Məhkəmə qərarları › İş №2(054)-323/2022

Oğuz Rayon Məhkəməsi Qətnamə — İş №2(054)-323/2022

29.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Oğuz rayonu İş № 2(054)-323/2022 29.08.2022 OĞUZ RAYON MƏHKƏMƏSİ Oğuz Rayon Məhkəməsinin hakimi Süleymanov Kamran Şakir oğlunun sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi ilə İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Borclu qarşı sığorta ödənişi məbləğinin tutulması tələbinə dair mülki işə Oğuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyənetdi: TƏSVİRİ HİSSƏ: İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti cavabdeh Borclu qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək avtomobilə vurulmuş ziyana görə ödənilmiş 500,00 manat sığorta məbləği və məhkəməyə müraciət etmək üçün ödənilmiş 30,00 manat dövlət rüsumunun cavabdeh Borclu iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul ediməsini məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclaslarına gəlməmiş, məhkəməyə göndərilən müraciətdə məhkəmə iclaslarının iddiaçının nümayəndəsinin iştirakı olmadan keçirilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını qərara almışdır. İddiaçı öz iddia tələbini iddia ərizəsi və ona əlavə edilmiş sənədlərlə belə əsaslandırmışdır ki, “VAZ 21013” markalı ** DZ *** dövlət qeydiyyat nişanlı avtomobil iddiaçı tərəfindən xx.xx.2017-ci il tarixdən xx.xx.2021-ci il tarixədək “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortalanmışdır. Cavabdeh həmin avtomobili etibarnamə olmadan idarə edərək xx.xx.2017-ci il tarixdə yol nəqliyyat hadisəsi törətmiş, onun idarə etdiyi avtomobil X1 idarə etdiyi “MERCEDES BENZ C200” markalı ** SB *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Yol nəqliyyat hadisəsi ilə bağlı araşdırma aparılaraq cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmiş, həmin qərara əsasən cavabdeh yol nəqliyyat hadisəsinin baş verməsində təqsirli bilinmiş və inzibati məsuliyyətə cəlb edilmişdir. Yol nəqliyyat hadisəsi “VAZ 21013” markalı ** DZ *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün, yəni hazırki iş üzrə cavabdehin “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini pozması nəticəsində baş vermiş, yol nəqliyyat hadisəsi nəticəsində “MERCEDES BENZ C200” markalı ** SB *** dövlət qeydiyyat nişanlı avtomobilə maddi zərər dəymişdir. Cavabdehin qanunazidd hərəkətləri nəticəsində “MERCEDES BENZ C200” markalı ** SB *** dövlət qeydiyyat nişanlı avtomobilin zədələnməsi ilə əlaqədar avtomobilə dəymiş maddi zərərin ümumi miqdarı 500,00 manat müəyyən edilmiş və həmin məbləğ iddiaçı tərəfindən zərərçəkmiş şəxsə ödənilmişdir. Yol nəqliyyat hadisəsi baş verərkən cavabdeh avtomobili etibarnamə olmadan idarə etdiyindən “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsinə əsasən sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır. Avtomobilə vurulmuş ziyana görə ödənilmiş 500,00 manat məbləğin ödənilməsi cavabdehdən tələb edilmişdir, lakin cavabdeh indiyədək həmin məbləği ödəməmişdir. Ona görə də hazırki iddia tələbi ilə məhkəməyə müraciət edilmişdir və məhkəməyə müraciət etmək üçün 30,00 manat dövlət rüsumu ödənilmişdir. Hazırda iddiaçı ziyanın əvəzinin ödənilməsi üçün verilmiş 500,00 manat sığorta məbləği və 30,00 manat dövlət rüsumunun cavabdehdən tutulmasını tələb edir Cavabdeh məhkəmə baxış iclasına gəlməmiş, iştirak etdiyi məhkəmə hazırlıq iclasında iddia tələbini qəbul etmədiyini bildirmiş və izahat verərək göstərmişdir ki, “VAZ 21013” markalı ** DZ *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən xx.xx.2017-ci il tarixdə yol nəqliyyat hadisəsi törətmişdir. Həmin avtomobillə bağlı ona verilmiş etibarnamənin müddəti xx.xx.2017-ci il tarixdə bitmiş olsa da, o, avtomobilin həmin avtomobilin mülkiyyətçisinin razılığı ilə idarə etmişdir. Yol nəqliyyat hadisəsinin baş verdiyi vaxtdan sonra keçən 5 ilə yaxın müddət ərzində iddiaçının ona qarşı hər hansı tələbi olmamışdır. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə araşdırması zamanı tərəflərin dəlilləri və iş materiallarına əlavə edilən xx.xx.1998-ci il tarixdə verilmiş AA 105512 nömrəli qeydiyyat şəhadətnaməsinin, xx.xx.2017-ci il tarixdə verilmiş AE 813568 nömrəli sürücülük vəsiqəsinin, xx.xx.2016-cı il tarixli ƏN-V 359000 nömrəli etibarnamənin surətləri, yol nəqliyat hadisəsinin sxemi, izahatlar, cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2017-ci il tarixli qərar, sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə xx.xx.2017-ci il tarixli arayış, nəqliyyat vasitəsinə dəymiş zərərin qiymətləndirilməsi barədə xx.xx.2017-ci il tarixli hesabat, xx.xx.2017-ci il tarixli 042635 nömrəli sığorta aktı, xx.xx.2017-ci il tarixli 6439 nömrəli ödəniş tapşırığı və ona əlavə, polis orqanları tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2020-ci il və xx.xx.2021-ci il tarixli müraciətlər, iddiaçı tərəfindən cavabdehə göndərilmiş xx.xx.2022-ci il tarixli pretenziya məktubu və xx.xx.2021-ci il tarixli ödəniş qəbzi ilə müəyyən edildi ki, “VAZ 21013” markalı ** DZ *** dövlət qeydiyyat nişanlı avtomobil X2 mülkiyyətində olmaqla, cavabdeh tərəfindən etibarnamə əsasında idarə edilmişdir. Cavabdehin həmin nəqliyyat vasitəsini idarə etmək hüququ vardır, lakin avtomobilin mülkiyyətçisi tərəfindən ona verilmiş etibarnamənin müddəti xx.xx.2017-ci il tarixdə bitmişdir. “VAZ 21013” markalı ** DZ *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2017-ci il tarixdən xx.xx.2021-ci il tarixədək iddiaçı tərəfindən “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortalanmışdır. Cavabdeh qeyd olunan avtomobillə xx.xx.2017-ci il tarixdə X1 idarə etdiyi “MERCEDES BENZ C200” markalı ** SB *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq yol nəqliyyat hadisəsi törətmişdir. Baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində “MERCEDES BENZ C200” markalı ** SB *** avtomobilə maddi zərər dəymişdir. Yol nəqliyyat hadisəsi ilə bağlı toplanmış material üzrə cinayət işinin başlanması rədd edilərək qərarın surəti cavabdehin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 332.1-ci maddələri ilə inzibati tədbir görülməsi üçün aidiyyəti üzrə göndərilmiş və bununla bağlı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Baş vermiş yol nəqliyyat hadisəsi sığorta hadisəsi hesab edilərək “MERCEDES BENZ C200” markalı ** SB *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi ziyanın miqdarı dəyişilməli ehtiyat hissələrinin qiyməti və təmir xərcləri ilə birlikdə 500,00 manat müəyyən edilmiş, həmin məbləğ iddiaçı tərəfindən ödənilmişdir. İddiaçı tərəfindən ödənilmiş 500,00 manat maddi zərər məbləğinin ödənilməsi geriyə tələb (subroqasiya) qaydasında cavabdehdən tələb edilmiş, lakin cavabdeh həmin məbləği indiyədək ödəməmişdir. İddiaçı məhkəməyə müraciət etmək üçün 30,00 manat dövlət rüsumu ödəmişdir. Hazırda iddiaçı ziyanın əvəzinin ödənilməsi üçün verilmiş 500,00 manat sığorta məbləğinin geriyə tələb (subroqasiya) qaydasında və 30,00 manat dövlət rüsumunun cavabdehdən tutulmasını tələb edir. İddiaçı öz iddia tələbinin əsası olaraq cavabdehin inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı inzibati xəta haqqında protokola, maddi ziyanın miqdarı ilə bağlı qiymətləndirmə hesabatına və ödəniş sənədlərinə istinad edir. Cavabdeh iddia tələbini qəbul etmir və iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Cavabdeh iddia tələbinə etirazının əsası olaraq məhkəməyə hər hansı sənəd və ya digər sübut təqdim etməmiş, yalnız yol nəqliyyat hadisəsinin baş verdiyi vaxtdan sonra keçən 5 ilə yaxın müddət ərzində iddiaçının ona qarşı hər hansı tələbinin olmadığını bildirmişdir. ƏSASLANDİRİCİ HİSSƏ: Məhkəmə iş materiallarını nəzərdən keçirib tərəflərin iddia tələbinə münasibətini nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 13.1-ci maddəsinə əsasən icbari sığorta növlərində sığorta hadisəsi müvafiq icbari sığorta müqaviləsində göstərilmiş əmlakın istismarı və ya fəaliyyətin həyata keçirilməsi nəticəsində sığorta olunana və ya üçüncü şəxsə dəyən zərərin əvəzinin ödənilməsi üçün əsas olan, həmin müqavilənin qüvvədə olduğu müddət ərzində baş verən, bu Qanunun Xüsusi bölməsində nəzərdə tutulmuş hadisələr və hallardır. Həmin Qanunun 13.2-ci maddəsinə əsasən bu Qanunun məqsədləri üçün mülki məsuliyyətin icbari sığortasında müvafiq sığorta şəhadətnaməsində göstərilən əmlakın (binanın, tikilinin, avtonəqliyyat vasitəsinin, cihazın, qurğunun, avadanlığın və s.) sığorta olunan tərəfindən istismar edilməsi nəticəsində üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına vurulmuş zərərin əvəzinin ödənilməsi üzrə sığortalının və ya sığorta olunanın mülki məsuliyyətinin yaranması faktı sığorta hadisəsi sayılır. Həmin Qanunun 13.4-cü maddəsinə əsasən sığorta şəhadətnaməsinin kimin adına verilməsindən asılı olmayaraq, fərdi qəza və ya mülki məsuliyyət üzrə sığorta təminatı, müvafiq sığorta müqaviləsində göstərilmiş əmlakı qanuni əsaslarla təyinatına uyğun istismar edən istənilən şəxsin hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş vermiş müvafiq hadisələrə və hallara şamil olunur. Həmin Qanunun 20.2-ci maddəsinə əsasən bu Qanunun 21-ci maddəsində nəzərdə tutulmuş müvafiq hallar istisna olmaqla, sığortaçı mülki məsuliyyətin icbari sığortası üzrə sığorta hadisəsinin baş verməsində sığortalının və ya sığorta olunanın təqsirinin dərəcəsindən asılı olmayaraq, hər bir halda üçüncü şəxsin əmlakına dəyən zərərin əvəzini bu Qanunla müəyyən edilmiş qaydada ödəməlidir. Həmin Qanunun 23.1 və 23.1.6-cı maddələrinə əsasən sığortaçının sığorta ödənişini verdikdən sonra müvafiq şəxslərə qarşı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936cı maddəsində və bu Qanunun 25-ci maddəsində nəzərdə tutulmuş qaydada subroqasiya hüququndan istifadə etmək hüququ vardır. Həmin Qanunun 25.1 və 25.1.3-cü maddələrinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi hallarında sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 935.1, 935.1.7, 935.1.8 və 935.1.10-cu maddələrinin məzmununa görə əmlakın sığortası üzrə sığortalı, sığorta olunan və ya faydalanan şəxsin zərərin əvəzini tam olaraq zərər dəyməsində təqsirli olan şəxsdən alması; zərərvuran zərərin əvəzini qismən ödəmiş olduqda sığorta ödənişindən ödənilmiş məbləğ həcmində; baş vermiş hadisənin icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta hadisəsi hesab edilməməsi; icbari sığorta qanunlarında nəzərdə tutulmuş digər hallarda “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununda başqa cür nəzərdə tutulmamışdırsa, sığortaçı sığorta ödənişinin verilməsindən imtina edir. Qeyd olunan hüquq normalarının ümumi məzmununun təhlilindən göründüyü kimi, sığorta hadisəsi mövcud olduqda, əmlaka və sağlamlığa dəymiş zərərə görə icbari sığorta müqaviləsində müəyyən edilmiş sığorta ödənişinin sığortaçı tərəfindən verilməsi qanunvericilikdə bilavasitə nəzərdə tutulmuş haldır. Hazırki iş üzrə cavabdeh tərəfindən törədilmiş yol-nəqliyyat hadisəsinin avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edildiyi iş materialları ilə təsdiq edilmişdir. Eyni zamanda, sığortaçının sığorta ödənişini verməkdən imtina edə bilməsi halları da qanunvericilikdə konkret olaraq göstərilmişdir ki, hazırki vəziyyətdə həmin hallardan hər hansı biri mövcud deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. İddiaçı hazırki iddia tələbinin əsası kimi cavabdehin yol nəqliyyat hadisəsinin baş verməsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsi ilə təqsirli bilinməsi və inzibati məsuliyyətə cəlb edilməsinə istinad etsə də, bununla bağlı inzibati tənbeh vermə haqqında qərar məhkəməyə təqdim edilməmişdir. Belə bir qərar məhkəməyə təqdim edilmiş olsaydı da, bu hal inzibati xəta törətmiş şəxsin barəsində inzibati qaydada tənbeh tədbiri tətbiq edilmiş olmasını təsdiq etmiş olardı ki, bu da hazırki iş üzrə cavabdehin mülki məsuliyyətinin yaranması üçün əsas olmazdı. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, qanunverici həmin maddədə avtomobilin onu idarə etmək hüququ olmayan şəxs tərəfindən idarə edilməsinə görə şəxsin inzibati məsuliyyətini müəyyən etmişdir. Bu məsuliyyəti müəyyən etməkdə inzibati xətalar qanunverciliyinin iki məqsədi vardır: birinci, avtomobil mülkiyyətçilərinin mənafeyinin müdafiə olunması və başqa şəxslərin mülkiyyətçinin iradəsi ziddinə avtomobilə sahiblənə bilmək imkanlarının məhdudlaşdırılması; ikinci, yol hərəkəti sahəsində hüquqpozmalara qarşı mübarizə imkanlarının gücləndirilməsi, yəni qayda pozuntusu zamanı avtomobili idarə edən şəxsin (sürücünün) şəxsiyyətinin müəyyən edilməsi və məsuliyyətə cəlb olunmasının mümkünlüyü. Göründüyü kimi, İnzibati Xətalar Məcəlləsində müəyyən edilmiş bu normanın sığortaçıların mənafeyinin qorunması ilə bağlı məqsədi qanunvericilikdə nəzərdə tutulmamışdır. Belə ki, ilk növbədə, sığorta münasibəti inzibati xətalarla bağlı münasibət deyil, mülki münasibətdir və mülki hüquqa aid qanunlarla tənzimlənir. Mülki hüququn tələbi isə ondan ibarətdir ki, əşyanın başqasının sahibliyinə verilməsi üçün istifadə müqaviləsi bağlanmalıdır. Qanunvericilikdə isə belə bir müqavilənin bağlanması üçün hər hansı məcburi forma nəzərdə tutulmamışdır. Mülki hüquqa görə avtomobil əşyadır və onun idarə edilməsi əşyadan istifadə edilməsi kimi qəbul olunur. Əgər avtomobilin başqa şəxs tərəfindən idarə edilməsi mülkiyyətçinin razılığına əsasən həyata keçirilirsə, bu onu deməyə əsas verir ki, mülkiyyətçi ilə həmin şəxsin arasında istifadə müqaviləsi mövcuddur. Eyni zamanda, mülki hüquq inzibati hüququn müəyyən etdiyi, avtomobilin idarə edilməsinə dair etibarnaməni tanımır. Belə ki, mülki hüquqda etibarnamə təmsilçilik münasibətlərinin yaranması üçün əsasdır (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 362-ci maddəsi). Avtomobilin idarə edilməsi isə mülki hüquqda əşyadan istifadə etmək kimi qəbul olunur. Mülki hüquqda “əşyadan istifadə etmək” ifadəsi əşyanın faydalı təbii xassələrinin hasil edilməsi kimi başa düşülür, avtomobilin təbii xassəsi isə onu nəql etməkdir, çünki o, nəqliyyat vasitəsidir. Ona görə də şəxs avtomobildən istifadə edərkən onun nəqletmə (idarə etmə) imkanlarından faydalanır, nəqletmə (idarə etmə) zamanı təmsilçiliyin yaranması (avtomobilin mülkiyyətçisinin üçüncü şəxs qarşısında təmsil edilməsi) mümkün deyildir. Təmsilçilik avtomobil üzərində sərəncam verilməsi və üçüncü şəxslərlə əlaqədar bu kimi digər hərəkətlərin həyata keçirilməsi zamanı mümkündür. Bundan başqa yol hərəkəti münasibətlərində avtomobilin idarə edilməsi ilə bağlı təmsilçilik münasibətinin yaranması mümkün deyildir. Çünki avtomobili idarə edən şəxs yol hərəkəti iştirakçısına çevrilir və bu münasibətdə başqa şəxsin nümayəndəsi kimi deyil, “sürücü” kimi iştirak edir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 33-cü bəndində yol hərəkəti iştirakçılarının anlayışı verilmişdir və həmin müddəada “sürücü”nün nümayəndəsi anlayışı yoxdur, ümumiyyətlə, “sürücü”nün nümayəndəsi institutu qanunvericilikdə nəzərdə tutulmamışdır. İş materiallarından və işin məhkəmədə müəyyən edilmiş faktiki hallarından görünür ki, cavabdeh “VAZ 21013” markalı ** DZ *** dövlət qeydiyyat nişanlı avtomobili həmin avtomobilin mülkiyyətçisinin razılığı ilə və onun iradə ifadəsinə uyğun olaraq əldə edib idarə etmiş, bununla bağlı ona etibarnamə verilmişdir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 13.4-cü maddəsində göstərilən “qanuni əsaslar” dedikdə yalnız etibarnaməni və ya digər yazılı sənədi deyil, avtomobili idarə etmək üçün onun mülkiyyətçisinin şifahi razılığı da nəzərdə tutulur. İradənin yazılı və ya şifahi formada ifadə edilməsindən asılı olmayaraq avtomobilin istismarının mülkiyyətçinin iradəsinə uyğun olması qanuni əsasın mövcudluğu üçün kifayətdir. Yol nəqliyyat hadisəsi baş verən zaman cavabdehə verilən etibarnamənin müddəti bitmiş olsa da, onun avtomobili həmin avtomobilin mülkiyyətçisinin razılığı olmadan və onun iradəsi ziddinə idarə etmiş olması halları müəyyən edilməmişdir. Bu baxımdan məhkəmə hesab edir ki, cavabdeh hazırki iş üzrə “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsində göstərilən “hüququ olmayan şəxs” kimi qəbul edilə bilməz. Həmin şəxslərin dairəsinə yalnız sürücülük hüququ olmayan şəxslər və nəqliyyat vasitəsini onun mülkiyyətçisinin razılığı olmadan və onun iradəsi ziddinə idarə etmiş şəxslər aiddir. Hazırki iş üzrə cavabdehin isə nəqliyyat vasitəsini idarə etmək hüququ olduğundan o, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsində göstərilən “hüququ olmayan şəxs” hesab edilmir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçının cavabdehə qarşı subroqasiya hüququ da yaranmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İddiaçı hazırki iddia tələbində “MERCEDES BENZ C200” markalı ** SB *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi ziyanın iddiaçı tərəfindən ödənilməsi ilə iddiaçının cavabdehə qarşı subroqasiya hüququnun yarandığını iddia etsə də, işin məhkəmədə müəyyən edilmiş faktiki hallarından görünür ki, həmin avtomobilə dəymiş maddi ziyanın iddiaçı tərəfindən ödənilməsi sığortaçı kimi hazırki iş üzrə iddiaçının icbari sığorta müqaviləsindən yaranan məcburi öhdəliyi olmuşdur. Sığortaçı tərəfindən ödənilmiş sığorta məbləği müqavilə əsasına və müqavilə öhdəliyinə söykənməklə üçüncü şəxsə dəymiş maddi zərərin aradan qaldırılmasına yönəlmişdir. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, iddiaçının üçüncü şəxsə dəymiş maddi zərərin aradan qaldırılmasına görə verilmiş 500,00 manat sığorta ödənişinin subroqasiya qaydasında cavabdehdən tutulması ilə bağlı hazırki iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan prosessual hüquq normasının tələbinə əsasən məhkəmə qərara gəlir ki, iddianın sığorta ödənişinin geri qaytarılması tələbinə dair hisəsi təmin edilmədiyindən iddianın məhkəməyə müraciət etmək üçün ödənilmiş 30,00 manat dövlət rüsumu və 0,40 manat bank xidmət haqqı məbləğlərinin cavabdehdən tutulmasına dair hissəsi də təmin edilməməli, dövlət rüsumu və bank xidmət haqqı məbləğləri iddiaçının özünə aid edilməlidir. NƏTİCƏ HİSSƏ: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutaraq məhkəmə, qətetdi: İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Borclu avtomobilə dəymiş maddi ziyanın əvəzinin ödənilməsi üçün verilmiş 500,00 manat sığorta məbləği və 30,00 manat dövlət rüsumunun tutularaq iddiaçının hesabına ödənilməsi barədə iddia tələbi təmin edilməsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən Oğuz Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim : Kamran Süleymanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar