Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № 2(058)-158/2023 03.04.2023 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Mikayılov Cəlil Ağadin oğlunun katibliyi, iddiaçı X1, X2 iştirakı ilə, İddiaçı X1 “Azəriqaz” İstehsalat Birliyinə qarşı “cərimənin silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı X4 “Azəriqaz” İstehsalat Birliyinə qarşı “cərimənin silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Azəriqaz” İstehsalat Birliyinin ******* saylı aktı əsasında tətbiq edilmiş cərimənin silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, “Azəriqaz” İstehsalat Birliyinin əməkdaşları onun istifadəsində olan sayğaca baxış keçirən zaman ona bildirmişlər ki, onun tərəfindən sayğaca müdaxilə olunmuşdur. Bu səbəbdən də ona cərimə tətbiq etmişlər. Həmin cərimə ona əsassız tətbiq edilmişdir, cəriməni ödəməyə maddi imkanı çatmır. Buna görə də iddiasının təmin edilməsini xahiş edir. İddiaçı xx.xx.2023-cü il tarixdə məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək “Azəriqaz” İstehsalat Birliyinin ******* saylı aktı əsasında ona tətbiq edilmiş 1036 manat cərimənin silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı X4 iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, bildirdi ki, sözügedən sayğac küçədə yerləşir, qaz idarəsinin əməkdaşları tərəfindən vaxtaşırı sayğac yoxlanılır. Onun tərəfindən sayğaca heç bir müdaxilə olunmayıb, cərimə əsassız yazılıb. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X5 iddia tələbini qəbul etməyərək bildirdi ki, iddiaçıya məxsus olan əvvəlki sayğac yenisi ilə əvəzlənmişdir. Çıxarılmış sayğaclar bir qayda olaraq laborator müayinəyə göndərilir və hər hansı müdaxilənin olub-olmaması aydınlaşdırılır. Müayinə nəticəsində iddiaçıya məxsus sayğacın çıxış plastmas borusunda şrup aşkar edilmişdir. Bu halda isə sayğac hesablamanı düzgün aparmır. Sayğacın hesablama mexanizmi qeyd edilən hal nəticəsində düzgün işləmədiyindən qaydalara uyğun olaraq dəymiş ziyan hesablanmış və buna uyğun olaraq 1036 manat borc müəyyən edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X6 ifadə verərək bildirdi ki, sayğac müddəti bitdiyinə görə yenisi ilə əvəzlənib. Sayğacın əvəzlənməsi zamanı oda iştirak edib. Sözügedən sayğac küçədə yerləşir. Əvvəlki sayğacın içərisində əvəzlənmə zamanı şrup aşkar edilmişdir. Məhkəmə iddiaçının, cavabdehin nümayəndəsinin izahatlarını, şahidin ifadəsini dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarına əlavə edilmiş “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu” haqqında 17 iyun 2022-ci il tarixli, ******* nömrəli aktdan görünür ki, Samux rayonu Seyidlər kəndində yerləşən X1 yaşadığı ünvana quraşdırılmış “mex” G-4 markalı, ******* nömrəli sayğac “Zenner” G-4 markalı, 51S**********177 nömrəli sayğacla əvəz olunmuşdur. İş materiallarına əlavə olunmuş “Təbii qazdan istifadə qaydalarının pozulması” haqqında ******* nömrəli 30 sentyabr 2022-ci il tarixli aktdan görünür ki, istehlakçı kimi qeydə alınmış X1 yaşadığı ünvanda quraşdırılmış ******* nömrəli qaz sayğacına baxış keçirilmiş, sayğacın çıxış plastmas borusunun deşildiyi müəyyən edilmiş, dəymiş ziyanın 8640 m3 hesablanaraq abonent tərəfindən ödənilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş **********00000 nömrəli “abonentin saldosu” adlı sənədin surətindən görünür ki, 17 iyun 2022-ci il tarixdə Samux rayonu Seyidlər kəndində yaşayan abonent X3 akt üzrə 1036 manat borc hesablanmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 04 oktyabr 2022-ci il tarixli, 51 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 2.5-ci bəndinə əsasən qaz qurğuları istismara qəbul olunduqdan və qazpaylayıcı şəbəkəyə qoşulduqdan sonra 5 (beş) iş günü müddətində qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı barədə müqavilə imzalanır və həmin andan etibarən istehlakçıya qazın verilməsi müqaviləyə uyğun təmin edilir. Qaydaların 4.1-ci bəndinə əsasən qaz paylayıcısı və istehlakçı arasında balans mənsubiyyəti sərhədində qazın sərfinə görə hesablaşma aparılması üçün layihəyə uyğun olaraq, AİBNDA tərəfindən tipi təsdiq edilərək dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış müvafiq qaz sayğacları quraşdırılmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Qaydaların 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Tərəflər ******* nömrəli qaz sayğacına müdaxilə olması ilə bağlı mübahisə edirlər. Cavabdeh bilavasitə iddiaçının yaşadığı ünvanda yerləşən qaz sayğacı üçün borc hesablamışdır. Cavabdeh bu hərəkətini iddiaçı tərəfindən qaz sayğacına müdaxilə faktı ilə əsaslandırır. Lakin, iş materiallarından göründüyü kimi cavabdeh ******* nömrəli qaz sayğacına müdaxilə edilməsini təsdiq edən heç bir sübut təqdim etməmişdir. Şərh olunan normalardan da göründüyü kimi fiziki şəxs olan istehlakçı yalnız plombun toxunulmazlığına görə məsuliyyət daşıya bilər. Sayğaca müdaxilə olunmadan hesablama mexanizmində xəta aşkarlanmışdırsa, buna görə fiziki şəxs olan istehlakçı məsuliyyət daşımır. İşlək sayğacın quraşdırılması və onun işlək vəziyyətdə qalması üçün məsuliyyət qaz paylayıcının üzərinə düşdüyündən məhkəmə hesab edir ki, cavabdeh Azəriqaz İB tərəfindən 8640 m3 itirilmiş təbii qaz üçün 1036 manat borc heç bir faktiki və hüquqi əsasa söykənmədən hesablanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-cı maddələrini rəhbər tutaraq məhkəmə, q ə t e t d i: İddia təmin edilsin. Samux rayonu Seyidlər kəndində yerləşən fərdi yaşayış evində təbii qazdan istifadə qaydalarının pozulmasına görə abonent X3 cavabdeh “Azəriqaz” İstehsalat Birliyi tərəfindən hesablanmış 1036 (min otuz altı) manat borc məbləği silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Tərifə Kərimova
Məhkəmə qərarları › İş №2(058)-158/2023
Samux Rayon Məhkəməsi Qətnamə — İş №2(058)-158/2023
03.04.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver