Məhkəmə qərarları › İş №2(055)-1254/2025

Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №2(055)-1254/2025

22.09.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № 2(055)-1254/2025 22.09.2025 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X3, İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı maddi və mənəvi ziyan tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 5500 manat maddi ziyanın, 3000 manat mənəvi ziyanın və ödənilmiş 75 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı iddiasını müdafiə edərək izahatında göstərdi ki, “Upsilon” şirkəti ilə Cavabdeh arasında bağlanmış müqavilənin icrası ilə bağlı cavabdehin tapşırığı əsasında 27 aprel 2024-cü il tarixindən 15 oktyabr 2024-cü il tarixədək Saatlı, Sabirabad, İmişli və Salyan rayonları ərazisində rabitə xətlərinin çəkilişi üzrə mühəndis və iş rəhbəri kimi fəaliyyət göstərmişdir. Bu müddət ərzində onun əməyindən mütəmadi şəkildə istifadə edilməsinə baxmayaraq cavabdeh onunla əmək müqaviləsi bağlamamış, lakin aralarında razılaşma olmuşdur ki, verilmiş iş tapşırıqlarının əvəzində işlər başa çatanadək cavabdeh hər ay ona 1500 manat pul verəcəkdir. Bundan sonra o, üzərinə götürdüyü bütün tapşırıqları yerinə yetirmiş, cavabdeh isə aralarında olan razılaşmanı pozaraq 5500 manat pulu ona verməmişdir. Belə ki, ödənişsiz çalışması ona həm ciddi şəkildə maddi ziyan vurmuş, həm də ailəvi və psixoloji sıxıntılara, stress və sosial zərbə almasına səbəb olduğundan mənəvi ziyan çəkmişdir. Bundan başqa, cavabdeh tərəfindən çağırılmış və onun vasitəsi ilə işə cəlb edilmiş şəxslər də var ki, onların da pulları cavabdeh tərəfindən ödənilməmişdir. Həmin şəxslər hazırda şahid qismində ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq edə bilərlər. Beləliklə, cavabdehlə şəxsən və telefon vasitəsilə dəfələrlə əlaqə saxlayaraq ondan 5500 manat pulu tələb etmiş, cavabdeh həmin pulu qaytaracağını desə də, hazırki vaxtadək qaytarmamışdır. Bunda sonra cavabdehdən həmin pulu ala bilməyəcəyini düşünüb hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Ona görə də göstərdiklərinin nəzərə alınaraq Cavabdeh 5500 manat maddi ziyanın, 3000 manat mənəvi ziyanın və ödənilmiş 75 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında İddiaçı həmçinin izahatında göstərdi ki, əvvəl icra nümayəndəliyində işləməsinə baxmayaraq 27 aprel 2024-cü il tarixindən etibarən işdən çıxmış və həmin tarixdən 15 oktyabr 2024-cü il tarixədək müəyyən fasilələrlə Cavabdeh tapşırığı əsasında iddiasında göstərdiyi rayonlarda rabitə xətlərinin çəkilişi üzrə mühəndis kimi işləmiş, işlərin keyfiyyətlə görülməsinə nəzarət etmiş, işlədiyi müddət ərzində tabeliyində olan fəhlələrin pullarını cavabdehdən alaraq şəxsən özü ödəmiş və bu barədə qeydlər apararaq cavabdehə məlumat vermişdir. İşlər qurtardıqdan sonra isə dəfələrlə cavabdehlə telefon danışığı olmuş, telefon danışığında cavabdehə demişdir ki, ona 6000 manat borcu vardır, həmin borcdan 500 manatını cavabdehin onun əvəzindən verdiyi yemək xərclərinə cıxmış, qalan 5500 manat pulu ona verməlidir, cavabdeh də bunu etiraf edərək 5500 manat pulu ona verəcəyinə söz vermişdir. Bu hal telefonunda olan cavabdehin səs yazısı ilə sübut olduğundan həmin səsləri audio diskə yazdıraraq məhkəməyə təqdim etmişdir. Sonradan cavabdeh pulu verə bilməməsinin səbəbini “Upsilon” şirkətinin pulu köçürməməsi ilə əlaqələndirmiş, o isə əmək müqaviləsi əsasında işləmədiyindən “Upsilon” şirkətinə qarşı hüquqi baxımdan iddia qaldıra bilməmişdir. Məhkəmə baxışı zamanı Cavabdeh iddianı qismən qəbul edərək izahatında göstərdi ki, 2024-cü ildə onunla “Upsilon” şirkəti arasında regionlarda rabitə xətlərinin çəkilişini həyata keçirmək üçün müqavilə bağlanmışdır. Həmin müqavilənin icrasını həyata keçirmək üçün İddiaçı ilə onun arasında razılıq olmuşdur ki, iddiaçı yaxşı mühəndis olduğu üçün rabitə xətlərinin çəkilməsinə nəzarət edəcək, bu işlərdə ona kömək göstərəcək və bunun müqabilində ona pul ödəniləcəkdir. Lakin, iddiaçı həmin vaxt icra nümayəndəliyində işlədiyi üçün onunla əmək müqaviləsinin bağlanması mümkün olmasa da, iddiaçı 2024-cü ilin aprel ayından başlayaraq bir neçə ay ərzində Saatlı, Sabirabad, İmişli və Salyan rayonları ərazisində rabitə xətlərinin çəkilişinə nəzarət etmişdir. Amma iddiaçı bu müddət ərzində müxtəlif vaxtlarda ailə vəziyyəti və işin gedişatının müxtəlif səbəblərdən dayanması ilə bağlı fəaliyyət göstərməmişdir. Buna baxmayaraq öz şəxsi vəsaiti hesabına regionlarda işləmək üçün “Rentekardan” avtomobil götürərək iddiaçının istifadəsinə vermiş, iddiaçını evlə təmin etmiş və iddiaçının yemək xərclərini qarşılamışdır. Əvvəl iddiaçıya 5500 manat verəcəyini desə də, xərcləri nəzərə alaraq işlər qurtardıqdan sonra iddiaçıya 2000 manat ödəməyi düşünmüşdür. Lakin, “Upsilon” şirkəti ona ödənilməli olan pul vəsaitini ödəmədiyindən o da iddiaçıya vəd etdiyi pulu verə bilməmişdir. Şirkət nə vaxt pulu ödəyəcəksə onda iddiaçıya 2000 manatı verəcəkdir. Ona görə də göstərdiklərini nəzərə alaraq iddianın qismən təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X2 ifadəsində göstərdi ki, Saatlı rayonunun Mircəlalkənd kəndində yaşayır. İddiaçı rabitə xətlərinin çəkilişi zamanı, Cavabdeh isə həmin rabitə xətlərinin çəkilişi ilə bağlı podratçı kimi tanımışdır. Cavabdeh layihəni icra edən şəxs, İddiaçı isə mühəndis idi, özü isə Saatlı rayonunun iki kəndində rabitə xətlərinin çəkilişində dirəklərin basdırılmasında və üç kəndində kabellərin çəkilişində işləmişdir. Onu həmin işə Osman adlı şəxs dəvət etmiş, amma Osman ona demişdir ki, podratçı şirkət Cavabdehdur və görülən işin pulunu Rəşad verəcəkdir. İşlədiyi 5-6 ay müddətində çətinliklə üzləşdikdə və ya dirəklər düzgün basdırılmadıqda İddiaçı əraziyə gələrək mühəndis kimi onlara göstərişlər vermişdir. Onun da göstərmiş olduğu iş xidmətlərinə görə 5500 manat pulu verilməmişdir. Ona görə də dəqiqliklə bilir ki, İddiaçı da podratçı şəxs olan Cavabdeh tərəfindən 5500 manat pulu verilməmişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X7 və X5 ifadələrində şahid X1 ifadəsinə uyğun ifadə verərək podratçı şirkət rəhbəri olan Cavabdeh göstərişləri əsasında İddiaçı 2024-cü ilin aprel ayından başlayaraq bir neçə ay ərzində Saatlı rayon ərazisində rabitə xətlərinin çəkilişinə nəzarət etdiyini və mühəndis kimi onlara göstərişlər verdiyini təsdiq etdilər. İşdə olan və məhkəmə iclasında baxış keçirilmiş audio diskdə olan səs yazısından görünür ki, həmin audio diskdə olan səs yazıları İddiaçı və Cavabdeh məxsusdur. İddiaçı və cavabdeh səs yazılarının onlara məxsus olduğunu təsdiq etmişlər. Səs yazısında rabitə xətlərinin çəkilişi üçün tapşırılmış işlərin yerinə yetirilməsinə görə Cavabdeh 5500 manat pulu İddiaçı verəcəyini etiraf edir. Məhkəmə iddiaçının və cavabdehin izahatlarını, şahidlərin ifadələrini dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib, aşağıda qeyd olunan qanunvericilik normalarına əsasən belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Həmin Məcəllənin 777.2-ci maddəsinə əsasən tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. Həmin Məcəllənin 783.2-ci maddəsinə əsasən vəkalət verən vəkalət alana yalnız o halda muzd ödəməlidir ki, bu, şərtləşdirilmiş olsun və ya belə qəbul edilmiş olsun, xüsusən o hallarda ki, şəraitə görə vəkalət alan müstəqil peşə fəaliyyəti şəklində bu cür əqdlər bağlayır və ya xidmətlər göstərir. Həmin Məcəllənin 783.3-cü maddəsinə əsasən əgər bu Məcəllənin 783.2-ci maddəsində nəzərdə tutulan hallarda muzdun miqdarı müəyyənləşdirilməyibsə, tarif olduqda bu tarifə uyğun muzd, tarif olmadıqda isə vəkalət alanın olduğu yerdə qəbul edilmiş muzd şərtləşdirilmiş muzd sayılır. Məhkəmədə işin faktiki halları, tərəflərin izahatları, şahidlərin ifadələri və audio yazı ilə müəyyən olundu ki, Cavabdeh tapşırığı əsasında İddiaçı 27 aprel 2024-cü il tarixindən 15 oktyabr 2024-cü il tarixədək Saatlı, Sabirabad, İmişli və Salyan rayonları ərazisində rabitə xətlərinin çəkilişində mühəndis kimi fəaliyyət göstərmişdir. Bu müddət ərzində iddiaçının əməyindən istifadə edilməsinə baxmayaraq cavabdeh ilə iddiaçı arasında əmək müqaviləsi bağlamasa da, onların arasında razılaşma olmuşdur ki, verilmiş iş tapşırıqların əvəzində, yəni işlər başa çatanadək cavabdeh iddiaçıya hər ay 1500 manat pul verəcəkdir. İddiaçı 5-6 ay müddətində ona verilmiş tapşırıqları yerinə yetirsə də, cavabdeh razılaşmanı pozaraq hər ay iddiaçıya verməli olduğu 1500 manat pulu, ümumilikdə 5500 manat pulu iddiaçıya verməmişdir. Cavabdeh isə iddianı qismən qəbul etsə də, iddiaya qarşı etirazının əsası kimi qeyd edir ki, 2024-cü ildə onunla “Upsilon” şirkəti arasında regionlarda rabitə xətlərinin çəkilişini həyata keçirmək üçün müqavilə bağlanmışdır. Həmin müqavilənin icrasını həyata keçirmək üçün İddiaçı ilə onun arasında razılıq olmuşdur ki, iddiaçı yaxşı mühəndis olduğu üçün rabitə xətlərinin çəkilməsinə nəzarət edəcək, bu işlərdə ona kömək göstərəcək və bunun müqabilində ona pul ödəyəcəkdir. Lakin, iddiaçı həmin vaxt icra nümayəndəliyində işlədiyi üçün onunla əmək müqaviləsinin bağlanması mümkün olmasa da, iddiaçı 2024-cü ilin aprel ayından başlayaraq bir neçə ay ərzində Saatlı, Sabirabad, İmişli və Salyan rayonları ərazisində rabitə xətlərinin çəkilişinə nəzarət etmişdir. Amma iddiaçı bu müddət ərzində müxtəlif vaxtlarda ailə vəziyyəti və işin gedişatının müxtəlif səbəblərdən dayanması ilə bağlı fəaliyyət göstərməmişdir. Buna baxmayaraq cavabdeh öz şəxsi vəsaiti hesabına regionlarda işləmək üçün “Rentekardan” avtomobil götürərək iddiaçının istifadəsinə vermiş, iddiaçını evlə təmin etmiş və iddiaçının yemək xərclərini qarşılamışdır. Cavabdeh əvvəl iddiaçıya 5500 manat verəcəyini desə də, xərcləri nəzərə alaraq işlər qurtardıqdan sonra iddiaçıya 2000 manat ödəməyi düşünmüşdür. Lakin, “Upsilon” şirkəti tərəfindən cavabdehə ödənilməli olan pul vəsaiti ödənilmədiyindən cavabdeh də iddiaçıya vəd etdiyi pulu verməmişdir. Şirkət nə vaxt pulu ödəyəcəksə onda iddiaçıya 2000 manatı verəcəkdir. Buradan görünür ki, tərəflər arasında olan mübahisə cavabdeh tərəfindən iddiaçıya vurulmuş maddi və mənəvi ziyan tələbi ilə bağlı deyil, tərəflər arasında razılaşdırılmış tapşırıq əsasında yerinə yetirilmiş işlərin əvəzində verilməli pul məbləğinin cavabdeh tərəfindən iddiaçıya ödənilməməsi ilə bağlıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçının tələbinin hüquqi əsası araşdırılarkən tərəflər arasında tapşırığa dair mülki hüquqi münasibətləri nəzərə alınmalıdır. Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Bu əqd əsasında tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri icra etməyi öhdəsinə götürür. Göstərilmiş xidmətin əvəzi isə şərtləşdirildikdə və ya şəraitə görə zəruri olduqda ödənilməlidir. Belə ki, rabitə xidmətləri ilə bağlı bir sıra işlərin (lahiyənin hazırlanmasında, dirəklərin basdırılmasında, kabelləşmənin aparılmasında və s.) 5-6 ay müddətində cavabdeh tərəfindən mühəndis işləri kimi həyata keçirilməsi, bu işlərin görülməsinin bir qayda olaraq cavabdehin mənafeyinə uyğun olması və onun bu xidmətlərdən yararlanması şübhəsizdir və işin mübahisələndirilməyən hissəsidir. Digər tərəfdən, məhkəmə tərəflər arasındakı hazırkı münasibətlər üzrə sübutları qiymətləndirən zaman əsaslı şübhələr yaratmayan sübut standartını qəbul edərək hesab edir ki, sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gəlməlidir. Belə ki, hər bir tərəf məhkəmədə öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli və məhkəmə də yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə yalnız əsaslı şübhə yaratmayan sübutları qəbul edir ki, onun əsaslılığı hər hansı bir hal ilə təkzib edilməsin. Məhkəmə iclasında cavabdeh etirazının əsası kimi istinad etdiyi halları, yəni iddiaçıya çəkdiyi xərcləri (“Rentekardan” götürülən avtomobilin təmirinə və iddiaçının gündəlik yemək xərclərinə və sair) iddianın 5500 manat hissəsindən çıxılmaqla iddiaçıya 2000 manat ödəməli olmasını iddia etsə də, cavabdeh bu halları təsdiq edən mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Həmçinin də cavabdehin istinad etdiyi bu hallar iddiaçı ilə arasında olan razılaşmanın (tapşırığın) tərkib hissəsi olmamışdır. Ona görə cavabdehin iddianın bu hissəsinə qarşı olan etirazı əsaslı hesab edilə bilməz. Bundan başqa, məhkəmə iddianın mənəvi zərərə görə təzminat ödənilməsi ilə bağlı hissəsini də əsassız hesab edir. Belə ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarında qeyd olunur ki, məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X4 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X4 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Plenum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X4 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. Plenum qərarında həmçinin izah edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. Məhkəmə iddianın mənəvi zərər hissəsini araşdırarkən müəyyən etmişdir ki, tapşırıq əsasında görülmüş işlə bağlı ödənilməyən pula görə iddiaçı ona mənəvi zərər dəyməsi ilə bağlı tələbini əsaslandırmamış, yəni həmin pulun ödənilməməsi nəticəsində onun nə kimi mənəvi iztirablar çəkməsini, stres keçirmə faktını sübuta yetirə bilməmiş, yaşadığı psixoloji sarsıntılar barədə də heç bir sübut təqdim etməmiş və həmçinin də cavabdeh tərəfindən ödənilməyən pula görə iddiaçının şərəfinin və ləyaqətinin təhqir edilməsi ilə bağlı hallar məhkəmə iclasında təsdiqini tapmamışdır. Odur ki, iddia mənəvi zərərə görə təzminat ödənilməsi hissəsində təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Göründüyü kimi, məhkəmə müdafiəsindən istifadə etmək hüququnu həyata keçirən hər bir şəxs qanunla müəyyən edilmiş qaydadan istifadə etməlidir. Qanunla müəyyən edilmiş qayda isə mülki-prosessual qanunvericilikdə müəyyən edilib. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə tədqiq olunmuş sübutlara və qeyd olunan hüquq normalarına əsaslanaraq belə nəticəyə gəlir ki, iddia qismən təmin edilərək Cavabdeh 5500 manat alınıb İddiaçı verilməli, iddia qalan hissədə təmin edilməməlidir. İşdə olan 25 iyul 2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 75 manat ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 75 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə Q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh 5500 (beş min beş yüz) manat alınıb İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 75 (yetmiş beş) manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar