Məhkəmə qərarları › İş №2(053)-778/2025

Neftçala Rayon Məhkəməsi Qərardad — İş №2(053)-778/2025

21.08.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Neftçala rayonu İş № 2(053)-778/2025 21.08.2025 NEFTÇALA RAYON MƏHKƏMƏSİ NEFTÇALA RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Mazanov Kamran Ramazan oğlunun katibliyi, İddiaçı nümayəndəsi (qardaşı) X1, cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsi X3 iştirakı ilə İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs “Azəriqaz” X4 X8 İdarəsinə qarşı “qaz kəmərinin yerinin cavabdehin hesabına dəyişdirilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azəriqaz” İstehsalat Birliyinə və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs “Azəriqaz” X4 X8 İdarəsinə qarşı iddia ilə məhkəməyə müraciət edərək “Azəriqaz” X4 X8 İdarəsinə məxsus PE110 mm-lik yeraltı orta təzyiqli qaz kəmərinin cavabdehin vəsaiti hesabına mülkiyyətindən çıxarılaraq yerinin dəyişdirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsi X6 21 avqust 2025-ci tarixli hazırlıq iclasında məhkəməyə vəsatət təqdim edərək tələbin aidiyyəti üzrə inzibati məhkəməyə aid olduğunu bildirib, işin aidiyyəti üzrə Şirvan İnzibati Məhkəməsinə göndərilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi (qardaşı) X2 vəsatətin təmin olunmasına etirazının olmadığını bildirmişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını nəzərdən keçirib, hazırkı mərhələdə toplanmış sübutların cəminə hüquqi qiymət verərək hesab edir ki, iş aidiyyəti üzrə baxılması üçün Şirvan İnzibati Məhkəməsinə verilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” 10 aprel 2015-ci il tarixli Qərarının 2, 3.1, 5.1 və 7.1-ci bəndlərində əks olunmuş hüquqi mövqeyə görə “Nəzərə alınmalıdır ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir”, “Xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir”, “İnzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır”, “İnzibati orqanların ümumi (publik) hüquq sahəsindəki səlahiyyətlərinin icrasından doğan qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan məsuliyyət daşıyır. Maraqlı şəxsin vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi barədə tələbi inzibati orqan tərəfindən təmin edilmədikdə, bununla bağlı iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır”. İddianın mahiyyətindən görünür ki, iddiaçı cavabdehə məxsus qaz kəmərinin ona mülkiyyət hüququ ilə məxsus olan torpaq sahəsindən qanunsuz çəkilməsi ilə bağlı hərəkətlərini mübahisələndirməklə bu kəmərin cavabdehin vəsaiti hesabına mülkiyyətindən çıxarılaraq yerinin dəyişdirilməsini xahiş edir. Yuxarıda qeyd olunanları, həmçinin Azərbaycan Respublikası İPM-nin 2-ci maddəsinin müddəalarını nəzərdən keçirərək məhkəmə hesab edir ki, hazırkı iş ümumi məhkəməyə deyil, inzibati məhkəməyə aiddir. Azərbaycan Respublikası MPM-nin 32.1, 32.3 və 32.4-cü maddələrinə əsasən “İşdə iştirak edən şəxs, mübahisənin bu və ya başqa məhkəməyə aidiyyətinin dəyişdirilməsi barədə ərizə verə bilər”, “Hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər”, “Aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır”. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, hazırkı iş aidiyyəti üzrə baxılması üçün Şirvan İnzibati Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 45, 263, 264, 266 – 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Hazırkı mülki iş aidiyyəti üzrə baxılması üçün Şirvan İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan 10 gün müddətində Neftçala Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar