Məhkəmə qərarları › İş №2(057)-141/2025

Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-141/2025

11.07.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-141/2025 11.07.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Kələntərov Şahəddin Əhməd oğlunun sədrliyi, Rzayev Hüseyn Mehman oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X1, Cavabdeh iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair mülki işə Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı CARBON RENT” MMC Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh "xxxx" MMC-nin xeyrinə 2235 (iki min iki yüz otuz beş) manat əsas maddi ziyanın, 1020 (bir min iyirmi) manat real zərərin, (əldən çıxmış fayda) 1000 manat mənəvi ziyanın, ümumilikdə 4255 (dörd min iki yüz əlli beş) manat maddi ziyanın, ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını, cavabdehin əməlində cinayət tərkibi olduğundan iş üzrə xüsusi qərardad qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırılmışdır ki, rəsmi qeydiyyatdan keçərək “RENT A CAR” "xxxx" MMC kimi fəaliyyət göstərdiklərini, bunun asasında da mülkiyyətlərində olan müxtəlif markali avtomobilləri, o cümlədən “HYUNDAİ ELANTRA” markalı ** XB *** dövlətqeydiyyat nişanlı 2015-ci il buraxıışlı avtomabili rəsmi müqavilə, yol vərəqəsi, təhvil təslim akti və s. sənədlər əsasında icarəyə verdiklərini qeyd etmişdir. Qeyd olunan avtomobil xx.xx.2024-ei il tarixli 02 saylı “NƏQLİYYAT VASİTƏSİNİN İCARƏ MÜQAYİLƏSİ”-nə, xx.xx.2024-ci il tarixli “YOL YƏRƏQƏSİ”-nə, xx.xx.2024-ei il tarixli “Təhvil-təslim AKTİNA asasən tam saz vəziyyətdə müştəri, icarəyə götürən Cavabdeh rəsmi icarəya verilmişdir. O isə avtomobili istifadəsinə qəbul etmiş və sürüb getmişdir. Bir müddət sonra müştəri, icarəyə götürən Cavabdeh Bakı şəhari ərazisində yol nəqliyyat hadisəsi törətmiş, hadisə X5 tərəfindən qeydə alınmış, qeyd olunan avtomobilə, Cəmiyyətə ziyan vurmuşdur. Cəmiyyətin normal iş ahəngi pozulmuşdur. Avtobobili icarəyə götürən əvvəlcə avtomobili təmir etdirəcəyini vəd versə də, sonradan qaçıb gizlənmiş və telefon zənglərinə cavab verməmişdir. Dəfələrlə cavabdehə ziyanın ödənilməsini tələb etsələr də, cavabdah onlarla razılaşmamışdır. Daha sonra “Hudai Avto Azərbaycan” Servisinə müraciat edilmiş, avtomobil təqdim edilmiş, həmin avtomobilə 2235.00 (iki min iki yüz) manat ziyan vürulduğu müəyyən edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X3 bildirmişdir ki, cavabdeh sözügedən qəzanı törətdikdən sonra maşının təmir olunmasına iddiaçı tərəf 2235 manat pul xərcləmiş, MMC-nin rəhbəri dərin mənəvi sarsıntı keçirmiş, həmçinin avtomobil təmir olunub əvvəlki vəziyyətə qayıdana kimi, həmçinin maşının müvafiq sənədlərini qaytarana kimi maşın təyinatı üzrə istifadə olunmamışdır. Avtomobil 17 gün-13 avqust 2024-cü il tarixdən 30 avqust 2024-cü il tarixədək istifadəyə yararsız vəziyyətdə olduğundan hər gün üçün 60 manat olmaqla 1020 manat pul əldən çıxmış fayda kimi itirilmişdir. Buna görə də cavabdehdən iddia ərizəsində qeyd olunduğu kimi 2235 manat dəymiş maddi ziyan, 1000 manat mənəvi ziyan və 1020 manat əldən çıxmış faydanı tələb edir, eyni zmaanda hesab ki, cavabdeh qəzanı qəsdən törətmiş, buna görə onun barəsində cinayət təqibinin başlanması haqqında qərar çıxarılmasını xahiş edir. Verilən suallara cavab olaraq iddiaçının nümayəndəsi bildirmişdir ki, cavabdehin qəzanı qəsdən törətməsi barədə konkret bir əsası yoxdur, sadəcə cavabdeh qəzadan sonra avtomobilin sənədlərini vaxtında qaytarmadığından fikirləşir ki, o iddiaçı tərəfə maddi ziyan vurmaq məqsədi ilə qəsdət qəza törətmiş, məhz həmin səbəbdən də müvafiq sənədləri geri qaytarmır. Məhməkə iclasında iştirak edən Cavabdeh bildirmişdir ki, o, qəzanı qəsdən törətməmiş, hadisə ehtiyatsızlıq nəticəsində baş vermiş, qəzadan sonra özü müvafiq polis şöbəsinə getmiş, polis əməkdaşları tərəfindən iddiaçı tərəfdən avtomobilin əyləc sistemində nasazlığın olub-olmaması haqqında müvafiq arayış istənilmiş, lakin onlar həmin arayışı gec verdikləri üçün o da avtomobilin texniki pasportonu vaxtında qaytarmamış, lakin bir neçə gün sonra həmin sənədi qaytarmışdır. Vurulmuş maddi ziyanla bağlı isə bildirmişdir ki, maddi ziyan iddiaçı tərəfin qeyd etdiyi kimi 2235 manat deyildir, həmin məbləğdə maddi ziyanı qəbul etmir, avtomobilə dəymiş maddi ziyanla əlaqədar müvafiq ekspertiza rəyində ziyan iddiaçı tərəfin qeyd etdiyindən aşağıdır, ona görə də həmin məbləği, yəni ekspertiza rəyində göstərilmiş ziyanı qəbul edir. Əldən çıxmış faydanı və mənəvi ziyanı qəbul etmir, çünki yuxarıda qeyd etdiyi kimi avtomobilin sənədlərini iddiaçının davranışlarına görə vaxtında qaytarmayıb, mənəvi ziyanla bağlı iddiaçı ümumi şəkildə sarsıntı keçirdiyini deyir, buna görə hər hansı sübut təqdim etmir. Qeyd olunanlara əsasən məhkmədən ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş; 13 avqust 2024-cü il tarixli 4087 nömrəli avtonəqliyyat vasitələrinin icarəsi müqaviləsindən görünür ki, iddiaçı ilə cavabdeh arasinda “HYUNDAİ ELANTRA” markalı ** XB *** dövlət-qeydiyyat nişanlı 2015-ci il buraxıışlı avtomobilin 3 gün müddətinə, yəni 13 avqust 2024-cü il tarixdən 16 avqust 2024-cü il tarixədək icarə müqviləsi bağlanmış, bunun üçün cavabdeh iddiaçıya hər gün üçün 60 manat ödəməyi üzərinə öhdəlik kimi götürür. Müqavilə imzalandığı gün iddiaçı avtomobili cavabdehə vermişdir. Müqaviləyə əsasən icarəyə verən avtonəqliyyat vasitəsini icarəyə verdikdən sonra istifadə zamanı baş vermiş zədə və nasaqzlığa görə heç bir məsuliyyət daşımır. Qəza baş verən zaman qəza baş verdiyi vaxtdan avtomobil qəzadan çıxdığı vaxtadək olan günlərin sayı nəqliyyat vasitəsinin bir günlük icarə haqqının 70 faizi dəyərində hesablanaraq icarəçi tərəfindən icarəyə verənə ödənilməlidir. 1 nömrəli təhvil-təslim aktından görünür ki, iddiaçı nəqliyyat vasitəsini cavabdehə təhvil vermişdir. “Auto Azərbaycan” şirkəti tərəfindən tərtib olunmuş akta əsasən “HUNDAİ ELANTRA” markalı ** XB *** dövlət-qeydiyyat nişanlı 2015-ci il buraxıışlı avtomobilə dəymiş ziyan 2235 manat hesablanmışdır. xx.xx.2024-cü il tarixli ETİBARNAMƏ-yə əsasən İddiaçı MMC məhkəmə proseslərində təmsil olunmaq üçün X2 nümayəndə kimi təyin etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzindən daxil olmuş 01 may 2025-ci il tarixli 9/43 nömrəli rəyə əsasən HYUNDAİ ELANTRA” markalı ** XB *** dövlət-qeydiyyat nişanlı 2015-ci il buraxıışlı avtomobilin təmir –bərpa xərcləri hadisə baş verən tarixə təxminən 1480 manat, o cümlədən-dəyişilməli hissələrin qiyməti-1030 manat, təmir-bərpa işlərinin qiyməti- 450 manat müəyyən edilir. Göründüyü kimi, tərəflər arasında bağlanmış icarə müqaviləsi üzrə iddiaçı icarə müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmiş, cavabdeh isə qərəzli şəkildə olmasa da, nəticə etibarı ilə avtoqəza törətməklə avtomobili vaxtında qaytara bilməmiş, bununla da öhdəliklərini tam yerinə yetirməmiş, həmçinin iddiaçı maddi ziyan vurmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsi; Maddə 21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 700.1-ci maddəsinə əsasən, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Maddə 705. İcarəyə verilmiş əşyanın qaytarılmasının gecikdirilməsi Əgər icarə üzrə hüquq münasibətlərinə xitam verildikdən sonra icarəçi icarəyə götürdüyü obyekti qaytarmırsa, icarəyə verən obyektin saxlandığı müddət üçün kompensasiya kimi müəyyənləşdirilmiş illik icarə haqqından icarəçinin həmin il ərzində əldə etdiyi və ya əldə edə biləcəyi icarə faydaları hissəsinə uyğun olan hissənin verilməsini tələb edə bilər. Digər zərərin əvəzinin ödənilməsi barədə iddia da istisna edilmir. Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097. Mülki hüquq pozuntuları üçün məsuliyyətin əsasları 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1097.3. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. 1097.5. Əgər zərər zərərçəkənin xahişi və ya razılığı ilə vurulmuşsa, onun əvəzini ödəməkdən imtina edilə bilər. Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 noyabr 2008ci il tarixli 7 nömrəli Qərarına əsaən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin; 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh icarə müqaviləsi üzrə öhdəliklərini qərəzli şəkildə pozmasa da, avtoqəza törətməklə nəticə etibarı ilə nəqliyyat vasitəsini müqqvilədə göstəilmiş müddətdə təhvil aldığı şəkildə geri qaytara bilməmiş, bununla da iddiaçıya maddi ziyan vurmuş, hərəkətləri nəticəsində iddiaçı əldən çıxmış fayda şəklində də ziyana uğramışdır. Məhkəmə hesab edir ki, dəymiş maddi ziyana münasibətdə məhkəmə müvafiq ekspert rəyinə, əldən çıxmış faydaya münasibətdə isə yuxarıda qeyd olunmuş icarə müqaviləsində tərəflərin razılaşdığı müddəaya (qəza baş verən zaman qəza baş verdiyi vaxtdan avtomobil qəzadan çıxdığı vaxtadək olan günlərin sayı nəqliyyat vasitəsinin bir günlük icarə haqqının 70 faizi dəyərində hesablanaraq icarəçi tərəfindən icarəyə verənə ödənilməlidir) əsaslanmalıdır. Həmin müddəaya əsasən günlük 60 manat icarə haqqının 70 faizi-42 manat nəqliyyat vasitəsinin təmirdə olan günlərin sayına vurulmaqla (42X17=714) əldən çıxmış fayda müəyyən edilməlidir. Mənəvi ziyanla bağlı məhkəmə hesab edir ki, bununla əlaqədar iddiaçı tərəf ümumi şəkildə fikir bildirdiyinə görə və konkret bir sübut təqdim etmədiyinə görə Azərbaycan Respublikası Ali Məhkəməsinin yuxarıda qeyd olunmuş müvafiq Plenum Qərarına əsasən iddia həmin hissədə təmin edilməməlidir. Cavabdeh tərəfindən avtoqəzanın qəsdən törədilməsinə münasibətdə məhkəmə hesab edir ki, qəzanın qəsdən törədilməsinə dair hər hansı bir sübut təqdim edilməmiş, iş materiallarında mövcud sənədlərə əsasən məhkəmə belə qənaətə gələ bilməz, buna görə də iddia həmin hissədə də təmin olunmamlıdır. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri ümumiləşdirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 1480 manat maddi ziyan, 714 manat əldən çıxmış fayda, ümumilikdə 2194 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manat İddiaçı MMC-nin xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 1480 manat maddi ziyan, 714 manat əldən çıxmış fayda, ümumilikdə 2194 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manat İddiaçı MMC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şahəddin Kələntərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar