Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № 2(053)-483/2024 20.08.2024 NEFTÇALA RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, X1 və Rəhmanov Elxan Abbasağa oğlunun katibliyi, İddiaçı, cavabdehlər Cavabdeh1 və Cavabdeh2, cavabdehlərin nümayəndəsi, vəkil Nümayəndə1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ilə məhkəməyə müraciət edərək, cavabdehlərin ünvan 2ndə yerləşən fərdi yaşayış evindən “istifadə hüququna xitam verilməklə onların həmin evdən pasport qeydiyyatından çıxarılmalarına” dair qətnamə qəbul olunmasını xahiş etmişdir. Neftçala Rayon Məhkəməsinin 20 avqust 2024-cü il tarixli qərardadı ilə hazırkı mülki işin cavabdehlərin “pasport qeydiyyatından çıxarılması” hissəsi üzrə icraatına xitam verilmişdir. Beləliklə, hazırda məhkəmənin icraatında olan iddia tələbi yalnız cavabdehlərin ünvan 2ndə yerləşən fərdi yaşayış evindən istifadə hüququna xitam verilməsi ilə bağlıdır. İddiaçı öz ərizəsində qeyd edir ki, Cavabdeh2 ilə nikahı Neftçala Rayon Məhkəməsinin 18 iyul 2023-cü il tarixli qətnaməsinə əsasən pozulub. Bundan sonra mütəmadi olaraq cavabdehlərin hər cür təhqirlərinə məruz qalmış, lakin nəvələrinin azyaşlı olduğunu nəzərə alıb bu təhqirlərə cavab verməmişdir. Cavabdehlər birləşərək onun işdə olduğu vaxt təsərrüfatında min bir əziyyətlə ərsəyə gətirdiyi mal-qaranı, qoyunları, həmçinin toyuq-cücələrini satmışlar. Bütün bunlara dözüb, səbr etsə də artıq səbri tükənib. Belə ki, Cavabdeh2 yataq geyimində onun yatdığı otağa daxil olaraq və yanında uzanaraq onu təxribata çəkir. Cavabdehin belə etməkdə məqsədi yenidən yataq səhnəsini çəkib ondan prokurorluğa şikayət verməkdən ibarətdir. Yaşadığı ev onun (iddiaçının) ata mülküdür və o, həmin evdə doğulub. Ondan başqa ailədə 7 nəfər uşaq doğulub. Halhazırda onların evi ilə yanaşı yaşadığı ərazidə yerləşən bütün evlərə çıxarış almaq mümkün deyil. İddiaçı 25 aprel 2024-cü il tarixli məhkəmə iclasında iddiasını müdafiə edərək, məhkəməyə «daşınmaz əmlakın (yaşayış sahəsinin) tikilməsi sifarişi üzrə» 15 mart 2021ci il tarixli müqavilənin, habelə kassa mədaxil orderinin surətlərini təqdim etmişdir. Qeyd edir ki, bu müqavilə ünvan 1 ünvanında inşa ediləcək bir otaqlı mənzilin icraçı "xxxx" MMC tərəfindən inşa edilməsi ilə bağlıdır. Həmin sifarişə görə 12.000 manat məbləğində pul ödəyib. Mənzilə mülkiyyət sənədinin alınıb-alınmadığını bilmir. Lakin mənzil cavabdehlərin istifadəsindədir. Yəni cavabdehlərin yaşaması üçün əlavə mənzil şəraitləri var. Mübahisəli ev isə onun valideynlərindən miras qalıb. Yəqin ki, evin valideynlərinin adına olan ilkin sənədləri də mövcuddur. Lakin hələlik onları əldə edə bilməyib. Onun qardaşları və bacıları da mübahisəli evə münasibətdə qanun üzrə vərəsədirlər. Özü də yenidən ailə qurmağa hazırlaşır. Ona görə də hesab edir ki, cavabdehlər mübahisəli evdən çıxaraq Bakı şəhəri, Suraxanı rayonu ərazisindəki evdə yaşamalıdırlar. Göstərilənlərə əsasən iddiasının təmin olunmasını məhkəmədən xahiş edir. İddiaçı sonrakı məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırıldığına baxmayaraq gəlməmiş, 04 iyul 2024-cü ildə ərizə göndərərək iddiasının baxılmamış saxlanmasını xahiş etmişdir. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iddianın baxılmamış saxlanılmasına etirazlarını bildirərək, işə mahiyyəti üzrə baxılıb qətnamə çıxarılmasını tələb etmişlər. Məhkəmə mülki-prosessual qanunvericiliyin aidiyyəti müddəalarını rəhbər tutub, cavabdehlərin mövqeyini və işin s. faktik hallarını nəzərə alaraq iddianın baxılmamış saxlanılmasına dair vəsatəti rədd edib işə mahiyyəti üzrə baxmışdır. Cavabdeh2 iddianı qəbul etməyərək bildirmişdir ki, mübahisəli ev vaxtilə iddiaçının mərhum atası tərəfindən inşa olunub. İddiaçı ilə 01 may 1991-ci ildə ailə qurmuş, lakin nikahlarını bundan təxminən il yarım sonra, yəni 1992-ci ildə rəsmiləşdirmişlər. İddiaçı ilə faktik ailə münasibətlərinə daxil olduğu 1991-ci ilin may ayının 01-dən etibarən iddiaçının özünün və bütün ailə üzvlərinin razılığı ilə mübahisəli evə gəlin köçmüş və bu günədək daimi olaraq orada yaşamışdır. Evin mülkiyyət sənədi heç vaxt olmamış və hazırda da yoxdur. İddiaçı ilə birgə ailə münasibətlərindən 07 iyul 1993-cü ildə X3, 22 yanvar 1995-ci ildə Cavabdeh1 adlı uşaqları doğulmuş, mübahisəli evdə böyüyüb, boya-başa çatmışlar. Hər üçü mübahisəli ünvan üzrə qeydiyyatdadırlar. Lakin nikahları pozulduqdan sonra iddiaçı onu və evdə ailəsi ilə birlikdə yaşayan oğlu Cavabdeh1 çıxarmaq qərarına gəlib. Cavabdeh həmçinin qeyd edir ki, özü, kiçik övladı Cavabdeh1 və sonuncunun ailə üzvləri hazırda iddiaçının mübahisələndirdiyi evdə yaşayırlar. Başqa yaşayış yerləri yoxdur. İddiaçı da hazırda həmin evdə yaşayır. Sonuncunun bildirdiyi Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsində yerləşən mənzil isə əslində bir otaqlıdır və orada böyük oğlu Canpolad ailəsi ilə birlikdə yaşayır. Beləliklə, onların (cavabdehlərin) iddiaçının tələb etdiyi kimi Bakı şəhərində yerləşən evə köçmələri mümkün deyil. Göstərilənlərə əsasən iddianın rədd olunmasını məhkəmədən xahiş edir. İşin məhkəmə baxışı zamanı cavabdeh qismində dindirilmiş Cavabdeh1, habelə 25 aprel 2024-cü il tarixli məhkəmə iclasında iştirak etmiş Nümayəndə1 da iddianı qəbul etməyərək Cavabdeh2 bildirdiklərinə uyğun məzmunlu izahatlar vermişlər. İddianın rədd olunmasını xahiş edirlər. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını tədqiq edib, araşdırılmış sübutların cəminə hüquqi qiymət verərək hesab edir ki, iddia rədd olunmalıdır. Neftçala Rayon Məhkəməsinin 2(053)-283/2023 nömrəli iş üzrə 18 iyul 2023-cü il tarixli qətnaməsindən görünür ki, İddiaçı ilə cavabdeh Rəsulova (nikahdan əvvəl – Əkbərova) Zəminə Ağa qızı arasında 30 noyabr 1992-ci ildə nikah bağlanaraq Neftçala rayon VVADQ şöbəsi tərəfindən akt qeydləri kitabında 525 nömrəsi ilə qeydə alınmış, həmin nikah Neftçala Rayon Məhkəməsinin yuxarıda göstərilən qətnaməsi ilə pozulmuşdur. İddiaçı və cavabdehlər ünvan 2 ünvanı üzrə qeydiyyatdadırlar. Tərəflərin bildirdiklərindən, həmçinin Neftçala bələdiyyəsi tərəfindən 01 aprel 2024cü ildə verilmiş 17 nömrəli arayışdan görünür ki, iddiaçı ilə cavabdehlər İddiaçı mərhum atası X4 tərəfindən ünvan 2ndə, 1.200 kv.m torpaq sahəsi üzərində inşa olunmuş fərdi yaşayış evində yaşayırlar. Hər iki tərəfin bildirdikləri ilə müəyyən olunur ki, İddiaçı ilə Cavabdeh2 01 may 1991-ci il tarixində faktik ailə münasibətləri qurmuş (yuxarıda qeyd olunduğu kimi, rəsmi nikah 30 noyabr 1992-ci ildə bağlanıb), bundan sonra Cavabdeh2 İddiaçı və sonuncunun bütün ailə üzvlərinin, o cümlədən atası X2 razılığı ilə hazırda mübahisə predmeti olan, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə gəlin köçmüş və bu günədək daimi olaraq orada yaşamışdır. İddiaçı ilə Cavabdeh2 ailə münasibətlərindən 07 iyul 1993-cü ildə X3 və 22 yanvar 1995-ci ildə Cavabdeh1 adlı uşaqlar doğulub. Cavabdeh1 da doğulduğu vaxtdan etibarən daimi olaraq yuxarıda göstərilən fərdi yaşayış evində yaşayır. Mübahisəli evə münasibətdə hər hansı şəxsin mülkiyyət hüququna və ya hər hansı digər hüquqa malik olması və ümumiyyətlə, evin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması halları işin məhkəmə baxışı zamanı müəyyən edilməmişdir. Məhkəmə iddiaya münasibət bildirərək ilk növbədə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən «Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər». Göründüyü kimi, şəxsin məhkəmə müdafiəsindən istifadə etmək hüququ yalnız o, halda yaranır ki, onun qanunla qorunan hüquq və azadlıqları, eləcə də maraqları pozulmuş olsun. «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında əks olunmuş hüquqi mövqeyə görə «Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz». İddiaçının müvafiq tələb üzrə subyektiv hüquqa malik olub-olmaması məsələsinə qiymət verərkən məhkəmə qeyd edir ki, istər mülki, istərsə də mənzil qanunvericiliyi müvafiq tələblə məhkəməyə müraciət etmək hüququnu yaşayış sahəsinin mülkiyyətçisinə və ya icarəçisinə verir. Yaşayış sahəsinin digər sakinlərinin isə hazırkı məzmunlu tələblə məhkəməyə müraciət etmək hüquqları qüvvədə olan qanunvericilikdə təsbit olunmayıb. İş materialları ilə müəyyən olunur ki, iddiaçının mübahisələndirdiyi evə münasibətdə hər hansı hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmayıb. Belə olan halda o, evin mülkiyyətçisi və ya icarəçisi sayıla bilməz. Ona görə də iddiaçı cavabdehlər kimi fərdi yaşayış evinin sakinlərindən biridir və mübahisələndirdiyi evə münasibətdə hüquqları cavabdehlərin hüquqlarından üstün deyil. Bunları nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, mövcud vəziyyətdə İddiaçı hazırkı tələb üzrə subyektiv hüququ yoxdur. Beləliklə, İddiaçı iddiası, onun müvafiq subyektiv hüquqa malik olmaması səbəbindən (cavabdehlərin gətirdiyi dəlillərin məzmunundan asılı olmayaraq) rədd edilməlidir. Məhkəmə eyni zamanda qeyd edir ki, cavabdehlərin də mübahisəli evə münasibətdə qanunla tanınan istifadə hüquqları mövcud deyil (onların ünvan qeydiyyatı istifadə hüquqlarının mövcudluğunu təsdiq edən hal kimi qiymətləndirilə bilməz). Mövcud olmayan hüquqa isə xitam verilməsi də mümkün deyil. Beləliklə, mübahisənin həllinə bu baxımdan da yanaşdıqda görünür ki, iddia təmin edilə bilməz. Göstərilənlərə əsasən iddia rədd olunmalıdır. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddianın rədd olunduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu məbləği iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən «Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir». Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən «Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın». Eyni Məcəllənin 14.2 və 217.4-cü maddələrinə əsasən «Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir», «Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır». Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216 – 220, 227, 233, 357 – 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi” tələbinə dair iddiası rədd edilsin. İddia ilə məhkəməyə müraciət olunması üçün ödənilmiş dövlət rüsumu İddiaçı özünə aid edilsin. Qətnamədən bir ay müddətində Neftçala Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ceyhun Qədimov
Məhkəmə qərarları › İş №2(053)-483/2024
Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №2(053)-483/2024
20.08.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver