Məhkəmə qərarları › İş №2(057)-1547/2023

Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-1547/2023

15.11.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-1547/2023 15.11.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Salyan Rayon Məhkəməsinin hakimi Səmədov Ağarza Hacırza oğlunun sədrliyi, Zamanov Asif Xanoğlan oğlunun katibliyi, İddiaçı nümayəndəsi X1 iştirakı ilə mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi tələbi barədə mülki işə 15 noyabr 2023-cü illdə Salyan şəhərində açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı məhkəmədə iddia qaldıraraq Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ünvan 1 ünvanda yerləşən mənzildə istifadə hüququnun itirilmiş hesab olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi X2 məhkəmə iclasında iddianı müdafiə etmiş və izahat verərək bildirmişdir ki, Cavabdeh1 iddiaçının qızı, digər cavabdehlər isə Cavabdeh1 uşaqları olmaqla nəvələridir. ünvan 2 ünvanda yerləşən mənzil Salyan "xxxx" MMC tərəfindən iddiaçıya icarəyə verilmişdir. İddiaçı həmin mənzildə 1974-cü ildən yaşayır və daimi qanuni istifadəsindədir. Hazırda mənzili özəlləşdirmək istəyir. Faktiki olaraq 26 il mənzildə yaşamayan, lakin qeydiyyatda qalan Cavabdeh1 və digər cavabdehlər həmin mənzilin qeydiyyatından könüllü olaraq çıxmaq istəməmişlər. Onlar formal olaraq həmin mənzilin qeydiyyatında qalmışlar. Salyan RPŞ-yə ərizə ilə müraciət edərək cavabdehlərin qeydiyyatdan çıxarılmasını xahiş etmişdir. Cavab olaraq bildirilmişdir ki, cavabdehlərin özlərinin ərizələri olmadan onları həmin mənzilin qeydiyyatından çıxarılması mümkün deyildir. Buna görə də, ona məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Cavabdehlər 2009-cu ilin 01 oktyabr tarixindən əvvəl faktiki olaraq qeydiyyatda olduqları mənzildə yaşamadıqlarından aralarında olan münasibətlər 2009-cu ilin 01 oktyabr tarixindən əvvəl yaranmış, buna görə də qeyd olunan mübahisənin həlli üçün həmin dövrdə qüvvədə olmuş qanunvericilik normaları tətbiq edilməlidir. Cavabdehlər ailə üzvləri olmuş,lakin 26 ildir ki, könüllü olaraq həmin mənzildən çıxmış və həmin vaxtdan daimi olaraq Bakı şəhərində yaşayırlar. Ona görə də iddiasının təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş, məhkəmə iclasına gəlməməsinin üzürlü səbəbləri barədə heç bir məlumat verməmişdir. Ona görə də məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan, 28 oktyabr 2019-cu il tarixli 712 saylı məktubda olan məlumatdan görünür ki, Salyan Rayon İcra Hakimiyyəti başçısı aparatı, ünvan 4 ünvanında yaşayan İddiaçı yaşadığı mənzilin onun adına sənədləşdirilməsi üçün müraciəti araşdırılmış və məlum olmuşdur ki, İddiaçı faktiki olaraq uzun müddətdir həmin mənzildə yaşayır. Yuxarıda qeyd olunanları nəzərə alaraq həmin mənzilin Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 59-cu maddəsinin müddəalarına və Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli Fərmanı ilə təsdiq edilmiş “Yerli İcra Hakimiyyətləri haqqında Əsasnamə”-nin 4.9.8 bəndinə müvafiq olaraq ünvan 5-da yaşayan İddiaçı adına rəsmiləşdirilməsi üçün sənədləşmənin aparılması və onunla müddətsiz sosial kirayə müqaviləsinin bağlanması "xxxx" MMC-yə tapşırılmışdır. İş materiallarında olan, Azərbaycan Respublikası Salyan Rayon İcra Hakimiyyəti başçısının 30-s saylı xx.xx.2023-cü il tarixli sərancamından çıxarışdan görünür ki, Salyan Rayon İcra Hakimiyyəti başçısı yanında mənzil-məişət komissiyasının 28 fevral 2023-cü il tarixli iclasının 02 saylı protokolu barədə 3.1. ünvan 5 ünvanında yerləşən mənzil İddiaçı adına sənədləşdirilməsi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 13 saylı Ərazi İdarəsinə həmin mənzilə Reyestr Çıxarışının alınmasına icazə verilmişdir. Məhkəmədə elan olunmuş "xxxx" MMC-nin iddiaçı ilə xx.xx.2019-cu ildə bağladığı 61 saylı müqavilənin surətindən görünür ki, tərəflər arasında Salyan şəhəri, 20 Yanvar 130/6 saylı mənzilin icarəyə verilməsi barədə müqavilə bağlanmışdır. Məhkəmə iddiaçının nümayəndəsini dinləyərək mülki işin materiallarını nəzərdən keçirib, belə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə baxışı zamanı aydın olmuşdur ki, Cavabdeh1 iddiaçının qızı olmaqla mübahisəli mənzildə doğulmuş və 1996-cı ildə ailə qurmaq məqsədi ilə Şamaxı rayonuna köçmüşdür. Əminə və Knan isə cavabdehin öz uşaqlarıdır.Cavabdeh mübahisəli mənzildən 1996-cı ildən daimi olaraq başqa yerdə yaşamaq üçün çıxdığından onun qeyd olunan mübahisəli mənzildə yaşamaq hüququ saxlanıla bilməz.Ona görə də verilmiş iddia əsaslı olduğundan təmin olunmalıdır. Qeyd olunan mübahisənin həll olunması üçün 2009-cu ilin oktyabr ayının 1-nə kimi qüvvədə olan Mənzil Məcəlləsinin normaları tətbiq olunaraq həll olunmalıdır. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunurlar. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 54-cü maddəsinə əsasən icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə köçürmək ixtiyarına malikdir. Həddibüluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. Həmin Məcəllənin 60-cı maddəsində qeyd olunmuşdur ki, icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. Müvəqqəti başqa yerə gedən vətəndaşların yaşayış sahəsi aşağıdakı hallarda daha uzun müddət saxlanır: 1) müddətli həqiqi hərbi xidmətə çağırıldıqda—müddətli hərbi xidmət qurtarana qədər; habelə ehtiyatda olan zabitlər üç ilədək müddətə həqiqi hərbi xidmətə çağırıldıqda—həqiqi hərbi xidmət müddətində; praporşik, miçman və müddətdən artıq hərbi xidmətdə olan hərbi qulluqçular kimi həqiqi hərbi xidmətdə olduqda—hərbi xidmətin birinci beş ili ərzində; 2) işin şəraitinə və xarakterinə görə (gəmi heyətləri, geoloji dəstələrin, axtarış dəstələrinin, ekspedisiyaların işçiləri və i. a.) xaricə ezamiyyətə göndərilməklə, yaxud təhsillə əlaqədar (tələbələr, aspirantlar və i. a.) daimi yaşayış yerindən müvəqqəti başqa yerə getdikdə—həmin işin görülməsinin və ya təhsilin bütün müddətində; 3) uşaqlar tərbiyə olunmaq üçün dövlət uşaq müəssisəsinə, qohumlarına və ya qəyyumlarına (himayəçilərinə) verildikdə—onların çıxdıqları yaşayış sahəsində ailənin digər üzvləri yaşamağa qalmışlarsa, uşaqların bu müəssisədə, qohumlarının və ya qəyyumlarının (himayəçilərinin) yanında qaldıqları bütün müddətdə. Uşaqların çıxdıqları yaşayış sahəsində onların ailə üzvləri yaşamağa qalmamışlarsa və həmin sahə başqa vətəndaşlara verilmişsə və ya başqa səbəblərə görə bu sahəyə köçürmə mümkün deyilsə, dövlət uşaq müəssisəsində olma müddəti qurtardıqdan sonra, habelə yetkinlik yaşına çatıb qohumlarının və ya qəyyumlarının (himayəçilərinin) yanından qayıtmış uşaqlar yerli xalq deputatları Sovetinin icraiyyə komitəsi tərəfindən mənzil sahəsi ilə təmin edilir (bu Məcəllənin 39-cu maddəsi); 4) qəyyum (himayəçi) vəzifəsinin yerinə yetirilməsi ilə əlaqədar olaraq getdikdə—bu vəzifəni yerinə yetirdiyi bütün müddətdə; 5) müalicə üçün müalicə-profilaktika müəssisəsinə getdikdə— bu müəssisədə qaldığı bütün müddətdə; 6) müalicə-əmək profilaktoriyasına yerləşdirildikdə—orada olduğu bütün müddətdə; 7) həbs olunduqda—istintaqda və ya məhkəmədə olduğu bütün müddətdə; 8) (çıxarılıb) 9) (çıxarılıb) 10) cinayət üzrə dövlət tərəfindən müdafiə olunan şəxslərin təhlükəsizliyini təmin edən dövlət orqanlarının qərarına əsasən başqa yaşayış yerinə müvəqqəti köçürüldükdə – təhlükəsizlik tədbirlərinin qüvvədə olduğu müddətdə. Müvəqqəti başqa yerə gedən vətəndaşların yaşayış sahəsini daha uzun müddətə saxlamanın digər şərtləri və halları SSR İttifaqı və Azərbaycan SSR qanunvericiliyi ilə müəyyən olunur. Bu maddənin 1—7-ci və 10-cu bəndlərində göstərilən hallarda müvəqqəti başqa yerə getmiş şəxslərin yaşayış sahəsi müvafiq bənddə göstərilən müddətin qurtardığı gündən altı ay ərzində saxlanır. İcarədar və ya onun ailə üzvləri üzürlü səbəblərə görə altı aydan artıq müddətə başqa yerə getdikdə, bu müddət başqa yerə gedənin ərizəsi üzrə kirayədar tərəfindən, mübahisə yarandıqda isə məhkəmə tərəfindən uzadıla bilər. Şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsində qeyd olunmuşdur ki, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24.09.20-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Azərbaycan Respublikasının MPM-nin 218.3.-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213-214, 216-220, 227, 233 və 357-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Salyan şəhəri, 20 Yanvar küçəsi ev 130/6-da yerləşən mənzildən istifadə hüququ itirilmiş hesab olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ağarza Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar