Məhkəmə qərarları › İş №2(055)-447/2023

Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №2(055)-447/2023

21.06.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № 2(055)-447/2023 21.06.2023 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X3, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı şərəfin, ləyaqətin və işgüzar nüfuzun müdafiəsi, yayılmış məlumatların təkzib olunması və mənəvi ziyanın ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun şərəf və ləyaqətini alçaltdığına görə cavabdehin ondan üzr istəməsi, cavabdehin onun barəsində yazdığı şər və böhtan dolu məlumatların təkzib edilməsi barədə həmin məlumatların dərc edildiyi kütləvi informasiya vasitələrində müvafiq təkzibin verilməsi və ona vurduğu mənəvi ziyana görə 50000 (əlli min) manat məbləğində pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, o, “X6” İctimai Birliyinin sədridir. Cavabdeh da əvvəllər həmin birliyin üzvü olmuşdur. O, cavabdehlə həmin ictimai birlikdə işləyərkən tanış olmuş, bir çox tədbirlərdə birlikdə iştirak etmişlər. Lakin bir müddət fəaliyyət göstərdikdən sonra Cavabdeh “X6” İctimai Birliyinin nizamnaməsinə zidd hərəkət edərək birliyin idarə heyyətinin qərarı ilə ictimai birlikdən uzaqlaşdırılmışdır. Bundan sonra, cavabdeh onun barəsində şər və böhtan dolu ifadələr yaymışdır. Cavabdeh bu əməlləri ilə həm onun, həm də rəhbərlik etdiyi ictimai birliyin nüfuzuna xələl gətirir. Belə ki, Cavabdeh “Facebook”, “Youtube” sosial şəbəkələrində onun barəsində şərəf və ləyaqətini alçaldan, böhtan dolu məlumatlar yayaraq onun ictimaiyyət arasında olan nüfuzuna xələl gətirmişdir. Eyni zamanda bildirir ki, Cavabdeh “X6” İctimai Birliyini dağıtmaq məqsədi ilə “Ümumi Yığıncaq” adlı qanunsuz saxta qrup yaradaraq ictimai birlikdən könüllü uzaqlaşan şəxsləri bu saxta qrupa daxil edərək mütəşəkkil bir qrup yaratmışdır. Cavabdeh bu şəxsləri onun əleyhinə qaldıraraq ictimai birliyi dağıtmaq məqsədi ilə şərəf və ləyaqəti alçaldan şər böhtan xarakterli çıxışlar etmələrini tələb etmiş və “Whatsapp” qruplarında və digər sosial şəbəkələrdə paylaşım etmələrini tapşırmışdır. Hal-hazırda da, cavabdeh onun şərəf və ləyaqətini alçaldaraq “Whatsapp” qruplarında və digər sosial şəbəkələrdə çıxışlarını yaymaqda davam edir. Ona görə də, göstərdiklərini nəzərə alaraq, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə baxışı zamanı Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərdi ki, iddiaçını üzvü və idarə heyətinin sədr müavini olduğu “X6” İctimai Birliyində tanımışdır. İddiaçının iddia ərizəsində göstərdikləri, guya onun sosial şəbəkədə iddiaçının haqqında böhtan məlumatlar yayması və onu təhqir etməsi yalandır. Onun iddia ərizəsində göstərilənlərlə heç bir əlaqəsi yoxdur. İddiaçı haqqında paylaşılan məlumatların aid olduğu istifadəçi adı və profil onun deyildir. İddiaçı iddia ərizəsinə əlavə etdiyi, “Whatsapp” sosial şəbəkəsinin status bölməsindən əldə edilmiş və iddiaçının üz nahiyəsinin bağlı olduğu kollektiv şəkillər həqiqətən də onun tərəfindən paylaşılmışdır. Həmin şəkillərdə təkcə iddiaçının deyil, başqa bir neçə şəxsin də üz nahiyəsini texniki vasitə ilə örtmüşdür. O, bunu həmin şəxslərlə münasibəti olmadığına görə etmişdir. Həmin şəkillərdə iddiaçını təhqir edəcək hər hansı bir hal yoxdur. Həmçinin bildirir ki, İddiaçı iddia ərizəsinə əlavə etdiyi, “Whatsapp” sosial şəbəkəsindən əldə edilmiş İddiaçı qadın geyimində montaj edilmiş fotoşəkili onun tərəfindən paylaşılmamış və həmin şəkilin kimin tərəfindən paylaşılmasından məlumatı yoxdur. İddiaçı iddia ərizəsinə əlavə etdiyi “Cavabdeh”-ə məxsus “Facebook” səhifəsindən əldə edilmiş, “İddiaçı çirkin əməlləri barədə İctimai Birliyin xanım üzvlərinin ictimaiyyətə müraciəti.” başlıqlı “youtube” video linkini də o paylaşmış, həmin paylaşımda iddiaçını təhqir etməmiş və iddiaçının şərəf və ləyaqətini alçaldan məlumatlar yaymamışdır. Bundan başqa İddiaçının 17 may 2023-cü il tarixli ərizəsinə əlavə etdiyi, içərisində audioyazılar olan DVD diskdəki səs yazıları həqiqətən də ona məxsusdur. O həmin səs yazılarında İddiaçı barəsində tənqidi çıxışlar etmiş, lakin təhqiramiz ifadələr işlətməmişdir. O, iddiaçının şərəf və ləyaqətini alçaldan heç bir məlumat yaymamışdır. Ona görə də, iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İşdə olan (iddia ərizəsinə əlavə edilmiş) və məhkəmə iclasında elan edilmiş “Whatsapp” sosial şəbəkəsində “Asim TV” olaraq qeyd edilmiş kontaktın status bölməsindən əldə edilmiş fotoşəkillərdən görünür ki, paylaşılmış şəkillərdə İddiaçı və başqa şəxslərin üz nahiyəsi texniki vasitələrlə örtülmüşdür. İşdə olan və məhkəmə iclasında elan edilmiş fotoşəkildən görünür ki, İddiaçı fotoşəkili qeyri-etik formada montaj edilmiş şəkildə paylaşılmışdır. Fotoşəkildən həmin şəkilin kimin tərəfindən paylaşılması müəyyən edilmədi. İşdə olan (iddia ərizəsinə əlavə edilmiş) və məhkəmə iclasında elan edilmiş “Cavabdeh”-ə məxsus “Facebook” səhifəsindən əldə edilmiş fotoşəkildən görünür ki, “Cavabdeh”-ə məxsus “Facebook” səhifəsində “İddiaçı çirkin əməlləri barədə İctimai Birliyin xanım üzvlərinin ictimaiyyətə müraciəti.” başlıqlı “youtube” video linki paylaşılmışdır. İşdə olan (iddia ərizəsinə əlavə edilmiş) və məhkəmə iclasında baxış keçirilmiş içərisində audioyazılar, videoyazılar və fotoşəkillər olan DVD disklərdən görünür ki, İddiaçı (fotoşəkili qeyri-etik formada montaj edilmiş şəkildə paylaşılmaqla və s.) təhqir olunmuşdur. Materiallara baxış keçirilərkən həmin materialların kimin tərəfindən paylaşılması müəyyən edilmədi. İşdə olan (İddiaçı 17 may 2023-cü il tarixli ərizəsinə əlavə edilmiş) və məhkəmə iclasında baxış keçirilmiş içərisində audioyazılar olan DVD diskdən görünür ki, İddiaçı barəsində Cavabdeh tərəfindən sərt tənqidi çıxışlar edilmiş, lakin həmin audioyazılarda təhqiramiz ifadələr işlədilməmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş X2 Nizami Rayon Məhkəməsinə ünvanladığı ərizəsinin surətindən görünür ki, X4 ərizəsində Cavabdeh ilə Səxavət Cabbarovun birləşərək onunla İddiaçı arasında ədavət yaratmağa yönəlmiş hərəkətlər etdiyini, Cavabdeh ona aid olan “Facebook” səhifəsində “Sabina” və ”Nərgiz” adlı profillərdən istifadə etməklə İddiaçı ünvanına şər-böhtan xarakterli təhqiramiz yazılar yazdığını göstərmişdir. Məhkəmə tərəfləri dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib belə hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsinə əsasən hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. Şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23.1-ci maddəsinə əsasən fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. “Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.1999-cu il tarixli qərarında qeyd olunur ki, məhkəmələr şərəf və ləyaqətin müdafiəsi barədə işlərə baxarkən üç halı aydınlaşdırmalı və onlara məcmu halında hüquqi qiymət verməlidir: məlumatın vətəndaşların və təşkilatların şərəf və ləyaqətini ləkələməsi; həmin məlumatların doğru olmaması; bu məlumatların yayılması. Məlumat əxlaqi prinsiplər, istehsal-təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradırsa, o, şərəf və ləyaqəti ləkələyən məlumat hesab edilir. Məlumatın doğru olmaması dedikdə onun həqiqətə uyğun olmaması, yəni yalan olması anlaşılır. Məlumat başqa şəxsə, bir neçə şəxsə və yaxud qeyri-müəyyən şəxslər dairəsinə bildirildikdə yayılmış hesab edilir. Məlumat mətbuatda dərc edilməklə, radio və televiziya verlişlərində səsləndirilməklə, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə müəssisə və təşkilatlardan çıxan sənədlərdə qeyd edilməklə və s. üsullarla yayıla bilər. Başqasının şərəf və ləyaqətini ləkələyən məlumatların doğruluğunu sübut etmək vəzifəsi iddiaçının deyil, cavabdehin üzərinə düşür. İddiaçı mənəvi ziyanın ödənilməsini tələb etdikdə keçirdiyi fiziki və mənəvi sarsıntıları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23.4-cü maddəsinə əsasən şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə uyğun olaraq, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Məhkəmə qeyd edir ki, iddia tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır. Hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir(“Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli Qərarı). Yəni sübutetmədə bir qayda olaraq «sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür» prinsipi rəhbər tutulur. Sübutlar kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Sübutlar qiymətləndirilərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Bü cür sübutlar olmadığı və ya kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktiki hallara, yəni iddia tələbinin faktiki əsaslarına mövcud olmayan hallar kimi qiymət verə bilər və iddia tələbini rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər. Məhkəmə tədqiqi zamanı müəyyən olunmuşdur ki, İddiaçı barəsində “Whatsapp” və “Facebook” sosial şəbəkəsində şərəf və ləyaqəti ləkələyən məlumatlar yayılmışdır. İddiaçı həmin istifadəçi adının və profilin Cavabdeh aid olduğunu və həmin məlumatların cavabdeh tərəfindən paylaşıldığını bildirsə də, Cavabdeh məhkəmə iclası zamanı həmin istifadəçi adının və profilin, paylaşımların ona aid olmadığını göstərmiş, həmçinin iddiaçı həmin istifadəçi adının və profilin cavabdehə aid olduğunu və məlumatların cavabdeh tərəfindən paylaşıldığını məhkəmə iclasında sübut edə bilməmiş və bu barədə hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə əlavə etdiyi “Whatsapp” sosial şəbəkəsində “Asim TV” olaraq qeyd edilmiş kontaktın status bölməsindən əldə edilmiş və iddiaçının və başqa şəxslərin üz nahiyəsinin bağlı olduğu kollektiv şəkillərin cavabdeh tərəfindən paylaşılması cavabdehin etirafı ilə sübut olunsa da, həmin şəkillər təhqiramiz formada montaj olunmamış və paylaşılarkən iddiaçının şərəf və ləyaqətini alçaldan hallara yol verilməmişdir. Məhkəmə iclasında həmçinin İddiaçı iddia ərizəsinə əlavə etdiyi “Cavabdeh”-ə məxsus “Facebook” səhifəsindən əldə edilmiş, “İddiaçı çirkin əməlləri barədə İctimai Birliyin xanım üzvlərinin ictimaiyyətə müraciəti.” başlıqlı “youtube” video linkinin cavabdeh tərəfindən paylaşıldığı sübuta yetirilsə də, həmin paylaşımda iddiaçı təhqir olunmamış və həmin paylaşımda iddiaçının şərəf və ləyaqətini alçaldan halların olması müəyyən edilməmişdir. Məhkəmə iclasında həmçinin İddiaçı 17 may 2023-cü il tarixli ərizəsinə əlavə edilmiş DVD diskdəki səs yazılarının Cavabdeh məxsus olduğu sübuta yetirilmiş, lakin həmin səs yazılarında İddiaçı barəsində Cavabdeh tərəfindən sərt tənqidi çıxışlar edildiyi, həmin audioyazılarda təhqiramiz ifadələr işlədilmədiyi müəyyən edilmişdir. Buradan da görünür ki, cavabdehin iddiaçının şərəfini və ləyaqətini ləkələyən, həqiqətə uyğun olmayan məlumatlar yayması halı mövcud deyildir. Məhkəmə tədqiqi zamanı həmçinin müəyyən olunmuşdur ki, X1 Rayon Məhkəməsinə ünvanladığı ərizəsində Cavabdeh ilə Səxavət Cabbarovun birləşərək onunla İddiaçı arasında ədavət yaratmağa yönəlmiş hərəkətlər etdiyini, Cavabdeh ona aid olan “Facebook” səhifəsində “Sabina” və ”Nərgiz” adlı profillərdən istifadə etməklə İddiaçı ünvanına şər-böhtan xarakterli təhqiramiz yazılar yazdığını göstərmişdir. Məhkəmə X2 Nizami Rayon Məhkəməsinə ünvanladığı ərizəsini mötəbər sübut kimi qəbul etmir. Belə ki, həmin ərizədə qeyd edilən halların doğruluğu sübuta yetirilməmişdir. X2 məhkəmə iclasında şahid qismində dindirilməsi barədə vəsatət məhkəməyə daxil olmamış və o məhkəmə iclasında dindirilməmişdir. Həmin ərizədə yazılanların doğruluğunu təsdiq edən başqa sübut məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 76.1-76.2-ci maddələrinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ hissəsinin tələbinə görə hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanunamüvafiq baxırlar. Azərbaycan Respubilkası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri subutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və ehtirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutları obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırması hüququna malikdir. «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 13-cü maddəsinə görə bu konvensiyada təsbit olunmuş hüquq və azadlıqları pozulan hər kəs, hətta bu pozuntu rəsmi fəaliyyət göstərən şəxslər tərəfindən törədildikdə belə, dövlət orqanları qarşısında səmərəli hüquqi müdafiə vasitələrinə malikdir. Beləliklə, şərh olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı şərəfin, ləyaqətin və işgüzar nüfuzun müdafiəsi, yayılmış məlumatların təkzib olunması və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi əsassız olduğundan təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qətetdi: İddiaçı Cavabdeh qarşı şərəfin, ləyaqətin və işgüzar nüfuzun müdafiəsi, yayılmış məlumatların təkzib olunması və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar