Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № 2(056)-522/2023 23.02.2023 SABİRABAD RAYON MƏHKƏMƏSİ X1 Allahverdiyevin sədrliyi, Məhkəmə iclasının katibi Mətin Azər oğlu Quliyevin katibliyi, Maraqlı şəxs iştirakı ilə, Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsinin Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə ərizəsi üzrə mülki işə xx.xx.2023-cü il tarixdə Sabirabad şəhəri Sabirabad Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsi ərizə ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs barəsində (doğulduğu tarixxx.xx.1965, doğulduğu yer-Azərbaycan, Sabirabad rayonu Ulacalı kəndi, şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi – xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AZE-********) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Vergilər Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsi ərizəsini onunla əsaslandırmışdır ki,vVergi ödəyicisi olan hüquqi şəxs Azərbaycan Respublikası Təhsil Nazirliyinin 12 saylı Ərazi Hesablaşma Mərkəzinin (VÖEN: **********) işsizlikdən sığorta fonduna 12528,03 manat, icbari Tibbi Sığorta Fonduna 680,09 manat olmaqla, ümumilikdə 13208,12 manat məbləğində borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə ödənilməsi məqsədi ilə vergi ödəyicisinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən xx.xx.2022-ci tarixli **********868200 və xx.xx.2022-ci il tarixli **********014000 nömrəli bildirişlər göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğini ödəməmişdir. Mülki Prosessual Məcəllənin 305.1.12-ci, 355-5-ci, 355-6-cı və 355- 7-ci maddələrində və Miqrasiya Məcəlləsinin 9.3.6-1-ci və 17.1.6-1-ci maddələrində fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması ilə bağlı müvafiq müddəalar nəzərdə tutulmuşdur. Odur ki, məhkəmədən Maraqlı şəxs barəsində ölkədən getmək hüququnun müvəqqətı məhdudlaşdırılması barədə qətnamə qəbul olunması xahiş olunmuşdur. Məhkəmə iclasında iştirak edən Maraqlı şəxs ərizəyə etiraz edərək bildirdi ki, Azərbaycan Respublikası Təhsil Nazirliyinin 12 saylı Ərazi Hesablaşma Mərkəzinin fəaliyyəti xx.xx.2022-ci il tarixdən etibarən dayandırılmış və o, vəzifəsindən azad edilmişdir. Hal-hazırda hüquqi şəxsin varisi Regional Təhsil İdarəsidir. Onun Azərbaycan Respublikası Təhsil Nazirliyinin 12 saylı Ərazi Hesablaşma Mərkəzinin vergi borcuna görə məsuliyyəti istisna olunur. Ona görə də ərizənin rədd olunmasını xahiş edir. Ərizəçi İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsi öz nümayəndəsinin iştirakını məhkəmə iclasında təmin etməmişdir. Məhkəmə maraqlı şəxs etiraz etməməsini nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 185.4-cü maddəsinə əsasən məhkəmə iclasının ərizəçi təşkilatın nümayəndəsinin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə maraqlı şəxsin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməməlidir. Belə ki, məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikası Təhsil X2 tərəfindən imzalanmış xx.xx.2022-ci il tarixli F-99 saylı Əmrin 2, 4, 5 və 6-cı bəndlərindən görünür ki, Azərbaycan Respublikası Təhsil Nazirliyinin (bundan sonra – Nazirlik) rayon və şəhər təhsil şöbələrinin (idarələrinin) əsasında regional təhsil idarələrinin yaradılması, ərazi maliyyə hesablaşma mərkəzləri ləğv edilərək “Azərbaycan Respublikası Təhsil Nazirliyinin ərazi maliyyə hesablaşma mərkəzlərinin yaradılması barədə” Nazirliyin 2015-ci il 14 dekabr 1117 nömrəli əmrinin qüvvədən düşmüş hesab edilməsi, nazirliyin ərazi maliyyə hesablaşma mərkəzlərinin rəhbərlərinə mərkəzlərin ləğvi ilə əlaqədar mərkəzlərin rəhbərləri, onların müavinləri, müvafiq şəhər və rayon üzrə aparıcı məsləhətçilərdən ibarət müvafiq işçi komissiyalar yaratmaları və 3 ay müddətində ləğvetmə prosesinin yekunlaşdırılmasının təmin edilməsi tapşırılmaqla, regional təhsil idarələri rayon və şəhər təhsil şöbəsinin (idarələrin) və ərazi maliyyə hesablaşma mərkəzlərinin hüququ varisi olması və həmin qurumların hüquq və öhdəlikləri, habelə əmlakı müvafiq qaydada idarələrə keçməsi əmr edilmişdir. Məhkəmə mübahisənin hüquqi həlli ilə bağlı bildirir ki, Azərbaycan Respublikasının Konstitusiyasının 73-cü maddəsinin İ hissəsinə əsasən, qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər kəsin borcudur. Vergi Məcəlləsinin 16.1.1-ci maddəsinə görə, qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyisinin vəzifəsidir. Həmin Məcəllənin 23.1.15-3-cü maddəsinə əsasən, vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək vergi orqanının hüququdur. Mülki Prosessual Məcəllənin 355-5.1-ci maddəsinə əsasən, vergi ödəyicisi vergi öhdəliyini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanı fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. Beləliklə, qeyd edilən normaların məzmunundan göründüyü kimi, qanunverici konstitusion əhəmiyyətli dəyərlərdən irəli gələn vergi öhdəliyinin icrasını təmin etmək məqsədi ilə bir sıra tədbirlər müəyyən etmiş və həmin tədbirlərdən biri kimi də vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması institutunu nəzərdə tutmuşdur. Nəzərə alınmalıdır ki, adı çəkilən qanunvericilik aktlarında vergi ödəyicisi olan hüquqi şəxsin vergi borcunun mövcud olması və ödəyici tərəfindən həmin öhdəliyin icra edilməməsi faktı hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün əsas kimi nəzərdə tutulmuşdur. İş materiallarından görünür ki, VÖEN: ********** olan vergi ödəyicisi Azərbaycan Respublikası Təhsil Nazirliyinin 12 saylı Ərazi Hesablaşma Mərkəzinin işsizlikdən sığorta fonduna 12528,03 manat, icbari Tibbi Sığorta Fonduna 680,09 manat olmaqla, ümumilikdə 13208,12 manat məbləğində borcu yaranmışdır. Bununla belə nəzərə alınmalıdır ki, vergi öhdəliyinin icrasını təmin etmək məqsədi ilə ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması tədbiri hüquqi şəxsin icra orqanının rəhbəri barəsində görülə bilər. Hazırkı işə baxılan zaman isə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Təhsil Nazirliyinin 12 saylı Ərazi Hesablaşma Mərkəzi ləğv edilmiş, onun hüquqi varisi təyin edilmiş, Maraqlı şəxs hüquq varisinin rəisi vəzifəsinə təyinat almamışdır. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Təhsil Nazirliyinin 12 saylı Ərazi Hesablaşma Mərkəzinin vergi öhdəliyinin icrasını təmin etmək məqsədi ilə ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması tədbiri qeyd edilən hüquqi şəxsin icra orqanının rəhbəri olmayan Maraqlı şəxs barəsində tətbiq oluna bilməz. Bu səbəbdən də, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsinin Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə ərizəsi rədd olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-7.3-cü maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim ərizənin rədd edilməsi və ya təmin edilməsi barədə qətnamə qəbul edir. Həmin Məcəllənin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Sadalanan qanunvericilik aktlarının tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı, tərəflər isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli və məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslılığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu insitut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Avropa insan Hüquqları Məhkəməsi «Mahmudov Rusiyya Federasiyasına qarşı» 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (Sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübutun kifayət qədər güclü, aydın və bir birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Eyni zamanda «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən bir qayda olaraq «Əsaslı şübhədən kənar» sübut standartları tədbiq edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci və 3557.5-ci maddələrini rəhbər tutub məhkəmə QƏT ETDİ: Ərizə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi (alındığı) gündən bir ay müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(056)-522/2023
Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №2(056)-522/2023
23.02.2023 · Vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver