Məhkəmə qərarları › İş №2(057)-366/2025

Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-366/2025

12.03.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-366/2025 12.03.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, Zamanov Asif Xanoğlan oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi vəkil X2, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qızının iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 və üçüncü şəxs Maraqlı şəxsnə qarşı “mənzilə istifadə və yaşayış hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair mülki işə Salyan Rayon Məhkəməsinin inzibati binasında (Salyan şəhəri, Əli Zeynalov küçəsi, 91), açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDI: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 və üçüncü şəxs Maraqlı şəxsnə qarşı “mənzilə istifadə və yaşayış hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli Çıxarış əsasında mülkiyyətində olan Salyan şəhəri, T.Xəlilbəyli küçəsi, 146 saylı evdə yerləşən 8 saylı mənzil üzərində istifadə və yaşayış hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, Salyan şəhəri, T.Xəlilbəyli küçəsi, 146 saylı binada yerləşən 8 saylı mənzil üzərində tam mülkiyyət hüququ xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışla rəsmiləşdirilmişdir. Hazırda uzun müddətdir ki, başqa ünvanda, ünvan 1yan cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 mülkiyyətində olan mənzildə pasport qeydiyyatındadırlar. Adı çəkilən şəxslər mülkiyyətində olan mənzildə deyil, uzun illərdir ki, başqa ünvanda özlərinə məxsus evdə yaşadıqlarından mülkyyətində olan mənzildə formal qeydiyyatdadırlar. Cavabdehlərin mülkyyətində olan mənzildə formal qeydiyyatda olması mülkiyyətçi olaraq onun hüquqlarını məhdudlaşdırır. Belə ki, adı çəkilən mənzilin pasport qeydiyyatında olduqlarına görə həmin şəxslərin adına mənzil-kommunal xərclərinin ödənilməsi ondan tələb olunur. Bu səbəbindən o, uzun müddətdir ki, artıq kommunal xərclər ödəmək məcburiyyətində olmuşdur. Bu günədək başqa daimi yaşayış ünvanı olan cavabdehlər mənzilin pasport qeydiyyatından çıxmırlar. Problemin aradan qaldırılması üçün cavabdehlərə dəfələrlə müraciətlər etmiş olsa da, nəticəsi olmamışdır. Bu səbəbdən də, cavabdehlərin mənzilin pasport qeydiyyatından çıxarılması ilə bağlı Salyan rayon PŞ-nə rəsmi ərizə ilə müraciət etmişdir. Salyan rayon PŞ-nin xx.xx.2024-cü il tarixli cavab məktubu ilə cavabdehlərin mənzilin pasport qeydiyyatından çıxarılmasından imtina edilərək məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Qeyd olunduğu kimi cavabdehlər Salyan şəhəri, X.R. Ulutürk küçəsi, bina 18A ünvanında yerləşən 13 saylı mənzildə artıq 8 ildir ki, birlikdə yaşayırlar və həmin evin pasport qeydiyyatına düşə bilərlər. Adı çəkilən mənzil Cavabdeh2 mülkiyyətindədir. Adı çəkilən əmlak onun xüsusi mülkiyyətinə aiddir. O səbəbdən də həmin əmlak üzrə mülkiyyət hüququnun təmin edilməsini tələb etmək hüququ vardır. Cavabdehlər mübahisəli mənzilə dair yaşayış hüququndan istifadə etmirlər və istifadə etmək niyyətində də deyillər. Əgər cavabdehlər adı çəkilən mənzildə uzun illərdir ki, yaşamırlarsa və həmin mənzildə yaşamaqları real deyilsə, bu hal onların həmin mənzil üzrə istifadə və yaşayış hüquqlarının itirilməsi üçün əsasdır. Bu səbəbdən də iş üzrə cavabdehlərin onun mülkiyyətində olan mənzil üzrə istifadə və yaşayış hüququnun itirilmiş hesab edilməsi ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətindədir. Cavabdehlər məhkəməyə 27 dekabr 2024-cü il tarixdə etiraz ərizəsi təqdim etmişlər. Həmin ərizədə göstərilmişdir ki, X1 mülkiyyətində olan Şirvan şəhəri, Xəqani küçəsi 3 saylı evin 24 saylı mənzilində onların istifadə və yaşayış hüquqlarının itirilmiş hesab edilməsi haqqında Salyan Rayon Məhkəməsində onlara qarşı iddia qaldırmışdır. Həmin iddia ərizəsinin surəti məhkəmə tərəfindən onlara təqdim olunmuş və həmin iddia ərizəsi ilə tanış olan zaman iddia ərizəsində xeyli anlaşılmazlıq və qanunsuzluq aşkar etmişlər. Onların həmin ünvandakı evdə mülkiyyət hüquqlarının olmasını bildiklərindən həmin evdən istifadə və yaşayış hüquqlarının itirilməsini əsassız və qanunsuz hesab edərək onun ərizəsinə qarşı öz etirazlarını bildirirlər. Etirazlarını aşağıdakı faktlarla sübuta yetirirlər: Əvvələn iddiaçının iddia etdiyi yaşayış evi Salyan şəhəri, T.Xəlilbəyli küçəsi 146 saylı binanın 8-ci mənzili olsa da ərizədə Şirvan şəhəri, Xəqani küçəsi, ev 3, mənzil 24 kimi qeyd edilmişdir. Salyan şəhəri, T.Xəlilbəyli küçəsi, bina 146,13 saylı mənzil atası Ağaqardaşın sağlığında ona bağışlamış və həmin evin onun mülkiyyətində olması barədə rəsmi çıxarışı var idi. Lakin atasının vəfatından bir neçə il sonra anasının təzyiqləri nəticəsində 2024-cü ildə həmin evi notariat qaydasında “ASAN xidmət”də məcburiyyət qarşısında qalaraq könüllü olaraq anasına bağışlamışdır. Həmin vaxt anası ona söz vermişdir ki, evlə bağlı gələcəkdə ona qarşı heç bir iddiası olmayacaq, evin qeydiyyatından çıxarılmayacaqlar və mənzildən istifadə hüquqlarına toxunulmayacaqdır. Buradan da tam aydın görünür ki, həmin evdə o və ailə üzvləri mülkiyyətçi olmaqla həmin evdən yaşayış sahəsindən istifadə hüquqları vardır. Mülkiyyətçi kimi onların bunu tələb etmək hüquqları vardır. Hazırda da o, həyat yoldaşı və 2 qızları həmin mənzildə rəsmi qeydiyyatdadırlar. O, 2001-ci ildə Salyan rayon sakini Aynurə ilə ailə qurmuş və həmin vaxtdan da onu həmin evə gəlin gətirmişlər. Həmin evdə onların adları göstərilən hər iki övladı da bu evdə dünyaya gəlmişlər. Belə olduğu halda hansı qanuna əsasən anası onların mənzildən istifadə və yaşayış hüquqlarına xitam verdirmək istəyir. Həmin məzildə yaşadıqları müddətdə mənzilin bütün kommunal xərclərini həmişə özü ödəmişdir. Mənzildə bütün təmir işlərini də özüm gördürmüş və bütün xərcləri özü çəkmişdir. İddiaçı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinə istinad etsə də həmin maddənin tələblərinin ziddinə gedir. O, mənzili anasına verəndən sonra ailədə narazılıq yaranmasın deyə məcbur - qalıb hazırda yaşadıqları evə köçmüşlər və həmin ev yeni ailə qurmuş qızı Cavabdeh3 adına rəsmiləşdiriləcəkdir. Odur ki, iddiaçi İddiaçı iddiası əsassız və ədalətsiz olduğundan həmin iddianı qəbul etmirlər və iddianın rədd olunmasını xahiş edirlər. Odur ki, iddiaçının göstərdiyi evdə yaşamaq hüquqlarının olmasını və mülkiyyətçi olmalarını nəzərə alaraq həmin mənzildən istifadə və yaşayış hüquqlarının olmasına dair qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi vəkil X3 iddia tələbini müdafiə edərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 bildirmişdir ki, iddianı qəbul etmir, atasının mülkiyyətindən qeydiyyatdan çıxmayacaqdır. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 bildirmişdir ki, iddianı qəbul etmir, o, mübahisəli evə gəlin köçmüşdür. Cavabdehlər Cavabdeh3, Cavabdeh4 və üçüncü şəxs Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdehlər və üçüncü şəxs Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin (cavabdehlərin) gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Üçüncü şəxs Maraqlı şəxs məhkəməyə məktub göndərərək, xx.xx.2025, xx.xx.2025 və xx.xx.2025-ci il tarixli məhkəmə iclaslarında nümayəndələrinin üzrlü səbəbdən iştirak edə bilməyəcəyini, iddiaçının mülkiyyətində olan mənzildən olan şəxslərin pasport qeydiyyatından çıxarılmasına etiraz etmədiklərini göstərmişlər. Əvvəlki məhkəmə iclaslarında İddiaçı bildirmişdir ki, cavabdehlər 10 ildir ki, gəlini Cavabdeh2 adına alınmış mənzildə yaşayırlar. O, tək yaşayır. Onun iki qızı və bir oğlu var. Oğlu onunla maraqlanmır. Mərhum ərinin sağlığında həmin mənzili almışlar, sonradan oğlu həmin mənzili ona bağışlamışdır. Əvvəlki məhkəmə iclaslarında iddiaçının nümayəndəsi vəkil X3 bildirmişdir ki, cavabdehlər uzun müddətdir ki, iddiaçının evində yaşamırlar. Cavabdehlərdən Cavabdeh1 məhkəmə iclasında bildirmişdir ki, o, anasının evinə getmir, anasına dərman almağa maddi imkanı yoxdur. Əvvəlki məhkəmə iclaslarında Cavabdeh1 göstərmişdir ki, onunla birlikdə mənzildə qeydiyyatda olan şəxslər onun arvadı və qızlarıdır. Onların iki otaqlı ayrıca mənzilləri var, mənzil arvadı Aynur Xankişiyevanın adınadır. Atası vəfat edəndən sonra bir müddət anasının evinə gedib ona baş çəkmişdir. Lakin hazırda getmir. Anası onu bezdirmişdir. Onun anasına dərman almağa maddi imkanı yoxdur. Anasının telefon nömrəsini bloka atmış, onunla əlaqə saxlamır. İddia əsassız olduğu üçün təmin edilməməlidir. Əvvəlki məhkəmə iclaslarında Cavabdeh2 bildirmişdir ki, Cavabdeh3 ailə qurub, ailəsi ilə birlikdə Bakı şəhərində yaşayır. Digər Cavabdeh4 yetkinlik yaşına çatmayıbdır. Qayınatası sağlığında evi onlara, yəni əri Zaura bağışlamışdır. Özü şəxsən mənzilin sənədləşdirmə işləri ilə məşğul olmuşdur. Qayınanasını onlara qarşı iddia verməyə baldızları sövq edib. Qayınanası tez-tez onlara gələrək, eləcə də baldızları onları hədələyərək evi geri tələb ediblər. Qızının toyu ərəfəsində onları narahat etdiyi üçün Zaur məcbur olub evi anasına notariat qaydasında bağışlamışdır. Məhkəmə iddiaçını, onun nümayəndəsini və məhkəmə iclasına gəlmiş cavabdehləri dinləyib, iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və iddia tələbinə hüquqi qiymət verib belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X5 Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışdan görünür ki, **********32-05101-093006 reyestr nömrəli, ünvan 2 ünvanında yerləşən mənzil xx.xx.2023-cü il tarixində, ********** saylı qeydiyyat nömrəsi ilə, İddiaçı xüsusi mülkiyyətinə keçmişdir. xx.xx.2023-cü il tarixli Daşınmaz Əmlakın Bağışlanması müqaviləsindən görünür ki, Cavabdeh1 **********32-05101-093006 reyestr nömrəli ünvan 2 ünvanında yerləşən mənzili İddiaçı bağışlamışdır. Elektron məhkəmə informasiya sistemindən çıxarılmış məlumatdan görünür ki, Cavabdeh2 mülkiyyətində ümumi sahəsi 34.60 kv.m 1 otaqdan ibarət ünvan 3 ünvanında yerləşən mənzil vardır. Elektron məhkəmə informasiya sistemindən çıxarılmış məlumatlardan görünür ki, Cavabdeh4 xx.xx.2012-ci ildə doğulmuşdur. İş üzrə digər Cavabdeh3 evlidir. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, ünvan 2 ünvanında yerləşən mübahisəli mənzil Cavabdeh1 tərəfindən xx.xx.2023-cü il tarixli Daşınmaz Əmlakın Bağışlanması müqaviləsi ilə İddiaçıya bağışlamışdır. Həmin mənzil xx.xx.2023-cü il tarixində, ********** saylı qeydiyyat nömrəsi ilə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X5 Daşınmaz Əmlakın Dövlət reyestrindən çıxarış əsasında İddiaçı xüsusi mülkiyyətinə keçmişdir. Mübahisəli mənzil hazırda iddiaçının mülkiyyətindədir. Cavabdehlər 10 ildən artıqdır ki, mənzildə yaşamırlar. Cavabdeh1 iddiaçının oğlu, Cavabdeh2 gəlini, Cavabdeh3 və Cavabdeh4 isə nəvələridir. Cavabdeh3 ailə qurduqdan sonra yaşamaq üçün Bakı şəhərinə getmiş, xx.xx.2012-ci il təvəllüdlü Cavabdeh4 yetkinlik yaşına çatmamışdır. Cavabdeh4 yetkinlik yaşına çatmadığından onun yaşayış yeri valideynlərinin yaşayış yeri hesab olunur. Məhkəmə nəzərə alır ki, cavabdehlər uzun müddətdir ki, faktiki olaraq mübahisə predmeti olan mənzildə yaşamırlar, sadəcə mənzildə formal qeydiyyatdadırlar. Odur ki, sözügedən mənzilə istifadə hüquqlarının itirilmiş hesab edilməsi hüquqi faktının müəyyən edilməklə tanınması yolveriləndir. Mənzilə formal qeydiyyat isə özü-özlüyündə istifadə hüquqlarının mövcud olmasına əsas deyildir. Bundan əlavə, cavabdehlərin iradəsinə zidd şəkildə mənzildən istifadə hüquqlarının məhdudlaşdırılması xüsusatları müəyyən edilmir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin tələbinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ və İİ bəndlərinin tələbinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının İ saylı Protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra - Mülki Məcəllə) 152.1ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Mülki Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Mülki Məcəllənin 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Mülki Məcəllənin 666.1-ci maddəsinin tələbinə əsasən, bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin məzmununa görə yaşayış yerini dəyişmiş, başqa ölkədə yaşayış yeri seçmiş, istifadə hüququna xitam verilmiş şəxs qeydiyyatdan çıxarılmalıdır. Həmin Qanunun 2-ci maddəsinə əsasən, on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin - müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. On dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanların (tam həcmdə fəaliyyət qabiliyyəti əldə edənlər istisna olmaqla) yaşayış yeri onların qanuni nümayəndələrinin - müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin, yaxud qəyyumların və ya himayəçilərin razılığı ilə müəyyən edilir. Həmin Qanunun 5-ci maddəsinə əsasən yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Beləliklə, məhkəmə qanunvericiliyin qeyd olunan müddəalarını və işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, mübahisəli mənzilin tam mülkiyyət hüququ üzrə iddiaçıya məxsus olduğundan, bundan başqa cavabdehlərin həmin mənzildə yaşamadığı iş materialları ilə müəyyən olduğundan, cavabdehlərin mübahisəli mənzil üzrə qeydiyyatda qalmaqda davam etməsi iddiaçının həmin mənzilə münasibətdə mülkiyyət hüququnun həyata keçirməsini pozduğundan iddia qismən təmin edilməlidir. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 2-ci maddəsinə əsasən on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin - müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. Həmin Qanunun 9-cu maddəsinin 1-ci hissəsinin 5-ci bəndinə əsasən şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasının əsaslarından biri də şəxsin yaşayış sahəsindən çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin olmasıdır. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsində isə göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı dövlət rüsumunun əvəzinin ödənilməsini tələb etmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. MPM-in 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 İddiaçı mülkiyətində olan Salyan şəhəri, T.Xəlilbəyli küçəsi, 146 saylı evdə yerləşən 8 saylı mənzil üzərində istifadə hüququ itirilmiş hesab edilməlidir. Yuxarıda şərh olunanlara əsasən və MPM-in 213, 214, 216-220, 227, 233 və 357-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 İddiaçı mülkiyətində olan Salyan şəhəri, T.Xəlilbəyli küçəsi, 146 saylı evdə yerləşən 8 saylı mənzil üzərində istifadə hüququ itirilmiş hesab edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 1 (bir) ay müddətində elektron kabinetdən istifadə edilməklə Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Ənnağı Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar