Məhkəmə qərarları › İş №2(056)-33/2023

Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №2(056)-33/2023

24.02.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № 2(056)-33/2023 24.02.2023 SABİRABAD RAYON MƏHKƏMƏSİ X7 Allahverdiyevin sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Mətin Azər oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «avtomobilə və səhhətə dəymiş ziyanın ödənilməsi» barədə iddiası üzrə mülki işə Sabirabad şəhərində xx.xx.2023-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «avtomobilə və səhhətə dəymiş ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh avtomobilə vurulmuş ziyana görə 5065 manat, səhhətə vurulmuş ziyana görə 750 manat, ödənilmiş dövlət rüsumunun əvəzində 78,15 manat, həmçinin MPM-nin 121.1-ci maddəsinə əsasən ödənilmiş 60 manat hüquqi yardıma görə xidmət haqqının cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bağırov X1 rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(056)-901/2022 saylı qərarı ilə İXM-nin 333.3-cü maddəsinəd nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 2 il müddətə nəqliyyat vasitələrini idarə etmə hüququ məhdudlaşdırılmaqla 17 gün müddətinə inzibati qaydada həbs edilmişdir. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Cavabdeh xx.xx.2022-ci il tarixdə saat 20:30 radələrində Sabirabad şəhəri, H.Əliyev prospektində idarə etdiyi “Renault Megane” markalı, **-TP-*** dqn avtomobillə hərəkətdə olarkən qarşıda dayanmış ona məxsus və idarə etdiyi “Skoda Octavia” markalı, ** SK *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmaqla ona maddi ziyan vurmuş, həmçinin toqquşma nəticəsində ona dərəcəsi müəyyən edilməyən (beyin silkələnməsi) xəsarətlər yetirmiş, yoxlama zamanı cavabdehin avtomobili sərxoş halda idarə etməsi müəyyən edilmişdir. Cavabdehin İXM-nin 333.3-cü maddəsində nəzərdə tutulan əməli törətməsi məhkəmə qərarı ilə öz təsdiqini tapmışdır. Cavabdeh tərəfindən yol hərəkət qaydalarının pozulması nəticəsində ona 5065 manat maddi ziyan dəymişdir. Maddi ziyanın həcmi xx.xx.2022-ci il tarixli 0031 saylı müayinə aktı ilə müəyyən edilmiş və qeyd olunan məhkəmə qərarı ilə təsdiq edilmişdir. Bundan əlavə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertizası və X5 tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş “canlı şəxsin ekspertizası” haqqında xx.xx.2022-ci il tarixli, 414 nömrəli rəydən görünür ki, tibbi müayinə zamanı onda qapalı kəllə beyin travması, baş beyin silkələnməsi ilə müşayiət olunan, təpə hissəsində sol məmə xətti üzrə 4-5-ci qabırğa səviyyəsində qançırlarla müşayiət olunan dərəcəsi təyin olunmayan xəsarətlər almışdır. Aldığı xəsarətlərdən sağalması üçün 750 manat xərc çəkmişdir. Odur ki, iddianın təmin olunması xahiş olunmuşdur. İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək iddia tələbini müdafiə etdiyini və məhkəmə iclasının onun iştirakı olmadan keçirilib iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə cavabdehin iddiaçının iştirakı olmadan işə baxılmasına etiraz etməməsini nəzərə alaraq məhkəmə iclasının iddiaçının iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbinə etiraz edərək bildirdi ki, o, ekspert rəyi ilə tanış olmuşdur. İddiaçının səhhətinə dəymiş ziyana görə 750 manat məbləğində pul vəsaiti, həmçinin avtomobilə dəymiş zərərin əvəzində 3000 manat, ümumilikdə 3750 manat məbləğində pul vəsaiti "xxxx" ASC tərəfindən iddiaçıya ödənilməsini, hazırda artıq müəyyən edilərsə həmin məbləğin onun tərəfindən deyil, Sığorta Şirkəti tərəfindən ödənilməli olduğunu qeyd edərək, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Sabirabad RPŞ-nin TB-nin təhqiqatçısı, polis mayoru Məmmədzadə Abuşov tərəfindən qəbul edilmiş Cavabdeh və X4 əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanmasının rədd edilməsi, Cavabdeh barəsində İXM-in 333.3 və 510cu maddələri ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surətinin aidiyyəti üzrə DYPB və İTByə göndərilməsi qərara alınmışdır. Sabirabad rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(056)-901/2022 saylı qərarının surətindən görünür ki, Cavabdeh İXM-nin 333.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 2 il müddətə nəqliyyat vasitələrini idarə etmə hüququ məhdudlaşdırılmaqla 17 gün müddətinə inzibati qaydada həbs edilmişdir. İş materiallarında olan avtomobilə dəymiş ziyan haqqında fiziki şəxs X6 tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, 0031 saylı aktdan görünür ki, ** SK *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın məbləği 5065 manat müəyyən edilmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş Cavabdeh ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində təkcə İddiaçı sağlamlığına dəymiş zərərə görə 750 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş Cavabdeh ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkənlərə dəymiş zərərə görə ümumilikdə 3750 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Əldə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 9/8530 saylı ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, iş materiallarında olan xx.xx.2022-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2013-cü il buraxılışlı “Skoda Octavia” markalı, ** SK *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 3948 manat müəyyən edilir. Ekspert rəyinə əlavə edilmiş bildirişdən görünür ki, məhkəmə-əmtəəşünaslıq ekspertizası tədqiqatının dəyəri 100 manat təşkil edir. Azərbaycan Respublikasının Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu hüquqla və ya qanunla müdafiə edilən başqa şəxslə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərər vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludur, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin üzərinə qoyulur. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Yuxarıda qeyd olunan maddi hüquq normalarına əsaslanaraq iddia tələbinin avtomobilə vurulmuş zərərin əvəzinin ödənilməsi hissəsinə münasibətdə məhkəmə hesab edir ki, cavabdeh törətdiyi mülki hüquq pozuntusuna (deliktə) görə iddiaçının qarşısında mülki məsuliyyət daşıyır və iddiaçı dəymiş zərərin əvəzinin ödənilməsini tələb etməkdə haqlıdır. Avtomobilə dəymiş zərərin həcmi və məbləğinin müəyyən edilməsinə dair isə məhkəmə qeyd edir ki, bu məsələ iş üzrə əldə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 9/8530 saylı ekspert rəyinə uyğun həll edilməli, iddiaçıya cavabdeh tərəfindən törədilmiş yol-nəqliyyat hadisəsinə görə 3948 manat məbləğində ziyan vurulmuş olması, iddiaçının avtomobilinə vurulmuş ziyana görə Sığorta Şirkəti tərəfindən iddiaçıya 3000 manat ödəniş edilməsi nəzərə alınmalı, ödənilmiş məbləğ hazırda müəyyən edilmiş ziyan məbləğindən çıxılmalı (3948-3000=948), bu xüsusdan cavabdehdən iddiaçının xeyrinə iddiaçının avtomobilinə vurulmuş ziyana görə 948 manat pulun tutulmalı olması qət edilməlidir. İddia tələbinin iddiaçının sağlamlığına vurulmuş ziyana görə pulun cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsinə münasibətdə isə məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş, Sığorta Şirkəti tərəfindən cavabdehə ünvanlanmış xx.xx.2022-ci il tarixli ərizənin məzmunu, yəni həmin məbləğdə pulun Sığorta irkəti tərəfindən iddiaçıya ödənilmiş olması halı nəzərə alınmalı, iddiaçının bu hissədə tələbi Sığorta Şirkəti tərəfindən tam həcmdə qarşılandığından iddia tələbi bu hissədə təmin edilməməlidir. Bundan əlavə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 9/8530 saylı ekspert rəyinə əsasən müəyyən edilmiş 3948 manat ziyanın isə 3000 manat hissəsi iddiaçıya ödənilmişdir. Ona görə də iddia tələbi həmin hissədə qismən təmin edilərək cavabdehdən 948 manat məbəğində pul vəsaiti tutulmalıdır. Bundan əlavə, məhkəmə iddia tələbinin ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulması hissəsinə münasibətdə qeyd edir ki, əsas iddia tələbləri qimən təmin edildiyindən, tələb ödənilmiş dövlət rüsumu hissəsində də qismən əsaslı hesab edilməli, tələbin təmin edilmiş hissəsi nəzərə alınmaqla, bu hissədə iddia qismən təmin edilməli, ödənilmiş dövlət rüsumunun 12,74 manat məbləğində hissəsinin cavabdehdən iddiaçının xeyrinə tutulması qət edilməlidir. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbinin Azərbaycan Respublikasının MPM-nin 121.1-ci maddəsinə əsaslanan hüquqi yardım görə çəkilmiş xərc hissəsinə münasibətdə isə məhkəmə qeyd edir ki, iş materiallarından göründüyü kimi, iddiaçı hüquqi yardıma görə vəkil X3 hesabına 60 manat məbləğində ödəniş etmişdir ki, hazırki iddia tələbi üzrə iddia ərizəsinin hazırlanmasına, hüquqi yardım olaraq müvafiq sənədlərin toplanmasına görə tələb edilən məbləğ ağlabatandır. Ona görə də iddia tələbi bu hissədə də əsaslı hesab edilməli və tam təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Həmin Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yekun olaraq məhkəmə həyata keçirilmiş ekspertiza tədqiqatının dəyərinin tərəflərin hansından və hansı miqdarda tutulmalı olmasına münasibətdə qeyd edir ki, məhkəmə araşdırması zamanı ekspertiza keçirilməsinin zəruriliyi cavabdehin vurulmuş ziyan məbləğini mübahisələndirməsindən irəli gəldiyindən, həyata keçirilmiş ekspertiza tədqiqatı nəticəsində cavabdehin bu hissədə mübahisələndirmə aparmaqla ekspert rəyinə əsasən haqlı olması müəyyən edildiyindən, həmçinin ekspertiza tədqiqatından sonra iddia tələbi qismən təmin edilməli olduğundan ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 manat pulun 50 manat hissəsi iddiaçıya, 50 manat hissəsi isə cavabdehə aid edilməli, həmin məbləğlər iddiaçı və cavabdehdən ayrı-ayrılıqda tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233, 284-5 və 284-6-cı 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh yol-nəqliyyat hadisəsi nəticəsində İddiaçı avtomobilə dəymiş zərərin əvəzi qismində 948 manat, iddia qaldırılması üçün ödənilmiş 78,15 manat dövlət rüsumunun iddianın təmin olunmuş hissəsinə uyğun olaraq 12,74 manat hissəsi və hüquqi yardım üçün ödənilmiş 60 manat məbləğində pul vəsaiti olmaqla, ümumilikdə 1020,74 (bir min iyirmi manat yetmiş dörd qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən aparılmış xx.xx.2023-cü il tarixli 9/8530 №-li məhkəmə-əmtəəşünaslıq ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 manat vəsaitin 50 (əlli) manat hissəsi İddiaçı, 50 (əlli) AZN hissəsi isə Cavabdeh tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********; AZ34CTRE********************, X2, KOD 210005; VÖEN **********; müxbir hesab Az41NABZ013601**********03944, S.W.İ.F.T. BİK: CTREAZ 22) köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi (alındığı) gündən 1 (bir) ay müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar