Məhkəmə qərarları › İş №2(058)-14/2024

Samux Rayon Məhkəməsi Qətnamə — İş №2(058)-14/2024

23.01.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № 2(058)-14/2024 23.01.2024 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Mikayılov Cəlil Ağadin oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh, X7, X5 və X2 qarşı “paylı mülkiyyətdə olan əmlakdan payının naturada ayrılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh, X7, X5 və X2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərlə ümumi mülkiyyətlərində olan 0.56 ha torpaq sahəsindən payının naturada bölünüb ona verilməsi və sərhədlərin müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Samux Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə onun mərhum qardaşı X3 miras qalmış 0.52 ha torpaq sahəsinə dair onun mirası qəbul etməsi faktı müəyyən edilərək 1/5 hissədə payı müəyyən edilmişdir. Hazırda ümumi paylı mülkiyyətdə olan həmin əmlakdan payına düşən hissəsinə dair çıxarış əldə etmək üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinə müraciət etsə də ona məhkəməyə müraciət etməsi bildirilmişdir. Ona görə də sözügedən torpaq sahəsindən onun payına düşən hissəsini naturada bölünərək ona verilməsi və sərhədlərin müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən İddiaçı iş üzrə məhkəmənin müvafiq qəradadına əsasən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş mütəxəssis rəyi ilə razı olduğunu bildirmiş və məhkəmə tərəfindən qanuna müvafiq qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı etiraf etməyərək, ekspert rəyi ilə razı olmadığını bildirərək iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdehlər X7, X5, X2 və maraqlı şəxs Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinə məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayarq onlar məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının və işdə iştrak edən cavabdehin izahatlarını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Resyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, Samux rayonu Sərkar kəndində yerləşən 0,52 ha torpaq sahəsi İddiaçı, Cavabdeh, X6, X4 və X1 ümumi paylı mülkiyyətlərindədir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş və xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuş mütəxəssis rəyindən görünür ki, Samux rayonu Sərkar kəndində yerləşən, ********** qeydiyyat nömrəli xx.xx.2021-ci il tarixli çıxarışa əsasən 0,52 ha torpaq sahəsinin A 687739 nömrəli planı və ölçüsü sənədində göstərilən torpaq sahəsinin konfiqurasiyasına istinadən həmin torpaq sahəsindən iddiaçının payına düşən 4/25 hissənin naturada real bölgüsünün mümkün olmadığı göstərilmişdir. Mülki işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından məlum olur ki, sözügedən torpaq sahələri mülkiyyət sənədinə əsasən iddiaçının və cavabdehlərin ümumi paylı mülkiyyətindədir. İddiaçının iddia tələbi həmin torpaq sahəsindən onun payına düşən hissənin naturada bölünərək ona verilməsindən ibarət olmuşdur. İş üzrə məhkəmənin müvafiq qərardadına əsasən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş mütəxəssis rəyində sözügedən torpaq sahəsindən iddiaçının payının naturada bölünməsinin mümkün olmadığı göstərilmişdir. İddiaçı həmin mütəxəssis rəyi ilə razı olduğunu bildirmiş və məhkəmə tərəfindən qanuna müvafiq qərar qəbul olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 214.2-ci maddəsinə əsasən əgər paylı mülkiyyətin bütün mülkiyyətçilərinin razılaşması ilə, ümumi mülkiyyətin yaradılmasına və artırılmasına onlardan hər birinin qoyduğu mayadan asılı olaraq, onların paylarının müəyyənləşdirilməsi və dəyişdirilməsi qaydası təyin edilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 215.1-ci maddəsinə əsasən, paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. Paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. Paylı ümumi mülkiyyətin mülkiyyətçiləri ümumi mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə qaydası haqqında razılığa gələ bilərlər. Paylı mülkiyyətdə olan əşyaya dair sərəncam verilməsi əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir. Həmin Məcəllənin 220-ci maddəsinə əsasən: 220.1. Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 220.2. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. 220.4. Bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. 220.5. Mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir. 220.6. Bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Məhkəmə işin faktiki hallarına uyğun olaraq iddia tələbinin təmin olunmaması qənaətinə gəlmişdir. Məhkəmə həmin qənaətə gələrkən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş mütəxəssis rəyinə əsasən sözügedən torpaq sahəsinin naturada real bölgüsünün mümkün olmadığını, iddiaçının həmin mütəxəssis rəyi ilə razı olduğunu və qanunamüvafiq qərarın qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxdığını nəzərə almışdır. İş üzrə məhkəmə xərci mütəxəssis rəyinin verilməsi üçün ödənilən 30 manat puldan ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi təmin olunmadığından mütəxəssis rəyinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş 30 manat pul iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prossesual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilməsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəəy minir. Hakim: Tərifə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar