Azərbaycan Respublikası adından QƏTNAMƏ Oğuz rayonu İş № 2(054)-28/2025 27.01.2025 OĞUZ RAYON MƏHKƏMƏSİ Giriş hissə: X6 Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Xudiyev Araz Sadəddin oğlunun, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı maddi və mənəvi ziyan tələbinə dair mülki işə 27 yanvar 2025-ci il tarixdə Oğuz şəhərində Oğuz Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təsviri hissə: İddiaçı (iddiaçı) Cavabdeh (cavabdeh) qarşı cavabdehdən vurduğu maddi ziyana görə 5000 manat, mənəvi ziyana görə 15000 manat, hüquqi yardıma görə vəkilə ödənilmiş 300 manat və ödənilmiş 151 manat dövlət rüsumunun tutulması tələbi ilə məhkəmədə iddia qaldırmışdır. İddiaçı məhkəmə iclasında izahat verərək bildirmişdir ki, cavabdehlə 2000-ci ildə rəsmi nikahla ailə qurmuşdur. Həmin nikahdan iki övladı doğulmuşdur.Oğuz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(054)-355/2019 saylı qətnaməsi ilə aralarında olan nikah pozulmuşdur. Uzun illər rəsmi nikahda olduğu cavabdeh tərəfindən çox ciddi təsir və təyziqlərə məruz qalmışdır. 2019-cu ildən başlayaraq cavabdeh onun barəsində nalayiq ifadələr işlətmiş, onu təhqir etmiş, yalan olduğunu bilə-bilə barəsində böhtan xarakterli məlumatlar yaymış, onun şərəf və ləyaqətini alçaltmışdır. Belə ki, oğlu həmin dövrlərdə Türkiyə Respublikasında oxuduğundan onun yanında olanda cavabdeh boşanma ilə bağlı məhkəməyə müraciət etmiş, o da razılıq vermişdir. Həmin vaxtdan cavabdeh onun üzərinə şər ataraq onu evdən oğurluq etməkdə, həmçinin əxlaqsızlıqda təqsirləndirib. Halbuki o indiyədək də özü işləyib qazanc əldə edən bir qadındır, oğlu da ona kömək edir. Evdə də həmişə təsərrüfat işləri ilə məşğul olub, mal-qaraya uşaqlarla birgə o baxıb. Türkiyəyə gedəndə 2 baş mal satıb yol pulu və uşağa görə xərclərə sərf etmişdi. Onun Türkiyəyə necə getməsindən cavabdehin xəbəri olub. 30 ildir ki, rəsmi olaraq tibb işçisi kimi də çalışır, oğlu ilə birlikdə ev tikirlər. Özünə yaşayış yeri düzəltmək hüququ vardır. Cavabdeh isə onu əxlaqsız kimi qələmə verir, belə ki, hara gedirsə ona deyirlər ki, sənin barəndə belə söz-söhbət gəzir. Onun barəsində birbaşa məhkəməyə ərizə yazaraq qeyd etdiyi şər-böhtan xarakterli məlumatların yayılmasına şərait yaradıb. Bu ərizə onun cavabdehə qarşı Oğuz Rayon Məhkəməsində 2020-ci ildə baxılmış uşaq və aliment tələbinə dair iş materiallarına əlavə edilib. Ərizənin məzmunu vəkilin çıxışı zamanı ona məlum olub. 2 dəfə polisə bu barədə şikayət edib, lakin cavabdeh barəsində cinayət işi başlamadılar, ona məhkəməyə müraciət etməyi tövsiyə etdilər. Cavabdehin hərəkətləri səbəbli maddi və mənəvi ziyana düşüb. Ona 7-8 min manatdan çox maddi ziyan dəyib, yəni dəfələrlə məhkəmə xərcləri, rüsumlar, vəkilə xidmət haqqı ödəyib. 6 ildir kirayədə yaşayır, 2 tələbə oxutdurub. İstəyir ki, cavabdehə birdəfəlik xəbərdarlıq edilsin ki, onun barəsində yalan məlumatlar yaymağı dayandırsın. Cavabdehin onun əxlaqı və guya oğurluq etməsi ilə bağlı yaydığı şər-böhtan səbəbli ona dəymiş mənəvi zərəri 15000 manat məbləğində qiymətləndirir. Stres keçirib, əsəbləri pozulub. Hazırki iddia ilə müraciət etmək üçün vəkilə 300 manat xidmət haqqı ödəyib. İddianın tam təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iddiaçının izahatını təsdiq etmiş, əlavə olaraq bildirmişdir ki, cavabdeh iddiaçını ağır bir oğurluq cinayətində, yəni 45000 manat pulu götürməkdə ittiham edir. Mətanət xanıma əxlaqı ilə bağlı da böhtan atır, iddiaçı ciddi sarsıntı keçirir. Cavabdeh iddiaçı ilə bağlı alçaldıcı və təhqiramiz ifadələr işlədib, hazırda da bu hərəkətini davam etdirir. Əslində o bu hərəkətinə görə təkzib verməli, üzr istəməlidir. İddiaçı polisə rəsmi müraciət edib, cinayət işinin başlanması rədd edilib. Buna görə məhkəməyə üz tutublar. İddiaçı cavabdehin hərəkətləri səbəbli maddi ziyana düşüb, hirslənib, səhhəti pozulub, müayinə və müalicəyə pul xərcləyib. Maddi ziyana görə 5000 manat tələb edirlər. Mənəvi ziyanı isə 15000 manatla dəyərləndiriblər. Cavabdeh özü də məhkəmə iclaslarında izahatı ilə həqiqətən iddiaçının şərəf-ləyaqəti ilə bağlı doğru olmayan ifadələr işlətdiyini təsdiq edir. İş materiallarında olan ərizə ilə də bu, öz əksini tapmışdır. Əldə olan sübutları məhkəməyə təqdim ediblər. İddianın tam təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddiaçı 2019-cu ilin may ayında o, işdə olanda ondan xəbərsiz və icazəsiz onun 3 baş malını satıb çıxıb Türkiyəyə gedib. O zaman kənddə yayıldı ki, arvadın qaçıb, bu hərəkəti ilə onu da biabır etdi. İddiaçının əxlaqı barədə heç bir söz deməyib. Bu barədə iddiaçı ona şər atır, amma onun 45000 manat pulunu evdən götürməsi dəqiqdir. Belə ki, 2019-cu ildə səhər saat 7-dən axşam 23-dək bağda işləyirdi. İşdən gələndə evdə heç kimin olmadığını görüb. Zəng edəndə qızı cavab verib, nənəsigildə olduğunu bildirib, anasının Türkiyəyə getdiyini deyib. Halbuki ailə olublar. Türkiyəyə getdiyini ona deməliydi. Türkiyəyə, oğlunun yanına deyil, kiməsə baxıcılıq etməyə gedib. Pulu da evdən götürüb gedib. Həmin pulu birlikdə yığmışdılar. İddiaçının icazəsiz getməsi onu kənd içində pis vəziyyətdə qoyub. Böyüksüzlük edib. Pulun götürülməsi ilə bağlı müraciət etməməsi onun səhvidir. İddiaçı Türkiyəyə gedəndə oğlu Qars şəhərində yaşayırdı, amma iddiaçı İstanbula getmişdi. İddiaçının əxlaqı barədə ərizədə göstərilənlərdən onun məlumatı olmayıb. Bunu vəkil yazıb, o da imzalayıb. Türkiyədə kafedə işləməyini iddiaçının anası zalda deyib. İddiaçı uşaq və aliment tələbi ilə məhkəməyə müraciət edəndə o, vəkil kimi Vaqif müəllimə deyib ki, elə yaz ki, uşağı ondan almasınlar, amma əxlaqsız olması barədə yazmağı deməyib. Yazıları oxumadan imzalayıb, təqsirlidir, amma iddiaçının əxlaqı ilə bağlı heç nə deməyib. Nə edə bilər, amma iddiaçı qaçıb gedib, bu faktdır. İddiaçı qurana and içsin ki, həqiqətən heç nə olmayıb. Hazırda ailəlidir, bir azyaşlı uşağı var. Gəliri də aşağıdır, ailəsini güclə dolandırır. İddiaçı 20000 manat pul istəməklə onun hesabına varlanmaq istəyir. Əslində mənəvi ziyan ona dəyib. İddianın rədd edilməsini xahiş etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə tərəfləri dinləyib, iş materiallarını nəzərdən keçirərək bilavasitə məhkəmə iclasında tədqiq edilən sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına əsaslanaraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası vətəndaşının işə əlavə edilmiş AA******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1978-ci ildə Azərbaycan Respublikasında anadan olmuşdur. Azərbaycan Respublikası vətəndaşının işə əlavə edilmiş AA******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X5 xx.xx.1973-cü ildə Azərbaycan Respublikasında anadan olmuşdur. Azərbaycan Respublikası “TƏBİB” publik hüquqi şəxsi “Oğuz Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinin işə əlavə edilmiş xx.xx.2024-cü il tarixli, 18-1-64/3- 758/2024 saylı arayışından görünür ki, İddiaçı həqiqətən xx.xx.1997-ci il tarixdən xəstəxananın poliklinika şöbəsinə tibb bacısı vəzifəsinə qəbul edilmiş, hal-hazırda “Reanimasiya və intensiv terapiya” şöbəsində fasiləsiz olaraq həmin vəzifə üzrə fəaliyyət göstərir. Oğuz Rayon Məhkəməsinin işə əlavə edilmiş xx.xx.2020-ci il tarixli, 2(054)-149/2020 saylı qətnaməsinin surətindən görünür ki, iddia qismən təmin edilmiş, İddiaçı ilə Cavabdeh birgə nikahından xx.xx.2003-cü il tarixdə anadan olmuş X1 iddiaçının yanında qalması müəyyən edilmiş, uşağın cavabdehdən alınaraq iddiaçıya verilməsi, onun yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən hər ay 100 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçıya verilməsi, alimentin tutulmasının əvvəlinin xx.xx.2020-ci il tarixdən hesablanması qət edilmişdir. Cavabdeh sözügedən mülki iş materiallarına əlavə edilmiş etiraz qeydlərindən görünür ki, o, nikahın pozulmasına və uşağın yanında qalmasına səbəb olmuş əsas hallar olaraq İddiaçı adının 2019-cu ilin əvvəllərindən tanışlar və qohumlar arasında nikah və ailə münasibətlərinə sadiq olmamağında hallanmağa başlamasını, onun xx.xx.2019-cu il tarixdə evdə olan mal-qaranı bir günün içində xəbərsiz sataraq və evdə olan pulu da götürərək gizli şəkildə Türkiyə Respublikasına qaçmasını, getdikdən sonra orada kafelərdə işləməyə başlamasını, bu zaman onun əxlaqı barəsində xoşagəlməz xəbərlərin yayılmasını göstərərək, hərəkətləri ilə onun və övladının adını və ləyaqətini el arasında ləkələdiyinə görə aralarında olan nikahı pozmağa məcbur olmasını bildirmişdir. Etiraz qeydlərində daha sonra bildirilir ki, Mətanətin niyyəti münasibətlərini hörmət hissi və qarşılıqlı yardım əsasında qurmaq, ailəni möhkəmləndirmək, uşağın tərbiyəsi və inkişafı üçün şərait yaratmaq olsaydı, işlədiyi tibb işini atıb gedib Türkiyədə şübhəli işlərlə məşğul olmazdı. Mətanət xx.xx.2019-cu ildə Türkiyədən qayıdıb gəlmiş, yayılan xəbərlərə görə o birgə nikahdan doğulmuş qızı Firuzəni də əldə edərək özü ilə götürüb Türkiyəyə qayıtmaq məqsədi güdmüşdür. Cavabdeh qeydlərdə daha sonra göstərmişdir ki, ehtimal etdiyinə görə iddiaçının uşağı tələb etməkdə məqsədi yetkinlik yaşına çatmağa az qalmış qız uşağını Türkiyə Respublikasına apararaq orada özü ilə birgə barlarda fəaliyyət göstərməsi niyyəti olmuşdur. (mülki iş vərəqə 34-35) Məhkəmənin sorğusuna cavab olaraq Oğuz rayon polis şöbəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli məktuba əlavə edilmiş ərizə, izahatlar, məktub və arayışdan görünür ki, İddiaçı keçmiş həyat yoldaşı Cavabdeh barəsində xx.xx.2023-cü il tarixdə polis şöbəsinə etmiş olduğu müraciət araşdırılmış, araşdırma nəticəsində müraciətdə qeyd edilmiş xüsusatların məhkəmə səlahiyyətlərinə aid olması müəyyən edildiyindən xx.xx.2023-cü il tarixli, 3-13-101/2- 12-31xx/xx/2023 saylı məktubla bu barədə məhkəmə orqanlarına müraciət edilməsinin məqsədə müvafiq olduğu ərizəçiyə bildirilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin işə əlavə edilmiş xx.xx.2025-ci il tarixli, 3-21-3-42/2—137/2025 saylı məktubundan görünür ki, Oğuz rayon Kərimli kəndində yerləşən 0,0654 ha, 0,531 ha və 0,0163 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələri kənd sakini Cavabdeh adına qeydiyyata alınmışdır. Oğuz rayon İHB Kərimli kənd İƏD üzrə nümayəndəliyinin işə əlavə edilmiş xx.xx.2025ci il tarixli, 5-68-9/2-8/2025 saylı məktubundan görünür ki, Kərimli kənd sakini Cavabdeh şəxsi təsərrüfatında 3 baş iribuynuzlu mal-qarası və 0,54 ha pay torpaq sahəsi vardır. Vətəndaşın digər gəlirləri barədə nümayəndəlikdə heç bir məlumat yoxdur. İşə əlavə edilmiş nikah haqqında AZ-İİ 456261 saylı şəhadətnamənin surətindən görünür ki, Cavabdeh və X3 xx.xx.2021-ci ildə nikah bağlamış, bu barədə Şəki Regional “ASAN xidmət” mərkəzində Qeydiyyat şöbəsində həmin tarixdə 625 nömrə ilə qeyd edilmiş, nikah bağlandıqdan sonra ər-arvada Cəfərov soyadı verilmişdir. İşə əlavə edilmiş doğum haqqında AZ-İV 651601 saylı şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2021-ci il tarixdə Şəki şəhərində anadan olmuş, bu barədə Şəki Regional “ASAN xidmət” mərkəzində Qeydiyyat şöbəsində xx.xx.2021-ci il tarixdə 1455 nömrə ilə qeyd edilmiş,atası Cavabdeh, anası X2r. Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsində hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququnun olması təsbit edilmişdir. Şəxsiyyətin ləyaqətinin dövlət tərəfindən qorunmasına təminat verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinə əsasən fiziki şəxs onun şərəfini, ləyaqətini və işgüzar nüfuzunu ləkələyən, şəxsi həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Haqqında belə məlumatlar yayılmış şəxsin həmin məlumatların təkzibi ilə yanaşı onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair 31 may 2002-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. «Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 14 may 1999-cu il tarixli 7 saylı qərarının 3-cü bəndinə əsasən məhkəmələr şərəf və ləyaqətin müdafiəsi barədə işlərə baxarkən üç halı aydınlaşdırmalı və onlara məcmu halında hüquqi qiymət verməlidir: məlumatın vətəndaşların və təşkilatların şərəf və ləyaqətini ləkələməsi, həmin məlumatların doğru olmaması, bu məlumatların yayılması. Məhkəmələrə izah edilmişdir ki, məlumat əxlaqi prinsiplər, istehsal-təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradırsa, o, şərəf və ləyaqəti ləkələyən məlumat hesab edilir. Məlumatın doğru olmaması dedikdə onun həqiqətə uyğun olmaması, yəni yalan olması anlaşılır. Məlumat başqa şəxsə, bir neçə şəxsə və yaxud qeyri-müəyyən şəxslər dairəsinə bildirildikdə yayılmış hesab edilir. Məlumat mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə qeyd edilməklə və s.üsullarla yayıla bilər. Məlumatın ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatın yayılması sayılmır. Həmin Qərarın 6-cı bəndinə əsasən başqasının şərəf və ləyaqətini ləkələyən məlumatların doğruluğunu sübut etmək vəzifəsi iddiaçının deyil, cavabdehin üzərinə düşür. Həmin Qərarın 12-ci bəndinə əsasən, iddia təmin edildikdə, məhkəmə… qətnamənin qərar hissəsində həqiqi məlumatların nədən ibarət olmasını, hansı məlumatın təkzib edilməsini, məlumatın təkzib edilmə üsulunu (kütləvi informasiya vasitəsində məlumat vermək, həqiqətə uyğun olmayan sənədi dəyişmək, ictimaiyyət qarşısında üzr istəmək və s.) və qaydasını, zəruri olan hallarda isə təkzibin mətnini, qətnamənin icra müddətini göstərməlidir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericilin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 saylı Qərarının 10-cu bəndinə əsasən mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və.s), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Həmin Qərarın 4-cü bəndinə əsasən şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s.) ifadə oluna bilər. Yenə həmin Qərarın 7-ci bəndinə əsasən mənəvi zərərin əvəzi bir qayda olaraq pulla müəyyən edilir və ödənilir. Məhkəmə icraatı zamanı müəyyən edilmişdir ki, iddiaçı və cavabdeh keçmiş ər-arvad olmaqla onların birgə nikahdan iki övladı doğulmuşdur. Tərəflərin nikahı 2019-cu ildə məhkəmə qaydasında pozulmuşdur. İddiaçının cavabdehə qarşı uşaq və aliment tələbinə dair 2(054)- 149/2020 saylı mülki işə Oğuz Rayon Məhkəməsində baxılarkən cavabdeh iddiaya dair etiraz qeydlərini məhkəməyə təqdim etmiş, həmin qeydlərdə iddiaçının şəxsiyyətinə dair xoşagəlməz ifadələr və cümlələr öz əksini tapmışdır. Həmin qeydlərdə cavabdeh “nikahın pozulmasına və uşağın yanında qalmasına səbəb olmuş əsas hallar olaraq İddiaçı adının 2019-cu ilin əvvəllərindən tanışlar və qohumlar arasında nikah və ailə münasibətlərinə sadiq olmamağında hallanmağa başlamasını, onun xx.xx.2019-cu il tarixdə evdə olan mal-qaranı bir günün içində xəbərsiz sataraq və evdə olan pulu da götürərək gizli şəkildə Türkiyə Respublikasına qaçmasını, getdikdən sonra orada kafelərdə işləməyə başlamasını, bu zaman onun əxlaqı barəsində xoşagəlməz xəbərlərin yayılmasını göstərərək, hərəkətləri ilə onun və övladının adını və ləyaqətini el arasında ləkələdiyinə görə aralarında olan nikahı pozmağa məcbur olmasını bildirmişdir. Etiraz qeydlərində daha sonra bildirilir ki, Mətanətin niyyəti münasibətlərini hörmət hissi və qarşılıqlı yardım əsasında qurmaq, ailəni möhkəmləndirmək, uşağın tərbiyəsi və inkişafı üçün şərait yaratmaq olsaydı, işlədiyi tibb işini atıb gedib Türkiyədə şübhəli işlərlə məşğul olmazdı. Cavabdeh qeydlərdə daha sonra göstərmişdir ki, Mətanət xx.xx.2019-cu ildə Türkiyədən qayıdıb gəlmiş, yayılan xəbərlərə görə birgə nikahdan doğulmuş qızı Firuzəni də əldə edərək özü ilə götürüb Türkiyəyə qayıtmaq məqsədi güdmüşdür. Ehtimal etdiyinə görə iddiaçının uşağı tələb etməkdə məqsədi yetkinlik yaşına çatmağa az qalmış qız uşağını Türkiyə Respublikasına apararaq orada özü ilə birgə barlarda fəaliyyət göstərmək niyyəti olmuşdur.” Etiraz qeydləri xx.xx.2020-ci il tarixdə məhkəmənin dəftərxanasında qeydə alınaraq iş materiallarına (səh 34-35) əlavə edilmişdir. Cavabdeh məhkəmə iclasında etiraz qeydlərinin məzmununun ona deyil, vəkilə aid olduğunu bildirmiş, sədrlik edənin “vəkilin İddiaçı Türkiyəyə getməsi, pul oğurluğu və digər hallarla bağlı” məlumatları hardan əldə etdiyinə dair sualına isə məntiqli cavab verməmişdir. Məhkəmə tərəflərin nəzərinə çatdırır ki, qanunvericiliyin yuxarıda qeyd olunan tələbinə görə fiziki şəxs onun şərəfini, ləyaqətini və işgüzar nüfuzunu ləkələyən, şəxsi həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Haqqında belə məlumatlar yayılmış şəxsin həmin məlumatların təkzibi ilə yanaşı onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. Konstitusiya Məhkəməsi yuxarıda adı çəkilən qərarla müəyyən etmişdir ki, zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Habelə Ali Məhkəmə «Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» yuxarıda adı qeyd edilən qərarı ilə məhkəmələrin şərəf və ləyaqətin müdafiəsi barədə işlərə baxarkən üç halı aydınlaşdırmalı olmasını və onlara məcmu halında, yəni məlumatın vətəndaşların və təşkilatların şərəf və ləyaqətini ləkələməsi, həmin məlumatların doğru olmaması, bu məlumatların yayılmasına hüquqi qiymət verməli olmasını müəyyən etmişdir. Sözügedən mülki iş materialları araşdırılarkən və məhkəmə icraatı zamanı müəyyən edilmişdir ki, cavabdeh məhkəməyə təqdim etdiyi etiraz qeydlərində həqiqətən iddiaçının şəxsiyyəti, əxlaqı və digər davranışları haqqında onun nüfuzunu aşağı salan, şərəf-ləyaqətini ləkələyən məlumatları göstərmiş, lakin hazırki məhkəmə icraatı zamanı həmin halları təsdiq edən sübutlarını məhkəməyə təqdim etməmiş, qeydlərin məzmununun vəkilə aid olduğunu, özünün isə oxumadan imza etdiyini, iddiaçının əxlaqsız olmağı barədə heç nə demədiyini, lakin birgə nikah zamanı əldə edilmiş 45000 manat pulun iddiaçı tərəfindən götürüldüyünü bildirməklə iddianın rədd edilməsini xahiş etmişdir. Göründüyü kimi cavabdeh iddiaçı barəsində sözügedən etiraz qeydlərini məhkəməyə təqdim etməklə, həmçinin izahatı ilə yuxarıda qeyd edilmiş sözügedən üç halın, yəni məlumatın vətəndaşın şərəf və ləyaqətini ləkələməsi, həmin məlumatın doğru olmaması, bu məlumatın yayılmasının məcmu halında mövcud olmasını təsdiq etmişdir. Beləliklə məhkəmə hesab edir ki, iddiaçı tərəfindən cavabdehin onun şərəf və ləyaqətini ləkələməsinə dair sübutlar təqdim edildiyindən iddia tələbinin dəymiş maddi və mənəvi zərərin ödənilməsi hissələrinə qiymət verilməlidir. Məhkəmə qeyd edilənlərə hüquqi qiymət verərək bu nəticəyə gəlir ki, cavabdehin hərəkətləri ilə iddiaçının mənəvi sarsıntı və iztirab keçirməsi və beləliklə ona dəyən mənəvi zərər arasında səbəbli əlaqə olduğundan cavabdehdən iddiaçının xeyrinə pul əvəzi tutulmalıdır. Məhkəmə mənəvi zərərə görə cavabdehdən tutulacaq pul əvəzinin miqdarını müəyyən edərkən onun iddiaçı barəsində yazdıqları böhtan xarakterli məlumatların iddiaçının ictimai sferalarda nüfuzdan salınması ilə nəticələnən mənəvi sarsıntının xarakterini və dərəcəsini nəzərə alır. İddiaçı vurulmuş mənəvi zərərə görə cavabdehdən 15000 manat pul tutulmasını tələb etsə də, məhkəmə həmin məbləği cavabdehin əməlinə adekvat hesab etmir, çünki iddiaçı tərəfindən ona dəyən mənəvi zərərin məbləği ilə bağlı sübutlar məhkəməyə təqdim edilməmişdir. Buna baxmayaraq məhkəmə hər bir halda iddiaçının mənəvi sarsıntıya məruz qaldığını nəzərə almaqla mənəvi zərərə görə cavabdehdən 3000 manat məbləğində pulun iddiaçının xeyrinə tutulmasını cavabdehin əməlinə və maddi vəziyyətinə uyğun hesab edir. İddiaçı iddia tələbində cavabdehdən 5000 manat maddi zərərin tutulmasını xahiş etmiş, bunu ona 7-8 min manatdan çox maddi ziyan dəyməsi, yəni dəfələrlə məhkəmə xərcləri, rüsumlar, vəkilə xidmət haqqı ödəməsi, 6 ildir kirayədə yaşaması, 2 tələbə oxutdurması ilə əsaslandırmış, həmin xərclərlə bağlı sübutlarını təqdim etməmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı 5000 manat maddi ziyana dair sübutlarını məhkəməyə təqdim etmiş olsa belə, həmin ziyanın yaranması əsası ilə iddiaçı barəsində yayılmış böhtan xarakterli məlumatların səbəbli əlaqəsinin olması müəyyən edilmədiyindən iddia həmin hissədə təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İstinad olunan Məcəllənin 217.4-cü maddəsində deyilir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi qismən təmin edildiyindən təmin edilmiş məbləğə uyğun olaraq 53 manat dövlət rüsumu cavabdehdən tutulub iddiaçıya verilməlidir. Nəticə hissə: Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: İddia tələbi qismən təmin edilsin. Cavabdeh mənəvi ziyana görə 3000 manat, hüquqi yardıma görə vəkilə ödənilmiş 300 manat və 53 manat dövlət rüsumu tutularaq İddiaçı verilsin. İddia tələbi 5000 manat maddi ziyan, 12000 manat mənəvi ziyan, 98 manat dövlət rüsumu hissəsində təmin edilməsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən bir ay müddətində Oğuz Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Səadət Zeynalova
Məhkəmə qərarları › İş №2(054)-28/2025
Oğuz Rayon Məhkəməsi Qətnamə — İş №2(054)-28/2025
27.01.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver