Azərbaycan Respublikası adından QƏTNAMƏ Oğuz rayonu İş № 2(054)-38/2022 18.02.2022 OĞUZ RAYON MƏHKƏMƏSİ Oğuz Rayon Məhkəməsinin hakimi Süleymanov Kamran Şakir oğlunun sədrliyi, Salamov Tural Fərman oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı pul və maddi-mənəvi ziyana görə təzminat tələbinə dair mülki işə Oğuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək "xxxx" ASC-nə ödədiyi 6008,97 manat kredit borcu, maddi-mənəvi ziyana görə 3500,00 manat təzminat məbləği və məhkəməyə müraciət etmək üçün ödədiyi 116,00 manat dövlət rüsumu - cəmi 9624,97 manat məbləğin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı öz iddia tələbini onunla əsaslandırmışdır ki, o, Sumqayıt şəhərində yaşayır və hərbçidir. Cavabdeh də onunla birlikdə N saylı hərbi hissədə qulluq etmişdir və onlar arasında normal şəxsi münasibətlər olmuşdur. 2014-cü ildə cavabdeh bankdan kredit alması üçün ona zamin olmasını xahiş etmiş, o da cavabdehlə olan yoldaşlıq münasibətinə görə ona zamin olmağa razılıq verərək cavabdehin "xxxx" ASC-dən öz adına kredit almasına zamin olmuşdur. Cavabdeh 23.09.2014-cü il tarixli kredit müqaviləsinə əsasən onun zaminliyi ilə "xxxx" ASC-dən öz adına 8500 manat kredit almışdır. Bir müddət sonra cavabdeh işdə yol verdiyi ciddi nöqsanlara görə işdən azad edilmiş və kredit məbləği onun özünün əmək haqqından tutulmağa başlanmışdır. Onun aylıq əmək haqqı cəmi 530 manat olmaqla, özünün də "xxxx" ASC-dən aldığı kreditə görə aylıq 101 manat ödəniş etməli olduğundan cavabdehin kredit borcunu da çox çətinliklə ödəmişdir. Həm özünün, həm də cavabdehin kredit borcunu ödəməsi onun ailəsinin maddi vəziyyətinə mənfi təsir göstərərək ailə üzvlərinin aşağı səviyyədə yaşamasına səbəb olmuşdur. O, 17.03.2017-ci il tarixdə anadan olmuş övladını vaxtlıvaxtında müalicə etdirə bilmədiyindən, uşaq normal qidalanmadığından 03.06.2019-cu il tarixdə serebral iflic xəstəliyindən vəfat etmişdir. "xxxx" ASC onun çətin vəziyyətdə olduğunu görüb kreditin müddətini 48 ayadək uzatsa da, cavabdeh ona heç bir kömək etməmiş, onun cavabdehin kredit borcuna ödədyi məbləğləri də sonradan geri qaytarmaqdan imtina etmişdir. Bununla da cavabdeh onun işgüzar nüfuzuna, cəmiyyətdə olan mövqeyinə maddi və mənəvi ziyan vurmuşdur. Cavabdehin kredit borcu 2016-2017-ci illər ərzində onun əmək haqqından tutulmuş və o, ödədiyi məbləğlərin, həmçinin gələcəkdə onun əmək haqqından tutulmalı olan məbləğlərin geri qaytarılması üçün Sumqayıt şəhər Məhkəməsinə müraciət etmişdir. Həmin iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası tərəfindən qəbul edilmiş 12.09.2017-ci il tarixli 2 (105) - 2742 / 2017 nömrəli yekun məhkəmə qərarı ilə cavabdehdən onun xeyrinə 1834,89 manat pul vəsaiti tutulması qət edilmişdir. Həmin vaxtdan sonra da onun əmək haqqından cavabdehin kredit borcuna tutulmalar davam etmişdir. 08.06.202-ci il tarixdə o, sonuncu dəfə cavabdehin kredit borcuna görə 234,00 manat nağd ödəniş etdikdən sonra həmin kredit borcu tam bağlanmışdır. Cavabdehin kredit borcuna görə onun əmək haqqından 7609,86 manat tutulmaqla və o özü nağd olaraq 234,00 manat ödəməklə cəmi 7843,86 manat vəsait onun tərəfindən ödənilmişdir. Həmin məbləğin 1834,89 manatdan ibarət hissəsinin cavabdehdən onun xeyrinə tutulması ilə bağlı Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası tərəfindən qəbul edilmiş 12.09.2017-ci il tarixli 2 (105) - 2742 / 2017 nömrəli qətnamə nəzərə alınmaqla qalan 6008,97 manat indiyədək ona ödənilməmişdir. Hazırda o, cavabdehdən kredit borcuna görə ödədiyi 6008,97 manat məbləği, maddi-mənəvi ziyana görə 3500,00 manat təzminat məbləğinin və məhkəməyə müraciət etmək üçün ödədiyi 116,00 manat dövlət rüsumunu tələb edir. Qeyd etdiklərinə əsasən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. İddiaçı məhkəmə iclaslarına gəlməmiş, məhkəməyə göndərdiyi müraciətlərində işə onun iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını qərara almışdır. Cavabdeh də məhkəmə iclaslarına gəlməmiş, məhkəməyə göndərdiyi müraciətlərində işə onun iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını qərara almışdır. Eyni zamanda, cavabdeh məhkəməyə göndərdiyi ərizəsində qeyd etmişdir ki, iddia tələbini tam şəkildə qəbul edir. 6008,97 manat kredit borcu, maddi-mənəvi ziyana görə 3500,00 manat təzminat məbləği və məhkəməyə müraciət etmək üçün ödənilmiş 116,00 manat dövlət rüsumu - cəmi 9624,97 manat məbləği iddiaçıya hissə-hissə ödəyəcəkdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib tərəflərin iddia tələbinə münasibətini nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı tərəflərin dəlilləri, həmçinin, iş materiallarına əlavə edilmiş 23.09.2014-cü il tarixli və 12.07.2017-ci il tarixli zaminlik müqavilələri, kredit müqaviləsi üzrə hesabdan çıxarış, iddiaçının ödəniş kartı üzrə hesabdan çıxarış, 08.06.2021-ci il tarixli ödəniş qəbzi, "xxxx" ASC tərəfindən verilmiş 08.06.2021-ci il tarixli məktub, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 12.09.2017-ci il tarixli 2 (105) - 2742 / 2017 nömrəli qətnaməsi, 22.02.2021-ci il və 26.11.2021-ci il tarixli mədaxil qəbzləri ilə işin mübahisələndirilməyən halları olaraq müəyyən edildi ki, cavabdeh 23.09.2014-cü il tarixli kredit müqaviləsinə əsasən "xxxx" ASC-dən öz adına 36 ay müddətinə 8500 manat kredit almışdır. Həmin kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi hazırki iş üzrə iddiaçı ilə "xxxx" ASC arasında 23.09.2014-cü il tarixli zaminlik müqaviləsi bağlanmışdır. 12.07.2017-ci il tarixdə kreditin ödənilmə müddəti 48 ayadək uzadılmışdır. Cavabdehin kredit borcuna görə iddiaçının əmək haqqından 7609,86 manat tutulmuş və iddiaçı özü nağd olaraq 234,00 manat ödəməklə cəmi 7843,86 manat vəsait iddiaçı tərəfindən ödənilmişdir. Həmin məbləğin 1834,89 manatdan ibarət hissəsinin cavabdehdən iddiaçının xeyrinə tutulması ilə bağlı məhkəmə qərarı vardır. Hazırda iddiaçı cavabdehin əvəzinə ödədiyi 6008,97 manat kredit borcu, maddi-mənəvi ziyana görə 3500,00 manat təzminat məbləği və məhkəməyə müraciət etmək üçün ödədiyi 116,00 manat dövlət rüsumu - cəmi 9624,97 manat məbləğin cavabdehdən tutularaq ona ödənilməsini tələb edir. İddiaçı öz iddia tələbinin əsasları olaraq "xxxx" ASC ilə bağlanmış kredit və zaminlik müqavilələrinə, onun aylıq əmək haqqından tutulmalarla və nağd olaraq ödənişlə "xxxx" ASC-nin hesabına ödənilən vəsaitin miqdarına dair sənədlərə istinad edir. Cavabdeh iddia tələbini tam şəkildə qəbul etdiyini, 9624,97 manat məbləği iddiaçıya hissə-hissə ödəyəcəyini bildirir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, cavabdeh kredit alarkən iddiaçı ona zamin olmuş, lakin cavabdeh aldığı kreditin cədvəl üzrə aylıq ödənişlərini vaxtlıvaxtında ödəməmişdir. Kredit müqaviləsinin şərtinə əsasən kredit məbləği cavabdehin özü tərəfindən vaxtında ödənilməli olduğu halda, cavabdeh öz öhdəliklərini yerinə yetirmədiyi üçün kredit borcunun tutulması iddiaçının əmək haqqına yönəldilmişdir. Kredit borcunun vaxtında ödənilməsi ilə bağlı cavabdehin hərəkətsizliyi nəticəsində iddiaçı onun əvəzinə "xxxx" ASC-nin hesabına 7843,86 manat miqdarında pul ödəmişdir. Həmin məbləğin 1834,89 manatdan ibarət hissəsinin cavabdehdən iddiaçının xeyrinə tutulması ilə bağlı məhkəmə qərarı vardır. Qalan 6008,97 manat isə indiyədək iddiaçıya ödənilməmişdir. Həmin faktlar iddiaçının dəlilləri və iş materialları ilə tam sübuta yetirilmiş, cavabdeh də bunu inkar etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 475.1-ci maddəsinə əsasən öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Qeyd olunan hüquq normalarının məzmununa görə məhkəmə hesab edir ki, iddiaçının "xxxx" ASC-nin hesabına cavabdehin əvəzinə kredit borcuna ödədiyi məbləğlər cavabdehdən tutularaq iddiaçıya qaytarılmalıdır. Həmin məbləğin 1834,89 manatdan ibarət hissəsinin cavabdehdən iddiaçının xeyrinə tutulması ilə bağlı məhkəmə qərarının olması nəzərə alınmaqla qalan 6008,97 manat məbləğ cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Həmin əsaslara görə məhkəmə qərara gəlir ki, iddia tələbinin cavabdehdən 6008,97 manat kredit borcunun tutulmasına dair hissəsi təmin edilməlidir. Məhkəmə iddia tələbinin cavabdehdən maddi-mənəvi ziyana görə 3500,00 manat təzminat məbləği tələbinə dair hissəsinə münasibət bildirərək qeyd edir ki, iddiaçı iddia tələbində cavabdehin kredit borcunu çətinliklə ödədiyini, həm özünün, həm də cavabdehin kredit borcunu ödəməsinin onun ailəsinin maddi vəziyyətinə mənfi təsir göstərərək ailə üzvlərinin aşağı səviyyədə yaşamasına səbəb olduğunu, övladını vaxtlı-vaxtında müalicə etdirə bilmədiyindən, uşaq normal qidalanmadığından vəfat etdiyini, bununla da cavabdehin hərəkətləri nəticəsində ona mənəvi ziyan vurulduğunu qeyd etmiş, iddia tələbinin həmin hissəsini cavabdehin öz kredit borcunu ödəməməsi, bu səbəbdən onun özünün zamin kimi həmin borcu ödəmək məcburiyyətində qaldığı ilə əsaslandırmışdır. Cavabdeh özü də iddia tələbinin həmin hissəsinə etiraz bildirməmiş, əksinə, məhkəməyə təqdim etmiş olduğu ərizədə iddia tələbinin maddi-mənəvi ziyana görə təzminat ödənilməsi ilə bağlı hissəsini də qəbul etdiyini bildirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 nömrəli qərarında qeyd edilmişdir ki, iddiaçı mənəvi ziyanın ödənilməsini tələb etdikdə keçirdiyi fiziki və mənəvi sarsıntıları sübut etməlidir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi başa düşülür. Şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Həmin Qərarda həmçinin qeyd edilmişdir ki, məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmalıdır. İşin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, cavabdeh öz müqavilə öhdəliklərini lazımi qaydada yerinə yetirməməklə özündən asılı olan və ya olmayan səbəblərdən iddiaçının mənafeyinə toxunan hərəkətlərə yol verərək iddiaçını onun öhdəliklərini icra etmək məcburiyyətində qoymuşdur. Cavabdeh öz təqsirli hərəkətləri ilə iddiaçının aylıq gəlirlərinin faktiki olaraq əhəmiyyətli dərəcədə azalmasına, onun özünün və ailəsinin (yaxın qohumlarının) bir neçə il ərzində maddi çətinliklərlə üzləşməsinə, iddiaçının öz ailəsinin ehtiyacları və qayğıları ilə lazımi səviyyədə məşğul ola bilməməsinə, nəticədə mənəvi sarsıntı və iztirablar keçirməsinə səbəb olmuş, bununla da ona mənəvi zərər vurmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Məhkəmə tədqiq olunmuş sübutlara qeyd olunan hüquq normalarının tələbləri ilə əlaqəli şəkildə qiymət verərək qərara gəlir ki, cavabdehin iddiaçıya mənəvi zərər vurduğu işin faktiki halları ilə sübuta yetirilmiş, cavabdeh özü də iddia tələbinin maddi-mənəvi ziyana görə təzminat məbləği ilə bağlı hissəsinə etiraz bildirməmişdir. Cavabdeh tərəfindən iddia tələbinin həmin hissəsinin etiraf edilməsi qanuna zidd olmayıb hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından cavabdehin etirafının məhkəmə tərəfindən təsdiq edilməsinə də heç bir maneə yoxdur. Ona görə də məhkəmə hesab edir ki, cavabdehin etirafı məhkəmə tərəfindən təsdiq edilməli, cavabdehdən mənəvi zərər məbləği tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 nömrəli qərarında qeyd edilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirablar və sarsıntıların xarakteri və ağırlığı, zərəvuran şəxsin təqsiri (qəsd və yaxud entiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri, habelə işin sair diqqətəlayiq hallar nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Mənəvi zərərin ödənilməsi barədə işlərə baxıldıqda mülki və mülki prosessual qanunvericiliyin ümumi müddəaları ilə bərabər xüsusi qanunvericilikdə müəyyən olunmuş müddəalar, habelə adətlər, əxlaq normaları da nəzərə alınmalıdır. Məhkəmə iddiaçıya dəymiş maddi-mənəvi zərərə görə cavabdehdən tutulmalı olan vəsaitin miqdarını müəyyən edərkən iddiaçının tələb etdiyi məbləğin ağlabatan olmaqla işin faktiki hallarına uyğun olduğunu, cavabdehin də həmin məbləği ödəməyə etiraz etmədiyini nəzərə alaraq qərara gəlir ki, iddia tələbinin cavabdehdən maddi-mənəvi ziyana görə 3500,00 manat təzminat məbləği tutulmasına dair hissəsi də təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan hüquq normasının tələbinə görə məhkəmə qərara gəlir ki, ödənilmiş tələblərin məbləği nəzərə alınmaqla məhkəməyə müraciət etmək üçün ödənilmiş 116,00 manat dövlət rüsumu məbləği də cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, q ə t e t d i: İddia tələbi təmin edilsin. Cavabdeh borc məbləği olaraq 6008,97 manat, maddi-mənəvi ziyana görə 3500,00 manat təzminat məbləği və dövlət rüsumu kimi ödənilmiş 116,00 manat - cəmi 9624,97 manat tutularaq İddiaçı ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən Oğuz Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim : Kamran Süleymanov
Məhkəmə qərarları › İş №2(054)-38/2022
Oğuz Rayon Məhkəməsi Qətnamə — İş №2(054)-38/2022
18.02.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver