Məhkəmə qərarları › İş №2(058)-136/2023

Samux Rayon Məhkəməsi Qətnamə — İş №2(058)-136/2023

27.03.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № 2(058)-136/2023 27.03.2023 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Mikayılov Cəlil Ağadin oğlunun katibliyi iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “lizinq müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı “lizinq müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 16 may 2022-ci il tarixli, 02/02234 nömrəli operativ lizinq müqaviləsinə əsasən 900 manat borcun və 30 manat dövlət rüsumunun , cəmi 930 manat pulun Cavabdeh "xxxx" ASC -nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 16 may 2022-ci il tarixli, 02/02234 nömrəli operativ lizinq müqaviləsinə əsasən 1 ədəd Sampo Rosenlew SR-2045 markalı taxılyığan kombayn ona istifadəyə verilmişdir. "xxxx" ASC ilə cavabdeh arasında bağlanmış müqaviləyə əsasən 4 000 manat öhdəlikdən 3 100 manat ödəniş edilmişdir. Cavabdehin hazırda cəmiyyətə 900 manat borcu vardır. Cavabdeh vaxtında iddiaçya olan borcunu qaytarmadığından iddiaçı dəfələrlə ondan yaranmış borcun ödənilməsini tələb etsə də, cavabdeh müxtəlif bəhanələrlə kreditora olan borcunu ödəməkdən yayınmışdır. Odur ki, iddia tələbinin təmin edilməsini xahiş edir. Məhkəmə iclasında iddiaçı "xxxx" ASC-nin nümayəndəsi X2 iddia tələbini müdafiə edərək ərizədə göstərilənlərlə uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli, 02/02234 nömrəli operativ lizinq müqaviləsindən görünür ki, "xxxx" ASC “SR-2045” markalı, buraxılış ili 2013 olan kombaynı Cavabdeh 4000 manat lizinq ödənişi etmək şərtilə 01 ay müddətinə lizinqə verilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli 2749-2022 saylı pretenziya məktubunun surətindən görünür ki, Cavabdeh ödənilməmiş 900 manat borcunun qalması, həmin borcun qısa zaman ərzində ödənilmədiyi halda məhkəməyə müraciət olunacağı barədə məlumatlandırılmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixli lizinq müqaviləsi üzrə qalıq borcu 900 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 748-7.1-ci maddəsinə əsasən lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından bəlli olur ki, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış operativ lizinq müqaviləsinə əsasən, "xxxx" ASC 1 ədəd Sampo Rosenlew SR-2045 markalı taxılyığan kombaynı xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək, 4000 manat ödəniş məbləğini müqavilə müddəti ərzində ödəmək şərtilə cavabdehə istifadəyə vermişdir. İddiaçı lizinq müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmiş, cavabdeh isə həmin müqavilə üzrə üzərinə düşən öhdəliyi lazımi qaydada yerinə yetirməmişdir. Belə ki, cavabdeh müqavilə müddəti ərzində ödəməli olduğu 4000 manat puldan 3100 manatını ödəmiş, qalan 900 manat pulu isə ödəməmişdir. Beləliklə iddiaçı lizinq ödənişlərinin qalığını tələb etməkdə haqlıdır. Ona görə də, məhkəmə hesab edir ki, lizinq ödənişlərinin qalığı cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. İş materiallarından görünür ki, məhkəmə xərcləri iddiaçının iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödəmiş olduğu 30 manat dövlət rüsumundan ibarətdir. Məhkəmə hesab edir ki, 30 manat dövlət rüsumu da cavabdehdən tutulub iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3 və 217.4-cü maddələrinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 16 may 2022-ci il tarixli, 02/02234 nömrəli operativ lizinq müqaviləsi üzrə 900 (doqquz yüz) manat lizinq ödənişi və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 (otuz) manat pul tutularaq iddiaçı "xxxx" ASC-nə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Tərifə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar