Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № 2(058)-102/2023 03.03.2023 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Mikayılov Cəlil Ağadin oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “torpaq sahəsinin və yaxud 6500 manat pulun qaytarılması” tələbinə dair ərizəsi üzrə mülki işə, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Samux rayonu Alıuşağı kəndi ərazisində yerləşən 0.10 ha həyətyanı torpaq sahəsinin və yaxud 6500 manat pulun geri alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Samux rayonu Alıuşağı kəndində yaşayan bibisigildə olarkən cavabdehin atası mərhum X7 ilə tanış olmuşdur. Söhbət əsnasında Hidayət Nağıyev ona bildirmişdir ki, gözünün müalicəsi üçün həyətyanı torpaq sahəsini satır. Onlar həmin torpaq sahəsinin alqı-satqısı barədə razılaşmış, o, Hidayət Nağıyevə 19 aprel 2001-ci il tarixdə otuz beş şirvan vermiş və bildirmişdir ki, qalan 30 şirvanı isə sənədləşmə aparanda ödəyəcək. 03 iyul 2001-ci il tarixdə razılaşdıqları kimi o, qalan 30 şirvan pulu Cavabdeh ailə üzvlərinin iştirakı ilə vermişdir. Nağıyev Hidayət 0.10 ha torpaq sahəsini onun X2na 65 şirvana satmışdır. X2 torpaq sahəsini alandan sonra o, bibisinə məxsus həmin torpaqda bir otaqdan ibarət ev tikdirmişdir. Hal-hazırda Cavabdeh ona satdığı torpağı başqa bir şəxsə 6500 manata satmışdır. O, torpağın boşaldılmasını tələb etsə də cavabdeh onun tələbinə heç bir əhəmiyyət vermir. Ona görə də məhkəməyə müraciət etməyə məcbur qalıb. Samux rayonu Alıuşağı kəndi ərazisində yerləşən 0.10 ha həyətyanı torpaq sahəsinin və yaxud 6500 manat pulun geri alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək bildirdi ki, sözügedən torpaq sahəsi cavabdehin atası tərəfindən onun bibisinə satılıb. Bibisinin ondan başqa heç kəsi olmayıb, o, bibisinin vərəsəsi hesab olunur. Bu səbəbdən də bibisinə məxsus əmlak ona qalmalıdır. Bu səbəbdən də, iddianın təmin edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək bildirdi ki, tələbi əsassız hesab edir. Belə ki, sözügedən torpaq sahəsi onun atasına mülkiyyət hüququ ilə məxsus olub, atasının ölümündən sonra isə o, atasından qalan həmin mirası qəbul etmiş, daha sonra isə öz əmlakı kimi başqasına satmışdır. Həmin torpaq sahəsi atası tərəfindən iddiaçıya və onun bibisinə satılmayıb. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş: Torpağın mülkiyyətə verilməsi haqqında JN 213A KOD 50706028 saylı şəhadətnamənin surətindən görünür ki, Samux rayon Aqrar İslahat Komissiyasının 15 dekabr 1997-ci il tarixli qərarı ilə 0.10 ha torpaq sahəsi X4 mülkiyyətinə verilmişdir. İş materiallarına əlavə edilmiş Daşınmaz Əmlakın alqı-satqısı barədə 30 noyabr 2021-ci il tarixli müqavilədən görünür ki, sözügedən torpaq sahəsi paylı mülkiyyət üzrə mülkiyyətçilər tərəfindən X1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2.-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyinə əsasən mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. İddiaçının hazırkı iddia tələbi ilə müraciət etməsi üçün subyektiv hüququnun mövcud olması üçün ilk növbədə onun torpaq sahəsinə hüququnun mövcud olub-olmaması müəyyən edilməlidir. Məhkəmə ilk öncə onu qeyd edir ki, iddiaçının məhkəmə iclasında verdiyi izahat iddia ərizəsi ilə tam uyğunluq təşkil etmir. Belə ki, iddiaçı iddia ərizəsində sözügedən torpaq sahəsinin cavabdehin atası X7 tərəfindən gah ona, gah da X8a satıldığı qeyd olunmuş, iddiaçı məhkəmə iclasında verdiyi izahatında isə sözügedən torpaq sahəsinin cavabdehin atası Nağıyev Hidayət tərəfindən X8a satıldığını bildirmiş, həmin torpaq sahəsinin bibisi tərəfindən alındığını təsdiq etmək üçün məhkəməyə təqdim etdiyi X7 ilə X6 arasında əldə olunmuş sadə yazılı razılaşma barədə sənədə istinad etmişdir. İddiaçı məhkəmə iclasında verdiyi izahatında sözügedən tələblə bağlı qaldırdığı iddianı bibisinə məxsus əmlakın bibisinin ondan başqa heç bir vərəsəsinin olmaması səbəbi ilə vərəsəlik qaydasında ona keçməli olması və hazırda onun mülkiyyəti hesab olunması halı ilə əsaslandırmağa çalışmışdır. Halbuki sözügedən əmlak bibisinin mülkiyyətində olmamışdır. Beləliklə iddiaçının sözügedən torpaq sahəsinin cavabdehdən alınıb ona verilməsi barədə tələbi iddiaçının həmin tələblə bağlı subyektiv hüququnun olmamasına görə əsassızdır. İddia tələbinin “yaxud 6500 manat pulun alınıb iddiaçıya verilməsi” hissəsinə münasibətdə də məhkəmə iddianı əsassız hesab edir. Belə ki, iddiaçının istinad etdiyi, X2 ilə X7 arasında əldə olunmuş sadə yazılı razılaşmada bibisi tərəfindən “35 şirvan” pulun Hidayət Nağıyevə verildiyi göstərilmiş, bu da iddiaçı tərəfindən tələb olunan 6500 manat məbləğlə heç bir uyğunluq təşkil etmir. Həmçinin iddiaçının bibisi tərəfindən verilmiş pulu tələb etməsi hüququnun yaranması üçün o, bibisnin vərəsəsi olmalı olduğundan və hazırda bu hal öz təsdqini tapmadığından iddia tələbi pul tələbinə dair hissədə də təmin oluna bilməz. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddiaçı Cavabdeh qarşı “torpaq sahəsinin və yaxud 6500 manat pulun qaytarılması” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Tərifə Kərimova
Məhkəmə qərarları › İş №2(058)-102/2023
Samux Rayon Məhkəməsi Qətnamə — İş №2(058)-102/2023
03.03.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver