Məhkəmə qərarları › İş №2(058)-31/2023

Samux Rayon Məhkəməsi Qətnamə — İş №2(058)-31/2023

08.02.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № 2(058)-31/2023 08.02.2023 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Mikayılov Cəlil Ağadin oğlunun katibliyi, İddiaçı nümayəndəsi X1, cavabdehlər Cavabdeh1, Cavabdeh2 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pəncərənin bağlanılması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus Samux rayonu, Nəbiağalı qəsəbəsində yerləşən evin həyətinə və həmin həmin həyətdə yerləşən hamama açılan, Cavabdeh1 məxsus evin pəncərəsinin bağlanmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehlərlə Samux rayonu Nəbiağalı qəsəbəsində qonşudurlar. Ona məxsus evdə o və digər ailə üzvləri yaşayırlar. Cavabdeh1 məxsus evin bir otağının pəncərəsi onun evinin həyətinə açılır. Həmin pəncərədən onun həyəti, evin qabağında yerləşən açıq mətbəx və hamamın geyinib-soyunma otağının və çimilən otağının içərisi açıq-aydın görünür. Soyuq ayları çıxmaq şərti ilə Cavabdeh2 öz çarpayısını sözügedən pəncərənin qarşısında yerləşdirib orada yatır. Bütün bunlar ona və xanım ailə üzvlərinə böyük narahatçılıq yaradır. Dəfələrlə cavabdehə məxsus evin pəncərəsindən onların hərəkətləri izlənib və bəzi hallarda telefon vasitəsi ilə çəkiliş aparılıb. Cavabdehlər onların söhbətlərinə gizli qulaq asır və ailə sirrlərini başqa yerlərdə danışırlar. Ona görə də, ona məxsus Samux rayonu, Nəbiağalı qəsəbəsində yerləşən evin həyətinə və həmin həmin həyətdə yerləşən hamama açılan, Cavabdeh1 məxsus evin pəncərəsinin bağlanmasına dair qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddia ərizəsinin məzmununa uyğun çıxış edərək bildirdi ki, Cavabdeh1 məxsus evin bir otağının pəncərəsi oların evinin həyətinə açılır, həmin pəncərədən onların həyəti, evin qabağında yerləşən açıq mətbəx və hamamın geyinib-soyunma otağının və çimilən otağının içərisi açıq-aydın görünür. Həmçinin Cavabdeh2 öz çarpayısını sözügedən pəncərənin qarşısında yerləşdirib orada yatır. Cavabdehlər həmin pəncərədən onların ailədaxili söhbətlərinə qulaq asır və telefonla çəkiliş aparırlar. Ekspertizanın rəyi ilə razı deyil və sözügedən pəncərənin bağlanmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh1 iddia tələbinə etiraz edərək bildirmişdir ki, Samux rayonu Nəbiağalı qəsəbəsində yerləşən, hazırda onun yaşadığı ev anası X3 mülkiyyətində olmuşdur. Anası 17 sentyabr 2002-ci il tarixdə vəfat etmişdir. Anasının sağlığında da, anası vəfat edəndən sonra da o, həmin evdə yaşamışdır. Anası vəfat edəndən sonra mirası, yəni həmin evi faktiki olaraq qəbul edərək sahiblik etmişdir. Hazırda anasından miras qalan evdə o və bacısı oğlu Altun yaşayır. Evin sözügedən pəncərədən başqa pəncərəsi yoxdur. O, iddiaçının ailə üzvlərinin video çəkilişini aparmayıb. Odur ki, iddianın təmin edilməməsini xahiş etdi. Cavabdeh2 iddia tələbinə etiraz edərək iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarına əlavə olunmuş Samux Rayon Aqrar İslahat Komissiyasının 25 fevral 1998-ci il tarixli, 04 nömrəli qərarının surətindən görünür ki, fərdi yaşayış evi və həyətyanı sahə üçün nəzərədə tutulmuş 0,10 hektar torpaq sahəsi İddiaçı və onun ailə üzvlərinin mülkiyyətinə verilmişdir. Azərbaycan Respublikası Samux Rayon İcra Hakimiyyəti Başçısının Samux şəhər İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyinin verdiyi arayışdan görünür ki, xx.xx.1945-ci il təvəllüdlü İddiaçı həqiqətən də Samux Rayon Samux şəhəri ünvanında qeydiyyatdadır və həmin ünvanda yaşayır. İş materiallarına əlavə edilmiş AZ 056759 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 17 sentyabr 2002-ci il tarixdə ölmüşdür. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 15 dekabr 2022-ci il tarixli ekspert rəyindən görünür ki, ünvan 2 ünvanında (Nəbiağalı) yerləşən fərdi yaşayış evinin mübahisəli pəncərəsinə baxış keçirilən zaman, əldə olunan məlumatlar ilə həmin fərdi yaşayış evinə dair texniki pasportda olanları müqayisə etdikdə mübahisəli pəncərənin texniki pasportda öz əksini tapdığı müəyyən edilmiş, tədqiq olunan evin otağının bir pəncərəsinin olması nəzərə alınmaqla evin xarici görüntüsünə və istifadə vəziyyətinə ziyan vurmadan mübahisəli pəncərənin yerinin dəyişdirilməsinin mümkün olmadığı müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 170.2-ci maddəsinə əsasən, qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, birbirinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. 171.1-ci maddəsinə əsasən torpaq sahəsinin və digər daşınmaz əmlakın mülkiyyətçisi, əgər öz sahəsindən istifadə etməkdə ona maneçilik yaranmırsa və ya hüququ əhəmiyyətsiz dərəcədə pozulursa, qonşu sahədən qazın, buxarın, qoxunun, hisin, tüstünün, səs-küyün, istiliyin, titrəyişlərin və ya digər oxşar amillərin öz sahəsinə təsirini qadağan edə bilməz. İşin məhkəmə tərəfindən müəyyən edilmiş halları ondan ibarətdir ki, Samux rayonu, Nəbiağalı qəsəbəsində yerləşən İddiaçı məxsus olan ev ilə Cavabdeh1 məxsus olan ev bir-birinə qonşu evlərdir. Cavabdehə məxsus evin pəncərəsi iddiaçının evinin hamam və mətbəxinin yerləşdiyi həyətinə açılır. Cavabdehə məxsus evin sözügedən pəncərədən başqa pəncərəsi yoxdur. Hazırda iddiaçı həmin pəncərənin bağlanmasını tələb edir. Məhkəmə pəncərənin bağlanması tələbinə münasibət bildirərək qeyd edir ki, tikinti norma və qaydalarda yaşayış evlərinin pəncərələrin qonşu torpaq sahələrinə açılması ilə bağlı normativ tələblər yoxdur. Pəncərələrin qonşu torpaq sahələrinə açılması ilə bağlı hər hansı qadağanedici normativ tələb olmadığından digər tərəfi pəncərələri bağlamağa məcbur etmək yolverilməzdir. Həmçinin iş üzrə müvafiq ekspertiza rəyindən də məlum olur ki, tədqiq olunan evin bir pəncərəsi var və pəncərənin yerinin dəyişdirilməsi evin xarici görüntüsünə və istifadə vəziyyətinə ziyan vurmadan mümkün deyil. İş üzrə məhkəmə xərci ekspertiza tədqiqatının dəyəri olan 100 manat puldan ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edilmədiyi üçün ekspertiza tədqiqatının dəyəri olan 100 manat pul iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və onlardan istifadə etmişdir; 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia tələbi təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri olan 100 manat pul iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Tərifə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar