Azərbaycan Respublikası adından QƏRARDAD Neftçala rayonu İş № 2(053)-929/2022 27.12.2022 NEFTÇALA RAYON MƏHKƏMƏSİ NEFTÇALA RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi, iddiaçı Neftçala rayon Xol Qarabucaq bələdiyyəsinin sədri X1 iştirakı ilə iddiaçı Neftçala rayon Xol Qarabucaq bələdiyyəsinin Cavabdeh qarşı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Hərracların Təşkili üzrə X3 ərazi torpaq müsabiqə və hərrac komissiyasının 29 və 31 saylı protokollarının, AM seriyalı 012220 və 012221 nömrəli şəhadətnamələrin ləğvi, habelə 2021-ci ildən 2022-ci ilədək 5,0 ha və 5,86 ha istifadə etdiyi bələdiyyə mülkiyyətinə aid torpaq sahələrinin 5.315 manat vergi borcunun ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Neftçala rayon Xol Qarabucaq bələdiyyəsinin sədri X4 Cavabdeh qarşı iddia ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Hərracların Təşkili üzrə X3 ərazi torpaq müsabiqə və hərrac komissiyasının 29 və 31 saylı protokollarının, AM seriyalı 012220 və 012221 nömrəli şəhadətnamələrin ləğvinə, habelə 2021-ci ildən 2022-ci ilədək 5,0 ha və 5,86 ha istifadə etdiyi bələdiyyə mülkiyyətinə aid torpaq sahəsinin 5.315 manat vergi borcunun ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşə baxılması zamanı müəyyən edilmişdir ki, iddia ərizəsi Azərbaycan Respublikası MPM-nin tələbləri pozulmaqla icraata götürülüb. Bununla əlaqədar məhkəmə aşağıdakıları qeyd edir. İddia ərizəsinə əlavə edilmiş sənədlərlə müəyyən olunur ki, Neftçala Rayon Məhkəməsi 01 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə İddiaçı ərazisində yerləşən 5,0 ha və 5,86 ha torpaq sahələrini 18 fevral 2022-ci il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Hərracların Təşkili üzrə X3 ərazi torpaq müsabiqə və hərrac komissiyasının 29 və 31 saylı protokolları və seriyaları AM olan 012220 və 012221 nömrəli şəhadətnamələr əsasında icarə müqavilələrinin bağlanması üçün ötürülmüş müddətin üzrlü hesab edilməsini və icarə müqaviləsinin bağlanması öhdəliyinin İddiaçı üzərinə qoyulmasını qət etmişdir. İş materiallarına yuxarıda göstərilən şəhadətnamələrin surətləri əlavə edilib. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə əsasən “Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir”. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən “Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər”. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ““Azərçörək” İstehsalat Birliyinin 18 saylı müəssisəsinin direktoru Rauf Əfəndiyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 1 may 2019-cu il tarixli qərardadının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 24 dekabr 2019-cu il tarixli qərarında əks olunan hüquqi mövqeyə görə “... məhkəmə müdafiəsi ilə bağlı konstitusiya təminatı hüquq və azadlıqların müdafiə sisteminin əsasını təşkil etməklə Konstitusiyada öz əksini tapmış digər hüquq və azadlıqların səmərəli müdafiəsinin təmin edilməsi məqsədini daşıyır. Məhkəmə müdafiəsi ən mühüm müdafiə mexanizmi olmaqla, hər kəsin hüquq və azadlıqları ilə bağlı yaranmış istənilən mübahisənin məhkəmədə həll olunmasını əhatə edir. Bu baxımdan, məhkəmələrin birbaşa təyinatını da ədalət mühakiməsini həyata keçirməklə pozulmuş hüquq və azadlıqları bərpa etmək təşkil edir. Ədalət mühakiməsi isə qanunla müəyyən edilmiş qaydada işə baxılması əsasında qanuni və əsaslı məhkəmə qərarının çıxarılması ilə həyata keçirilir”. Beləliklə, hər bir fiziki və ya hüquqi şəxs özünün qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək üçün məhkəməyə müraciət etmək hüququna malikdir. Eyni zamanda həmin hüquq qanunla müəyyən edilmiş qaydada həyata keçirilməli, o cümlədən iddia ərizəsinin prosessual qanunvericiliklə müəyyən edilmiş formasına və məzmununa riayət edilməli, ərizə müvafiq səlahiyyətə malik olan şəxs tərəfindən imzalanmalıdır (MPM-nin 149.1-ci maddəsi). Hazırkı iddia üzrə tələb mahiyyəti etibarilə 5,0 ha və 5,86 ha bələdiyyə torpaqlarının cavabdehin icarəsinə verilməsi ilə bağlı protokolların və şəhadətnamələrin ləğvi – faktik olaraq həmin torpaq sahələrinin bələdiyyəyə qaytarılmaqla cavabdehin sahibliyindən (icarəsindən) alınması, habelə cavabdehdən bələdiyyə büdcəsinin xeyrinə 5.315 manat miqdarında vergi borcunun tutulması ilə bağlıdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İİ hissəsinə əsasən “Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər”. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 5-ci maddəsinin 1-ci hissəsinə əsasən “Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur. Bütün mülkiyyət növləri bərabərhüquqludur və dövlət tərəfindən qorunur”. Həmin Məcəllənin 47-ci maddəsinin 2-ci hissəsinə əsasən “Bələdiyyə mülkiyyətinə aid torpaqlar: ümumi istifadədə olan torpaqlara; hüquqi və fiziki şəxslərin istifadəsində olan torpaqlara; ehtiyat fondu torpaqlarına ayrılır”. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 2.2-ci maddəsinə əsasən “İstifadə xüsusiyyətlərinə görə bələdiyyə torpaqları Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş ümumi istifadədə olan torpaqlara, hüquqi və fiziki şəxslərin qanuni istifadəsində və icarəsində olan torpaqlara, habelə ehtiyat fondu torpaqlarına bölünür”. “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 1-ci hissəsinə əsasən “Bələdiyyə mülkiyyətinin tərkibinə yerli vergilər və ödənişlər hesabına formalaşan yerli büdcənin vəsaiti, bələdiyyənin büdcədənkənar fondları, bələdiyyə əmlakı, habelə bələdiyyə torpaqları, bələdiyyə müəssisələri və təşkilatları, bələdiyyə mənzil fondları və qeyri-yaşayış binaları, dövlət və xüsusi mülkiyyətdə olmayan yollar, bələdiyyə təhsil, tibb, mədəniyyət və idman müəssisələri, digər daşınar və daşınmaz əmlak daxildir”. Beləliklə, yerli vergilər və ödənişlər hesabına əldə olunan pul vəsaiti də bələdiyyə mülkiyyəti sayılır. Azərbaycan Respublikası Konstitusiyasının 144-cü maddəsinin İ hissəsinin 6-ci bəndinə əsasən “bələdiyyə mülkiyyətinə sahiblik, ondan istifadə və onun barəsində sərəncam” məsələləri bələdiyyələrin iclaslarında həll edilir. Azərbaycan Respublikası Konstitusiyasının 145-ci maddəsinin İ və İİ hissələrinə əsasən “Bələdiyyənin iclaslarında baxılan məsələlərə dair qərarlar qəbul edilir”, “Bələdiyyənin qərarları bələdiyyə üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir”. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsinə əsasən “Bələdiyyə mülkiyyətində olan torpaqlara sərəncam verilməsi, həmin torpaqların istifadəsi və mühafizəsi sahəsində idarəetməni həyata keçirmək bələdiyyələrin müstəsna hüququdur”. “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanununun 16-cı maddəsinin 4-cü bəndinə əsasən “Azərbaycan Respublikası Konstitusiyasının 145-ci maddəsinin İİ hissəsinə uyğun olaraq, bələdiyyə iclaslarında baxılan məsələlərə dair bələdiyyə üzvlərinin sadə səs çoxluğu ilə qərarlar qəbul edilir”. “Bələdiyyənin nümunəvi nizamnaməsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Bələdiyyənin nümunəvi nizamnaməsinin bələdiyyənin fəaliyyətinin təşkili və bələdiyyə iclası ilə bağlı məsələləri tənzimləyən İV hissəsinin 2-ci bəndinə əsasən “bələdiyyə mülkiyyətinə sahiblik, ondan istifadə və onun barəsində sərəncam” məsələləri bələdiyyə iclaslarında həll edilir. Azərbaycan Respublikasının MM-nin 152.4-cü maddəsi sərəncam hüququna aşağıdakı kimi anlayış verir: “Sərəncam hüququ – əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır”. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən “Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın”. Yuxarıda qeyd olunduğu kimi iddiaçı faktik olaraq cavabdehdən torpaq sahələrinin geri alınmasını və ondan bələdiyyə büdcəsinin xeyrinə 5.315 manat miqdarında pul tutulmasını tələb edir. Azərbaycan Respublikası MM-nin yuxarıda istinad edilən müddəasını nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi əmlaka sərəncam verilməsinə, yəni həmin əmlakın hüquqi müqəddəratını təyin etmək hüququnun həyata keçirilməsinə, başqa şəxsin (cavabdehin) mübahisəli torpaq sahələrinə sahibliyinə yol verilməməsinə və ondan bələdiyyə büdcəsinin xeyrinə pul tutulmasına yönəlib. Qüvvədə olan qanunvericiliyin yuxarıda istinad edilən müddəalarından həmçinin görünür ki, bələdiyyə mülkiyyətinə, o cümlədən bələdiyyə torpaqlarına və pul vəsaitinə sərəncam verilməsi ilə bağlı məsələlər bələdiyyə iclasında müzakirə edilməli və bələdiyyə üzvlərinin sadə səs çoxluğu ilə qərarlar qəbul olunmalıdır. Bələdiyyə sədri isə müvafiq məsələlərlə bağlı təkbaşına qərar qəbul etmək, o cümlədən bələdiyyə iclasının qərarı olmadan və bələdiyyə iclası tərəfindən ona müvafiq səlahiyyət verilmədən bələdiyyə mülkiyyətinə sərəncam verilməsi hüququnun təmin edilməsi məqsədilə məhkəməyə müraciət etmək hüququna malik deyil. Yəni hazırkı növ mübahisələrlə bağlı məsələlər bələdiyyə iclasında müzakirə olunmalı, bələdiyyə üzvlərinin sadə səs çoxluğu ilə qərar qəbul edilməklə bələdiyyə sədrinə konkret məsələ (məsələlərlə) bağlı məhkəməyə müraciət etmək səlahiyyəti verilməlidir. İş materiallarından görünür ki, Xol Qarabucaq bələdiyyəsində (bələdiyyə iclasında) hazırkı iddiada göstərilən məsələlər müzakirə edilməmiş, bələdiyyə sədrinə həmin məsələlərlə bağlı məhkəməyə müraciət etmək səlahiyyəti verilməmişdir. Belə olan halda bələdiyyə sədri hazırkı məzmunlu iddia ilə məhkəməyə müraciət edə bilməz. Azərbaycan Respublikası MPM-nin yuxarıda istinad edilən 149.1-ci maddəsinə əsasən «İddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır». Həmin Məcəllənin 150.1.3-cü maddəsinə əsasən iddia ərizəsinə «iddia ərizəsinin səlahiyyətli şəxs tərəfindən imzalanmasını təsdiq edən sənəd (iddia ərizəsi elektron qaydada verildiyi halda belə səlahiyyətin elektron imza ilə təsdiq edildiyi hal istisna olmaqla)» əlavə edilir. İş materiallarından görünür ki, iddia ərizəsinə bələdiyyə sədrinin həmin ərizəni imzalamaq səlahiyyətinə malik olduğunu təsdiq edə biləcək hər-hansı sənəd (bələdiyyə iclasının yuxarıda göstərilən məzmunlu qərarı) əlavə edilməyib. Qeyd olunur ki, məhkəmə iclaslarında iştirak etmiş Xol Qarabucaq bələdiyyəsinin sədri X2 bələdiyyədə müvafiq məsələ ilə bağlı iclas keçirilib-keçirilmədiyinə dair suallar verilmiş, o, cavabında bildirmişdir ki, bələdiyyədə bu növ məsələlərlə bağlı iclaslar keçirilmir, məhkəməyə aid mübahisə yarandığı təqdirdə bələdiyyə sədri bütün hallarda öz adından, yəni bələdiyyə iclasının müzakirəsinə çıxarılmadan və ona müvafiq səlahiyyət verilmədən məhkəməyə iddia ilə müraciət edir. Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən «İddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür». Eyni Məcəllənin 152.1.2-ci maddəsinə əsasən «iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda» hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Göründüyü kimi, iddiada qaldırılan məsələlər Xol Qarabucaq bələdiyyəsinin üzvlərinin müzakirəsinə çıxarılmamış, bələdiyyə iclası tərəfindən bələdiyyə sədrinə məhkəmədə iddia qaldırması üçün səlahiyyət verilməmişdir. Beləliklə iddia ərizəsi müvafiq səlahiyyətə malik olmayan şəxs tərəfindən imzalanmış, məhkəmənin icraatına qüvvədə olan mülki-prosessual qanunvericiliyin tələblərinə riayət olunmadan qəbul edilmişdir. Azərbaycan Respublikası MPM-nin 259.0.3-cü maddəsinin tələbinə görə “ərizə imzalanmadıqda, yaxud buna səlahiyyəti olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalandıqda” məhkəmə ərizəni baxılmamış saxlayır. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia mövcud vəziyyətdə, yəni iddia ərizəsinin buna hazırda səlahiyyəti olmayan şəxs tərəfindən imzalanması səbəbindən baxılmamış saxlanılmalıdır. Məhkəmə həmçinin izah edir ki, Azərbaycan Respublikası MPM-nin 260.4-cü maddəsinə əsasən “İddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır”. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 259, 260, 263, 264, 266 – 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Neftçala rayon Xol Qarabucaq bələdiyyəsinin Cavabdeh qarşı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Hərracların Təşkili üzrə X3 ərazi torpaq müsabiqə və hərrac komissiyasının 29 və 31 saylı protokollarının, AM seriyalı 012220 və 012221 nömrəli şəhadətnamələrin ləğvi, habelə 2021-ci ildən 2022-ci ilədək 5,0 ha və 5,86 ha istifadə etdiyi bələdiyyə mülkiyyətinə aid torpaq sahəsinin 5.315 manat vergi borcunun ödənilməsi tələbinə dair ərizəsi baxılmamış saxlanılsın. İzah olunsun ki, Azərbaycan Respublikası MPM-nin 260.4-cü maddəsinə görə «İddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır». Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Neftçala Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Ceyhun Qədimov
Məhkəmə qərarları › İş №2(053)-929/2022
Neftçala Rayon Məhkəməsi Qərardad — İş №2(053)-929/2022
27.12.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver