Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-162/2025 25.02.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Vəsilə Əlövsət qızının sədrliyi, Rzayev Hüseyn Mehman oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Salyan şəhəri A.Həsənov küçəsi ev 91 ünvanında yerləşən fərdi yaşayış evindən Cavabdeh mülkiyyətində olan mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.1952-ci ildə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyətindədir və orada yaşayır. Salyan şəhəri A.Həsənov küçəsi ev 91 ünvanında yerləşən fərdi yaşayış evə xx.xx.2022-ci il tarixli ********** reyestr çıxarışı almış,dövlət reyestrindən çıxarışa əsasən tam mülkiyyət hüququ əsasında onun mülkiyyətindədir. Həmin evdə qeydiyyatda olan Cavabdeh hal-hazırda həmin ünvanda yaşamır. Cavabdeh fərdi yaşayış evində olan qeydiyyatı yalnız formal xarakter daşıyır və onun pasport qeydiyyatında qalması fərdi yaşayış evinə olan mülkiyyət hüquqlarını müəyyən qədər məhdudlaşdırır. Daha əvvəl həbsxanadan çıxdığı üçün qeydiyyata düşməyə yeri olmadığından humanistlik edib qardaşı oğlu kimi qeydiyyata salmışdır. Hal hazırda yenidən həbs olunduğundan belə bir problemlə qarşılaşmışdır. Həmin fərdi yaşayış evindən Cavabdeh qeydiyyatdan çıxarılmasına köməklik etməyini Salyan RPŞ-dən xahiş etmiş və cavab olaraq məhkəmə qərarı olduğu halda icra ediləcəyi bildirilmişdir. Odur ki, Salyan şəhəri A.Həsənov küçəsi ev 91 ünvanında yerləşən fərdi yaşayış evindən Cavabdeh mülkiyyətində olan mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, İddiaçı məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə ərizə ünvanlayaraq işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. İş üzrə Cavabdeh cəza çəkdiyi 15 saylı cəzaçəkmə müəssisəsinə məhkumun ərizəsinin alınması və ya videokonfrans vasitəsilə iştirakının təmin edilməsi üçün məktub göndərilməsinə baxmayaraq iddiaya qarşı münasibət bildirməsi ilə bağlı məhkəməyə heç bir məlumat göndərilməmişdir. Məhkəmə iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və iddia tələbinə hüquqi qiymət verib belə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxs tərəfindən verilmiş xx.xx.2022-ci il ********** nömrəsi ilə qeydiyyata alınmış çıxarışdan görünür ki, Salyan şəhəri A.Həsənov küçəsi ev 91 ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı mülkiyyətindədir. Azərbaycan Respublikasının Daxili İşlər Nazitliyi tərəfindən verilmiş ******* nömrəli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, Cavabdeh Salyan şəhəri A.Həsənov küçəsi ev 91 ünvanında qeydiyyatdadır. Salyan regional “Asan xidmət” mərkəzində notariat ofisinin Xüsusi notariusu X4 tərəfindən Azərbaycan Respublikası Penitensiar Xidməti 15 saylı Cəzaçəkmə Müəssisəsi tərəfindən xx.xx.2024-cü il tarixdə etibarnamə əsasında nümayəndəsi bacısı X1 iştirakı ilə təsdiq edilmiş xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, Cavabdeh qeydiyyatda olduğu İddiaçı məxsus Salyan şəhəri A.Həsənov küçəsi ev 91 ünvanında yerləşən ümumi sahəsi 0.160590 ha torpaq sahəsinin və həmin torpaq sahəsinin üzərində olan fərdi yaşayış evinin istənilən şəxsə bağışlanılmasına etiraz etməmişdir. Salyan Rayon Polis Şöbəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixdən Salyan şəhəri A.Həsənov küçəsi ev 91 ünvanında qeydiyyatdadır. Beləliklə, tədqiq edilmiş iş materialları ilə məhkəmə baxışı zamanı müəyyən olmuşdur ki, Salyan şəhəri A.Həsənov küçəsi ev 91 ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı mülkiyyətindədir. Onun həmin hüququ xx.xx.2022-ci il ********** nömrə ilə qeydə alınmışdır. Cavabdeh xx.xx.2023-cü ildən iddiaçının mülkiyyətində olan yaşayış sahəsində pasport qeydiyyatında olsa belə, faktiki olaraq həmin ünvanda uzun müddətdir ki, yaşamır. Cavabdehin həmin ünvanda uzun müddət yaşamaması səbəbindən onun qeyd olunan mənzildən istifadə hüququ itirilmiş hesab olunmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsində qeyd olunmuşdur ki, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24.09.20-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Azərbaycan Respublikasının MPM-nin 218.3.-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 357-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh Salyan şəhəri A.Həsənov küçəsi ev 91 ünvanında yerləşən yaşayış sahəsindən istifadə hüququ itirilmiş hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Vəsilə Əliyeva
Məhkəmə qərarları › İş №2(057)-162/2025
Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-162/2025
25.02.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver