Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № 2(056)-2086/2025 10.09.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Cəfərov Cavid Zahid oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyev Ələkbər Əlisahib oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh X3 qarşı yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi və yaşayış üzrə qeydiyyatdan çıxarılması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Seriya RX ******* nömrəli çıxarışdan görünür ki, ünvan 1 fərdi yaşayış evi xx.xx.2013-cü il tarixdən İddiaçı xüsusi mülkiyyətindədir.
2. Sabirabad Rayon Polis Şöbəsi tərəfindən verilmiş 09 iyun 2025-ci il tarixli məktubdan görünür ki, ərizədə qeyd etdiyi şəxsin qeydiyyatdan çıxarılması mümkün olmamış, həmin şəxslərin qeydiyyatdan çıxarılması üçün məhkəmə orqanlarına müraciət etmək hüququnun olması izah olunmuşdur.
3. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında 20 may 2025-ci il tarixli arayışından görünür ki, X1 şəhəri, Həzi Aslanov küçəsi, ev 4 ünvanında qeydiyyatdadır.
İddia tələbinin və ona etirazın dəlilləri, məhkəmə icraat iştirakçılarının izahatları
a) iddia tələbi
4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabeh Cavabdeh Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidmətinin əsasında tam mülkiyyət hüququ üzrə adına qeydə alınmış, ünvan 1-də yaşayış sahəsindən istifadə hüququna xitam verilərək qeydiyyatdan çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddianın əsaslarına görə, Sabirabad şəhəri, H.Aslanov küçəsi ev 4 fərdi yaşayış evi Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri əsasında tam mülkiyyət hüququ üzrə adıma qeydə alınmışdır.Həmin evdə ailəsi ilə birlikdə yaşayır. Cavabdeh onun bacısı qızıdır. O, uzun müddətdir ki, Türkiyə Respublikasında yaşayır. O, Azərbaycana gəlib qeydiyyatdan çıxa bilmir. Yəni Azərbaycana gələ bilmir.Qeydiyyatdan çıxmağa razıdır. Cavabdehnm evinə qeydiyyatı formal xarakter daşıyır. Evdə formal qeydiyyatda olanla heç bir şəxsi və işgüzar münasibəti olmayıb. O, Mülki Məcəllənin 228-ci maddəsində nəzərdə tutulan ailə üzvü deyil. Onun evində qeydiyyatda olması mülkiyyətçi kimi həmin evə sərəncəm vermək hüququmu məhdudlaşdırır. Belə səbəblərə görə hazırki iddia ilə məhkəməyə müraciət edir. Cavabdehin onun evində qeydiyyatı formal xarakter daşıyır .Bu da şəxsi mülkiyyət hüququ əsasında ona məxsus ev üzərində sahiblik və sərəncam hüquqlarımı pozur. Yaşayış yeri və olduğu yer üzrə Qeydiyyat haqqında Azərbaycan Respublikasının 04 aprel 1996-cı il tarixli Qanunun 9- cu maddəsinin 5-ci bəndi və «yaşayış yeri və olduğu yer üzrə qeydiyyət haqqında» Azərbaycan Respublikası Qanununun tədbiqi haqqında 08 dekabr 1999-cu il tarixli Əsasnamənin 10-cu hissəsinin «d» bəndində göstərilir ki, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır.
b) iddiaya qarşı etiraz
6. İddia tələbinə qarşı yazılı etiraz daxil olmamışdır.
a) məhkəmə icraat iştirakçılarının izahatları
7. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin məzmununa uğun izahat verərək, göstərmişdir ki, Cavabdeh onun bacısı qızıdır. O, uzun müddətdir ki, Türkiyə Respublikasında yaşayır. O, Azərbaycana gəlib qeydiyyatdan çıxa bilmir. Yəni Azərbaycana gələ bilmir. Qeydiyyatdan çıxmağa razıdır. Cavabdehnm evinə qeydiyyatı formal xarakter daşıyır. Evdə formal qeydiyyatda olanla heç bir şəxsi və işgüzar münasibəti olmayıb.
8. Məhkəmə iclasında video konfrans vasitəsi ilə əlaqə saxlanılan cavabdeh X4 iddianın təmin olunmasına etiraz etmədiyini bildirdi.
Tətbiq edilən hüquq
9. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 157.4. əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər; Maddə 228.2. yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir; Maddə 228.5. yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır;
10. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” xx.xx.2016-cı il tarixli qərarı: Mülki Məcəllənin 262.2-ci maddəsinə əsasən, yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər. Bu maddənin müddəaları baxımından Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə (məsələn, keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi; ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi; nikaha daxil olaraq ər-arvadın evinə köçməsi və s.) həmin hüquqa xitam verilməsi kompensasiya ödəmədən mümkündür. Burada nəzərə almaq lazımdır ki, Mülki Məcəllənin 262.2-ci maddəsinin mənasına görə, Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququnun həyata keçirilməməsi öz-özlüyündə (müstəqil olaraq) həmin hüququn xitamı üçün əsas deyil. Lakin uzun müddət ərzində və davamlı olaraq bu hüquqdan könüllü istifadə edilməməsi servitutun qoyulduğu əsasların aradan qalxdığı faktının müəyyən olunması üçün xüsusi əhəmiyyət daşıyır.
11. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
Məhkəmə baxışının hədləri
12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
Məhkəmənin mövqeyi
13. İşdəki sübutlarla müəyyən olunur ki, ünvan 1 fərdi yaşayış evi xx.xx.2013-cü il tarixdən İddiaçı xüsusi mülkiyyətindədir.
14. İddiaçı hazırda cavabdehin istifadə hüququna xitam verilərək qeydiyyatdan çıxarılmasını xahiş edir.
15. Məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçının hazırkı iddianı qaldırmağa subyektiv hüququ mövcuddur.
16. Məhkəmə nəzərə alır ki, cavabdeh uzun müddətdir ki, faktiki olaraq mübahisə predmeti olan mənzildə yaşamır, əvvəllər də heç vaxt yaşamamışdır, sadəcə mənzildə formal qeydiyyatdadır. Odur ki, sözügedən mənzilə istifadə hüquqlarının olmaması hüquqi faktının müəyyən edilməklə tanınması yolveriləndir.
17. Mənzilə formal qeydiyyat isə özü-özlüyündə istifadə hüquqlarının mövcud olmasına əsas deyildir. Bundan əlavə, cavabdehin iradəsinə zidd şəkildə mənzildən istifadə hüquqlarının məhdudlaşdırılması xüsusatları müəyyən edilmir.
18. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Qanunun 9-cu maddəsinə əsasən, yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır.
19. Odur ki, yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi və yaşayış üzrə qeydiyyatdan çıxarılması növündə iddianın təmin olunması üçün bütün zəruri şərtlərin mövcudluğu iş materialları ilə təsdiqini tapır.
20. Beləliklə, işin hazırkı faktiki halları çərçivəsində iddia tələbi təmin olunmalı, cavabdeh X2 İddiaçı ünvan 1 nömrəli mənzilindən istifadə hüquqlarının olmaması müəyyən edilməli, qətnamə xx.xx.1986-cı il təvəllüdlü X2 ünvan 1 nömrəli mənzildən pasport qeydiyyatından çıxarılması üçün hüquqi əsas təşkil etməlidir.
21. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220, 227, 233, 358, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi:
İddia təmin edilsin. Cavabdeh X2 ünvan 1 mənzildən istifadə hüququ itirilmiş hesab edilsin. Hazırkı qətnamə X2 ünvan 1 mənzil üzrə pasport qeydiyyatının ləğvi üçün əsasdır. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Sabirabad Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Cavid Cəfərov