Məhkəmə qərarları › İş №2(058)-29/2024

Samux Rayon Məhkəməsi Qətnamə — İş №2(058)-29/2024

30.08.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № 2(058)-29/2024 30.08.2024 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Mikayılov Cəlil Ağadin oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, X5, X2 və Cavabdeh2 Əliquzu qızına qarşı “hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, X5, X2 və Cavabdeh2 Əliquzu qızına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixdə qeydə alınmış çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Samux Rayon Aqrar İslahat Komissiyasının müvafiq qərarı ilə Samux Rayon Əhmədbəyli kəndində yerləşən 3.32 ha pay torpaq sahəsi X8, X2, X9, X5 və X6 verilmişdir. Cavabdehlərlə aralarında bağlanmış xx.xx.2006-cı il tarixli alqı-satqı müqaviləsinə əsasən Samux Rayon Əhmədbəyli kəndində yerləşən 3.32 ha pay torpaq sahəsinin onlara aid hissəsini, yəni 2.24 ha sahənin 1200 manat ödəməklə almışdır. O, elə həmin ildən də qeyd etdiyi kimi həmin torpaq sahəsindən öz şəxsi əmlakı kimi istifadə edir. Yaxın günlərdə ona məlum olmuşdur ki, cavabdehlər ona qarşı məhkəmədə iddia qaldıraraq, qanuni əsaslarla əldə etdiyi torpaq sahəsindən çıxarılmağını tələb edirlər. İddia ərizəsinin baxılması zamanı müəyyən olunmuşdur ki, cavabdehlər mübahisəli torpaq sahəsini ona satmasına baxmayaraq, həmin torpaq sahəsinə çıxarış almışlar. Cavabdehlərin ona qarşı olan iddiası tam əsassızdır. O, həmin torpaq sahəsinin 2.24 ha hissəsini cavabdehlərdən notarial qaydada bağlanmış alqı-satqı müqaviləsi əsasında onun dəyərinin ödəmək şərtilə alımışdır. Buna görə də o, iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ona görə sözügedən çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil1 iddianı müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verərək həmçinin bildirdi ki, sözügedən torpaq sahəsinə dair tərəflər arasında bağlanmış, yəni həmin torpağın iddiaçıya satılmasına dair alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə hazırki iş üzrə cavabdeh tərəfin məhkəmədə qaldırdıqları iddia tələbi Samux Rayon Məhkəməsinin müvafiq qətnaməsinə əsasən rədd edilmiş, həmin qətnamədən apellyasiya şikayəti verilmiş və şikayət apellyasiya məhkəməsi tərəfindən təmin edilməyərək Samux Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Gəncə Apelyasiya Məhkəməsinin sözügedən qətnaməsindən kassasiya şikayəti verilmiş, lakin kassasiya şikayəti də təmin olunmamışdır. Yəni, dolayısıyla sözügedən məhkəmələrin qərarları ilə iddiaçının həmin torpaq sahəsini alqısatqı yolu ilə əldə etməsinə dair müqavilənin etibarlı olması qənaətinə gəlinmişdir. Belə olan halda isə cavabdehlərin satdıqları torpaq sahəsinə dair öz adlarına çıxarış almaqları əsassızdır və həmin çıxarış ləğv olunmalıdır. Ona görə də, tələbin təmin edilməsi haqda qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh2 Əliquzu qızının vəkili Vəkil2 xx.xx.2024-cü il tarixdə məhkəməyə ərizə ünvanlayaraq xx.xx.2024-cü il tarixdə məhkmə baxış iclasında iştirak edə bilməyəcəyini bildirmiş və məhkəmə baxışının başqa vaxta təyin edilməsini etmişdir. Cavabdehlərə və üçüncü şəxsə isə məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilsə də onlar, məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Həmçinin məhkəmə, iddiaçının vəkilinin onun məhkəmə iclasında hansı səbəbdən iştirak edə bilmədiyini göstərməməsi səbəbilə, eyni zamanda işin baxılması üçün qanunvericilikdə nəzərdə tutulmuş prosessual müddətlərə riayət olunması baxımından məhkəmə iclasının təxirə salınmasını məqsədə müvafiq hesab etməmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin (vəkilinin) izahatını dinləyərək, işdə olan sənədləri və digər iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. İş materiallarına əlavə edilmiş sənədlərlə aşağıdakılar müəyyən edilir: JN-118, KOD 50704018 saylı Azərbaycan Respublikası Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktının surətindən görünür ki, Samux Rayon Aqrar İslahat Komissiyasının 15 dekabr 1997-ci il tarixli, 18 nömrəli qərarı ilə X8, X9, X7, X5, X6, Cavabdeh1 3.32 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Notarial qaydada təsdiq olunmuş xx.xx.2006-cı il tarixli müqavilənin surətindən görünür ki, X13, X10, X11 və X1 Rayon Aqrar İslahat Komissiyasının 15 dekabr 1997-ci il tarixli, 18 nömrəli qərarı ilə onların mülkiyyətinə verilmiş 3.32 ha pay torpaq sahəsinin 2,24 ha hissəsini İddiaçı satmışlar. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reysteri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********50 reyster nömrəli çıxarışın surətindən görünür ki, 2.7605 ha kənd təsərrüfatı təyinatlı torpağa Cavabdeh1, X3, X4 və Cavabdeh2 Əliquzu qızının paylı mülkiyyət hüquqları qeydə alınmışdır. Samux Rayon Məhkəməsinin 2(058)-561/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh2 cavabdeh İddiaçı qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin edilməmişdir. Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-2525/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə Samux Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(058)-561/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-1505/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə iddiaçı Cavabdeh2 kassasiya şikayəti təmin edilməmiş və Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-2525/2023 nömrəli, 15 noyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, sözügedən 3.32 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Samux Rayon Aqrar İslahat Komissiyasının 15 dekabr 1997ci il tarixli, 18 nömrəli qərarı əsasında X8, X9, X7, X5, X6 və Cavabdeh1 verilmişdir. Həmin torpağın 2,24 ha hissəsi mülkiyyətçilər tərəfindən xx.xx.2006-cı il tarixli alqı-satqı müqaviləsi əsasında İddiaçı satılmışdır. Lakin buna baxmayaraq cavabdehlər İddiaçı alqı-satqı yolu ilə əldə etdiyi torpağa mülkiyyət sənədi əldə etməməsindən istifadə edərək adlarına olan əvvəlki mülkiyyət sənədi, yəni torpağa mülkiyyət hüququna dair dövlət aktı əsasında yeni mülkiyyət sənədi, yəni hüquların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış əldə etmişlər. Daha sonra cavabdehlər məhkəmədə sözügedən torpağın alqı-satqısına dair iddiaçı ilə aralarında bağlanmış müqavilənin etibarsız hesab edilməsi barədə iddia qaldırmışlar. Lakin, Samux Rayon Məhkəməsinin 2(058)-561/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə həmin iddia təmin edilməmiş, qətnamə apelyasiya instansiyası məhkəməsi tərəfindən dəyişdirilmədən saxlanılmış, apellyasiya instansiyası məhkəməsinin müvafiq qətnaməsi isə kassasiya instansiyası məhkəməsi tərəfindən dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə qeyd edir ki, birinci instansiya və yuxarı instansiya məhkəmələrinin Cavabdeh2 hazırki iş üzrə İddiaçı qarşı qaldırmış olduğu “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddiasının rədd olunmalı olduğuna dair qənaəti dolayısıyla həmin müqavilənin etibarlı olmasını təsdiq edir. Belə olan halda isə, etibarlı alqı-satqı müqaviləsi əsasında özgəninkiləşdirilmiş əmlaka dair cavabdehlərin öz adlarına mülkiyyət sənədi əldə etməsi əsassızdır. Ona görə də, məhkəmə hesab edir ki, iddia təmin olunmalı, sözügedən torpaq sahəsinə dair cavabdehlərin mülkiyyət hüququnun qeydə alınmasına dair çıxarış ləğv edilməlidir. Mülki Məcəllənin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8.0.3-cü maddəsinə əsasən, daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub–olunmadığını müəyyən edir. Məhkəmə iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216–220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********50 reyster nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli çıxarış ləğv edilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Tərifə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar