Məhkəmə qərarları › İş №2(057)-563/2023

Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-563/2023

27.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-563/2023 27.03.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Ağarza Hacırza oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Zamanov Asif Xanoğlan oğlunun katibliyi ilə, "xxxx" ASC-nin Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında subroqasiya qaydasında zərərin ödənilməsinə tələbinə dair iddiası üzrə mülki işə Salyan Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: "xxxx" ASC-nin Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında pul tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, “VAZ 21074” markalı, **-GN-*** dövlət nömrə nişanlı avtomobil xx.xx.2019-cu ildən xx.xx.2020-ci ilədək "xxxx" ASC-də icbari sığorta növündə sığortalanmışdır. Sığortalı ilə xx.xx.2019-cu il tarixli PXA ********** nömrəli sığorta müqaviləsi bağlanılmışdır. 2020-ci il iyulun 24-də Cavabdeh sərxoş vəziyyətdə və nəqliyyat vasitələrini idarə etmək hüququ və etibarnamə olmadan idarə etdiyi “VAZ 21074” markalı, **-GN-*** dövlət nömrə nişanlı avtomobillə Ələt-Astara yolu Ələt istiqamətində X1 idarə etdiyi “VAZ 21070” markalı, **-NL- *** dövlət nömrə nişalnlı avtomobillə toqquşmuşdur. Yol-nəqliyyat hadisəsi nəticəsində “VAZ 21070” markalı, **-NL-*** avtomobilin sürücüsü X3 az ağır dərəcədə xəsarət almışdır. Salyan Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(057)-11/2021 saylı hökmü ilə Cavabdeh Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsi ilə təqsirli bilinmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertizası və Pataloji Anatomiya Birliyi” Publik hüquqi şəxsi tərəfindən verilmiş 404 nömrəli ekspert rəyinə əsasən X1 aldığı xəsarətlərin dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddir. Fiziki şəxs qismində avtomobillərin təmiri və qiymətləndirmə fəaliyyəti aparan M.M.Qurbanov (VÖEN **********) tərəfindən verilmiş təmir smetasına əsasən hadisə nəticəsində “VAZ 21070” markalı, **-NL-*** dövlət nömrə nişanlı avtomobilə 1840 manat məbləğində zərər dəymişdir. İddiaçı xx.xx.2020-ci il tarixində 6150 nömrəli ödəniş tapşırığı ilə 1840 manat məbləği zərərçəkmiş şəxs “VAZ 21070” markalı, **-NL-*** avtomobilin mülkiyyətçisi X7 ödəmişdir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 14.2.4-cü maddəsinə əsasən sığorta hadisəsi nəticəsində sığorta olunan və ya üçüncü şəxs əlillik qrupu təyin və ya sağlamlıq imkanları məhdudluğu müəyyən olunmadan az ağır və ya ağır xəsarət aldıqda sığorta məbləğinin 30 faizi nisbətlərində ödənilir (5000 manat bir fiziki şəxsin sağlamlığına dəyən zərər üzrə x 30 %=1500 manat). İddiaçı tərəfindən xx.xx.2020-ci il tarixində 6149 nömrəli ödəniş tapşırığı ilə 1500 manat məbləği zərərçəkmiş şəxs X2 ödəmişdir. Ümumilikdə isə, 2020-ci il iyulun 24-də baş vermiş yol-nəqliyyat hadisəsində "xxxx" ASC tərəfindən 3340 manat sığorta ödənişi edilmişdir. Göstərilənlərə əsasən,Cavabdeh 3340 manat məbləğində vurulmuş zərər və 53.40 manat məbləğində ödənilmiş dövlət rüsumunun (cəmi 3393.40 manat) alınaraq, iddiaçı "xxxx" ASC-nin hesabına köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan icbari sığorta müqaviləsinə dair məlumatdan görünür ki, "xxxx" ASC ilə X8 arasında bağlanmış müqavilə xx.xx.2029-cu il tarixdən xx.xx.2020-ci il tarixədək qüvvədə olmuşdur. İş materiallarında olan sığorta aktından görünür ki, “VAZ 21070” markalı, **-NL-*** dövlət qeydiyyat nişanlı avtomaşına ümumilikdə 1840 manat məbləğində ziyan dəymişdir. İş materiallarında olan sığorta aktından görünür ki, sığortalanmış “VAZ 21074” markalı **- GN-*** dövlət qeydiyyat nişanlı avtomobil “VAZ 21070” markalı **-NL-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşması nəticəsində sonuncunun sürücüsü X3 az ağır dərəcədə xəsarət almışdır.Sığorta şirkəti tərəfindən zərərçəkmiş şəxsə 1500 manat ödəniş edilmişdir. İş materiallarında olan Salyan Rayon Məhkəməsinin 02 fevral 2021-ci il tarixli,1(057)-11/2021 saylı hökmünün surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 02 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İş materiallarında olan “Məhkəmə-Tibbi Ekspertiza və X6” ETT Birliyinin məhkəmə-kimya şöbəsinin ekspert-kimyaçısı Məmmədova Nərminə tərəfindən verilmiş rəydən görünür ki, Cavabdeh götürülmüş qan nümunəsində etil spirti aşkar edilmiş və etil spirtinin qatılığı-0,6‰-dir. İş materiallarında olan arayışdan görünür ki, xx.xx.2020-ci il tarixdə, saat 15:20-də Cavabdeh idarə etdiyi “VAZ 21074” markalı, **-GN-*** dövlət qeydiyyat nişanlı avtomobil, X2 məxsus “VAZ 21070” markalı, **-NL-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, Cavabdeh təqsiri üzündən baş vermiş hadisə nəticədə sonuncuya maddi ziyan dəymişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertizası və Pataloji Anatomiya Birliyi” Publik hüquqi şəxsi tərəfindən verilmiş 404 nömrəli ekspert rəyindən görünür ki, 1956-cı il təvəllüdlü X1 məhkəmə tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər- QKBT, baş beynin silkələnməsi, ənsə nahiyəsinin əzilmiş yarası,alın nahiyəsinin dərialtı hematoması L1-L2 bel fəqərələrinin sol köndələn çıxıntılarının yerdəyişməmiş sınığı, sol 12-ci qabırğanın sınığı, sağ asıq baldır oynağının hemontrozu küt əşya(əşyalar) təsirindən törənmiş qərarda göstərilən müddət və şəraitdə yəni xx.xx.2020-ci il tarixdə avtoqəza nəticəsində əmələ gələ bilərdi. Sağlamlığın uzun müddətə pozulmasına səbəb olan az ağır zərərvurmaya aiddir. İş materiallarında olan avtomobillərin təmiri və qiymətləndirmə fəaliyyəti aparan X5 tərəfindən verilmiş təmir smetasından görünür ki, hadisə nəticəsində “VAZ 21070” markalı, **-NL-*** avtomobilə 1840 manat məbləğində zərər dəymişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli 6150 nömrəli ödəniş tapşırığından görünür ki, xx.xx.2020-ci il tarixdə, saat 15:20-də baş vermiş avtoqəza ilə bağlı "xxxx" ASC tərəfindən “VAZ 21070” markalı, **-NL-*** qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi X7 1840 manat ziyan məbləğisığorta ödənişi ödənilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli 6149 nömrəli ödəniş tapşırığından görünür ki, xx.xx.2020-ci il tarixdə, saat 15:20-də baş vermiş avtoqəza ilə bağlı "xxxx" ASC tərəfindən zərərçəkmiş X2 1500 manat ziyan məbləği- sığorta ödənişi ödənilmişdir. İş materiallarında olan etibarnamədən görünür ki, “VAZ 21070” markalı, **-NL-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi X9, X2 həmin avtomobili idarə etmək üçün səlahiyyət vermişdir. “Sığorta haqqında» Azərbaycan Respublikası Qanununun 31.1-ci maddəsinin tələbinə görə, sığortaçı sığorta ödənişini müqaviləyə və ya qanuna müvafiq surətdə sığortalının ərizəsinə və sığorta hadisəsi haqqında akta əsasən verir. Həmin Qanunun 34.1.3 və 34.1.4-cü maddələrinin tələbinə görə, sığortalının vəzifələrinə-sığorta hadisəsi baş verdikdə, bu barədə sığorta müqaviləsində müəyyən edilmiş müddətdə sığortaçını xəbərdar etmək və ziyanın qarşısının alınması və azaldılması üçün tədbirlər görmək aiddir. Həmin Qanunun 37.1-ci maddəsinə əsasən sığortalının təqsirkar şəxsə zərərin əvəzini ödəmək tələbi hüququ (iddiası) əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya reqres qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəklərinin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 459.1-ci maddəsinə (ilkin vəziyyəti bərpa etmək vəzifəsi) əsasən, zərərin əvəzini ödəməyə borclu olan şəxs əvəz etməyə borclu edən hal baş verməsəydi, mövcud olacaq vəziyyəti bərpa etməlidir. Həmin Məcəllənin 916.1-ci maddəsinə əsasən əgər sığortalı zərərin əvəzini ödəmək tələbini 3-cü şəxs qarşısında irəli sürə bilərsə, həmin tələb sığortaçıya bu şərtlə keçir ki, o, zərərin əvəzini sığortalıya ödəmiş olsun. Həmin Məcəllənin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə görə faydalanan şəxsin zərərvuran (həm hüquqi, həm də ki fiziki) şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Bu Məcəllənin 936.5-ci maddəsinə istinadən, sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericilyə əsasən dəyən zərər görə və faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Qeyd olunan Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə nəqliyyat vasitələrindən istifadə edilməsi nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Məhkəmə qeyd edir ki, iddia cavabdehə qarşı tam əsaslıdır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin məcəllənin 284-2-ci madəsinə əsasən kiçik iddialara dair işlərdə ərizə bu Məcəllənin 4-cü fəslində müəyyən edilmiş ümumi aidiyyət qaydalarına əsasən verilir. Həmin məcəllənin 284-6.1-ci madəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Həmin məcəllənin 284-6.2-ci maddəsinə əsasən məhkəmə qətnaməsindən bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada apellyasiya şikayəti verilə bilər. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 284-1- 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 3340 manat məbləğində vurulmuş zərər və 53.40 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 3393.40 manat məbləğində pul tutulub "xxxx" ASC-nin hesabına ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Salyan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ağarza Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar