Məhkəmə qərarları › İş №2(058)-25/2024

Samux Rayon Məhkəməsi Qətnamə — İş №2(058)-25/2024

27.06.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № 2(058)-25/2024 27.06.2024 SAMUX RAYON MƏHKƏMƏSİ X17 Əhməd oğlunun sədrliyi, Tağıyev Hüseyn Firqət oğlunun katibliyi, İddiaçı (həmçinin iddiaçı Qarayeva (İbrahimova) Xəyalə Məhəmməd qızının nümayəndəsi) iştirakı ilə, İddiaçılar İddiaçı və Qarayeva (İbrahimova) Xəyalə Məhəmməd qızının cavabdehlər Cavabdeh, X8, X6, X3 və 3-cü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı “payın naturada ayrılması və mülkiyyət hüququnun tanınması” tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçılar İddiaçı və Qarayeva (İbrahimova) Xəyalə Məhəmməd qızı cavabdehlər Cavabdeh, X8, X6, X3 və 3-cü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı “payın naturada ayrılması və mülkiyyət hüququnun tanınması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, JN-141 (kod ********) nömrəli “Torpağa Mülkiyyət Hüququna Dair” Dövlət Aktı ilə onların birgə mülkiyyətlərinə verilmiş 5.41 ha pay torpaq sahəsindən onların payının ayrılması və ayrılmış torpaq sahəsinin onların birgə mülkiyyətinə verilməklə həmin pay torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının tanınmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Samux rayonu Aqrar İslahat Komissiyasının 19 yanvar 1998-ci il tarixli 01 nömrəli qərarı ilə onlara və digər ailə üzvləri olan cavabdehlərə Samux rayonu, Salahlı kəndi ərazisindən 5.41 ha pay torpaq sahəsi verilmiş və həmin torpaq sahəsinə dair JN-141 (kod ********) nömrəli “Torpağa Mülkiyyət Hüququna Dair” Dövlət Aktı verilmişdir. Onlar hazırda paylarının ümumi paydan ayrılmasını istəyirlər. Cavabdehlər ümumi mülkiyyətdə olduğu üçün onların mülkiyyətinə aid olan torpağı istifadə edirlər, lakin onlara heç nə vermirlər. Hazırda 5.41 ha pay torpaq sahəsi birgə mülkiyyətdə olduğundan həmin torpaq sahəsi üzərində hər hansı bir hüquqi hərəkətin aparılması onlar üçün müəyyən çətinliklər yaratmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verdi. Məhkəmədən iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, cavabdehlər Cavabdeh, X11, X10, X9 və 3-cü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər və işə onların iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehlərin və 3-cü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, işdə olan JN-141 KOD 50710038 nömrəli “Torpağa Mülkiyyət Hüququna Dair” Dövlət Aktının surətindın görünür ki, Samux rayonu Aqrar İslahat Komissiyasının 19 yanvar 1998-ci il tarixli 01 nömrəli qərarı ilə Samux rayonu, Salahlı kənd sakinləri Cavabdeh, X7, X4, X1, İddiaçı və X2 mülkiyyətinə kənd təsərrüfatı məhsulları istehsalı üçün 5.41 hektar torpaq sahəsi verilmişdir. 05 dekabr 2022-ci il tarixdə Samux rayon Salahlı kənd İnzibati Ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, xx.xx.1991-ci il təvəllüdlü İddiaçı həqiqətən Samux rayonu, Salahlı kəndində anadan olmuşdur. Hal-hazırda nümayəndəlik ərazisində yaşamır. Aqrar İslahat Komissiyasının qərarı ilə ona 0.90 hektar pay torpağı verilmişdir. 05 dekabr 2022-ci il tarixdə Samux rayon Salahlı kənd İnzibati Ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, xx.xx.1993-cü il təvəllüdlü X5 həqiqətən Samux rayonu, Salahlı kəndində qeydiyyatdadır. Hal-hazırda nümayəndəlik ərazisində yaşamır. Aqrar İslahat Komissiyasının qərarı ilə ona 0.90 hektar pay torpağı verilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 25 aprel 2024-cü il tarixli ekspert rəyindən görünür ki, JN-141 (KOD ********) nömrəli “Torpağa Mülkiyyət Hüququna Dair” Dövlət Aktı əsasında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən **********93, **********94 və **********95 reyestr nömrəli çıxarışlar qeydə alınmışdır. Odur ki, aparılan araşdırma həmin çıxarışlara əsasən aparılmışdır. Sözügedən və 3 (üç) hissədən ibarət 5.41 ha ümumi birgə mülkiyyətdə olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən mülkiyyətçilərin bir və yaxud bir neçəsinin payına düşən hissənin ümumi sahədən ayrılması nəticəsində təsərrüfatdan səmərəli istifadə edilməsinin mümkün olmayacağına və təsərrüfatın yararsız hala düşməsinə zəmin yaranması səbəbindən payın naturada real bölgüsü mümkün deyildir, lakin qeyd olunanları nəzərə almamaq şərti ilə **********93, **********94 və **********95 reyestr nömrəli çıxarışlara əsasən ümumi birgə mülkiyyətdə olan torpaq sahələrindən İddiaçı və X2 payına düşəcək hissənin texniki cəhətdən ayrılması mümkündür. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, Samux rayonu Aqrar İslahat Komissiyasının 19 yanvar 1998-ci il tarixli 01 nömrəli qərarı ilə Samux rayonu, Salahlı kənd sakinləri Cavabdeh, X7, X4, X1, İddiaçı və X2 mülkiyyətinə kənd təsərrüfatı məhsulları istehsalı üçün 5.41 hektar torpaq sahəsi verilmişdir. İddiaçılar İddiaçı və Qarayeva (İbrahimova) Xəyalə Məhəmməd qızı ilə cavabdehlər Cavabdeh, X7, X4, X1 ümumi birgə mülkiyyətində olan pay torpaq sahəsinin real bölgüsü əsasında ara sərhədlərinin müəyyən edilməsində razılaşa bilmədiklərindən iddiaçılar hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Ekspert rəyinə əsasən torpaq sahəsinin tərəflər arasında bölünməsi təsərrüfatdan səmərəli istifadə edilməsinin mümkün olmayacağı və torpaq sahəsinin yararsız hala düşməsinə səbəb ola biləcəyi qeyd edimişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Torpaq Məcəlləsi Azərbaycan Respublikasında torpaq üzərində mülkiyyətin müxtəlif növlərinin tətbiqi əsasında yaranan torpaq münasibətlərinin tənzimlənməsinə, torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçilərinin torpaqla bağlı vəzifələrinin yerinə yetirilməsinə və torpaq üzərində hüquqlarının müdafiəsinə, torpaqlardan səmərəli istifadə və onların mühafizəsi üçün şərait yaradılmasına, torpağın münbitliyinin bərpasına və artırılmasına, texnogen çirklənmə və dağılmadan korlanmış torpaqların rekultivasiyasına, təbii mühitin qorunub saxlanmasına və yaxşılaşdırılmasına yönəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 238.1-ci maddəsinə əsasən daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 220.1-ci maddəsinə əsaən paylı mülkiyyətdə olan əşya, mülkiyyətçiləri arasında razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəllənin 220.2-ci maddəsinə uyğun olaraq paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsuslu və şərtləri haqqında razılığa gəlmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Məhkəmə göstərilən normaların tələbləri baxımından iddiaçının tələbinin əsaslı olmasını şərtləndirən halların dairəsinə uyğun olaraq müəyyən etdi ki, mübahisəli əşya ümumi paylı mülkiyyətdə olmalı, iddiaçılar və cavabdehlər paylı mülkiyyətin mülkiyyətçisi olmalı, paylı mülkiyyətin mülkiyyətçiləri əşyanın bölünməsi və ya ondan payın ayrılması haqda razılığa gələ bilməməli, əşyanın bölünməsi və ondan payın ayrılması ümumi əşyanın təyinatına tənasübsüz zərər vurmadan mümkün olmalıdır. Məhkəmə işin müəyyən edilmiş hallarına əsasən hesab edir ki, hazırki iş üzrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220-ci maddəsində göstərilən şərtlər əsasında pay torpaq sahəsinin naturada bölgüsü mümkün deyildir. İddiaçılar paylı mülkiyyətin mülkiyyətçisi kimi öz payının ayrılmasını tələb etmişlər. Lakin iddiaçıların payının ayrılmasına dair paylı mülkiyyətin digər mülkiyyətçiləri olan cavabdehlər razılıq verməmişlər. Eyni zamanda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş ekspert rəyindən görünür ki, JN-141 (KOD ********) nömrəli “Torpağa Mülkiyyət Hüququna Dair” Dövlət Aktı əsasında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən **********93, **********94 və **********95 reyestr nömrəli çıxarışlar qeydə alınmışdır. Odur ki, aparılan araşdırma həmin çıxarışlara əsasən aparılmışdır. Sözügedən və 3 (üç) hissədən ibarət 5.41 ha ümumi birgə mülkiyyətdə olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən mülkiyyətçilərin bir və yaxud bir neçəsinin payına düşən hissənin ümumi sahədən ayrılması nəticəsində təsərrüfatdan səmərəli istifadə edilməsinin mümkün olmayacağına və təsərrüfatın yararsız hala düşməsinə zəmin yaranması səbəbindən payın naturada real bölgüsü mümkün deyildir. Beləliklə, məhkəmə qeyd edir ki, torpaq sahəsinin tərəflər arasında bölünməsi təsərrüfatdan səmərəli istifadə edilməsinin mümkün olmayacağı və torpaq sahəsinin yararsız hala düşməsinə səbəb ola bilər. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Beləliklə, bütün bu sübutların məcmusuna qiymət verən və qanunun yuxarıda göstərilən tələbini əldə rəhbər tutan məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı və Qarayeva (İbrahimova) Xəyalə Məhəmməd qızının cavabdehlər Cavabdeh, X8, X6, X3 və 3-cü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı “payın naturada ayrılması və mülkiyyət hüququnun tanınmasına” dair iddia tələbi təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 341-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçılar İddiaçı və Qarayeva (İbrahimova) Xəyalə Məhəmməd qızının cavabdehlər Cavabdeh, X8, X6, X3 və 3-cü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı “payın naturada ayrılması və mülkiyyət hüququnun tanınmasına” dair iddia tələbi təmin edilməsin. İş üzrə ödənilmiş 100 manat dövlət rüsumu iddiaçılara aid edilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar