Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-54/2025 08.10.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Kələntərov Şahəddin Əhməd oğlunun sədrliyi, Rzayev Hüseyn Mehman oğlunun katibliyi, İddiaçılar İddiaçı1, iddiaçı və eyni zamanda İddiaçı3 etibarnamə üzrə nümayəndəsi İddiaçı2, X3 iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, X3 Cavabdeh qarşı “paylı mülkiyyətdə olan torpaq sahəsinin bölünməsi, ondan payın naturada ayrılması” tələbinə dair mülki işə Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, X7 Cavabdeh qarşı “paylı mülkiyyətdə olan torpaq sahəsinin bölünməsi, ondan payın naturada ayrılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ümumi paylı mülkiyyətdə olan Salyan rayonu, Dayıkənd kəndi ərazisində yerlşən 4,472 ha torpaq sahəsinin bölünməsi və naturada payların müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onlar Salyan rayonu, Dayıkənd kəndi ərazisində anadan olmuş, sonrakı vaxtlardan iddia ərizəsində göstərilən ünvanlarda yaşayırlar. Onlar valideynləri ilə birlikdə kənddə yaşadıqları vaxtlarda torpaq islahatı keçriilən zaman 5 nəfərdən ibarət ailələrinə 4,472 ha pay torpaq sahəsi verilmişdir. İlk vaxtlarda anaları sağ olan zaman torpağın mülkiyyətçisi və ailə başçısı kimi mərhum anaları X1 adı qeyd olunmuşdur. Lakin qardaşları Cavabdeh adı pay torpağına dair sənəddəki siyahıda olmamışdır. Anaları 2014-cü ildə vəfat edəndən sonra bütün bacılar analarından qalmış miras paydan imtina edərək qardaşlarına vermişlər. Ondan sonra qardaşı Əbülfəz həmin torpaq sahəsinə dair DƏDRX-dən Çıxarış almış və Çıxarışda ailənin başçısı kimi öz adını yazdırmışdır. Son vaxtlar onlar 4 bacı pay torpaqlarını ayıraraq öz adlarına rəsmiləşdirmək istəmişlər. Lakin qardaşları onların tələblərindən imtina edərək torpaq sahələrini onlara verməkdən boyun qaçırmışdır. Dəfələrlə etdikləri xəbərdarlıqlara baxmayaraq cavabdeh onlara çatası pay torpaq sahəsini ayırıb verməkdən imtina etdiyindən məcbur qalıb həmin torpaq sahəsinin naturada bölünməsi və payların müəyyən olunması ilə bağlı iddia qaldırmışlar. Məhkəmə iclasında iştirak edən iddiaçılar İddiaçı1, iddiaçı və eyni zamanda İddiaçı3 etibarnamə üzrə nümayəndəsi İddiaçı2, X7 ayrı-ayrlıqda iddia tələbini müdafiə edərək, torpaq sahəsinin naturada bölünərək paylarının müəyyən olunmasını, iddianın təmin olunmasını məhkəmədən xahiş etmişlər. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iş üzrə cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddiaçıların izahatlarını dinləyib, iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb belə qənaətə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: ƏMDK-in DƏDRX-nin **********35 reyestr nömrəli çıxarışından görünür ki, Salyan rayonu, Dayıkənd kəndində yerləşən ümumi sahəsi 4,472 ha olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzrə İddiaçı2 1/5 hissədə, İddiaçı4 1/5 hissədə, İddiaçı3 1/5 hissədə, X5 1/5 hissədə, Cavabdeh Noruz oğlunun 1/5 hissədə paylara mülkiyyət hüquqları xx.xx.2022-ci il tarixdə qeydiyyata alınmışdır. Mübahisəli torpaq sahəsinə dair xx.xx.2020-ci il tarixli “torpaq sahəsinin planı və ölçüsü” sənədindən görünür ki, Salyan rayonu, Dayıkənd kəndində yerləşən ümumi sahəsi 4,472 ha olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzrə İddiaçı2 xüsusi mülkiyyətindədir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 02 sentyabr 2025-ci il tarixli 10/5530 nömrəli ekspert rəyindən görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında ƏMDX “DƏDRX” publik hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinin mütəxəssis rəyində göstərilənlərə əsasən aşağıdakılar müəyyən edilmişdir: Torpaqların elektron kadastr uçotu və elektron kadastr baza məlumatlarına əsasən Reyestr nömrəsi **********35 olan çıxarışa əsasən İddiaçı2 və ailə üzvlərinin birgə mülkiyyətində olan Salyan rayonu, Dayıkənd kəndində yerləşən 4,472 ha torpaq sahəsinin texniki cəhətdən və natrada 5 bərabər hissəyə bölgüsü mümkündür. Aparılmış ekspert tədqiqatının dəyəri 100 manat təşkil etmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İnsan Hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsinə əsasən hər bir insan təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşnalıqla məhrum edilməməlidir. İnsan Hüquqlarının və X6 Haqqında Konvesiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 213.4-cü maddəsinə əsasən, ümumi mülkiyyət təyinatı dəyişdirilmədən bölünə bilməyən əşyanın (bölünməz əşya) və ya bu Məcəlləyə görə bölünməli olmayan əşyanın iki və ya bir neçə şəxsin mülkiyyətinə daxil olması zamanı yaranır. Bölünən əşyaya ümumi mülkiyyət bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulmuş hallarda yaranır. Həmin Məcəllənin 213.5-ci maddəsinə əsasən, birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Salyan rayonu, Dayıkənd kəndinin sakini mərhum X2 və onun ailə üzvlərinə 4,472 ha torpaq sahəsi kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə verilmiş, ƏMDK-in DƏDRX-nin **********35 reyestr nömrəli çıxarışı ilə həmin torpaq sahəsinə İddiaçı2, İddiaçı4, İddiaçı3, X5, Cavabdeh Noruz oğlunun - hər birinin 1/5 hissə olmaqla mülkiyyət hüquqları xx.xx.2022-ci il tarixdə qeydiyyata alınmışdır. Cavabdeh iddiaçıların torpaq paylarının ayrılmasından imtina etməklə həmin şəxslər mülkiyyət hüquqlarına əsassız müdaxilə etmiş, onların həmin hüquqlarını pozmuşdur. Buna görə də iddiaçılar məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. İş üzrə keçirilmiş tikinti-texniki ekspertizasının rəyində də mübahisəli torpaq sahəsinin 5 bərabər hissəyə bölünməsinin mümkünlüyü təsdiq olunmuşdur. Məhkəmə yuxarıda qeyd olunanlarla bağlı həmçinin Avropa Məhkəməsinin “İnsan Hüquqlarının və X6 haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinin mənası baxımından “mülkiyyət” və “əmlak” anlayışının tətbiqi təcrübəsi ilə bağlı presedentlərinə istinadən etməyi zəruri hesab edir. Belə ki, İnsan Hüquqlarının və X6 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 1 saylı protokolunun 1-ci maddəsində deyilir ki, hər kəs öz əmlakına mülkiyyət hüququnu maneəsiz həyata keçirmək hüququna malikdir. 1 saylı protokolun 1-ci maddəsinin mənası baxımından “mülkiyyət” və “əmlak” anlayışı kifayət qədər genişdir. İqtisadi maraqların geniş spektri, o cümlədən daşınar və daşınmaz əmlak, maddi və qeyri-maddi maraqlar mülkiyyət hüququnun təsir dairəsinə düşür. Bu maddə üzrə məhkəmə presedentlərinə görə mülkiyyət hüququ təkcə dövlət qeydiyyatına alınmış hüquqların deyil, eyni zamanda əmlaka faktiki mülkiyyət hüququnu, torpağa icarə, istifadə hüququnu da mülkiyyət kimi qəbul edir. Beləliklə, qeyd olunan maddi hüquq normalarının müddəaların mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratınıöz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinəəsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsin əəsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yanlız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticəçıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Beləliklə, iddia təmin edilməli, **********35 reyestr nömrəli çıxarışa əsasən Salyan rayonu, Dayıkənd kəndində yerləşən 4,472 ha torpaq sahəsinə iddiaçılar İddiaçı2, İddiaçı4, İddiaçı3, X5 və Cavabdeh Noruz oğlunun - hər birinin 1/5 hissə olmaqla payı müəyyən olunmalıdır. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmçinin məhkəmə baxışı zamanı aparılmış ekspert tədqiqatının dəyərini təşkil edən 100 (bir yüz) manat məbləğində pul Cavabdeh alınaraq Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Yuxarıdakılara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 357-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. **********35 reyestr nömrəli çıxarışa əsasən Salyan rayonu, Dayıkənd kəndində yerləşən 4,472 ha torpaq sahəsinə iddiaçılar İddiaçı2, İddiaçı4, İddiaçı3, X5 və Cavabdeh Noruz oğlunun - hər birinin 1/5 hissə, yəni 0,8944 ha olmaqla payı müəyyən olunsun. İş üzrə ödənilmiş dövlət rüsumu Cavabdeh aid edilsin. İş üzrə məhkəmə ekspertizası tədqiqatının dəyərini təşkil edən 100 (bir yüz) manat məbləğində pul Cavabdeh alınaraq X4 Xəzinədarlığı Agentliyinin 210005 kodlu, VÖEN **********, müxbir hesabı AZ 41NABZ********************, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 34CTRE********************, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3 hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Şahəddin Kələntərov
Məhkəmə qərarları › İş №2(057)-54/2025
Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-54/2025
08.10.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver