Azərbaycan Respublikası adından QƏTNAMƏ Oğuz rayonu İş № 2(054)-6/2022 21.06.2022 OĞUZ RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: Oğuz Rayon Məhkəməsinin hakimi Süleymanov Kamran Şakir oğlunun sədrliyi, Salamov Tural Fərman oğlunun katibliyi, İddiaçı, Cavabdeh2 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh5, Cavabdeh3 və Cavabdeh4 qarşı torpaq sahəsində payın naturada bölünərək ayrılması tələbinə dair mülki işə Oğuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: TƏSVİRİ HİSSƏ: İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh5, Cavabdeh3 və Cavabdeh4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Oğuz rayonu Xalxal kəndində yerləşən, xx.xx.2021-ci il tarixli (qeydiyyat nömrəsi **********) Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış sənədində göstərilən 0,16 hektar həyətyanı torpaq sahəsinin onun payına düşən 0,032 hektardan ibarət hissəsinin naturada bölünərək ayrılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı öz iddia tələblərini onunla əsaslandırmışdır ki, Oğuz rayonu Xalxal kəndində yerləşən, xx.xx.2021-ci il tarixli (qeydiyyat nömrəsi **********) Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış sənədində göstərilən 0,16 hektar həyətyanı torpaq sahəsi, hər birinin payı 0,032 hektardan ibarət olmaqla onun və cavabdehlərin paylı mülkiyyətindədir. O, öz payına düşən torpaq sahəsi üçün ayrıca mülkiyyət sənədi əldə etmək istəyir. Lakin öz payına düşən torpaq sahəsinin naturada ayrılması ilə əlaqədar cavabdehlərlə razılığa gələ bilmir. Ona görə də öz payına düşən torpaq sahəsinin məhkəmə qaydasında naturada bölünərək ayrılması barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı öz iddia tələbini müdafiə etdiyini bildirdi və məhkəmə iclasında həmin tələbin məzmununa uyğun izahat verərək göstərdi ki, Cavabdeh1 ona olan borcunun ödənilməsini təmin etmək məqsədi ilə ümumi mülkiyyətdə olan 0,16 hektar həyətyanı torpaq sahəsinin Cavabdeh1 payına düşən 0,032 hektardan ibarət hissəsinin üzərinə məhkəmə tərəfindən həbs qoyulmuşdur. Həmin torpaq sahəsi tələbkar kimi ona təklif olunmuş və o, qeyd olunan əmlakı qəbul etmək istədiyini bildirərək hərracda satın almışdır. Bundan sonra həmin torpaq sahəsinə dair mülkiyyətçilərin adına Çıxarış sənədi hazırlanmış və həmin mülkiyyətçilərdən biri kimi 0,032 hektar torpaq sahəsi hazırda onun özünün xüsusi mülkiyyətindədir. 0,16 hektar həyətyanı torpaq sahəsində özünün 0,032 hektardan ibarət payının naturada bölünərək ayrılması üçün cavabdehlərə dəfələrlə müraciət etmiş, lakin onlarla razılıq əldə edə bilməmişdir. Bu səbəbdən o, paylı mülkiyyətində olan torpaq sahəsi üzərində öz payına münasibətdə mülkiyyət hüquqlarını tam şəkildə həyata keçirə bilmir. Hətta o, Cavabdeh1 ona olan, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş borc məbləği ödəniləcəyi təqdirdə torpaq sahəsində özünün 0,032 hektardan ibarət payından imtina edə biləcəyini də cavabdehlərə demiş, lakin cavabdehlər həmin şərtlə də razılaşmamışlar. Ona görə də hazırki vəziyyətdə paylı mülkiyyətdə olan torpaq sahəsində onun payının məhkəmə qaydasında naturada bölünərək ayrılması zərurəti yaranmışdır. Qeyd etdikləri nəzərə alınmaqla iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh2 iddia tələbini qəbul etmədiyini bildirdi və məhkəmə iclasında izahat verərək göstərdi ki, əri Cavabdeh1 iddiaçıya borcu olduğuna və həmin borcu ödəyə bilmədiyinə görə borcunun ödənilməsini təmin etmək məqsədi ilə onların ümumi mülkiyyətində olan 0,16 hektar həyətyanı torpaq sahəsinin Cavabdeh1 payına düşən 0,032 hektardan ibarət hissəsinin üzərinə məhkəmə tərəfindən həbs qoyulmuş və torpaq sahəsi hərraca çıxarılmışdır. Cavabdeh1 məxsus olan 0,032 hektar torpaq sahəsinin üzərinə məhkəmənin qərarı ilə həbs qoyulmasına, həmin torpaq sahəsi hərrac təşkilatı vasitəsilə qiymətləndirilərək iddiaçıya satılmasına baxmayaraq, onlar iddiaçı və ya digər hər hansı şəxsin həmin torpaq sahəsinə sahiblik etməsinə razı deyillər. O və ailə üzvləri iddiaçıya olan borcun ödənilməsinə çalışırlar. Eyni zamanda, əvvəlki ekspert rəyi ilə də torpaq sahəsinin mülkiyyətçilərinin onların paylarına uyğun olaraq naturada bölünərək ayrılmasının mümkün olmadığı müəyyən edilmişdir. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Digər cavabdehlər Cavabdeh1, Cavabdeh5, Cavabdeh3 və Cavabdeh4məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclaslarına gəlməmiş, gəlmədiklərinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş, iddia tələbinin mahiyyəti üzrə fikrini bidirməmiş, məhkəməyə hər hansı etiraz və ya vəsatət təqdim etməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə uyğun olaraq məhkəmə iclaslarının həmin cavabdehlərin iştirakı olmadan keçirilməsini və işə mahiyyəti üzrə baxılmasını qərara almışdır. Mülki işin məhkəmə araşdırılması ilə əlaqədar 0,16 hektar həyətyanı torpaq sahəsinin iddiaçının payına düşən 0,032 hektardan ibarət hissəsinin naturada ayrılmaqla bölünməsinin mümkün olub-olmaması, naturada ayrılmaqla bölünmənin həmin torpaq sahəsinin təsərrüfat təyinatının itirilməsinə səbəb olub-olmaması barədə qeyd olunan əmlaka yerində müayinə keçirilməklə məhkəməyə mütəxəssis rəyi verilməsi üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə sorğu göndərilmişdir. Həmin sorğuya cavab olaraq məhkəməyə göndərilmiş xx.xx.2021-ci il tarixli məktub və ona əlavə edilmiş bölgü planında ümumi paylı mülkiyyətində olan 0,16 hektar həyətyanı torpaq sahəsinin mülkiyyətçilər arasında bölünməsinin mümkün variantı kimi həmin torpaq sahəsi hər biri 0,032 hektardan ibarət olmaqla, miqdar etibarilə 5 (beş) bərabər hissəyə bölündüyü göstərilmişdir. Qeyd olunan sxemdən görünür ki, 0,16 hektar həyətyanı torpaq sahəsi bir tərəfdən xüsusi mülkiyyətdə olan qonşu torpaq sahələri, digər tərəfdən isə bələdiyyə mülkiyyətində olan və cavabdehlər tərəfindən zəbt olunmuş torpaq sahəsi kimi istifadə edilən torpaq sahələri ilə əhatə olunmuşdur. Məhkəmə iclasında mütəxəssis qismində iştirak edən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsinin əməkdaşı X1 izah verərək göstərmişdir ki, məhkəməyə təqdim edilmiş və iş materiallarında olan bölgü planında ümumi paylı mülkiyyətində olan 0,16 hektar həyətyanı torpaq sahəsinin mülkiyyətçilər arasında bölünməsinin mümkün variantı kimi həmin torpaq sahəsi hər biri 0,032 hektardan ibarət olmaqla, miqdar etibarilə 5 bərabər hissəyə bölündüyü göstərilmişdir. Bölgü planında göstərilən 5 bərabər hissədən hər hansı biri iddiaçının payı olaraq müəyyən edilə bilər. Ancaq bərabər hissələrə bölünmüş həmin torpaq sahələrinin mülkiyyətçilərindən birinin hazırki iş üzrə iddiaçı, digərlərinin isə bir ailənin üzvləri olması nəzərə alınmaqla, kənarlardakı 2 torpaq sahəsindən hər hansı birinin iddiaçının payı olaraq müəyyən edilməsi məqsədə müvafiqdir. Həmin torpaq sahəsinə sərbəst giriş-çıxış yolu olmasa da, cavabdehlərin faktiki olaraq giriş-çıxış yolu kimi istifadə etdikləri gediş-gəliş yolundan iddiaçı da istifadə edə bilər. 0,16 hektar həyətyanı torpaq sahəsinin mülkiyyətçilər arasında bölünməsinin mümkün variantı hesab edilən bölgü planına uyğun naturada ayrılmaqla bölünməsinin mümkün olubolmaması, naturada ayrılmaqla bölünmənin həmin əmlakın təsərrüfat təyinatının itirilməsinə səbəb olub-olmaması ilə bağlı sualları dəqiq izah etmək üçün xüsusi bilik tələb olunduğundan iş üzrə ekspertiza təyin edilmiş, ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir. Məhkəməyə təqdim edilmiş xx.xx.2021-ci il tarixli 10/4743 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, mübahisə predmeti olan torpaq sahəsi üzərində yerləşən, ümumi sahəsi 49,10 kv.metr olan fərdi yaşayış evinin mülkiyyətçisinin həmin torpaq sahəsi üzərində mülkiyyət hüququ olmadığından mübahisə predmeti olan 0,16 hektar həyətyanı torpaq sahəsinin naturada tərəflər (mülkiyyətçilər) arasında bölünməsi mümkün deyildir. (Aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir). Məhkəməyə təqdim edilmiş xx.xx.2021-ci il tarixli 10/4743 nömrəli ekspert rəyində 0,16 hektar həyətyanı torpaq sahəsinin naturada bölünməsinin mümkün olmadığı qeyd edilsə də, belə bölgünün həmin torpaq sahəsinə hansı şəkildə tənasübsüz zərər vura biləcəyi göstərilməmişdir. Eyni zamanda, ekspert rəyində torpaq sahəsinin mülkiyyətçilər arasında naturada bölünməsinin mümkünsüzlüyü həmin torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evinin mülkiyyətçisi Cavabdeh1 torpaq sahəsi üzərində mülkiyyət hüququ olmadığı ilə əlaqələndirilsə də, iş materiallarından görünür ki, hazırki vəziyyətdə Cavabdeh1, ümumiyyətlə, həmin torpaq sahəsinin mülkiyyətçiləri sırasında olan şəxs deyildir. İş üzrə ekspertiza keçiriləndən sonra təyin edilmiş növbəti məhkəmə iclasında iddiaçı da məhkəməyə vəsatət təqdim edərək və izahat verərək bildirmişdir ki, ekspert ümumi sahəsi 49,10 kv.metr olan fərdi yaşayış evinin mülkiyyətçisi Cavabdeh1 həmin torpaq sahəsi üzərində mülkiyyət hüququ olmadığını əsas götürərək mübahisə predmeti olan 0,16 hektar həyətyanı torpaq sahəsinin naturada bölünməsinin mümkün olmadığı barədə yanlış rəy vermişdir. Çıxarış sənədinə əsasən Cavabdeh1 adına torpaq sahəsi olmadığı müəyyən edilir və hazırki vəziyyətdə o, həmin torpaq sahəsinin paylı mülkiyyətçiləri sırasında deyildir. Qeyd olunan əsaslara görə ekspert rəyini əsassız hesab edir və iş üzrə təkrar məhkəmə ekspertizası təyin edilməsini məhkəmədən xahiş edir. İddiaçının vəsatəti əsasında iş üzrə təkrar məhkəmə ekspertizası təyin edilmiş, ekspertizanın aparılması, ekspert qarşısında əvvəlki suallar qoyulmaqla, yenidən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir. Təkrar məhkəmə ekspertizası üzrə məhkəməyə təqdim edilmiş xx.xx.2022-ci il tarixli 10/1960 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, paylı mülkiyyətdə olan 0,16 hektar həyətyanı torpaq sahəsinin paylı mülkiyyətçilər arasında bölünməsinin mümkün variantının bölgü planında qeyd olunan bölgü variantının məhkəmə tikinti-texniki ekspertizasının həlli metodlarında göstərilənlərə uyğun olduğu müəyyən olunur. Bölgü planında “İİİ” və “V” nömrələri ilə işarələnmiş paylar üzərində yerləşən “A” və “B” tikililəri faktiki olaraq iş üzrə cavabdeh tərəfin istifadəsində olduğundan 0,16 hektar həyətyanı torpaq sahəsinin paylı mülkiyyətçilər arasında bölünməsinin mümkün variantı kimi həmin bölgü planında “İ”, “İİ” və “İV” nömrələri ilə işarələnmiş paylardan hər hansı birinin iş üzrə iddiaçının istifadəsinə verilməsi məqsədəmüvafiq hesab edilə bilər. (Aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir). Məhkəmə araşdırması zamanı işdə iştirak edən şəxslərin izahatları, həmçinin, iş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış sənədi, ekspert rəyləri, torpaq sahəsinin yerləşmə sxemi və bölgü planı ilə işin mübahisəsiz halları olaraq müəyyən edildi ki, Oğuz rayonu Xalxal kəndi ərazisində yerləşən 0,16 hektar həyətyanı torpaq sahəsi cavabdehlər Cavabdeh2, Cavabdeh5, Cavabdeh3, Cavabdeh4 və iddiaçının hər birinin 0,032 hektardan ibarət payı olmaqla, həmin şəxslərin paylı mülkiyyətindədir. Qeyd olunan 0,16 hektar həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evi isə tam mülkiyyət hüququ əsasında Cavabdeh1 xüsusi mülkiyyətindədir. Qeyd olunan torpaq sahəsinə və fərdi yaşayış evinə dair müvafiq orqan tərəfindən mülkiyyət hüququnu tanıyan sənədlər tərtib edilmişdir. Bölgü planında 5 bərabər hissəyə bölünmüş (cəmi 0,16 hektar) torpaq sahələrinin hər birinin qarşısında bələdiyyə mülkiyyətinə aid olan və hazırki vəziyyətdə zəbt edilmiş torpaq sahəsi vardır. Qeyd edilən torpaq sahələrindən “İ” nömrəsi ilə işarələnmiş hissə kəndarası yola daha yaxın məsafədə yerləşir. Hazırda iddiaçı Oğuz rayonu Xalxal kəndində yerləşən, xx.xx.2021-ci il tarixli (qeydiyyat nömrəsi **********) Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış sənədində göstərilən 0,16 hektar həyətyanı torpaq sahəsinin onun payına düşən 0,032 hektardan ibarət hissəsinin naturada bölünərək ayrılması barədə qətnamə qəbul edilməsini xahiş edir. İddiaçı öz iddia tələbinin əsası kimi paylı mülkiyyətdə olan torpaq sahəsinin 0,032 hektardan ibarət hissəsinin hazırki vəziyyətdə onun özünün xüsusi mülkiyyətində olduğunu bildirir, bununla bağlı onun və cavabdehlərin adına tərtib edilmiş hüquqmüəyyənedici sənədə istinad edir. Cavabdeh2 iddia tələbini qəbul etmir və Cavabdeh1 məxsus olan 0,032 hektar torpaq sahəsinin üzərinə məhkəmənin qərarı ilə həbs qoyulmasına, həmin torpaq sahəsi hərrac təşkilatı vasitəsilə qiymətləndirilərək iddiaçıya satılmasına baxmayaraq, iddiaçı və ya digər hər hansı şəxsin həmin torpaq sahəsinə sahiblik etməsinə razı olmadıqlarını bildirir. Digər cavabdehlər məhkəmə iclaslarına gəlməmiş və iddia tələbinə münasibətlərini bildirməmişlər. Cavabdehlər iddia tələbinə etirazlarının əsası olaraq məhkəməyə hər hansı sənəd və ya digər sübut təqdim etməmişlər. ƏSASLANDİRİCİ HİSSƏ: Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, mütəxəssisin şərhini və ekspertiza rəylərini nəzərə alaraq mülki işin materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Həmin Məcəllənin 213.3-cü maddəsinə əsasən əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir. Həmin Məcəllənin 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəllənin 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Həmin Məcəllənin 223.2-ci maddəsinə əsasən birgə mülkiyyətin mülkiyyətçiləri tərəfindən ümumi əşyanın bölünməsi və ya onlardan birinin payının ayrılması mülkiyyətçilərdən hər birinin payı qabaqcadan müəyyənləşdirildikdən sonra həyata keçirilə bilər. Qeyd olunan hüquq normalarının məzmunundan və işin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından göründüyü kimi, hazırki iddianın predmetinə aid olan torpaq sahəsi 5 nəfərin - cavabdehlərdən Cavabdeh2, Cavabdeh5, Cavabdeh3, Cavabdeh4 və iddiaçının paylı mülkiyyətində olan torpaq sahəsi olmaqla və həmin torpaq sahəsində mülkiyyətçilərin hər birinin payının miqdarı bəllidir. İddiaçı torpaq sahəsinin digər mülkiyyətçiləri ilə ümumi payın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədiyinə görə öz payının məhkəmə qaydasında naturada bölünərək ayrılması tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək qərara gəlir ki, mübahisə predmetinə aid, paylı mülkiyyətində olan əmlakda iddiaçının payı məhkəmə qaydasında naturada bölünərək ayrılmalıdır. Paylı mülkiyyətdə olan 0,16 hektar torpaq sahəsində mülkiyyətçilərin hər birinin, o cümlədən iddiaçının 0,032 hektardan ibarət payı olması nəzərə alınmaqla, məhkəməyə təqdim edilmiş bölgü planında göstərilən, hər biri 0,032 hektardan ibarət olmaqla 5 (beş) bərabər hissəyə bölünmüş “İ”, “İİ”, “İİİ”, “İV” və “V” nömrələri ilə işarələnmiş paylardan biri iddiaçının payı olaraq naturada ayrılmalıdır. Bölgü planında “İİİ” və “V” nömrələri ilə işarələnmiş paylar üzərində yerləşən tikililər faktiki olaraq iş üzrə cavabdehlərin istifadəsində olduğundan, habelə, mütəxəssisin şərhi və təkrar məhkəmə ekspertizasının rəyinin nəticələri nəzərə alınmaqla 0,16 hektar torpaq sahəsinin paylı mülkiyyətçilər arasında bölünməsinin ən münasib və əlverişli variantı kimi həmin bölgü planında kənardakı torpaq sahələrindən biri olan, kəndarası yola daha yaxın məsafədə yerləşən və üzərində cavabdehlərə məxsus əsaslı tikili olmayan hissə - torpaq sahəsinin qərb tərəfindəki “İ” nömrəsi ilə işarələnmiş payın naturada bölünərək ayrılmaqla hazırki iş üzrə iddiaçıya verilməsi qanunauyğun hesab edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.20-ci maddəsinə əsasən məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, iddia tələbinin təmin olunması və iddiaçının məcburi köçkün kimi məhkəməyə verilən iddialar üzrə dövlət rüsumu ödəməkdən azad olunduğu nəzərə alınmaqla, məhkəməyə müraciət olunan zaman qüvvədə olan qanunvericiliyə görə məhkəməyə müraciət etmək üçün ödənilməli olan 10 (on) manat dövlət rüsumu cavabdehlərdən müştərək qaydada tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Eyni zamanda, məhkəmə iş üzrə ekspert rəyi verilməsi zərurətinin mübahisə predmetinə aid olan torpaq sahəsinin naturada bölünərək ayrılmasının mümkünlüyü ilə əlaqədar yarandığını, iddia tələbinin təmin edildiyini, habelə, işin digər faktiki hallarını nəzərə almaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə əsasən iş üzrə cəmi 100 (bir yüz) manat ekspertiza xərcinin də cavabdehlərdən müştərək qaydada tutulmasını qanunamüvafiq hesab edir. NƏTİCƏ HİSSƏ: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220ci maddələrini rəhbər tutaraq məhkəmə, qətetdi: İddia tələbi təmin edilsin. Oğuz rayonu Xalxal kəndində yerləşən, xx.xx.2021-ci il tarixli (qeydiyyat nömrəsi **********) Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış sənədində göstərilən 0,16 hektar həyətyanı torpaq sahəsinin İddiaçı payına düşən 0,032 hektardan ibarət hissəsi həmin torpaq sahəsinin qərb tərəfindən, torpaq sahəsinin bölgü planındakı sxemdə “İ” nömrəsi ilə göstərilən hissəsindən naturada bölünərək ayrılsın. Məhkəməyə müraciət etmək üçün ödənilməli olan 10 (on) manat dövlət rüsumu cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh5, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. İş üzrə cəmi 100 (bir yüz) manat ekspertiza xərci cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh5, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən Oğuz Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim : Kamran Süleymanov
Məhkəmə qərarları › İş №2(054)-6/2022
Oğuz Rayon Məhkəməsi Qətnamə — İş №2(054)-6/2022
21.06.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver