Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № 2(056)-963/2023 11.08.2023 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Mətin Azər oğlunun katibliyi, Cavabdeh etibarnamə üzrə nümayəndəsi və vəkili X3 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «kompensasiya verilməklə yaşayış sahəsindən istifadə və yaşayış hüququna xitam verilməsi» tələbi barədə iddiası üzrə mülki işə Sabirabad şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «kompensasiya verilməklə yaşayış sahəsindən istifadə və yaşayış istifadə hüququna xitam verilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin Sabirabad şəhəri, M.Mirağaoğlu küçəsi ünvanında yerləşən 40 saylı fərdi yaşayış evindən 5000 manat kompensasiya ödənilməklə yaşayış sahəsindsən istifadə hüququna xitam verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Daha sonra İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil Azərbaycan Respublikasının MPM-nin 53-cü maddəsinin tələbinə istinad edərək ərizə ilə məhkəməyə müraciət edib cavabdehin Sabirabad şəhəri, M.Mirağaoğlu küçəsi ünvanında yerləşən 40 saylı fərdi yaşayış evindən 8000 manat kompensasiya ödənilməklə yaşayış sahəsindsən istifadə hüququna xitam verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sabirabad şəhəri, M.Mirağaoğlu küçəsi ünvanında yerləşən 40 saylı fərdi yaşayış evi xx.xx.2008-ci il tarixli, seriya MN ******* nömrəli Çıxarışa əsasən tam mülkiyyət hüququ ilə ona (İddiaçı) məxsusdur. Həmin ünvanda ailə üzvlərindən başqa mərhum oğlunun arvadı Cavabdeh ona məxsus olan evdə faktiki yaşamasa da, pasport qeydiyyatındadır. Belə ki, oğlu X2 xx.xx.2008-ci il tarixdə vəfat etmiş, yas mərasimindən sonra Cavabdeh evdən çıxıb getmiş və həmin gündən evdə yaşamamışdır. Sabirabad rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli, 2(056)-133/2009 saylı qətnaməsi ilə onun Cavabdeh qarşı istifadə hüququna xitam verilirək qeydiyyatdan çıxarılma tələbi rədd edilmişdir. Cavabdeh ona qarşı qarşılıqlı iddiası təmin edilərək himayəsində olan 2007-ci il təvəllüdlü övladı ilə birlikdə Sabirabad şəhəri, M.Mirağaoğlu küçəsi ünvanında yerləşən 40 saylı fərdi yaşayış evinə köçürülməsi və yaşayış sahəsindən istifadə hüququnun bərpa edilməsi qət edilmişdir. Cavabdehin ona məxsus fərdi yaşayış evində qalması onun mülkiyyət hüquqlarının həyata keçirilməsində maneəçilik törədir, ona mənsub olduğu əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək hüquqlarını pozur. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada xəbərdar edilmələrinə baxmayaraq, iddiaçı X10 və Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinin tələblərinə istinad edərək, işə məhkəmə iclasına gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil məhkəməyə ərizə ilə müraciət edərək, xəstəliyi ilə əlaqədar əməliyyat olunduğundan məhkəmə iclasında iştirak edə bilməyəcəyini göstərib, işə onun iştirakı olmadan baxılması və iddia tələbinin tam təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil izahatında məhkəməyə təqdim etdiyi fiziki şəxs X8 tərəfindən verilmiş kirayə qiymətləri özündə əks etdirən arayışa istinad edərək Sabirabad şəhərində aylıq kirayə haqqının 200 manat təşkil etməsini, veriləcək kompensasiya məbləğinin müəyyən dövr üçün cavabdehin eyni şəraitdə yaşayış sahəsində yaşayışını təmin etməsinə xidmət etdiyini, bu dövrün də mövcud məhkəmə təcrübəsinə əsasən 3 il kimi qəbul edildiyini, 3 il üçün də aylıq 200 manatdan hesablandıqda 7200 manat təşkil etdiyini, bu səbəbdən tələblərinin həcmini artırdıqlarını və kompensasiya məbləğini 8000 manat civarında müəyyən etdiklərini və artırılmış həcmə uyğun olaraq tələblərini müdafiə etdiklərini bildirmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh etibarnamə üzrə nümayəndəsi və vəkili X9 iddiaya etiraz edərək bildirdi ki, ilkin məhkəmə prosesləri başlandığı zamandan iddiaçı tərəfin vəkili ilə mübahisənin barışıq sazişi əsasında başa çatdırılması istiqamətində danışıqlar aparılmış, iddiaçı tərəfindən cavabdeh 15000 manat kompensasiya veriləcəyi təqdirdə iddianın təmin edilməsinə etirazlarının olmadığı bildirilmişdir. Lakin iddiaçı tərəf onların təklifi ilə razılaşmamışdır. Hazırda təklif edilən məbləğ azdır. Bundan əlavə, onlar hazırki iş üzrə iddiaçıya qarşı “vərəsəlik şəhadətnamələrinin etibarsız hesab edilməsi, çıxarışın ləğvi və miras əmlaka olan payın müəyyən edilməsi” tələbləri barədə iddia qaldırmışlar. Ona görə də hazırda hesab edir ki, bu iddia tələbi əsassız hesab edilməli və təmin edilməməlidir. Bu səbəbdən o, məhkəmədən iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq və toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı hesab edilərək təmin olunmalıdır. Belə ki, mülki işin materiallarında olan; Azərbaycan Respublikası DƏDRX tərəfindən verilmiş Seriya MH ******* saylı Çıxarışdan görünür ki, Sabirabad şəhəri, M.Mirağaoğlu küçəsində mülkiyyətində olan 0,06 ha torpaq sahəsində yerləşən 1 (2) mərtəbəli, 5 otaqlı, 95 kv.m yaşayış, 59,9 kv.m köməkçi sahədən ibarət 40 nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə İddiaçı adına 3 nömrəli reyestr kitabının 108 nömrəli vərəqində xx.xx.2008-ci ildə qeydiyyata alınmışdır. Nikah haqqında arayışdan görünür ki, X2 ilə X4 xx.xx.2005-ci ildə nikaha daxil olmuş, arvada “Həsənova” soyadı verilmişdir. Ölüm haqqında arayışdan görünür ki, X2 xx.xx.2008-ci ildə beyinə qan sızma səbəbindən Bakı şəhəri Binəqədi rayonunda ölmüşdür. Sabirabad Rayon Məhkəməsinin 2(056)-133/2009 saylı, xx.xx.2009-cu il tarixli qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsində istifadə hüququna xitam verilərək qeydiyyatdan çıxarılma” tələbinə dair ilk iddianın rədd, iddiaçı Cavabdeh İddiaçı qarşı “yaşayış sahəsində istifadə hüququ bərpa edilərək evə köçürülmə” tələbinə dair qarşılıqlı iddianın təmin edilməsi qət edilmişdir. Sabirabad rayon İcra Hakimiyyəti Başçısının Sabirabad şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 1549 nömrəli, xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, ünvan 1 ünvanda qeydiyyatda olan Cavabdeh uzun illərdir bu ünvanda yaşamır. Qeydiyyatı formal xarakter daşıyır. O, ata evində yaşayır. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən verilmiş Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* saylı arayışdan görünür ki, ünvan 2 ünvanında İddiaçı ilə birlikdə X6 və Cavabdeh yaşayış yeri üzrə qeydiyyata alınmışlar. Fiziki şəxs X8 (VÖEN **********) tərəfindən verilmiş 15 nömrəli, xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, kirayə mənzillərin qiyməti İmişli şəhərində 150 manat, Saatlı şəhərində 180 manat, Sabirabad şəhərində isə 200 manat təşkil edir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh iddiaçı X1 gəlinidir. İddiaçının oğlu X2 ilə X4 xx.xx.2005-ci ildə nikaha daxil olmuş, X2 xx.xx.2008-ci ildə beyinə qan sızma səbəbindən Bakı şəhəri Binəqədi rayonunda ölmüşdür. Sabirabad şəhəri, M.Mirağaoğlu küçəsində mülkiyyətində olan 0,06 ha torpaq sahəsində yerləşən 1 (2) mərtəbəli, 5 otaqlı, 95 kv.m yaşayış, 59,9 kv.m köməkçi sahədən ibarət 40 nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə xx.xx.2008-ci ildən İddiaçı mülkiyyətindədir. İddiaçı 2009-cu ildə cavabdehə qarşı istifadə hüququna xitam verilərək onun fərdi yaşayış evindən qeydiyyatdan çıxarılmasını tələb etmiş, qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə adıçəkilən evin cavabdehin həmin evə gəlin köçdüyü zaman qeydiyyata alınmadığı, bu xüsusda hazırki cavabdehin həmin zaman Mülki Məcəllənin 228-ci maddəsinin tələbinə uyğun olaraq iddiaçı notarial müqavilə bağlamaq imkanının olmadığı əsası ilə həmin dövrdə qüvvədə olan Mənzil Məcəlləsinin 53-cü maddəsinə istinadən cavabdeh hazırki iddiaçının ailə üzvü kimi qəbul edərək ilk iddia rədd, qarşılıqlı iddia təmin edilmişdir. Bununla yanaşı o da müəyyən edilmişdir ki, yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadığından cavabdeh qeyd edilən fərdi yaşayış evinə pasport qeydiyyatına alınmış və məhkəmə qətnaməsi əsasında köçürülmüş olsa da, uzun müddətdir ki, həmin evdə yaşamamaqdadır. Bu hal məhkəmə prosesləri zamanı da mübahisələndirilməmişdir. Göründüyü kimi, hazırki iddia tələbi yaşayış sahəsindən istifadə hüququna malik cavabdehin hüquqlarının pozulmaması şərti ilə iddiaçının mülkiyyətçi olaraq hüquqlarının müdafiəsinə xidmət edir. Məhkəmə iddianın əsaslılığı ilə bağlı qeyd edir ki, “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2001-ci il tarixli qərarına əsasən, 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəllənin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. «R.Ağalarovun şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlara uyğunluğunun yoxlanılmasına dair» 26 sentyabr 2007-ci il tarixli qərarında Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi hüquqi mövqeyini açıqlayaraq göstərmişdir kı, “mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir.” “...Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarının istifadəçi və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirməsi üçün birmənalı olaraq yol açır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır”. Qanunvericilikdə yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün istifadəçiyə ödənilməli məbləğin konkret miqdarı müəyyən olunmasa da, əsas meyar olaraq bazar qiyməti ilə müvafiq kompensasiya ödənilməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2.-ci maddəsində istifadə olunan «bazar qiyməti ilə müvafiq kompensasiya» ifadəsi mülkiyyətin dəyərinə münasibətdə deyil, davamlı surətdə başqa mənzildə yaşamağı davam etdirmək üçün zəruri olan vəsait kimi başa düşülməlidir. Kompensasiyanın məbləği mülkiyyətçinin malik olduğu evin dəyərinin tərkib hissəsi kimi deyil, müəyyən müddət eyni şəraitdə davamlı yaşamaq üçün yetərlilik baxımından müəyyən edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 1 nömrəli protkolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikasının Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən, Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Qeyd edilən normaların və Plenum Qərarının tələbləri baxımından məhkəmə hesab edir ki, iddia tələbi kompensasiya verilməklə cavabdehin istifadə hüququna xitam verilməsi hissəsində tam əsaslı hesab edilməli və təmin edilməlidir. Təklif edilən və cavabdeh tərəfindən qəbul edilməyən kompensasiya məbləğinə gəldikdə isə məhkəmə qeyd edir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarında göstərilmişdir ki, “Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulan mənzildən istifadə hüququna müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilməsini də müəyyən qədər əmlak itkilərinə aid etmək olar. Belə ki, kompensasiya verilməsi yolu ilə yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi bir tərəfdən mülkiyyət hüququnun qorunmasına yönəlir, digər tərəfdən isə əmlakdan istifadə hüququnun itirilməsi ilə nəticələnir. Qanunverici Mülki Məcəllənin 228.2-ci maddəsində istifadə hüququna xitam verilməsi zamanı kompensasiyanın bazar qiymətinə uyğun ödənilməsini müəyyən etmişdir. Mülkiyyətçi istifadə hüququna xitam verilməsi haqqında iddia qaldırarkən öz iddiasında kompensasiya məbləğini göstərə və ya göstərməyə bilər. Lakin iddia ərizəsində kompensasiya məbləğinin göstərilib-göstərilməməsindən aslı olmayaraq, işə baxan birinci instansiya məhkəməsi hər bir halda Mülki Məcəllənin 228.2-ci maddəsinin tələblərinə və Mülki Prosessual Məcəlləyə müvafiq olaraq kompensasiyanın məbləğini bazar qiymətinə uyğun müəyyən etməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 76.1 və 76.2-ci maddələrinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Eyni zamanda, mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs bilavasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Mülki Prosessual Məcəllənin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Beləliklə, yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında iddiaya baxan birinci instansiya məhkəməsi mülki prosessual qanunvericiliyin yuxarıda qeyd olunan normalarına müvafiq olaraq kompensasiyanın məbləğini bazar qiymətinə uyğun müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 218.1 və 218.3-cü maddələrinə görə isə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qeyd olunan maddələrin mənasına görə, işə baxan məhkəmə iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutları qiymətləndirməlidir. Bunun üçün işin konkret halları və həmin halları təsdiq edən, işin həlli üçün əhəmiyyətə malik olan sübutlar müəyyən olunmalıdır. Eyni zamanda, məhkəmə qətnamə çıxararkən iddia tələblərindən kənara çıxmamalı və iddiaçının dispozitiv hüququnu pozmamalıdır. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə görə, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutu, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutları əlaqələndirməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəblərini aydın göstərməlidir (S.Əliyevanın şikayəti ilə əlaqədar 31 may 2006-cı il tarixli Qərar). Dispozitivlik prinsipinə gəldikdə isə Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, hüququn hamılıqla qəbul olunmuş dispozitivlik adlanan bu prinsipi onu nəzərdə tutur ki, müdafiə üçün məhkəməyə müraciət etmək və ya etməmək, iddia qaldırmaq və onu geri gütürmək, yaxud da tələb olunan müdafiənin həcmini müəyyən etmək şəxsin özündən asılı olmalıdır. Bundan irəli gələrək, öz məqsədinə nail olmaq üçün prosessual vasitələri seçmək də onun sərbəst sərəncamında olmalıdır (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 28 fevral 2012-ci il tarixli Qərar). Beləliklə, birinci instansiya məhkəməsi bazar qiymətinə uyğun olaraq kompensasiya verilməsi yolu ilə istifadə hüququna xitam verilməsi haqqında iddianı təmin edərkən mülkiyyətçinin həmin məbləgin ödənilməsi barədə razılığını nəzərə almalıdır. Bu halda mülkiyyətçi məhkəmə tərəfindən mülki prosessual qanunvericiliyə uyğun olaraq müəyyən edilmiş bazar qiymətinə uyğun kompensasiya məbləgi ilə razılaşa və ya razılaşmaya, öz iddiasından imtina edə, yaxud onun iddiası təmin olunmadığı təqdirdə yuxarı instansiya məhkəmələrinə şikayət verə bilər. Bazar qiymətinə uyğun olaraq kompensasiya məbləginin ödənilməsinə dair iddiaçının razılığı nəzərə alınmadan iddianın təmin edilməsi onun məhkəməyə müraciət etməsini əhəmiyyətsiz edər və dispozitiv hüququnu pozmuş olar.” Qeyd olunmalıdır ki, kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi barədə iddianın predmetini iddiaçının mülkiyyət hüququ təşkil edir və iddiaçı, başqasının istifadə hüququ ilə yüklü olan evini yüklülükdən azad etməklə ev üzərindəki mülkiyyət hüququnu müdafiə etmək istəyir. Bu səbəbdən kompensasiyanın məbləğinin iddianın predmetinə aid edilməsini düzgün hesab etmək olmaz. Həmçinin, kompensasiya verməklə istifadə hüququna xitam verilməsi barədə iddia verərkən mülkiyyətçi maddi nemət əldə etməyə çalışmır. Odur ki, kompensasiya həmin iddianın obyekti sayıla bilməz və Mülki Prosessual Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan iddia tələbinin həcminin artırılması və ya azaldılması kompensasiyanın məbləği ilə əlaqədar deyildir. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulan yaşayış sahəsindən istifadə hüququna kompensasiya verməklə xitam verilməsi mülkiyyətçinin subyektiv hüququdur. Bu halda kompensasiya tələb kimi yox, yalnız təklif kimi çıxış edir. Göründüyü kimi, Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ondan ibarətdir ki, birinci instansiya məhkəməsi belə işlərə baxarkən, iddia ərizəsində kompensasiya məbləğinin göstərilib-göstərilməməsindən asılı olmayaraq, kompensasiyanın məbləğini bazar qiymətinə uyğun olaraq müəyyən etməli, bazar qiymətinə uyğun olaraq kompensasiya verilməsi yolu ilə istifadə hüququna xitam verilməsi haqqında iddianı təmin edərkən məhkəmə, mülkiyyətçinin həmin məbləğin ödənilməsinə dair razılığını nəzərə almalıdır. Hazırda təklif edilən kompensasiya məbləğinin bazar qiymətinə uyğunluğu ilə əlaqədar məhkəmə qeyd edir ki, iş materiallarına əlavə edilmiş arayışla da müəyyən edildiyi kimi, Sabirabad şəhərində aylıq kirayə qiyməti 200 manat təşkil edir və bu arayış bu sahədə fəaliyyət göstərən və bazar qiymətindən hali olan fiziki şəxs tərəfindən verilmişdir. Aylıq kirayə haqqının 200 manat təşkil etməsi halı nəzərə alındıqda yuxarıda sadalanmış Plenum Qərarlarında göstərilən hüquqi mövqenin tələbləri baxımından da müəyyən edilmiş olur ki, hazırda təklif edilən məbləğ cavabdehin 3 ildən də artıq müddət ərzində oxşar şəraitli yaşayış sahəsi ilə özünü təmin etməsinə kifayət edir. Cavabdeh tərəfin təklif etdiyi 15000 manat kompensasiya məbləği ilə Sabirabad rayonunda yaşayış sahəsinin satın alınması mümkündür ki, bu məbləğ nəinki iddiaçının təklifinə, həmçinin qeyd edildiyi kimi sadalanmış qanunvericilik norma və Plenum Qərarlarının da tələblərinə ziddir, iddiaçının maddi nemət əldə etməyə çalışmadığı halda qanunvericiliklə qorunan mülkiyyət hüquqlarının pozulmasını özlüyündə ehtiva edir. Odur ki, məhkəmə hesab edir ki, təklif edilən kompensasiya məbləği ağlabatan hesab edilməli və cavabdehə həmin məbləğin kompensasiya şəklində ödənilməsi qət edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı tərəfindən Cavabdeh 8000 (səkkiz min) manat məbləğində kompensasiya verilməklə, onun (Cavabdeh) ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evindən istifadə hüququna xitam verilməli, kompensasiya məbləğinin verilməsi ilə mənzildən istifadə hüququna xitam verilməsi eyni vaxtda icra olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı tərəfindən Cavabdeh 8000 (səkkiz min) manat məbləğində kompensasiya verilməklə, onun (Cavabdeh) ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evindən istifadə hüququna xitam verilsin. Cavabdeh 8000 (səkkiz min) manat məbləğində kompensasiya məbləğinin verilməsi ilə onun qeyd edilən mənzildən istifadə hüququna xitam verilməsi eyni vaxtda icra olunsun. Qətnamədən rəsmi qaydada verildiyi və ya təqdim edildiyi gündən 1 (bir) ay müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(056)-963/2023
Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №2(056)-963/2023
11.08.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver