Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № 2(056)-178/2025 22.12.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclasının katibi) Quliyev Mətin Azər oğlunun katibliyi, İddiaçı1 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı4 və İddiaçı3 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı (3-cü şəxs Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 13 saylı Şirvan Ərazi İdarəsi göstərilməklə) «mülkiyyətə verilmiş pay torpağının bölünüb ayrılaraq iddiaçılara verilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Sabirabad Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İDDİA TƏLƏBİNİN MAHİYYƏTİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı4 və İddiaçı3 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı (3-cü şəxs Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 13 saylı Şirvan Ərazi İdarəsi göstərilməklə) «mülkiyyətə verilmiş pay torpağının bölünüb ayrılaraq iddiaçılara verilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Əmlak Məsələləri Dövlət Xidməti Komitəsi yanında DƏDRX Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyesterindən verilmiş çıxarış əsasında İddiaçı1 0,065356 ha, İddiaçı2 0,065356 ha, İddiaçı4 0,24279 ha və İddiaçı3 0,24279 ha torpaq sahəsinin bölünüb ayrılaraq onlara verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçılar tələbi onunla əsaslandırmışlar ki, Əmlak Məsələləri Dövlət Xidməti Komitəsi yanında DƏDRX Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyesterindən çıxarış ilə hüququ rəsmiləşdirilən şəxs olaraq Cavabdeh1 adına Sabirabad rayonu Cavad kəndində xüsusi mülkiyyət olaraq kənd təsərrüfatı təyinatlı torpaqları üzrə 1,8956 ha torpaq sahəsi verilmiş və hüquq sahibi olaraq xx.xx.2024-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrə ilə Cavabdeh1 0,065356 ha, Cavabdeh2 0,24279 ha, X1 0,24279 ha, İddiaçı1 0,065356 ha, Cavabdeh3 0,24279 ha, X2 0,24279 ha, Cavabdeh4 0,24279 ha, İddiaçı2 0,065356 ha, İddiaçı4 0,24279 ha və İddiaçı3 0,24279 ha torpaq sahəsi verilmişdir. Hüquq sahiblərindən X3 xx.xx.2021-ci il tarixdə və X5 xx.xx.2014-cüi ldə vəfat etmişlər. Hazırda İddiaçı1 0,065356 ha, İddiaçı2 0,065356 ha, İddiaçı4 0,24279 ha və İddiaçı3 0,24279 ha torpaq sahəsi düşür. Lakin notarial qaydada bölünmə mümkün deyildir. Çünki cavabdehlər notarial qaydada bölünmədən imtina etdikləri üçün pay torpağının bölünməsi mümkün olmamışdır. Hazırda cavabdehlərdən bölgünün aparılmasını xahiş etsələr də, onlar bundan imtina edirlər. Bu da onların hüquqlarını pozur. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. TƏRƏFİN İZAHATİ: Məhkəmə iclasında iştirak edən İddiaçı1 iddia tələbini müdafiə edərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada xəbərdar edilmiş digər iddiaçılar İddiaçı2, İddiaçı4, İddiaçı3, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının gəlməyən şəxslərin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. İŞ ÜZRƏ TƏQDİM EDİLMİŞ SÜBUTLAR: İddia ərizəsinə əlavə edilmiş: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Çıxarışdan görünür ki, Sabirabad rayonu, Cavad kəndi ərazisində yerləşən 1,8956 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh1 0,065356 ha, Cavabdeh2 0,24279 ha, X1 0,24279 ha, İddiaçı1 0,065356 ha, Cavabdeh3 0,24279 ha, X2 0,24279 ha, Cavabdeh4 0,24279 ha, İddiaçı2 0,065356 ha, İddiaçı4 0,24279 ha və İddiaçı3 0,24279 ha payla onların paylı mülkiyyətindədir və paylı mülkiyyət ********** qeydiyyat nömrəsi ilə xx.xx.2024-cü ildə qeydiyyata alınmışdır. Ölüm haqqında şəhadətnamələrin surətindən görünür ki, paylı mülkiyyətçilərdən X3 xx.xx.2021-ci il tarixdə və X5 xx.xx.2014-cü ildə vəfat etmişlər. Sabirabad rayon İcra hakimiyyəti başçısının Qarətəpə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən X4 verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, onun mərhum həyat yoldaşı X8 xx.xx.2013-cü ildə vəfat etmiş, mərhumun daimi yaşayış yeri Sabirabad rayonu Nərimankənd kəndi olmuş, onun vərəsələri olaraq X6, X10, X11, X16, X7 və X12 qalmışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3-38/2-3390/2025 saylı mütəxəssis rəyindən görünür ki, Sabirabad rayonunun Cavad kəndində yerləşən xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən iddiaçılar və cavabdehlərin paylı mülkiyyətində olan 1,8956 ha torpaq sahəsi üzrə iddiaçılar İddiaçı1 məxsus 0,065356 ha, İddiaçı2 məxsus 0,065356 ha, İddiaçı4 məxsus 0,24279 ha və İddiaçı3 məxsus 0,24279 ha torpaq sahəsinin paylara uyğun olaraq naturada ayrılması mümkündür. Sabirabad rayonunun Cavad kəndində yerləşən xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən iddiaçılar və cavabdehlərin paylı mülkiyyətində olan 1,8956 ha torpaq sahəsi üzrə iddiaçılar İddiaçı1 məxsus 0,065356 ha, İddiaçı2 məxsus 0,065356 ha, İddiaçı4 məxsus 0,24279 ha və İddiaçı3 məxsus 0,24279 ha torpaq sahəsinin paylara uyğun olaraq naturada bölgüsü iddiaçıların ümumi birgə payına düşən 0,6163 ha torpaq sahəsinin koordinatları və cizgisi mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planında göstərilmişdir. SÜBUTLARİN QİYMƏTLƏNDİRİLMƏSİ VƏ HÜQUQİ TÖVSİF: Məhkəmə izahatı dinləyib, işdə olan sübutları hərtərəfli, tam və obyektiv araşdıraraq, iş üzrə müəyyən olunmuş halları onlara tətbiq edilməli olan hüquq normaları baxımından qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Beləliklə, məhkəmə araşdırma zamanı müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Çıxarışa əsasən, Sabirabad rayonu, Cavad kəndi ərazisində yerləşən 1,8956 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh1 0,065356 ha, Cavabdeh2 0,24279 ha, X1 0,24279 ha, İddiaçı1 0,065356 ha, Cavabdeh3 0,24279 ha, X2 0,24279 ha, Cavabdeh4 0,24279 ha, İddiaçı2 0,065356 ha, İddiaçı4 0,24279 ha və İddiaçı3 0,24279 ha payla onların paylı mülkiyyətindədir və paylı mülkiyyət ********** qeydiyyat nömrəsi ilə xx.xx.2024-cü ildə qeydiyyata alınmışdır. Hazırda iddiaçılar paylarının naturada ayrılmasının cavabdehlərin razılığı ilə həll olunmaması əsası ilə məhkəməyə müraciət etmişlər. Məhkəmə ilk öncə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 220.3-cü maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 04 aprel 2014-cü il tarixli Qərarına əsasən, ümumi paylı mülkiyyətdə olan payın ayrılması iki formada həyata keçirilə bilər: 1) ümumi paylı mülkiyyətdə olan payın natura formasında ayrılması; 2) pul kompensasiyasının (dəyərinin) ödənilməsi. Ümumi mülkiyyətdə pay mühüm hüquqi funksiyanı həyata keçirir. Xüsusilə, ümumi mülkiyyətin saxlanmasına çəkilən xərclərdə mülkiyyətçilər, payın həcminə müvafiq olaraq iştirak edirlər (Mülki Məcəllənin 217-ci maddəsi). Paylı mülkiyyətin iştirakçısı ümumi mülkiyyətin ideal paya mütənasib payın onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir. Paylara mütənasib ümumi əşyanın istifadəsindən götürülən bəhər, məhsul və gəlir paylara uyğun şəkildə bölüşdürülür (Mülki Məcəllənin 216-cı maddəsi). Mülki Məcəllənin 220.1 və 220.2-ci maddələri özündə paylı mülkiyyətdə olan əşyanın bölünməsi və ya ondan mülkiyyətçilərdən birinin payının ayrılmasının üsul və şərtlərinə dair bütün mülkiyyətçilər arasında razılığın əldə olunmasının vacibliyini nəzərdə tutan ümumi prinsipləri əks etdirir. Həmin maddədə həmçinin göstərilmişdir ki, paylı mülkiyyətin mülkiyyətçiləri arasında müvafiq razılığın əldə olunmaması onları ümumi mülkiyyətin bölüşdürülməsi və ya ondan payın naturada ayrılması hüququndan məhrum etmir və maraqlı mülkiyyətçi öz payının ümumi əmlakdan ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına qanunla yol verilmirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir (Mülki Məcəllənin 220.3-cü maddəsi). Mülki Məcəllənin 220.4-cü maddəsində bu hüququn həyata keçirilməsinin mümkünlüyü paylı mülkiyyətin mülkiyyətçisinə payın naturada ayrılması əvəzinə digər mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun razılığının olması ilə əlaqələndirilmişdir. Bununla, mülkiyyətçiyə düşən pay əvəzinə pul kompensasiyasının ödənilməsi yalnız payın naturada ayrılması mümkün olmadıqda və onun razılığı ilə həyata keçirilə bilər. Qeyd etmək lazımdır ki, bu qayda yalnız Mülki Məcəllənin 220.3-cü maddəsinə müvafiq olaraq payın naturada ayrılması tələbi irəli sürüldüyü halda tətbiq oluna bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna əsasən, 1 saylı Protokolun 1-ci maddəsinin mühüm tələblərindən biri ondan ibarətdir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət hakimiyyəti orqanı tərəfindən edilən istənilən müdaxilə qanuni olmalıdır... Qanunilik prinsipi onu da nəzərdə tutur ki, daxili qanunvericiliyin tətbiq edilə bilən normaları kifayət qədər əlçatan, dəqiq olsun və tətbiq edilərkən onların nəticələrini öncədən görmək mümkün olsun. Konvensiya tərəfindən tanınan hüququn və ya azadlığın həyata keçirilməsinə hər hansı müdaxilə qanuni məqsəd daşımalıdır... 1 saylı Protokolun 1-ci maddəsinə xas olan “ədalətli balans” prinsipi özlüyündə cəmiyyətin ümumi marağının mövcudluğunu nəzərdə tutur... Mülkiyyətdən maneəsiz istifadə etmək hüququna müdaxilə zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli balans” gözlənilməlidir... Konkret olaraq, dövlət istənilən tədbiri tətbiq edərkən, ... tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır (Böyük palatanın Broniovski Polşaya qarşı iş üzrə 22 iyun 2004-cü il tarixli Qərarı, §147-148, 150; Böyük palatanın Skordino İtaliyaya qarşı iş üzrə 29 mart 2006-cı il tarixli Qərarı, § 93). Nəzərə alınmalıdır ki, əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməlidir. Həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin paylı mülkiyyətlə bağlı bəzi müddəalarının tətbiqi məsələləri üzrə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki və Kommersiya Kollegiyalarının 02/2024 saylı, xx.xx.2024-cü il tarixli Qərarına əsasən, Paylı mülkiyyətdə olan əşyanın mülkiyyətçilər arasında bölünməsi və ya mülkiyyətçinin əşyadakı payının ayrılması – bu məsələləri nizamlayan Mülki Məcəllənin 220 və 221-ci maddələrinin məzmunundan belə nəticəyə gəlmək olar ki, bölünmə və ayrılma anlayışları eynilik təşkil etməməklə, fərqli hüquqi mexanizmləri nəzərdə tutur. Paylı mülkiyyətdə olan əşyadan mülkiyyətçilərin birinin (və ya bir neçəsinin) payının ayrılması proseduru Mülki Məcəllənin 220.3-220.6-cı maddələri, ümumi paylı mülkiyyətdə olan əşyanın bölünməsi ilə əşya üzərində iştirakçıların paylı mülkiyyət hüquqlarına xitam verilməsi proseduru isə 221-ci maddəsi ilə tənzimlənir. Hər iki prosedur ilk olaraq tərəflərin razılığı ilə, bu mümkün olmadıqda isə mübahisənin məhkəmədə həll olunmasını nəzərdə tutur (Mülki Məcəllə, 220.3-cü maddənin birinci cümləsi və 221-ci maddənin 2-ci cümləsi). Əşya üzərində mülkiyyət hüququndakı payın ayrılması isə bütün hallarda ümumi paylı mülkiyyət hüququna xitam verilməsi ilə nəticələnmir. Bu baxımdan əşyanın bölünməsi halından fərqli olaraq, payın ayrılması halı üçün Mülki Məcəllənin 220.2-220.6-cı maddələrində payın naturada ayrılması, bu mümkün olmadıqda kompensasiya ödənilməklə paya xitam verilməsi və əşyanın açıq hərracdan satışından ibarət üç ardıcıl hüquqi mexanizm müəyyən edilmişdir. Bu zaman həmin ardıcıllıq gözlənilməklə payın naturada ayrılması baş tutduqda yalnız ayrılan şəxs(lər) ümumilikdən çıxaraq fərdi mülkiyyətçiyə çevrilir, bu mümkün olmadıqda isə kompensasiya ödənilməklə yalnız həmin şəxs(lər)in əşya üzərində mülkiyyət hüququna xitam verilir. Nəzərə alınmalıdır ki, paylı mülkiyyətçilər aralarındakı mübahisəli vəziyyətin həlli məqsədilə yuxarıda qeyd olunan hüquqi mexanizmlərdən (əşyaya sahiblik və ondan istifadə qaydasının müəyyən edilməsi, paylı mülkiyyətçinin öz payı üzərində sərəncam verməsi, paylı mülkiyyətdə olan əşyanın mülkiyyətçilər arasında bölünməsi və mülkiyyətçinin əşyadakı payının ayrılması) hər hansı birini seçməkdə sərbəstdirlər. Qanunverici bu mexanizmlərdən mərhələli şəkildə istifadə edilməsi ilə bağlı hər hansı imperativ qayda müəyyən etməmişdir. Paylı mülkiyyətçilər öz seçimləri əsasında onlardan mərhələli şəkildə istifadə edə və ya hər hansı birini seçməklə digərlərini aradan qaldıra bilərlər. Məhkəmələr bu kateqoriyadan olan işlərə baxarkən bütün payçıların qanunla qorunan hüquq və mənafelərinin bərabər müdafiəsi məqsədilə ilk növbədə tərəflər arasındakı mübahisəli vəziyyətin nədən irəli gəldiyini, iddiaçının hazırkı iddia ilə əldə etmək istədiyi hüquqi nəticənin nədən ibarət olduğunu, çatmaq istədiyi hüquqi mənafeyə uyğun düzgün hüquqi mexanizm seçibseçmədiyini aydınlaşdırmalı, uyğunsuzluq halında qanunvericilikdə nəzərdə tutulmuş bütün hüquqi müdafiə vasitələrindən istifadənin mümkünlüyünü tərəflərlə müzakirə etməlidirlər. Bu yolla paylı mülkiyyətçilər mülkiyyət hüquqlarının daha real və effektiv şəkildə realizəsinə nail olmaqla, aralarındakı mübahisənin buna zərurət olmadığı halda paya və ya bütünlükdə ümumi mülkiyyət hüquqlarına xitam verilməsi ilə nəticələnəcək şəkildə həllindən qorunmuş olurlar. Məhkəmə iddiaçının çatmaq istədiyi hüquqi nəticənin ümumi mülkiyyətdə olan əşyadan payın ayrılması və ya əşyanın bölünməsindən ibarət olduğunu müəyyən edərsə, həmin tələbin qanuni əsasını təşkil edən Mülki Məcəllənin müvafiq olaraq 220.3-220.6-cı və 221-ci maddələrini tətbiq etməklə mübahisəni həll etməlidir. Mülki Məcəllənin 220-ci maddəsinin məzmunundan və Konstitusiya Məhkəməsinin Plenumunun həmin qərarındakı izahlardan müəyyən olunur ki, ümumi paylı mülkiyyətdə olan əşyadan payın ayrılması aşağıdakı üç mərhələdən ibarətdir: 1) ümumi paylı mülkiyyətdə olan əşyadan payın natura formasında ayrılması; 2) kompensasiya (payın dəyəri) ödənilməsi; 3) əşyanın məhkəmə qərarı ilə açıq hərracdan satılması və əldə olunan vəsaitin paylara mütənasib surətdə mülkiyyətçilər arasında bölüşdürülməsi. Bu tələblər üzrə hər növbəti mərhələnin yoxlanılmasına özündən əvvəlki mərhələnin tətbiqi mümkün olmadığı halda yol verilir. Yəni əgər payın naturada ayrılmasına yol verilmirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin digər mülkiyyətçilər tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Bu qaydalara əsasən əvvəlki iki mərhələnin tətbiqi mümkün olmadığı halda isə əşya məhkəmə qərarı ilə açıq hərracdan satıla və əldə olunan vəsait paylara mütənasib surətdə mülkiyyətçilər arasında bölüşdürülə bilər. Qeyd edilən məcburi qaydanın tətbiqi həm ayrılmaq istəyən paylı mülkiyyətçinin, həm də qalan mülkiyyətçilərin mülkiyyət hüquqlarının müdafiəsinə yönəlmişdir. Belə ki, bununla bir tərəfdən mülkiyyətçiyə əmlakdakı payına sərəncam vermək, digər tərəfdən isə qalan mülkiyyətçilərə əşyanı ümumi paylı mülkiyyətlərində saxlamaq imkanı verilir. Ona görə də, bu mərhələlərin yoxlanılması formal xarakter daşımamalı, tərəflər bundan istifadə etməklə bir-birinin hüquqlarını reallaşdırmağa maneə yaratmamalı, hüquqdan sui-istifadəyə yol verilməməlidir. Birinci mərhələ üzrə məhkəmə tərəfindən ilk növbədə iddiaçının əşya üzərində mülkiyyət hüququndakı payının naturada bölgüsünün mümkün olub-olmadığı, ayrılan payın vahid daşınmaz əşya konsepsiyasına uyğun gəlib-gəlmədiyi istiqamətində araşdırma aparılmalıdır. Əşyanın xüsusiyyətləri nəzərə alınmaqla onun naturada bölgüsünün aşkar surətdə mümkünsüzlüyü halında məhkəmə hər hansı əlavə araşdırma aparmadan bu mərhələnin yoxlanılmasını yekunlaşdırmaqla, iddiaçının istəyinə uyğun olaraq ikinci mərhələyə keçid etməlidir. Beləliklə, məhkəmə işin yuxarıda sadalanan hallarını və sadalanmış hüquqi mövqeləri nəzərə alaraq hesab edir ki, əldə edilmiş mütəxəssis rəyi ilə tərəflərin paylı mülkiyyətində olan torpaq sahəsinin naturada bölgüsünün mümkünlüyü müəyyən edildiyindən Plenum qərarı ilə müəyyən edilmiş paylı mülkiyyətçilər arasında yaranan ixtilafların həlli mexanizmi üzrə sonrakı mərhələlər istisna edilməli, iddia tələbi təmin edilməli, iddiaçılar İddiaçı1 məxsus 0,065356 ha, İddiaçı2 məxsus 0,065356 ha, İddiaçı4 məxsus 0,24279 ha və İddiaçı3 məxsus 0,24279 ha torpaq sahəsi paylara uyğun olaraq naturada mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planında göstərilən hissələrin koordinatları və cizgisinə uyğun şəkildə ayrılıb tərəflərin hər birinin ayrı-ayrılıqda mülkiyyətinə verilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin məcəllənin 115.0.1-ci maddəsinə əsasən, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yekun olaraq məhkəmə ödənilmiş dövlət rüsumuna münasibətdə hesab edir ki, iddiaçıları bu barədə tələbinin olmaması nəzərə alınaraq ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilməli, mütəxəssis xərcinin isə iddiaçılar tərəfindən ödənilmiş olması və iddiaçıların bu barədə də tələbinin olmaması nəzərə alınmaqla, həmin xərc də iddiaçılara aid edilməlidir. NƏTİCƏ: Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** nömrəli çıxarışla Sabirabad rayonunun Cavad kəndində yerləşən paylı mülkiyyətdə olan 1.8956 ha torpaq sahəsində iddiaçılar İddiaçı1 məxsus 0,065356 ha, İddiaçı2 məxsus 0,065356 ha, İddiaçı4 məxsus 0,24279 ha və İddiaçı3 məxsus 0,24279 ha torpaq sahəsi paylara uyğun olaraq naturada mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planında göstərilən hissələrin koordinatları və cizgisinə uyğun şəkildə ayrılıb onların hər birinin ayrı-ayrılıqda mülkiyyətinə verilsin. İş üzrə ödənilmiş dövlət rüsumu və mütəxəssis xərci iddiaçılara aid edilsin. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetlə Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(056)-178/2025
Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №2(056)-178/2025
22.12.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver