Məhkəmə qərarları › İş №2(054)-2/2024

Oğuz Rayon Məhkəməsi Qətnamə — İş №2(054)-2/2024

05.06.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Oğuz rayonu İş № 2(054)-2/2024 05.06.2024 OĞUZ RAYON MƏHKƏMƏSİ X6 Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı cavabdehdən 600 manat maddi və 400 manat mənəvi zərərin tutulub onlara verilməsi tələbinə dair mülki işə 05 iyun 2024-cü il tarixdə Oğuz şəhərində Oğuz Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 (iddiaçılar) Cavabdeh (cavabdeh) qarşı cavabdehdən 600 manat maddi və 400 manat mənəvi zərərin tutulub onlara verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. 31 iyul 2023-cü il tarixli məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verilmiş, İddiaçı2 məhkəmə iclasında iştirak etməmiş, xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuş teleqramla iddianı müdafiə etdiyini bildirmiş, məhkəmə iclasının iştirakı olmadan keçirilməklə tələbinin təmin edilməsini xahiş etmişdir. İddiaçılar iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə əsasən bildirmişlər ki, 2020-ci ilin payız aylarında Muxas kənd sakini, əvvəllər tanımadıqları Cavabdeh onlara müraciət edərək Oğuz şəhərində tikdirdiyi fərdi yaşayış evinin dam örtüyünün vurulmasını xahiş etmişdir. Dam ustası olaraq şifahi şəkildə onunla razılığa gəlmişlər. Belə ki, Eyvazın öz iştirakı ilə ölçü apararaq işi metrəsi 100 manat olmaqla 1500 manata danışmışlar. Eyvazla şərtləşmişlər ki, iş qurtardıqdan sonra keyfiyyətini yoxlayıb pulu tam şəkildə ödəyəcəkdir.Tikinti işini Eyvazın dediyi müddətdə və tam keyfiyyətlə işləyib başa vurmuşlar. Eyvaz özü də mütəmadi olaraq tikintinin gedişinə nəzarət etmiş, onlara hər hansı iradı olmamışdır. Eyvaz işi qəbul edərək 1500 manat puldan 900 manatını elə ordaca ödəmiş, qalan pulu həftə ərzində ödəyəcəyini bildirmişdir. O vaxtdan xeyli müddət keçsə də, Eyvaz müxtəlif bəhanələrlə qalan 600 manat pulu ödəməkdən yayınır. Onunla dəfələrlə telefon vasitəsilə danışmış, pulu nə vaxt verəcəyini soruşmuşlar. Eyvaz təkcə onlara yox, başqalarına da borclu olduğunu, Moskvada olan bir şəxsdən pul gözlədiyini, pulu 2022-ci ilin noyabr ayında ödəyəcəyini bildirmişdir. Buna baxmayaraq Eyvaz bu vədinə də əməl etməmişdir. Onun telefon danışıqları qeyd edilmiş və məhkəməyə təqdim edilmişdir. Eyvaz 600 manat pulu vermədiyindən məcburən rayonun hüquq mühafizə orqanlarına müraciət etmişlər. Eyvaz polis şöbəsində pulu 2 ay müddətində ödəyəcəyinə söz versə də, bunu etməmişdir. Polis şöbəsindən xx.xx.2022-ci il tarixli məktubla işin mülki xarakterli olduğu bildirilməklə məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. Eyvaz bu hərəkəti ilə onlara yalnız maddi deyil, həm də mənəvi ziyan vurmuşdur. Belə ki, ailəli olmaqla ancaq təsadüfi olaraq tikinti işlərilə məşğul olaraq dolanışıqlarını təmin etməyə çalışırlar. Eyvaz tərəfindən onların əməyinin haqqının ödənilməməsi nəticəsində ailə qarşısında iztitablar çəkmişlər. Onlara dəymiş mənəvi ziyanın məbləği 400 manatla ifadə olunur. İddianın təmin edilməsini xahiş etmişlər. Məhkəmə iclasında İddiaçı1 izahat verərək bildirmişdir ki, 2 il öncə-2020-ci ilin noyabr ayında cavabdehin dam örtüyünü vurmuşlar. İş ərəfəsində öncədən 500 manat, iş bitdikdən sonra isə 400 manat pul alınıb. Dam örtüyünün vurulması üçün 1540 manata danışılıb, belə ki, damın uzunluğu 13,5 metrdir, eni 10 metrdən artıq olanda en uzunun üzərinə gəlir və metrəsi 100 manatdan hesablanır. Buna görə də hesablama nəticəsində zəhmət haqqı 1540 manat müəyyən edilib, lakin Eyvaza 40 manat güzəşt edilib. Beləliklə, cavabdeh onlara cəmi 1500 manat pul verməli idi. Mil arasında hörgü işi olub, 100 manat da həmin hörgü işinə alınıb.100 manatın dam örtüyünün puluna aidiyyatı yox idi. Bir müddət keçəndən sonra pulu istəyib, Eyvaz dəfələrlə “verərəm” deyib verməyib. Həmin dam örtüyünün vurulmasında 3 nəfər işləyiblər, o özü, Şaiq və Elsevər. Dam örtüyünü 10-15 günə bitirmişlər. Əvvəldən həmin ərazidə olan dam örtüklərinə baxış keçirmişlər. Cavabdeh özü bir qonşunun dam örtüyünü göstərib deyib ki, evin dam örtüyünü bu formada tikin. O da sadə paket yığacağını cavabdehin özünə deyib. Həmin vaxt qonşunun evini də göstərib. Cavabdeh etiraz etməyib. Evin dam örtüyü tikildikdən sonra da onun iradı olmayıb. Eyvaz 600 manat pul məbləğini 2-3 gün müddətində verəcəyini demişdir. İddia müddəti bitir deyə, hazırda ərizə ilə müraciət edib. 600 manat pul məbləğinin 200 manatı digər iddiaçı-bərabər işlədikləri Elsevərindir. Baş tir və hündürlük normativlərə uyğun qoyulur. Ancaq ev sahibi arzu etsə onun dediyi kimi edilir. İddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında izahat verərək bildirmişdir ki, Oğuz şəhərində tikdirdiyi evin barı hissəsini başqa ustaya hördürüb. Evin dam örtüyü inşa edilməli olduğundan həmkəndlisi qohumu olan Rasim adlı şəxsi ona məsləhət görmüşdür. Dam örtüyünün metrəsini 100 manatdan danışmışlar. Rasim adlı həmin şəxslə Ağdaş rayonundan 8 min manat dəyərində material almışlar. Ustalar işləyən ərəfədə onlara 400+500+100=cəmi 1000 manat pul vermişdir. Hazırda iddiaçılara 500 manat pul verə bilər, bu şərtlə ki, evin dam örtüyünü söksünlər və yenidən yığsınlar. Evin dam örtüyü tısbağaya oxşayır. Sonradan 3 nəfər usta gətirib. Həmin şəxslər yalnız usta pulu olaraq ondan söküb yığmağa 1000 manat pul istəyirlər. Ziyanlıq ona dəyib.Evin üstü çox aşağıdır, yatıqdır. Baş tir 1,70 m-dir, halbuki ən azı 4 metr olmalı idi. Hündürlük 2,7 m-dir. Dam örtüyü tikiləndə demişdi ki, bu evin üstü alçaqdır. İddiaçı dedi ki, qurtaranda yaxşı olacaq. Damın eni 13,5 metrdi. Məbləğ 1350 manat edir. İddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı tərəfindən təqdim edilmiş şahid X4 izahat verərək bildirmişdir ki, iddiaçılarla birlikdə tikinti işlərində işləmişdir. Covid vaxtı, yəni 2020-ci ilin oktyabr, noyabr aylarında Muxasdan adını bilmədiyi bir şəxsin Oğuz şəhərində tikilən evində 10 gün ərzində işləyiblər. Pulun bir qisminin verildiyindən məlumatı vardır. Həmin puldan öz payını almışdır. Pulun bir qisminin iddiaçılara verilmədiyini bilir. Həmin evdə dam yığıblar. Mil arası hörgü işi görülüb. Pul veriləndə orda olmayıb. Pul iki dəfə verilib. Ona günə 30 manat pul hesablayıb veriblər. Ümumilikdə 300 manat pul almışdır. Ev tikdirən Eyvaz “kəsir qalmış pulu verəcəyəm” deyib. Həmin qapıdan iddiaçılarla bilikdə çıxmışdır. Məhkəmə iclasında X1 mütəxəssis qismində izahat verərək bildirmişdir ki, məhkəmənin sorğusuna cavab olaraq Oğuz şəhəri, “Gənclik” massivində mübahisəli tikintidə araşdırma aparılmışdır. Araşdırma zamanı müəyyən edilmişdir ki, Oğuz şəhəri “Gənclik” massivində yerləşən, Cavabdeh məxsus həyətyanı torpaq sahəsində 2020-ci ildə İddiaçı1 və İddiaçı2 tərəfindən inşa edilmiş 1 mərtəbəli, zirzəmili fərdi yaşayış evinin dam örtüyündə mərtəbə ilə çardaq arasındakı ağac konstruksiyaların quraşdırılması, ağac materialından çat ayaqları və taxta şəbəkənin quraşdırılması, damın metal-kirəmit örtüyünün vurulması, su qəbuledici novların quraşdırılması işləri keyfiyyətlə yerinə yetirilmiş və tikinti normalarının tələblərinə cavab verir. Evin dam örtüyündə estetik gözəllik olmaya bilər. Həmin dam örtüyünün maillik dərəcəsi 30-31-dir. Normalda maillik 28-dən yuxarı olmalıdır. Maillik dərəcəsinin 28-dən aşağı olması standartlara uyğun deyil. Hazırda mübahisələndirilən tikili düzgün tikilidir. Tikinti-texniki normalara uyğun tikilib. Bütün dayaq və düyünlər möhkəmdir. Həmin dam örtüyünə baxış keçirən zaman FH əməkdaşı da orda olub. Qar yağsa belə həmin evin dam örtüyü üçün heç bir təhlükə yoxdur. Evlərin dam örtükləri paket və kəpənək formasında olur. Evin eni və uzunu azdır deyə, kənardan yastı görünür. Əslində cavabdeh tikinti aparmazdan əvvəl Memarlıq Şöbəsinə müraciət etməli, layihə əldə etməli idi. O zaman tikintinin tərəflər arasında razılaşdırılmış ölçülərə uyğun tikilib-tikilmədiyinə qiymət vermək olardı. Məhkəmə iclasında X5 mütəxəssis qismində izahat verərək bildirmşdir ki, mübahisəli binaya yaxından baxanda qəribə görünə bilər. Əslində sifarişçi əvvəlcə binanın layihəsinin çəkilməsi üçün müraciət etməli, layihə təqdim edilməklə Memarlıq və Tikinti Şöbəsində təsdiq olunmalı idi. Bu tikili heç bir layihə olmadan ustaya güvənilib tikilib. Dam örtüyü, ona aid bağlamalar standartlara uyğundur. Ustanın günahı olduğu müəyyən edilmir. Əgər əldə layihə olsa idi, cavabeh bu gün iradını bildirərkən müqayisə aparmaq mümkün idi. Binaya baxışda iştirak edib, həmin vaxt çox ciddi nöqsan aşkar edilməyib. Bağlamaların yaxşı bağlanmama ehtimalı xırda nöqsanlar sayıla bilər. Oğuz və ətraf ərazilər üçün dam örtüyünün maillik dərəcəsi 30dan yuxarı olur. 30 dərəcə maillikdə görünüş normal hesab olunur. Keçmişdə kirəmitdən olan evlərdə maillik 45-90 dərəcə arasında olurdu. Faktiki baxdıqları binada hündürlük var. Cavabdeh hündürlüyün az olduğunu aşkar etdiyi vaxt ustanın işini saxlada bilərdı. Hündürlüklə bağlı konkret norma yoxdur.Baxış bucağı gözlə pis görünə bilər. Məhkəmə iddiaçının və cavabdehin izahatını dinləyib sənədləri araşdıraraq işin hallarını nəzərə almaqla və mübahisəli məsələnin həlli baxımından yaranmış sualların ekspert tərəfindən cavablandırılmasının baxılan iş üçün əhəmiyyət kəsb etdiyini nəzərə alaraq, məhkəmə tikinti-texniki ekspertizasının təyin edilməsini məqsədə müvafiq bilmiş və xx.xx.2023-cü il tarixli, 2(054)-316/2023 saylı qərardada əsasən işi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə göndərmişdir. Sözügedən iş (yeni nömrə 2(054)-02/2024) xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/7343 saylı ekspert rəyi əlavə edilməklə xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olduğundan iş üzrə icraat təzələnmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verilmiş, İddiaçı1 xx.xx.2024-cü il tarixdə məhkəməyə dail olmuş teleqramla məhkəmə iclasının iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsini xahiş etmiş, İddiaçı2 və Cavabdeh məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbi barədə məlumat verməmişlər. Məhkəmə işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək bilavasitə məhkəmə iclasında tədqiq edilən sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına əsaslanaraq hesab edir ki, iddia qismən təmin ediməlidir. Azərbaycan Respublikası vətəndaşının işə əlavə edilmiş AA******* saylı şəxsiyyət vəsiqəsinin surətindən və Oğuz rayon İHB Baş Daşağıl kənd İƏD üzrə nümayəndəliyinin xx.xx.2022-ci il tarixli, 10/192 saylı arayışından görünür ki, İddiaçı1 xx.xx.1978-ci ildə Azərbaycan Respublikasında anadan olmuş, Oğuz rayon Baş Daşağıl kəndində yaşamaqla ailə üzvləri 2009 və 2012-ci il təvəllüdlü iki qızından ibarətdir. Azərbaycan Respublikası vətəndaşının işə əlavə edilmiş AZE ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən və Oğuz rayon İHB Oğuz şəhər İƏD üzrə nümayəndəliyinin xx.xx.2023cü il tarixli, 10-0/47 saylı arayışından görünür ki, İddiaçı2 xx.xx.1989-cu ildə Azərbaycan Respublikası Vartaşen şəhərində anadan olmuş, yaşayış yeri Oğuz şəhər N.Nərimanov küçəsi, ev 1 olmaqla ailə üzvləri arvadı və 4 övladından ibarətdir. Azərbaycan Respublikası vətəndaşının işə əlavə edilmiş şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, Cavabdeh xx.xx.1971-ci ildə Vartaşen rayon Muxas kəndində anadan olmuş, yaşayış yeri Oğuz rayon Muxas kəndidir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin işə əlavə edilmiş xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/7343 saylı ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində qeyd olunanlara əsasən Oğuz şəhəri “Gənclik” massivində yerləşən, mübahisə predmeti olan tikilinin dam (çardaq) hissəsinin tikinti-texniki normalara uyğun olduğu müəyyən olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (Mülki Məcəllə) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 756.1-ci maddəsinə görə əgər sifarişçi yerinə yetirilmiş işi qəbul etməzsə, podratçı yerinə yetirilməmiş işin haqqını və zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 762.1-ci maddəsinə görə podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. Həmin Məcəllənin 763.1-ci maddəsinə görə əgər məmulatın qüsuru vardırsa, sifarişçi əlavə icra tələb edə bilər. Podratçı öz seçimi ilə ya qüsuru aradan qaldıra bilər, ya da yeni məmulat hazırlaya bilər. Həmin Məcəllənin 763.2-ci maddəsinə görə əlavə icra məqsədi ilə podratçı iş və materiallar üçün əlavə xərcləri, o cümlədən nəqliyyat xərclərini ödəməlidir. Əgər əlavə icra tənasübsüz xərclər tələb edirsə, podratçı həmin icradan imtina edə bilər. Həmin Məcəllənin 770-ci maddəsinə əsasən əgər müqaviləyə görə və ya işin xarakterinə əsasən iş qəbul edilməyirsə, sifarişçi yerinə yetirilmiş işi qəbul etməyə borcludur. İşi qəbul etdikdə sifarişçi muzd ödəməlidir. Əgər sifarişçi işi podratçının müəyyənləşdirdiyi müddətdə qəbul etmirsə, iş qəbul edilmiş sayılır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericilin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 saylı Qərarının 10-cu bəndinə əsasən mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və.s), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Həmin Qərarın 4-cü bəndinə əsasən şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s.) ifadə oluna bilər. Yenə həmin Qərarın 7-ci bəndinə əsasən mənəvi zərərin əvəzi bir qayda olaraq pulla müəyyən edilir və ödənilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə ilk növbədə bildirir ki, iddiaçılar cavabdehdən maddi zərərin tutulmasını xahiş etsələr də, məhkəmə araşdırması zamanı iddiaçılar və cavabdeh arasında podrat müqaviləsi münasibətlərinin olduğu və mübahisənin bu zəmində yarandığı müəyyən edilmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, hazırki mübahisəyə qeyd edilən münasibətlər çərçivəsində-cavabdehdən işin görülməsinə görə muzdun alınması nöqteyinəzərindən qiymət verilməlidir. Məhkəmə icraatında araşdırma zamanı müəyyən edilmişdir ki, iddiaçılar və cavabdeh arasında cavabdehin Oğuz şəhəri “Gənclik” massivində tikilmiş evinin dam örtüyünün vurulması ilə bağlı şifahi razılaşma olmuş, bu işin görülməsinə görə zəhmət haqqı olaraq 1500 manat veriləcəyi müəyyən edilmişdir. İddiaçılara cavabdeh tərəfindən iş ərəfəsində 500 manat, işlərini başa çatdırdıqdan sonra isə 400 manat və 100 manat olmaqla cəmi 1000 manat pul verilmişdir. İddiaçı tərəfin bildirdiyinə görə 100 manat hörgü işinə görə verilmiş, bu məsələnin dam örtüyünə aidiyyəti olmadığından cavabdeh onlara 600 manat pul verməli olsa da, həmin pulu 2020-ci ilin noyabrından indiyədək verməmiş, beləliklə onlara 600 manat maddi və 400 manat mənəvi ziyan vurmuşdur. Mənəvi ziyan cavabdehin onlara çatası pulu vermədiyindən ailə qarşısında çəkilən mənəvi iztirabla təsdiq olunur. Cavabdehin dam örtüyü onun dediyi şəkildə tikilib və onun buna heç bir iradı olmayıb. İş materiallarına əlavə edilmiş flaş-kartda olan səs yazılarına əsasən cavabdeh iddiaçı Rasimlə votsap vasitəsilə danışarkən qalan pulu verəcəyini desə də, hazırda dam örtüyünün düzgün tikilmədiyini, damın sökülüb yenidən yığılması müqabilində iddiaçılara 500 manat pul verəcəyini bildirir. İddiaçı tərəf aldıqları 1000 manatın 100 manatının hörgü işi müqabilində aldıqlarını desələr də, bununla bağlı razılaşmaya dair sübutlarını təqdim etməmişlər. Cavabdeh isə 1000 manat pulun zəhmət haqqı olaraq verildiyini, qalan 500 manatın isə dam sökülüb yenidən yığıldığı təqdirdə veriləcəyini bildirir. Məhkəmə tərəfindən təyin edilmiş ekspertiza zamanı müəyyən edilən hallara əsasən mübahisəli evin dam örtüyünün tikinti-texniki normalara uyğun olduğu bildirilmişdir. Qeyd olunanlara əsasən məhkəmə ekspert rəyini sübut kimi qəbul edir və cavabdehin dam örtüyünün tikinti-texniki normalara uyğun olmaması barədə arqumentlərini qəbul etmədən hesab edir ki, iddiaçılara zəhmət haqqı (muzd) tam şəkildə verilməlidir. Veriləcək pulun məbləğinə gəldikdə isə məhkəmə bildirir ki,tərəflər arasında razılaşma şifahi aparılmış, dam örtüyü vurularkən konkret hansı işlərin görüləcəyi barədə rəsmi sənəd olmadığından və tərəflərin təsdiq etdiyi kimi iddiaçılara 1000 manat pulun verilməsi işin mübahisəsiz halı olduğundan və cavabdehin iddiaçılara 500 manat verə biləcəyinə dair etirafı qəbul edilməklə cavabdehdən həmin məbləğdə pul tutularaq iddiaçılara verilməlidir. Məhkəmə iddiaçıların cavabdeh tərəfindən pulun verilməməsi nəticəsində onlara mənəvi ziyanın vurulmasına dair iddiasına münasibət olaraq bildirir ki, mənəvi ziyanla bağlı sübutlar təqdim edilmədiyindən və maddi ziyanla tələb olunan mənəvi ziyan arasında səbəbli əlaqənin olduğu istisna edildiyindən iddia tələbi həmin hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yenə həmin Məcəllənin 217.3-cü və 217.4-cü maddələrinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilən Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 117.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. Məhkəmənin xx.xx.2023-cü il tarixli, 2(054)-316/2023 saylı qərardadı ilə məhkəmə-tikinti-texniki ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/7343 saylı ekspertiza rəyi məhkəməyə daxil olmuşdur. Aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manat olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi qismən təmin edildiyindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu iddiaçılara aid edilməli, 50 manat ekspertiza xərci isə işin hallarına uyğun olaraq cavabdehdən tutulmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh 500 manat pul tutularaq iddiaçılar İddiaçı1 və İddiaçı2 verilsin. İş üzrə aparılmış tədqiqatın dəyəri olan 50 manat ekspertiza xərci Cavabdeh tutulub dövlət büdcəsinə (SAP (XİİS) hesabı X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ******************** SFİFT BİK CTREAZ 22 Məhkəmə Ekspertizası Mərkəzi: VÖEN **********, AZ34CTRE******************** ödənilsin. İddia tələbi 100 manat pul və 400 manat mənəvi ziyan hissəsində təmin edilməsin. Ödənilmiş 30 manat dövlət rüsumu iddiaçılara aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən bir ay müddətində Oğuz Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Səadət Zeynalova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar