Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № 2(058)-1002/2023 06.10.2023 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Mikayılov Cəlil Ağadin oğlunun katibliyi, İddiaçı və iddiaçının vəkili X1 iştirakı ilə, İddiaçı “Azəriqaz” İstehsalat Birliyinə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı X3 “Azəriqaz” İstehsalat Birliyinə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Azəriqaz” İB tərəfindən əsassız hesablanmış 1555.17 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, Samux rayon Alıuşağı kəndində yaşayır və yaşadığı ünvanın sayğacına Azəriqaz İB Gəncə şəhəri RQİİ tərəfindən baxış keçirildiyi zaman ona bildirilmişdir ki, o sayğaca müdaxilə edib və bu səbəbdən qaz sərfiyyatına görə 1555.17 manat borcu yaranıb. Hesab edir ki, həmin borc əsassız hesablanmışdır. Belə ki, onun tərəfindən qaz sayğacına heç bir müdaxilə olunmayıb. Ona görə də, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iddiaçı X3 iddianı müdafiə edərək iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək bildirmişdir ki, ona sayğaca müdaxilə etməsi səbəbilə qaz sərfiyyatına görə “Azəriqaz” İB tərəfindən borcunun olması barədə məlumat verilib. Halbuki qaz sayğacına onun tərəfindən heç bir müdaxilə edilməyib, sayğac həyətdən kənarda ümumi istifadədə olan məhəllədə yerləşir. Sözügedən borc əsassız hesablanmışdır, buna görə də iddia tələbinin təmin edilməsini xahiş edir. Məhkəmə iclasında iddiaçının vəkili X4 iddianı müdafiə edərək iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək bildirmişdir ki, sayğacın işləməməsi səbəbindən sayğac yenisi ilə əvəz olunmuşdur, daha sonra Azəriqaz İb tərəfindən iddiaçıya bildirilmişdir ki, köhnə sayğaca guya onun tərəfindən müdaxilə olunub. Halbuki iddiaçı tərəfindən sayğaca heç bir müdaxilə olunmayıb, sayğac evdən çöldə, yəni küçədə yerləşir, sayğaca mütəmadi olaraq Azəriqaz İB-nin əməkdaşları tərəfindən baxış keçirilir. Cavabdeh tərəfindən borc əsassız hesablanmışdır. İddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının və onun vəkilinin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarına əlavə olunmuş “Təbii qazdan istifadə qaydalarının pozulması” haqqında ******* nömrəli xx.xx.2023-cü il tarixli aktın surətindən görünür ki, istehlakçı kimi qeydə alınmış İddiaçı yaşadığı ünvanda quraşdırılmış 11477300 nömrəli qaz sayğacına baxış keçirilmiş, sayğacın çıxış plastmas borusunun deşilməsi müəyyən edilmiş, dəymiş ziyanın həcmi 12960 m3 (6x24x90) hesablanmışdır. İş materiallarına əlavə edilmiş **********00132 nömrəli “abonentin saldosu” adlı sənədin surətindən görünür ki, ünvan 3 ünvanda yaşayan abonent İddiaçı akt üzrə 1555.17 manat borc hesablanmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnamə” məktubun surətindən görünür ki, istehlakçı X2, abonent kodu **********00132, xx.xx.2023-cü il tarixli ******* nömrəli akta əsasən maksimal qaz sərfi 6 m3/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün dəymiş ziyanın həcmi 12960 m3 (6x24x90) hesablanmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 2.5-ci bəndinə əsasən qaz qurğuları istismara qəbul olunduqdan və qazpaylayıcı şəbəkəyə qoşulduqdan sonra 5 (beş) iş günü müddətində qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı barədə müqavilə imzalanır və həmin andan etibarən istehlakçıya qazın verilməsi müqaviləyə uyğun təmin edilir. Qaydaların 4.1-ci bəndinə əsasən qaz paylayıcısı və istehlakçı arasında balans mənsubiyyəti sərhədində qazın sərfinə görə hesablaşma aparılması üçün layihəyə uyğun olaraq, AİBNDA tərəfindən tipi təsdiq edilərək dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış müvafiq qaz sayğacları quraşdırılmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Qaydaların 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Tərəflər 11477300 nömrəli qaz sayğacına müdaxilə olması ilə bağlı mübahisə edirlər. Cavabdeh tərəfindən bilavasitə iddiaçının yaşadığı ünvanda yerləşən qaz sayğacı üçün borc hesablanmışdır. Cavabdeh bu hərəkətini iddiaçı tərəfindən qaz sayğacına müdaxilə faktı ilə əsaslandırır. Cavabdeh məhkəmə iclaslarında iştirak etməmiş və iş materiallarından göründüyü kimi məhkəməyə 11477300 nömrəli qaz sayğacına müdaxilə edilməsini təsdiq edən heç bir sübut təqdim etməmişdir. Şərh olunan normalardan da göründüyü kimi fiziki şəxs olan istehlakçı yalnız plombun toxunulmazlığına görə məsuliyyət daşıya bilər. Sayğaca müdaxilə olunmadan hesablama mexanizmində xəta aşkarlanmışdırsa, buna görə fiziki şəxs olan istehlakçı məsuliyyət daşımır. İşlək sayğacın quraşdırılması və onun işlək vəziyyətdə qalması üçün məsuliyyət qaz paylayıcının üzərinə düşdüyündən məhkəmə hesab edir ki, cavabdeh Azəriqaz İB tərəfindən 12960 m3 itirilmiş təbii qaz üçün 1555.17 manat borc heç bir faktiki və hüquqi əsasa söykənmədən hesablanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-cı maddələrini rəhbər tutaraq məhkəmə, q ə t e t d i: İddia təmin edilsin. ünvan 4 ünvanda yerləşən fərdi yaşayış evində təbii qazdan istifadə qaydalarının pozulmasına görə abonent İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyi tərəfindən hesablanmış 1555,17 (min beş yüz əlli beş manat on yeddi qəpik) manat borc məbləği silinsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Tərifə Kərimova
Məhkəmə qərarları › İş №2(058)-1002/2023
Samux Rayon Məhkəməsi Qətnamə — İş №2(058)-1002/2023
06.10.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver