Azərbaycan Respublikası adından QƏTNAMƏ Oğuz rayonu İş № 2(054)-206/2024 20.05.2024 OĞUZ RAYON MƏHKƏMƏSİ X3 Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə Sadəddin oğlunun, Cavabdeh1 nümayəndəsi və cavabdeh Cavabdeh2, Cavabdeh3 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı şərəf və ləyaqətin müdafiəsi, maddi və mənəvi ziyan tələbinə dair mülki işə 20 may 2024-cü il tarixdə Oğuz şəhərində Oğuz Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı (iddiaçı) Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 (cavabdehlər) qarşı maddi ziyana görə 50000 manat, mənəvi ziyana görə 250000 manat pulun, hüquqi yardım üçün vəkilə ödənilmiş 200 manat pulun və 590 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada alınaraq ona ödənilməsi, onun barəsində yayılmış yalan məlumatlar barədə rəsmi təkzib verilməsi və ondan üzr istənilməsi tələbi ilə məhkəmədə iddia qaldırmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verilmiş, İddiaçı və Cavabdeh1 məhkəmə baxış iclasında iştirak etməmiş və bunun səbəbi barədə məlumat verməmişlər. İddiaçının nümayəndəsi və vəkilinin, habelə cavabdehin nümayəndəsinin iştirakı nəzərə alınmaqla məhkəmə işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı iddia ərizəsində tələbini əsaslandıraraq bildirmişdir ki, uzun illər cavabdehlər tərəfindən çox ciddi təsir və təzyiqlərə məruz qalıb, belə ki, 2005-ci ildən başlayaraq cavabdehlər onu dəfələrlə əsassız iddialarla məhkəməyə vermiş, təhqir etmiş, söymüş, şərəf və ləyaqətini alçaltmış, nüfuzuna xələl gətirən məlumatlar yaymışlar. Buna görə də cavabdehlərdən şikayət etmişdir, təəssüf ki, bu şikayətlə bağlı cinayət işinin başlanmasının rədd olunması barədə qərar qəbul olunmuşdur. Cavabdehlər onun mülkiyyətində olan torpaq sahəsini saxta sənədlərlə ələ keçirmək üçün dəfələrlə oxşar məzmunlu iddialar qaldırmış, məhkəmələr onun xeyrinə qərar qəbul etdikdə iddiada cüzi dəyişiklik edərək yenidən məhkəməyə müraciət etmişlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(102)-760/2024 saylı qərarı ilə cavabdehlərin kassasiya şikayəti təmin edilməmiş, onların iddiasının mümkün sayılmaması barədə qərardad qüvvədə saxlanmışdır. Nəhayət uzun sürən məhkəmə çəkişmələrindən sonra mülkiyyətində olan torpaq sahəsinə qanuni sahiblik, istifadə və sərəncam hüququnu geri qaytara bilmişdir. Buna baxmayaraq cavabdehlər onu yenə hədələyir, söyür, təhqir edir, şərəf və ləyaqətini alçaldır, barəsində yalan məlumatlar yayır, deməyə çətinlik çəkdiyi və utandığı sözlər danışırlar. Səbəb kimi də mülkiyyətində olan torpaq sahəsinin onlara məxsus olduğunu göstərirlər. Buna görə də cavabdehlərin onun barəsində yaydığı yalan məlumatların rəsmi təkzib olunmasını, ondan üzr istəmələrini, maddi ziyana görə 50000 manat, mənəvi ziyana görə 250000 manat ödənilməsini tələb edir. Belə ki, 2005-ci ildən cavabdehlərin əsassız iddiaları əsasında mülkiyyətində olan torpaq sahəsindən istifadə edə bilməmiş, müxtəlif məhkəmə çəkişmələri nəticəsində iddia qaldırmaq üçün dövlət rüsumlarına, ekspertiza xərclərinə, yol xərclərinə, hüquqi yardıma görə vəkilə və hüquqşünaslara, əsəbiləşərək səhhətində yaranan ciddi problemlərlə bağlı müayinə və müalicələrə 50000 manatdan çox vəsait xərcləmişdir. Cavabdehlər tərəfindən ona şər və böhtanlar atılması, şahidləri, mütəxəssisləri, idarə və müəssisə rəhbərlərini hansı yollarlasa öz tərəfinə çəkmələri, onları qorxudaraq yalan məlumat və rəylər verməyə məcbur etmələri, ona xeyli miqdarda maddi və mənəvi ziyan vurmaları qanuni qüvvəsini almış məhkəmə qətnamələri, cinayət işlərinin istintaq materialları və çox sayda digər sənədlərlə tam sübuta yetirilmişdir. Cavabdehlər onun ünvanına nalayiq ifadələr işlətməklə şərəf və ləyaqətini alçaldarkən mənəvi iztirab və sarsıntılar keçirmiş, əsəbiləşmişdir. Buna əsasən ona ödəniləcək mənəvi ziyanı 250000 manat məbləğində qiymətləndirir. İddiaçı əvvəlki məhkəmə iclaslarında iddia ərizəsinin məzmununa uyğun izahat vermiş, əlavə olaraq bildirmişdir ki, cavabdehlərdən ona vurulan ziyanı bütünlükdə alacaq. İddianın təmin edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iddiaçının izahatını təsdiq etmiş, əlavə olaraq bildirmişdir ki, tərəflər arasında uzun illər torpaq mübahisəsi olub. İddiaçı xeyli maddi ziyana düşüb. İddiaçının mülkiyyətində olan binanın sökülməsi ilə bağlı da iddialar olub. Onun adına əsassız söz-söhbətlər yayılıb. Ancaq hər dəfə məhkəmə qərarları iddiaçının haqlı olduğunu göstərib.İş materiallarına əlavə edilmiş məhkəmə qərarları iddianın əsaslı olduğunun sübutudur. 21 ildir ki, mübahisə davam edir. 2005-ci ildə şəhid ailəsi kimi şikayət etməsin deyə Məleykəyə aldadılaraq sənəd verilib. Həmin sənəddə göstərilən torpaq sahəsi iddiaçının torpaq sahəsi ilə üst-üstə düşə bilməz. İddiaçının torpaq sahəsinə qanuni sənədi mövcuddur. İddiaçının problemləri ilə bağlı dəqiq məlumatı var, çünki onun məhkəmə işlərində iştirak edib. İddiaçı əslində Məleykə ilə razılaşmaq istəyib, belə ki, Məleykə iddianı geri çəkmək üçün ondan 35000 manat istəyib, sonra fikrini dəyişib 5 qat artıq, yəni 175000 manat istəyib. Hazırki iddia ilə bağlı iddiaçı tələb etdiyi 50000 manat maddi ziyanın yarısının verilməsi ilə iddiasını geri götürə bilər, yəni barışıq ola bilər. Məhkəmə mübahisələri ilə bağlı iddiaçı tərəfindən verilmiş bütün etirazlarda cavabdehlərin hüquqdan sui-istifadə etdiyi göstərilsə də, iddia və şikayətlərin əsassız verilməsi ilə bağlı məhkəmə qərardadları yoxdur. İddianın tam təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh1 nümayəndəsi və Cavabdeh2 məhkəmə iclasında iddia tələbinə etiraz edərək bildirdi ki, iddiaçının danışıqları yalan olmaqla məhkəməni çaşdırmaq niyyəti daşıyır. Onlar İddiaçı məhkəməyə verməyiblər. İddiaçı onlardan bütün ziyanlığı-görünən və görünməyən xərcləri alacağını deyir. Əslində isə onların öz iş-gücü var, heç kimlə işləri yoxdur, yalnız istədikləri onlara verilmiş şəhadətnamədə göstərilən və onlara məxsus olan torpaq sahəsinin yerini bilməkdir. Torpağın dəyişilməsi barədə də qərar var, amma iddiaçı bunu üzə çıxarmır. Ali Məhkəmənin qərarı ilə onlara verilmiş şəhadətnamə qanuni hesab olunub. Məhkəmə qərarı ilə sübut olunub ki, 35 kv.m sahə onlara məxsus olsa da Araz orada bina tikib. Torpaqlar heç vaxt üst-üstə düşə bilməz. Onlar qanunla hər vətəndaşa verilmiş məhkəmə müdafiəsi hüququndan istifadə edirlər. İddiaçı tələb etdiklərini sübut edəcək heç nə təqdim etməyib. İddia tələbi qanunsuz və əsassızdır.İddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh3 məhkəmə iclasında iddia tələbinə etiraz edərək bildirdi ki, qardaşı Siyavuşun izahatı ilə razıdır. Onların iddiaçıya qarşı heç vaxt qərəzi olmayıb, əksinə iddiaçı onlara qarşı qərəzini göstərərək cinayət əməli törədib, belə ki, iddiaçı xx.xx.2021-ci ildə aralarında olan mübahisə zəminində qəsdən idarə etdiyi avtomobili onun üzərinə sürərək maşınla onun səhhətinə ziyan vuran əməl törədərək ona az ağır xəsarət yetirmişdir. Bu əməlinə görə iddiaçı barəsində çıxarılmış hökmlə ona cəza verilmişdir. Əslində əsas ziyan onların ailəsinə dəyib, məcburi şəkildə məhkəmə mübahisələrinə cəlb ediliblər, təzminatı da onlar almalıdırlar. Onların torpağının sənədi var, lakin yerini göstərmirlər, buna görə mübarizə aparmış və aparırlar.İddia əsassız olduğundan təmin edilməməsini xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını nəzərdən keçirərək bilavasitə məhkəmə iclasında tədqiq edilən sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına əsaslanaraq hesab edir ki, iddia təmin edilməməlidir. Bir sıra məhkəmələrin işə əlavə edilmiş xx.xx.2013-cü il tarixli, 8(075)-55/2013 saylı,xx.xx.2013-cü il tarixli, 2-2(84)-11/2013 saylı, xx.xx.2013-cü il tarixli, 2(102)-3170/13 saylı, xx.xx.2013-cü il tarixli, 2(107)-180/2013 saylı, xx.xx.2013-cü il tarixli, 8(107)-26/2013 saylı, xx.xx.2014-cü il tarixli, 2-1(84)-35/2014 saylı, xx.xx.2014-cü il tarixli, 2-1(107)- 262/2014 saylı, xx.xx.2016-cı il tarixli, 2-1(84)-103/2016 saylı, xx.xx.2016-cı il tarixli, 2(054)-935/2016 saylı, xx.xx.2016-cı il tarixli, 2-1(102)-1910/16 saylı, xx.xx.2017-ci il tarixli, 2(102)-4648/2017 saylı, xx.xx.2017-ci il tarixli, 2-1(84)-1682/2017 saylı, xx.xx.2017ci il tarixli, 2-1(84)-1682/2017 saylı, xx.xx.2018-ci il tarixli, 2-1(107)-32/2018 saylı, xx.xx.2018-ci il tarixli, 2(107)-377/2018 saylı, xx.xx.2018-ci il tarixli, 2(102)-7895/2018 saylı, xx.xx.2019-cu il tarixli, 2-1(102)-40/2019 saylı, xx.xx.2019-cu il tarixli, 2-1(107)- 245/2019 saylı, xx.xx.2019-cu il tarixli, 2(102)-4730/2019 saylı və xx.xx.2023-cü il tarixli, 2- 1(102)-760/2023 saylı qərarlarının surətindən görünür ki, hazırki iş üzrə iddiaçı və hazırki iş üzrə cavabdehlər arasında JN-265B Kod 40504018 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən Oğuz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 68 saylı qərarı ilə X1 (Cavabdeh1 əri, digər cavabdehlərin atası) mülkiyyətinə verilmiş 0,25 ha həyətyanı torpaq sahəsinin yerinin müəyyən edilməsi ilə bağlı uzunmüddətli məhkəmə mübahisələri olmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının işə əlavə edilmiş xx.xx.2023-cü il tarixli, 2-1(102)-760/2023 saylı qərarından görünür ki, iddiaçılar Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinə (üçüncü şəxs İddiaçı) qarşı “torpaq sahəsinin DWJ elektron bazasında əvvəlki yerində iddiaçıların adına yerləşdirilməsi və cavabdeh tərəfindən üçüncü şəxsin adına tərtib edilmiş sənədlərin əvvəlki vəziyyətinə geri qaytarılması” tələbinə dair işə Şəki İnzibati Məhkəməsində xx.xx.2022-ci il tarixdə baxılmış, 2-1(116)-939/2022 saylı qərardadla iddia mümkün sayılmamışdır. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, mübahisə ilə bağlı qanuni qüvvəyə minmiş məhkəmə qərarı mövcuddur. Əvvəllər “plan-ölçü sənədlərinin ləğv edilməsi” şəklində ifadə edilən iddia ərizəsinin tərtibatı dəyişdirilərək iddia tələbi “plan-ölçü sənədlərinin əvvəlki vəziyyətinə qaytarılması” şəklində ifadə edilsə də mahiyyət etibarilə hər iki tələb eyni hüquqi nəticənin əldə edilməsinə yönəlmişdir. Buna görə də əvvəlki iş üzrə qanuni qüvvəyə minmiş qərarın mövcudluğu hazırki iddia tələbinə baxılmasının mümkünlüyünü istisna edir. İddiaçılar apelyasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsini xahiş etmişlər. Şəki Apelyasiya Məhkəməsi İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2- 1(107)-387/2022 saylı qərardadı ilə apelyasiya şikayəti təmin edilməmiş, mübahisələndirilən qərardad dəyişdirilmədən saxlanmışdır. Apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.İddiaçılar kassasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsini və işin yenidən baxılması üçün Şəki Apelyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişlər. Kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsinin araşdırmalarını yetərli hesab edərək onun nəticələri ilə razılaşmaqla yanaşı əlavə olaraq qeyd etmişdir ki, Şəki İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(116)-24/2021 saylı qərarına əsasən iddiaçılar Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında "Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə (üçüncü şəxs İddiaçı) qarşı üçüncü şəxsin adına verilmiş plan və ölçü sənədlərinin (qərarda sənədlər sadalanır) ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi təmin edilməmişdir. Həmin qərar Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2-1(1020)-1810/2021 saylı qərarın qəbul edilməsi ilə qanuni qüvvəyə minmişdir. Hazırki işdə isə iddiaçılar üçüncü şəxsin adına verilmiş plan və ölçü sənədlərinin birbaşa ləğvini deyil, həmin sənədlərin əvvəlki vəziyyətinə qaytarılmasını tələb edirlər. İddia tələbinin bu şəkildə ifadə edilməsi əslində iddiaçıların nail olmaq istədiyi nəticə anlamında iddianın mahiyyətini dəyişmir və iddianın mümkünlüyü ilə bağlı prosessual məhdudiyyətlərdən yayınmaq məqsədilə vahid hüquqi maraqla ehtiva olunan eyni tələbin pərdələnməsi kimi qiymətləndirilməlidir. Beləliklə apelyasiya instansiyası məhkəməsinin iddianın mümkün sayılmaması barədə gəldiyi nəticənin işin hallarına və İnzibati Prosessual Məcəllənin tələblərinə uyğun olduğu nəzərə alınmaqla kassasiya şikayəti təmin edilməmiş, Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-1(107)-387/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır. Oğuz Rayon Məhkəməsinin işə əlavə edilmiş xx.xx.2021-ci il tarixli, 1(054)-28/2021 saylı hökmündən görünür ki, təqsirləndirilən şəxs İddiaçı aralarında əvvəldən mövcud olan mübahisə zəminində xx.xx.2021-ci il tarixdə idarə etdiyi avtomobillə Cavabdeh1 oğlu Cavabdeh3 qəsdən vuraraq ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126-cı maddəsində göstərilən nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddətə pozulmasına səbəb olan, sağlamlığa az ağır zərər vuran bədən xəsarətləri yetirdiyindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 1 il 6 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsində hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququnun olması təsbit edilmişdir. Şəxsiyyətin ləyaqətinin dövlət tərəfindən qorunmasına təminat verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Həmin Məcəllənin 23-cü maddəsinə əsasən fiziki şəxs onun şərəfini, ləyaqətini və işgüzar nüfuzunu ləkələyən, şəxsi həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Haqqında belə məlumatlar yayılmış şəxsin həmin məlumatların təkzibi ilə yanaşı onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair 31 may 2002-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. «Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 14 may 1999-cu il tarixli 7 saylı qərarının 3-cü bəndinə əsasən məhkəmələr şərəf və ləyaqətin müdafiəsi barədə işlərə baxarkən üç halı aydınlaşdırmalı və onlara məcmu halında hüquqi qiymət verməlidir: məlumatın vətəndaşların və təşkilatların şərəf və ləyaqətini ləkələməsi, həmin məlumatların doğru olmaması, bu məlumatların yayılması. Məhkəmələrə izah edilmişdir ki, məlumat əxlaqi prinsiplər, istehsal-təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradırsa, o, şərəf və ləyaqəti ləkələyən məlumat hesab edilir. Məlumatın doğru olmaması dedikdə onun həqiqətə uyğun olmaması, yəni yalan olması anlaşılır. Məlumat başqa şəxsə, bir neçə şəxsə və yaxud qeyri-müəyyən şəxslər dairəsinə bildirildikdə yayılmış hesab edilir. Məlumat mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə qeyd edilməklə və s.üsullarla yayıla bilər. Məlumatın ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatın yayılması sayılmır. Həmin Qərarın 6-cı bəndinə əsasən başqasının şərəf və ləyaqətini ləkələyən məlumatların doğruluğunu sübut etmək vəzifəsi iddiaçının deyil, cavabdehin üzərinə düşür. Həmin Qərarın 12-ci bəndinə əsasən, iddia təmin edildikdə, məhkəmə… qətnamənin qərar hissəsində həqiqi məlumatların nədən ibarət olmasını, hansı məlumatın təkzib edilməsini, məlumatın təkzib edilmə üsulunu (kütləvi informasiya vasitəsində məlumat vermək, həqiqətə uyğun olmayan sənədi dəyişmək, ictimaiyyət qarşısında üzr istəmək və s.) və qaydasını, zəruri olan hallarda isə təkzibin mətnini, qətnamənin icra müddətini göstərməlidir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericilin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 saylı Qərarının 10-cu bəndinə əsasən mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və.s), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Həmin Qərarın 4-cü bəndinə əsasən şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s.) ifadə oluna bilər. Yenə həmin Qərarın 7-ci bəndinə əsasən mənəvi zərərin əvəzi bir qayda olaraq pulla müəyyən edilir və ödənilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 4.2-ci maddəsinə əsasən məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. Həmin Məcəllənin 120-ci maddəsinə əsasən məhkəmə, vicdansızcasına əsassız iddia vermiş və ya iddiaya qarşı mübahisə etmiş, yaxud işə düzgün və tezliklə baxılmasına və onun həll edilməsinə ardıcıl surətdə maneçilik törətmiş tərəfdən, iş vaxtının itirilməsi üçün digər tərəfin və ya dövlətin xeyrinə məbləğ tuta bilər. Həmin məbləğ məhkəmə tərəfindən konkret hallar nəzərə alınmaqla ağlabatan miqdarda müəyyən edilir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdehlər arasında JN-265B Kod 40504018 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən Oğuz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 68 saylı qərarı ilə X1 (Cavabdeh1 əri, digər cavabdehlərin atası) mülkiyyətinə verilmiş 0,25 ha həyətyanı torpaq sahəsinin yerinin müəyyən edilməsi ilə bağlı uzunmüddətli məhkəmə mübahisələri olmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(102)- 760/2023 saylı qərarı ilə mübahisəyə İddiaçı münasibətdə yekun hüquqi qiymət verilmişdir. İddiaçı iddia tələbini əsaslandıraraq bildirmişdir ki, cavabdehlərin onu məhkəmə mübahisələrinə cəlb etməsi nəticəsində ona maddi və mənəvi ziyan dəydiyindən həmin ziyanı bütünlükdə alacaq. Buna görə də vurulmuş maddi ziyana görə 50000 manat, mənəvi ziyana görə 250000 manat, hüquqi yardımla bağlı vəkilə ödənilmiş 200 manat pulun cavabdehlərdən müştərək qaydada tutulması, cavabdehlərin onun haqqında yayılmış yalan məlumatlar barədə rəsmi təkzib verməsi və ondan üzr istəməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia tələbinin 50000 manat maddi ziyan hissəsinə münasibətdə ilk növbədə bildirir ki, iddiaçı 50000 manat maddi ziyanla bağlı sübutlarını məhkəməyə təqdim etməmişdir. Bundan əlavə məlum olduğu kimi məhkəmə mübahisələri zamanı dövlət rüsumu və digər məhkəmə xərclərinin, o cümlədən ekspertiza xərclərinin ödənilməsinə də vəsaitlər sərf olunur. Mülki prosessual qanunvericilikdə nəzərdə tutulduğu kimi məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə məhkəmə xərcləri ilə bağlı məsələ baxılan hər bir işə uyğun olaraq həll edildiyindən, habelə iddiaçı cavabdehlərin iddiaları əsasında torpaq sahəsindən istifadə etmək imkanından məhrum olmaqla bağlı ona dəyən zərərin məbləği, eləcə də yol xərcləri və digər xərclərlə bağlı sübutlarını təqdim etmədiyindən məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilməməlidir. Məhkəmə tərəflərin nəzərinə çatdırır ki, qanunvericiliyin yuxarıda qeyd olunan tələbinə görə fiziki şəxs onun şərəfini, ləyaqətini və işgüzar nüfuzunu ləkələyən, şəxsi həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Haqqında belə məlumatlar yayılmış şəxsin həmin məlumatların təkzibi ilə yanaşı onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. Konstitusiya Məhkəməsi yuxarıda adı çəkilən qərarla müəyyən etmişdir ki, zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Habelə Ali Məhkəmə «Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» yuxarıda adı qeyd edilən qərarı ilə məhkəmələrin şərəf və ləyaqətin müdafiəsi barədə işlərə baxarkən üç halı aydınlaşdırmalı olmasını və onlara məcmu halında, yəni məlumatın vətəndaşların və təşkilatların şərəf və ləyaqətini ləkələməsi, həmin məlumatların doğru olmaması, bu məlumatların yayılmasına hüquqi qiymət verməli olmasını müəyyən etmişdir. Sözügedən mülki iş materialları araşdırılarkən və məhkəmə icraatı zamanı müəyyən edilmişdir ki, iddiaçı və cavabdehlər aralarında yaranmış mülki mübahisələrlə bağlı illərlə həm iddiaçı, həm cavabdeh və üçüncü şəxs qismində məhkəmə çəkişmələrində iştirak etmiş, iddiaçı tərəfindən təqdim edilmiş sübutlara əsasən bununla bağlı azı 20-dən yuxarı müxtəlif məzmun və nəticəli qərarlar qəbul edilmişdir. Məhkəmə iddiaçının cavabdehlər tərəfindən onun məhkəmə mübahisələrinə cəlb edilməsi nəticəsində ona mənəvi ziyanın vurulmasına dair iddiasına münasibət olaraq bildirir ki, fiziki və hüquqi şəxslərin özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malik olduqları qanunvericilikdə təsbit edilmişdir. Buna görə də məhkəmə mübahisələrində iştirak edilməsi ilə mənəvi ziyan vurulması arasında səbəbli əlaqənin olduğu istisna edilməlidir. İddianın cavabdehlərin iddiaçı barədə yalan məlumatlar yayması ilə bağlı hissəsi ilə bağlı sübutlar məhkəməyə təqdim edilməmişdir. Beləliklə, sözügedən üç halın, yəni məlumatın vətəndaşın şərəf və ləyaqətini ləkələməsi, həmin məlumatın doğru olmaması, bu məlumatın yayılmasının məcmu halında mövcud olması müəyyən edilməmişdir. Buna görə də məhkəmə iddia tələbinin cavabdehlər tərəfindən iddiaçı ilə bağlı yayılmış yalan məlumatlarla bağlı təkzib verməsi və ondan üzr istənilməsinə dair hissəsinin də təmin edilməli olmaması nəticəsinə gəlir. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yenə həmin Məcəllənin 217.3-cü və 217.4-cü maddələrinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilən Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən hüquqi yardım üçün vəkilə ödənilmiş 200 manat və ödənilmiş 590 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: İddiaçı Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı maddi ziyana görə 50000 manat, mənəvi ziyana görə 250000 manat pulun, hüquqi yardım üçün vəkilə ödənilmiş 200 manat və 590 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada alınaraq ona ödənilməsi, onun barəsində yayılmış yalan məlumatlar barədə rəsmi təkzib verilməsi və ondan üzr istənilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən bir ay müddətində Oğuz Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Səadət Zeynalova
Məhkəmə qərarları › İş №2(054)-206/2024
Oğuz Rayon Məhkəməsi Qətnamə — İş №2(054)-206/2024
20.05.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver