Məhkəmə qərarları › İş №2(055)-71/2023

Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №2(055)-71/2023

30.08.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № 2(055)-71/2023 30.08.2023 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Mirlətif Süleyman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X6, İddiaçı «Jalə» şirkətinin direktoru X1, Cavabdeh2 nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı «Jalə» şirkətinin cavabdehlər Cavabdeh2 və X7 qarşı qanunsuz tikililərin sökülməsi, yaradılmış maneələrə son qoyulması və cavabdehlərə qanunsuz hərəkətlər etmələrinin qadağan edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı «Jalə» şirkəti Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək DƏDRX hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyesterindən MH seriyalı ******* saylı çıxarışda göstərilən və “Jalə” şirkətinin mülkiyyətində olan torpaq sahəsinin çəpəri (daş hasar) üzərində cavabdeh tərəfindən inşa edilmiş qanunsuz tikililərin cavabdehin hesabına sökülməsi, cavabdeh tərəfindən yaradılmış maneələrə son qoyulması və cavabdehə qanunsuz hərəkətləri etməsinin qadağan edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı «Jalə» şirkətinin direktoru X4 yazılı vəsatətlə məhkəməyə müraciət edərək X5 əlavə cavabdeh kimi cəlb edilməsini xahiş etmiş, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 51.3-cü maddəsinə əsasən X5 əlavə cavabdeh kimi cəlb edilməsini mümkün hesab etmişdir. Məhkəmə baxışı zamanı iddiaçı «Jalə» şirkətinin direktoru X4 iddiasını müdafiə edərək izahatında göstərdi ki, Saatlı şəhərində M.Ağayev küçəsində qanuni istifadədə olan 0.20 ha torpaq sahəsində yerləşən 16 nömrəli 3 girişli 75.6 kv.m ümumi sahəsi (49.8 kv.m əsas. 25.8 kv.m köməkçi sahədən ibarət) 1 mərtəbəli qeyri yaşayış binası (YDM) tam mülkiyyət hüququ üzrə “Jalə” şirkətinin adına daşınmaz əmlakın dövlət reyesterində 1 nömrəli reyester kitabının 14 nömrəli vərəqində qeydiyyata alınmışdır. Buna dair DƏDRX hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyesterindən MH seriyalı ******* saylı çıxarış verilmişdir. Cavabdehlər Cavabdeh2 və X8 həmin çıxarışda göstərilən mülkiyyətini öz istədiyi kimi istifadə etməyinə imkan vermirlər. Belə ki, cavabdehlər onun direktoru olduğu şirkətə məxsus olan obyektin daş çəpərinin üzərində (sonradan artırma hissələri ilə birlikdə) obyekt tikmiş və beləcə onun mülkiyyət hüququnu pozmuşlar. Cavabdehlər tərəfindən tikilmiş tikililər qanunsuzdur. Həmçinin cavabdehlərin faktiki istifadəsində olan tikili “Jalə” şirkətinin balansında olan yanacaq doldurma məntəqəsinin mühafizə zonasında yerləşir. Bu hal ekspert rəyi ilə bir daha təsdiq olunur. Ona görə də göstərdiklərini nəzərə alaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə baxışı zamanı Cavabdeh2 nümayəndəsi Nümayəndə izahatında göstərdi ki, Cavabdeh2 iddianı qəbul etmir. Cavabdeh bildirir ki, İddiaçı “Jalə” şirkəti iddianı iddiaya cavab verməli olmayan şəxsə qarşı, yəni Cavabdeh2 qarşı qaldırmışdır. Belə ki, iddia tələbi üzrə mübahisəli binanı Cavabdeh2 mərhum atası Oruc Həsənov digər cavabdeh X8 ilə birgə nikahları dövründə tikdirmişdir və həmin bina ilə bağlı Cavabdeh2 heç bir hüququ yoxdur. Həmçinin cavabdehin anası da bildirir ki, həmin bina onun birgə nikah dövründə əldə etdiyi əmlakıdır. Bundan başqa hazırda həmin bina X5 istifadəsindədir və həmin binanın birinci mərtəbəsində X5 ərzaq mağazası vardır. Hətta mağazadakı fəaliyyətilə bağlı X8 vergi ödəyicisi kimi qeydiyyatdan keçmiş, ona bu barədə VÖEN də verilmişdir. Cavabdeh bildirir ki, onun adına sözügedən obyektə dair hər hansı hüquqmüəyyənedici sənəd yoxdur. Odur ki, iddianın Cavabdeh2 dair hissəsində rədd edilməsini məhkəmədən xahiş etdi. Hazırki məhkəmə iclasında iştirak etməsə də, 23 iyun 2023-cü il tarixdə keçirilmiş məhkəmə hazırlıq iclasında Cavabdeh2 iştirak edərək göstərmişdir ki, müvafiq tikililərə dair onun adına hüquqmüəyyənedici sənədlər olmasa da, həmin tikililər ona atasından yadigar qalmış və faktiki olaraq onun və anası X5 istifadəsindədir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh X8 məhkəmənin iclasında iştirak etmir və məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq cavabdeh X5 iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Cavabdeh X8 məhkəmə iclasında iştirak etməsə də, məhkəməyə ünvanladığı ərizədə mübahisə predmeti olan tikililərin məhum əri ilə birgə nikah dövründə tikildiyini, onun istifadəsində olduğunu, özünün hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olduğunu və binanın birinci mərtəbəsində ona məxsus ərzaq dükanının fəaliyyət göstərdiyini göstərmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş DƏDRX hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyesterindən MH seriyalı ******* saylı çıxarışın surətindən görünür ki, Saatlı şəhərində M.Ağayev küçəsində 0.20 ha torpaq sahəsində yerləşən 16 nömrəli 3 girişli 75.6 kv.m ümumi sahəsi (49.8 kv.m əsas. 25.8 kv.m köməkçi sahədən ibarət) 1 mərtəbəli qeyri yaşayış binası (YDM) tam mülkiyyət hüququ üzrə “Jalə” şirkətinin adına daşınmaz əmlakın dövlət reyesterində 1 nömrəli reyester kitabının 14 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşdə olan və məhkəmə iclasında elan edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 31 may 2023-cü il tarixli, 10/649 nömrəli ekspert rəyindən görünür ki, cavabdeh tərəfindən YDM-yə məxsus daş hasarın üzərində inşa edilmiş tikilinin yanacaq doldurma aparatlarından 15 metr məsafədə, yanacaq çənlərindən 42 metr məsafədə yerləşdiyini nəzərə alaraq həmin tikilinin həm yeraltı yanacaq çənlərinin, həm də yanacaq doldurma aparatlarının, Dövlət Şəhərsalma Norma və Qaydaları, şəhər, qəsəbə və kənd yaşayış məskənlərinin planlaşdırılması və tikilib abadlaşdırılması AzDTN 2.6-1 ilə tənzimlənən 50 metrlik mühafizə zolağına düşdüyü müəyyən olunmuşdur. Cavabdeh2 məxsus olan və yaxud istifadəsində olan Saatlı şəhəri, M.Ağayev küçəsində yerləşən tikinti obyektinin bir divarı “Jalə” şirkətinin balansında olan YDM-nin daş hasarının üzərində inşa edilmişdir və bununla da Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 72-ci maddəsinin tələblərinin pozulduğu müəyyən edilmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş ********** saylı VÖEN-dən görünür ki, X8 hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti il məşğul olan şəxsdir və fəaliyyət növü uşaq qidalarının pərakəndə satışıdır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsində (mülkiyyətin müdafiəsi) göstərilir ki, mülkiyyətçinin özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb etmək kimi hüquqları vardır. Həmin Məcəllənin 180.1-ci maddəsinə görə tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.4-cü maddəsinə görə tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 72.1-ci maddəsinə görə qonşulardan biri tərəfindən sərhəddə inşa olunmuş yanaşı divarda və ya onun müəyyən hissəsində digər qonşu tərəfindən hər hansı əlavə tikili yalnız həmin qonşunun notariat qaydasında təsdiq olunmuş razılığından sonra inşa edilə bilər. Belə hallarda divarın həmin hissəsi ortaq divar sayılır. Dövlət Şəhərsalma Norma və Qaydaları, Şəhər, qəsəbə və kənd yaşayış məskənlərinin planlaşdırılması və tikilib abadlaşdırılması AzDTN 2.6-1-in 8.46-cı bəndinə görə maye yanacaq saxlanılan yeraltı çənləri olan YDM-dən məktəbəqədər və ümumi təhsil, habelə, stasionarı olan müalicə müəssisələrinin torpaq sahələrinin sərhədlərinə, yaşayış, digər ictimai bina və qurğuların divarlarına qədər məsafələr 50 m-dən az olmamalıdır. Göstərilən məsafəni yanacaqdoldurma kolonkalarından və maye yanacaq saxlanılan yeraltı, çənlərdən təyin etmək lazımdır. İş materialları araşdırılarkən müəyyən edilmişdir ki, Saatlı şəhərində M.Ağayev küçəsində qanuni istifadədə olan 0.20 ha torpaq sahəsində yerləşən 16 nömrəli 3 girişli 75.6 kv.m ümumi sahəsi (49.8 kv.m əsas. 25.8 kv.m köməkçi sahədən ibarət) 1 mərtəbəli qeyri yaşayış binası (YDM) tam mülkiyyət hüququ üzrə “Jalə” şirkətinin adına daşınmaz əmlakın dövlət reyesterində 1 nömrəli reyester kitabının 14 nömrəli vərəqində qeydiyyata alınmışdır. Buna dair DƏDRX hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyesterindən MH seriyalı ******* saylı çıxarış da verilmişdir. Cavabdehlərin istifadəsində olan tikili YDM-nin həm yeraltı yanacaq çənlərinin, həm də yanacaq doldurma aparatlarının 50 metrlik mühafizə zolağına düşür. Bundan başqa cavabdehlərin istifadəsində olan Saatlı şəhəri, M.Ağayev küçəsində yerləşən tikinti obyektinin bir divarı “Jalə” şirkətinin balansında olan YDM-nin daş hasarının üzərində inşa edilmişdir. Bu hal Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 31 may 2023-cü il tarixli, 10/649 nömrəli ekspert rəyi ilə sübut olunur. Bu halda da iddiaçının tələbi qanuni olduğundan onun qanunla qorunan hüquqları məhkəmə qaydasında müdafiə olunmalıdır. Məhkəmə cavabdeh tərəfin göstərdiyi dəlilləri isə tələbdən yayınmaq üçün özünü müdafiə halı kimi qiymətləndirir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və ya beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməklə DƏDRX hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyesterindən MH seriyalı ******* saylı çıxarışda göstərilən və “Jalə” şirkətinin mülkiyyətində olan torpaq sahəsində yerləşən yanacaq doldurma məntəqəsinin daş hasarının üzərində inşa edilmiş, cavabdehlər Cavabdeh2 və X5 istifadəsində olan tikilinin divarı və yanacaq doldurma aparatlarından və yanacaq çənlərindən 50 (əlli) metr məsafədə olan hissəsi cavabdehlər Cavabdeh2 və X5 hesabına sökülməli, cavabdehlər tərəfindən yaradılmış maneələrə son qoyulmalı və cavabdehlərə qanunsuz hərəkətləri etmələri qadağan edilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. İşdə olan mədaxil qəbzindən görünür ki, iddiaçı «Jalə» şirkətinin direktoru X4 100 manat vəkil xidmət haqqı ödəmişdir. İşdə olan mədaxil qəbzindən görünür ki, iddiaçı «Jalə» şirkətinin direktoru X4 100 manat dövlət rüsumu ödəmişdir. İşə əlavə edilmiş 31 may 2023-cü il tarixli, 10/649 nömrəli ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçı «Jalə» şirkətinin direktoru X1 ödədiyi 100 manat dövlət rüsumu, 100 manat vəkil xidmət haqqı, cəmi 200 manat cavabdehlər Cavabdeh2 və X3 müştərək qaydada tutulub iddiaçı «Jalə» şirkətinin direktoru X2 verilməlidir. Ekspertiza tədqiqinin dəyəri olan 50 manat isə cavabdehlər Cavabdeh2 və X3 müştərək qaydada alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qətetdi: İddia qismən təmin edilsin. DƏDRX hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyesterindən MH seriyalı ******* saylı çıxarışda göstərilən və “Jalə” şirkətinin mülkiyyətində olan torpaq sahəsində yerləşən yanacaq doldurma məntəqəsinin daş hasarının üzərində inşa edilmiş, cavabdehlər Cavabdeh2 və X5 istifadəsində olan tikilinin divarı və yanacaq doldurma aparatlarından və yanacaq çənlərindən 50 (əlli) metr məsafədə olan hissəsi cavabdehlər Cavabdeh2 və X5 hesabına sökülsün. Cavabdehlər tərəfindən yaradılmış maneələrə son qoyulsun və cavabdehlərə qanunsuz hərəkətləri etmələri qadağan edilsin. İddiaçı «Jalə» şirkətinin direktoru X1 ödədiyi 100 manat dövlət rüsumu, 100 manat vəkil xidmət haqqı, cəmi 200 (iki yüz ) manat cavabdehlər Cavabdeh2 və X3 müştərək qaydada tutulub iddiaçı «Jalə» şirkətinin direktoru X2 ödənilsin. Ekspertiza tədqiqinin dəyəri olan 50 (əlli) manat cavabdehlər Cavabdeh2 və X3 müştərək qaydada alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar