Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-197/2023 30.01.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Ağarza Hacırza oğlu Səmədovun sədrliyi Məhkəmə iclas katibi Asif Xanoğlan oğlu Zamanovun katibliyi, İddiaçı, Cavabdeh1 iştirakı ilə yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı məhkəmədə iddia qaldıraraq, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 onun mülkiyyətində olan Salyan şəhəri, X.R.Ulutürk küçəsi, bina 16, mənzil 3-də olan yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında bildirmişdir ki,özü 1971-ci ildə, cavabdeh bacısı Cavabdeh1 isə 1973-cü ildə anadan olmuşdur. Onlar babası Bəşirov Allahverənə məxsus Salyan şəhəri, M.Dadaşov küçəsində yerləşən evdə doğulub valideynləri ilə birlikdə yaşamışlar. Hərbi xidmətə gedib-qayıtdıqdan sonra təxminən 90-cı illərdə həmin ev sökülərək yerinə hökumət binası tikilmişdir. Onlar isə Plastmas qəsəbəsinə müvəqqəti köçürülmüşlər. Sonra Salyan şəhəri, X.R.Ulutürk küçəsi, ev 14, mənzil 3-də yerləşən yaşayış evi anasına verilmiş və ailə üzvləri ilə birlikdə həmin evə köçmüşlər. Cavabdeh1 təxminən 30 il əvvəl ailə həyatı qurmuş və Hacıqabul şəhərinə köçmüşdür. Bir müddət orada yaşadıqdan sonra Şirvan şəhərinə köçmüş və orada özlərinə ev almışlar.Daha sonra həmin evi sataraq yoldaşı ilə ayrıldıqdan sonra Salyan şəhərində yaşayan bibisi Gülbacı Babayevanın evinə köçərək bir müddət oarada yaşamışdır. Cavabdeh daha sonra özünə 31000 ABŞ dollarına 3 otaqlı ev almışdır. Sonra isə həmin evi sataraq Bakı şəhərinə köçmüş və hazırda Biləcəri qəsəbəsində yaşayış evi vardır.Cavabdehlərin evində qeydiyyatda olması onun hüququnu pozur, həmin səbəbdən iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh qismində məhkəmədə izahat verən Cavabdeh1 bildirmişdir ki, 1973-cü ildə anadan olmuş və 1996-ci ildə Hacıqabul şəhərinə ərə getmişdir.Bir müddət orada yaşadıqdan sonra Şirvan şəhərinə köçmüşlər.Orada özlərinə ev almış və daha sonra evi sataraq, Salyan şəhərinə qayıtmışdır.Bir müddət bibisi Gülbacının evində qalmış və daha sonra isə 30000 manata özünə Salyan şəhərində ev almışdır. Bir il müddət keçdikdən sonra həmin evi sataraq Biləcəri qəsəbəsində özünə 39000 manata 3 otaqlı balaca həyət evi almış və həmin evi sonradan qızının adına keçirəcəkdir. Qeydiyyatda olduğu evdə onun pay hüququ var və həmin səbəbdən qeydiyyatdan çıxmyacağını qeyd edərək iddianın rədd olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmış Cavabdeh2 məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Ona görə də məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə elan olunmuş Salyan RPŞ-nin 02 noyabr 2022-ci il tarixli məktubundan görünür ki, iddiaçının cavabdehlərin ona məxsus olan evdən qeydiyyatdan çıxarılması tələbinə müsbət cavab verilməmiş, ərizəçiyə məhkəməyə müraciət olunması məsləhət bilinmişdir. 13 dekabr 1995-ci ildə 129-c nömrə ilə qeydə alınmış qeydiyyat vəsiqəsinin surətindən görünür ki, İddiaçı mülkiyyətndə Salyan şəhəri, X.R.Ulutürk küçəsi bina 14, mənzil 3-də yerləşən yaşayış evi vardır. İş materiallarında olan, “Elektron notariat” AİS-in çıxarışından görünür ki, cavabdehər Cavabdeh1 və Cavabdeh2 Salyan şəhəri, X.R.Ulutürk küçəsi bina 16, mənzil 3-də qeydiyyatdadırlar. Məhkəmə tərəfləri dinləyib, mülki işin materiallarını nəzərdən keçirib, belə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə baxışı zamanı aydın olmuşdur ki, Salyan şəhəri, X.R.Ulutürk küçəsi bina 14, mənzil 3-də yerləşən yaşayış evi İddiaçı mülkiyyətndədir.Onun həmin hüququ 1995-ci ildə qeydə alınmışdır.Cavabdeh1 1996-cı ildə ərə getmiş və həmin yaşayış sahəsindən hal hazıra qədər istifadə etməmişdir.Cavabdeh bir neçə dəfə özünə yaşayış sahəsi əldə etmiş və hazırda da özünün dediyi kimi Biləcəri qəsəbəsində 3 otaqlı həyət evi alaraq orada yaşayır.Cavabdehlərin mübahisəli mənzildə qeydiyyatda olması onlara həmin sahədən istifadə etməsi üçün əsas ola bilməz.Hər iki cavabdeh qeyd olunan mənzildə yaşamadıqları və evin mülkiyyətçisi onların qeydiyyatdan çıxarılmasını tələb etdiyi üçün onların qeyd olunan mənzildə yaşayış sahəsindən istifadə hüququ olmadığındın həmin hüquqa xitam verilməlidir. Tərəflər arasında hüquq münasibətləri 2009-cu ilin oktyabr ayına qədər yarandığından hazırkı mübahisənin həll olunması üçün həmin vaxt qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin normaları tətbiq olunmalıdır. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 64-cü maddəsinə əsasən icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. Müvəqqəti başqa yerə gedən vətəndaşların yaşayış sahəsi aşağıdakı hallarda daha uzun müddət saxlanır: 1) müddətli həqiqi hərbi xidmətə çağırıldıqda—müddətli hərbi xidmət qurtarana qədər; habelə ehtiyatda olan zabitlər üç ilədək müddətə həqiqi hərbi xidmətə çağırıldıqda—həqiqi hərbi xidmət müddətində; praporşik, miçman və müddətdən artıq hərbi xidmətdə olan hərbi qulluqçular kimi həqiqi hərbi xidmətdə olduqda—hərbi xidmətin birinci beş ili ərzində; 2) işin şəraitinə və xarakterinə görə (gəmi heyətləri, geoloji dəstələrin, axtarış dəstələrinin, ekspedisiyaların işçiləri və i. a.) xaricə ezamiyyətə göndərilməklə, yaxud təhsillə əlaqədar (tələbələr, aspirantlar və i. a.) daimi yaşayış yerindən müvəqqəti başqa yerə getdikdə—həmin işin görülməsinin və ya təhsilin bütün müddətində; 3) uşaqlar tərbiyə olunmaq üçün dövlət uşaq müəssisəsinə, qohumlarına və ya qəyyumlarına (himayəçilərinə) verildikdə—onların çıxdıqları yaşayış sahəsində ailənin digər üzvləri yaşamağa qalmışlarsa, uşaqların bu müəssisədə, qohumlarının və ya qəyyumlarının (himayəçilərinin) yanında qaldıqları bütün müddətdə. Uşaqların çıxdıqları yaşayış sahəsində onların ailə üzvləri yaşamağa qalmamışlarsa və həmin sahə başqa vətəndaşlara verilmişsə və ya başqa səbəblərə görə bu sahəyə köçürmə mümkün deyilsə, dövlət uşaq müəssisəsində olma müddəti qurtardıqdan sonra, habelə yetkinlik yaşına çatıb qohumlarının və ya qəyyumlarının (himayəçilərinin) yanından qayıtmış uşaqlar yerli xalq deputatları Sovetinin icraiyyə komitəsi tərəfindən mənzil sahəsi ilə təmin edilir (bu Məcəllənin 39-cu maddəsi); 4) qəyyum (himayəçi) vəzifəsinin yerinə yetirilməsi ilə əlaqədar olaraq getdikdə—bu vəzifəni yerinə yetirdiyi bütün müddətdə; 5) müalicə üçün müalicə-profilaktika müəssisəsinə getdikdə— bu müəssisədə qaldığı bütün müddətdə; 6) müalicə-əmək profilaktoriyasına yerləşdirildikdə—orada olduğu bütün müddətdə; 7) həbs olunduqda—istintaqda və ya məhkəmədə olduğu bütün müddətdə; 10) cinayət üzrə dövlət tərəfindən müdafiə olunan şəxslərin təhlükəsizliyini təmin edən dövlət orqanlarının qərarına əsasən başqa yaşayış yerinə müvəqqəti köçürüldükdə – təhlükəsizlik tədbirlərinin qüvvədə olduğu müddətdə. Müvəqqəti başqa yerə gedən vətəndaşların yaşayış sahəsini daha uzun müddətə saxlamanın digər şərtləri və halları SSR İttifaqı və Azərbaycan SSR qanunvericiliyi ilə müəyyən olunur. Bu maddənin 1—7-ci və 10-cu bəndlərində göstərilən hallarda müvəqqəti başqa yerə getmiş şəxslərin yaşayış sahəsi müvafiq bənddə göstərilən müddətin qurtardığı gündən altı ay ərzində saxlanır. İcarədar və ya onun ailə üzvləri üzürlü səbəblərə görə altı aydan artıq müddətə başqa yerə getdikdə, bu müddət başqa yerə gedənin ərizəsi üzrə kirayədar tərəfindən, mübahisə yarandıqda isə məhkəmə tərəfindən uzadıla bilər. Şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsində qeyd olunmuşdur ki, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24.09.20-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Azərbaycan Respublikasının MPM-nin 218.3.-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 357-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: Cavabdeh1 və Cavabdeh2 İddiaçı mülkiyyətində olan Salyan şəhəri, X.R.Ulutürk küçəsi bina 16, mənzil 3-də yerləşən yaşayış sahəsindən istifadə hüququna xitam verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Salyan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə müşavirə otağında kompüterdə yazılmışdır Sədrlik edən: Ağarza Səmədov
Məhkəmə qərarları › İş №2(057)-197/2023
Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-197/2023
30.01.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver