Məhkəmə qərarları › İş №2(055)-41/2023

Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №2(055)-41/2023

16.01.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № 2(055)-41/2023 16.01.2023 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı şərəfin, ləyaqətin və işgüzar nüfuzun müdafiəsi, yayılmış məlumatların təkzib olunması və mənəvi ziyanın ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin onun şərəf və ləyaqətini alçaltdığına görə ondan üzr istəməsi, onun barəsində yazdığı şər və böhtan dolu məlumatların təkzib edilməsi barədə həmin məlumatların dərc edildiyi kütləvi informasiya vasitələrində müvafiq təkzibin verilməsi və ona vurduğu mənəvi ziyana görə 10000 manat, eləcə də ödənilmiş 120 manat dövlət rüsumunun, cəmi 10120 manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, o, cavabdehlə “X3” İctimai Birliyində üzv olarkən tanış olmuş, bir çox tədbirlərdə birlikdə iştirak etmişlər. Bir müddət sonra cavabdeh həmin birlikdən ayrılmışdır. Bundan sonra, cavabdeh onun barəsində şər və böhtan dolu ifadələr yaymışdır. Belə ki, cavabdeh onun barəsində Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinə, fəaliyyət göstərdiyi Bakı şəhəi Xətai rayonu 64 saylı orta məktəbin direktoruna onun şərəf və ləyaqətini alçaldan, işgüzar nüfuzuna zərər vuran ərizələr göndərmişdir. O, 27 ildir ki, müəllim işləyir, lakin onun barəsində indiyədək heç bir şikayət olmamışdır. Lakin cavabdeh onun barəsində nalayiq ifadələr işlədərək onu dost-tanışları və işlədiyi kollektiv yanında gözdən salmağa çalışmış, onun barəsində müxtəlif şikayətlər edilməsinə səbəb olmuşdur. Cavabdeh onun barəsində “Facebook” sosial şəbəkəsində həqiqətə uyğun olmayan, şər və böhtan xarakterli məlumatlar yaymış, həmçinin “Whatsapp” sosial şəbəkəsində ona söyüş və qeyri-etik ifadələrlə dolu səsyazmalar göndərmişdir. Göründüyü kimi cavabdehin onun barəsində yaydığı məlumatlar böhtan olmaqla, onun şərəfini və ləyaqətini ləkələyən məlumatlardır. Ona görə də göstərdiklərini nəzərə alaraq, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə baxışı zamanı Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərdi ki, iddiaçını üzvü və idarə heyətinin sədr müavini olduğu “X3” İctimai Birliyində tanımışdır. İddiaçının iddia ərizəsində göstərdikləri, guya onun sosial şəbəkədə iddiaçının haqqında yalan məlumatlar yayması və onu təhqir etməsi yalandır. Onun iddia ərizəsində göstərilənlərlə heç bir əlaqəsi yoxdur. İddiaçı haqqında heç bir status və ya məlumat paylaşmamış, paylaşılan məlumatların aid olduğu istifadəçi adı və profil isə onun deyildir. İddiaçı “Whatsapp” sosial şəbəkəsində onu səsli və yazılı mesajlarla söyüb təhqir etmiş, o, buna əhəmiyyət verməyib onun mesajlarını bloklamış, lakin iddiaçı daha sonra, onun arvadına mesaj yazmış, o da buna əsəbləşərək iddiaçını söymüşdür. Əvvəlcə iddiaçı “Whatsapp” sosial şəbəkəsində onu söydüyü üçün o da iddiaçını söymüşdür. O, iddiaçının nalayiq davranışlarına görə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinə və iddiaçının fəaliyyət göstərdiyi Bakı şəhəi ünvan 1 ünvanlamış, həmin şikayət ərizəsinə əsasən iddiaçıya xəbərdarlıq edilərək məktəb rəhbərliyi tərəfindən cəzalandırılmışdır. Bundan başqa iddiaçının onun haqqında iddia ərizəsində göstərdikləri xüsusatlar həqiqətə uyğun deyil. İddiaçı məhkəməyə müraciət etməzdən əvvəl onun barəsində müxtəlif qurumlara şikayət ünvanlamışdır, lakin bu şikayətlərin heç biri əsaslı deyildir. Çünki o, iddiaçının şərəf və ləyaqətini alçaldan heç bir məlumat yaymamışdır. Ona görə də, iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İşdə olan və məhkəmə iclasında elan edilmiş Cavabdeh tərəfindən Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinə və Xətai rayonu Zakir Əhmədov adına 64 saylı orta məktəbin direktoruna ünvanlanmış şikayət ərizəsinin və Zakir Əhmədov adına 64 saylı tam orta məktəbin Cavabdeh ünvanlanmış məktubunun surətindən görünür ki, Cavabdeh həmin məktəbdə müəllim kimi fəaliyyət göstərən İddiaçı müəllim adına yaraşmayan nalayiq davranışları barədə şikayət edərək onun barəsində tədbir görülməsini xahiş etmiş, həmin şikayət ərizəsi əsasında iddiaçının fəaliyyət göstərdiyi məktəbin rəhbərliyi tərəfindən İddiaçı xəbərdarlıq edilmiş və onun dərs saatları azaldılmışdır. İşdə olan və məhkəmə iclasında baxış keçirilmiş içərisində audioyazılar olan CD diskdən görünür ki, Cavabdeh “Whatsapp” sosial şəbəkəsində səsli mesaj vasitəsi ilə İddiaçı qarşı kobud və nalayiq ifadələr işlədərək, onu qeyri-etik sözlərlə və söyüşlər söyməklə təhqir etmişdir. Məhkəmə iddiaçının və cavabdehin izahatlarını dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsinə əsasən hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. Şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23.1-ci maddəsinə əsasən fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. “Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 may 1999-cu il tarixli Qərarının 3-cü bəndinə əsasən məhkəmələr şərəf və ləyaqətin müdafiəsi barədə işlərə baxarkən üç halı aydınlaşdırmalı və onlara məcmu halında qiymət verməlidir: məlumatın vətəndaşların və təşkilatların şərəf və ləyaqətini ləkələməsi; həmin məlumatların doğru olmaması; bu məlumatların yayılması. Məlumat əxlaqi prinsiplər, istehsal-təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradırsa o, şərəf və ləyaqəti ləkələyən məlumat hesab edilir. Yol verdiyi nöqsanlara görə vətəndaşın tənqid edilməsi onun şərəf və ləyaqətinin ləkələnməsi kimi qiymətləndirilə bilməz. Məlumatın doğru olmaması dedikdə onun həqiqətə uyğun olmaması, yəni yalan olması anlaşılır. Məlumat başqa şəxsə, bir neçə və yaxud qeyrimüəyyən şəxslər dairəsinə bildirildikdə yayılmış hesab edilir. Məlumat mətbuatda dərc edilməklə, radio və televiziya verlişlərində səsləndirilməklə, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə qeyd edilməklə və s. üsullarla yayıla bilər. Məlumatın ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatın yayılması sayılmır. Məhkəmə tədqiqi zamanı müəyyən olunmuşdur ki, İddiaçı barəsində “Whatsapp” və “Facebook” sosial şəbəkəsində məlumatlar yayılmışdır. İddiaçı həmin istifadəçi adının və profilin Cavabdeh aid olduğunu və həmin məlumatların cavabdeh tərəfindən paylaşıldığını bildirsə də, Cavabdeh məhkəmə iclası zamanı həmin istifadəçi adının və profilin, paylaşımların ona aid olmadığını göstərmiş, həmçinin iddiaçı həmin istifadəçi adının və profilin cavabdehə aid olduğunu və məlumatların cavabdeh tərəfindən paylaşıldığını məhkəmə iclasında sübut edə bilməmiş və bu barədə hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Buradan da görünür ki, cavabdehin iddiaçının şərəfini, ləyaqətini və işgüzar nüfuzunu ləkələyən, həqiqətə uyğun olmayan məlumatlar yayması halı mövcud deyildir. Məhkəmə tədqiqi zamanı həmçinin tərəflərin izahatları ilə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinə və Xətai rayonu Zakir Əhmədov adına 64 saylı orta məktəbin direktoruna ünvanlanmış şikayət ərizəsinin Cavabdeh tərəfindən yazıldığı müəyyən olunmuşdur. Həmin şikayət ərizəsi iddiaçının müəllim kimi fəaliyyət göstərdiyi Xətai rayonu Zakir Əhmədov adına 64 saylı orta məktəbin rəhbərliyi tərəfindən nəzərdən keçirilərək iddiaçıya xəbərdarlıq edilmiş və cəzalandırılmışdır. Məhkəmə həmin halları nəzərə alaraq qeyd edir ki, Cavabdeh yazdığı şikayət ərizəsində iddiaçı barədə göstərilənlər onun şərəfini, ləyaqətini və işgüzar nüfuzunu ləkələyən məlumatlar kimi hesab edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23.4-cü maddəsinə əsasən şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə, şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikası Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarında qeyd olunur ki, məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyriəmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Plenum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. Plenum qərarında həmçinin izah edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qeyd olunan Qərarı ilə həmçinin bəlli olur ki, mənəvi ziyanın miqdarı pul ilə ölçülməlidir. Mənəvi ziyanın miqdarını müəyyən edərkən məhkəmələr hər bir işə fərdi yanaşmalı, məlumatın yayılma dairəsini, iddiaçıya yetirilmiş mənəvi və fiziki sarsıntıların xarakterini və dərəcəsini, cavabdehin təqsirini və əmlak vəziyyətini, işin sair diqqətəlayiq hallarını, habelə mənəvi ziyanın ödənilməsi üçün cavabdehin real imkanlarını və qətnamənin icrasının mümkünlüyünü nəzərə almalıdırlar. Məhkəmə iclasında tədqiq edilmiş CD diskdə olan audioyazılar dinlənilərkən həmin audioyazılarda “Whatsapp” sosial şəbəkəsində səsli mesaj vasitəsi ilə Cavabdeh tərəfindən İddiaçı qarşı qeyri-etik sözlərin və nalayiq ifadələrin işlədilməsi, iddiaçının cavabdeh tərəfindən murdar söyüşlərlə təhqir edilməsi müəyyən edilmişdir. Məhkəmə həmin səsli mesajların iddiaçı ilə cavabdeh arasında olduğunu, heç bir başqa şəxs tərəfindən dinlənilmədiyini və buna görə də, iddiaçı barəsində mənfi rəy yaranmasına səbəb olmadığını, lakin cavabdeh tərəfindən iddiaçıya qarşı nalayiq ifadələrin işlədilməsinin və söyülməsinin iddiaçının mənəvi sarsıntı yaşamasına və onun ləyaqətinin alçaldılmasına səbəb olduğunu nəzərə alaraq hesab edir ki, iddiaçının cavabdehdən mənəvi zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ yaranmışdır. Lakin, İddiaçı ona dəymiş mənəvi zərəri 10000 manat pul ilə dəyərləndirərək Cavabdeh tələb etməsinə baxmayaraq, məhkəmə həmin məlumatların yayılma dairəsini, iddiaçıya yetirilmiş mənəvi sarsıntıların dərəcəsini nəzərə alaraq belə qərara gəlir ki, iddia həmin hissədə qismən təmin edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Cavabdeh tərəfindən İddiaçı “Whatsapp” sosial şəbəkəsində səsli mesajlar vasitəsi ilə murdar söyüşlərlə təhqir edilməsi onun mənəvi sarsıntı yaşamasına və ləyaqətinin alçaldılmasına səbəb olduğundan cavabdehin üzərinə həmin sosial şəbəkədə eyni üsulla iddiaçıdan üzr istəmək vəzifəsi qoyulmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ hissəsinin tələbinə görə hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanunamüvafiq baxırlar. Azərbaycan Respubilkası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri subutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və ehtirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutları obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırması hüququna malikdir. «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 13-cü maddəsinə görə bu konvensiyada təsbit olunmuş hüquq və azadlıqları pozulan hər kəs, hətta bu pozuntu rəsmi fəaliyyət göstərən şəxslər tərəfindən törədildikdə belə, dövlət orqanları qarşısında səmərəli hüquqi müdafiə vasitələrinə malikdir. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilərək Cavabdeh vurulmuş mənəvi zərərin əvəzi kimi 1000 manat alınaraq İddiaçı verilməli, Cavabdeh üzərinə “Whatsapp” sosial şəbəkəsində səsli mesaj göndərilməklə İddiaçı üzr istəmək vəzifəsi qoyulmalı, iddianın qalan hissəsi təmin edilməməlidir. İşdə olan 13 sentyabr 2022-ci il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı tərəfindən məhkəmədə iddia qaldırılması üçün 120 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 120 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh vurulmuş mənəvi zərərin əvəzi kimi 1000 (bir min) manat alınaraq İddiaçı verilsin. Cavabdeh üzərinə “Whatsapp” sosial şəbəkəsində səsli mesaj göndərilməklə İddiaçı üzr istəmək vəzifəsi qoyulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 120 (bir yüz iyirmi) manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilsin. Qətnamədən bir ay müddətində Saatlı rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Hakim: İxtiyar Abuşov Əsli ilə düzdür Hakim: İxtiyar Abuşov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar