzildə yaşamadıqları halda qeydiyyatdadırlar. Buna baxmayaraq cavabdehlər daimi yaşadığı yeni yer üzrə qeydiyyata düşməmiş və hal-hazıradək, iddiaçıya məxsus mənzildə qeydiyyatda qalmışlar. Cavabdehlərinin iddiaçının mülkiyyətində olan mənzildə qeydiyyatda qalmaları sonuncunun öz əmlakına sərbəst surətdə sərəncam vermək hüququnu, beləliklə də mülkiyyət hüququnu həyata keçirmək imkanını əhəmiyyətli dərəcədə məhdudlaşdırmaqla, onun mülkiyyət hüququnu şərti və qeyri-sabit xarakterli etmiş olur. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Neftçala rayonu, Bankə qəsəbəsi, Nəriman Nərimanov küçəsi, ev 9, mənzil 6 ünvanında yaşamamaları, mülkiyyətçinin hüquqlarının həyata keçirilməsinə maneələr yaratmaları, onların qeyd olunan mənzildə yaşayış sahəsindən istifadə hüquqlarının itirilmiş hesab edilməsinə əsas verir. Odur ki, cavabdehlərin Neftçala rayonu, Bankə qəsəbəsi, Nəriman Nərimanov küçəsi, ev 9, 6 nömrəli mənzilinə istifadə hüquqları itirilmiş hesab edilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 213, 216 – 220, 227, 233, 357-360 və 362-ci maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Neftçala rayonu, Bankə qəsəbəsi, Nəriman Nərimanov küçəsi, ev 9, 6 nömrəli mənzildən istifadə hüquqları itirilmiş hesab olunsun. Qətnamədən 01 (bir) ay müddətində Elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetlə Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Samir Quliyev
Məhkəmə qərarları › İş №2(053)-38/2025
Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №2(053)-38/2025
10.01.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver