Məhkəmə qərarları › İş №2(058)-229/2023

Samux Rayon Məhkəməsi Qətnamə — İş №2(058)-229/2023

07.04.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № 2(058)-229/2023 07.04.2023 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Mikayılov Cəlil Ağadin oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia qaldıraraq, Cavabdeh 1000 manat məbləğində borcun və ödənilmiş dövlət rüsumunun əvəzinin alınaraq ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, cavabdehi çoxdan tanıyır, aralarında inam və etibar olub. 2020-ci ilin əvvəllərində Cavabdeh maşına almağa 1000 manat pulunun çatmadığını bildirərək ondan 1000 manat borc istəyib. O, Nailə həmin məbləğdə pulu olmadığını bildirdikdə, Nail ondan xahiş edib ki, həmin məbləğdə pulu kimdənsə alıb ona versin. O, da məcbur olub yaxın bildiyi rəfiqəsindən öz adından 1000 manat pul alaraq Nailə verib. Nail söz verib ki, tez bir zamanda pulu qaytaracaq. Lakin sözünə əməl etməyərək pulu qaytarmayıb. Pulu verdiyi vaxtdan iki il keçməsinə və o, Naildən dəfələrlə pulu qaytarmağını tələb etməsinə baxmayaraq o, pulu qaytarmır. Daha sonra Nail ona evini sataraq borcunu qaytaracağını bildirmiş, lakin evini satsa da ona olan borcu qaytarmamışdır. O, Nailin pulu qaytarmağa fikrinin olmadığını düşünərək bu barədə polisə müraciət etmiş, cavabdeh polis şöbəsində izahat verərkən bildirmişdir ki, guya ona 600 manat borcu var, onu da noyabr ayında qaytaracaq. Daha sonra yenə dəfələrlə borcu qaytaracağına dair vədlər versə də borcu qaytarmamışdır. Ona görə də məcbur olub hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat verərək tələbin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh izahat verərək bildirdi ki, iddianı qismən qəbul edir. O, iddiaçıdan 1000 manat yox, 600 manat borc alıb. İddia tələbinin qismən təmin edilməsinə, yəni 600 manat məbləğində borcun tutulmasına etirazı yoxdur. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işin faktiki hallarını araşdırıb hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinin tələbinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 740-cı maddəsinə borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Məhkəmə baxışında müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh ilə şifahi qaydada bağladığı borc müqaviləsinə əsasən cavabdehə 600 manat borc pul vermişdir. Cavabdeh borcu tərəflər arasında müəyyənləşdirilmiş müddət ərzində qaytarmalı olduğu halda, hətta həmin müddət keçdikdən sonra da müqavilə şərtlərini pozaraq borcu qaytarmamışdır. İşin bu halı tərəflərin izahatının qarşılıqlı müqayisəsi ilə öz təsdiqini tapmışdır. Belə ki, Cavabdeh iddiaçıdan 600 manat borc pul aldığını etiraf edir. İşin mübahisəli halı ondan ibarətdir ki, iddiaçı cavabdehin ona 600 manat yox, 1000 manat borcu olduğunu iddia edir. Lakin iddiaçı cavabdehin ona nəinki həmin məbləğdə, ümumiyyətlə borcu olduğunu təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə məhz cavabdehin etirafına əsasən iddia tələbinin 600 manat həcmində əsaslı olması və həmin həcmdə təmin oluna bilməsi qənaətinə gəlir. Məhkəmə hesab edir ki, tərəflər arasında şifahi borc müqaviləsi əsasında borc münasbətləri yaranmış və cavabdeh bu müqaviləyə uyğun olaraq aldığı 600 manat məbləğində pulu iddiaçıya qaytarmaq öhdəliyi daşıyır, iddia tələbi qalan hissədə sübuta yetirilmədiyindən həmin hissədə təmin olunması istisnadır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İş üzrə məhkəmə xərci iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumundan ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən iddianınm təmin olunmuş hissəsinə uyğun olaraq ödənilmiş dövlət rüsumunun 18 manat hissəsi cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 357-361-ci maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 600 (altı yüz) manat məbləğində borc və ödənilmiş 18 (on səkkiz) manat dövlət rüsumunun əvəzi tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Tərifə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar