Məhkəmə qərarları › İş №2(058)-310/2023

Samux Rayon Məhkəməsi Qətnamə — İş №2(058)-310/2023

20.04.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № 2(058)-310/2023 20.04.2023 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Mikayılov Cəlil Ağadin oğlunun katibliyi, İddiaçı və Cavabdeh Raqif oğlunun iştirakı ilə, İddiaçı Cavabdeh Raqif oğluna qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i̇ İddiaçı Cavabdeh Raqif oğluna qarşı pul tələbinə dair iddia qaldıraraq, cavabdehdən 1800 manat məbləğində borcun və ödənilmiş 38 manat dövlət rüsumunun əvəzinin alınaraq ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, сavabdeh keçmiş polis əməkdaşı olmuşdur, onunla tanışlıq münasibətləri olub. 2020-ci ildə cavabdeh ona müraciət edərək uşağının xəstəliyi ilə əlaqədar olaraq 2800 manat borc pul istəyib. O, cavabdehin mövcud vəziyyətini nəzərə alaraq ona 2800 manat borc pul verib. Cavabdeh qısa zamanda borcu qaytaracağına söz versə də, sonradan pulu qaytarmaqdan imtina edib. Buna görə də məcbur olub onun iş yerinə müraciət edib, onun müraciəti əsasında cavabdehin barəsində xidməti yoxlama aparılıb, bundan sonra cavabdeh ona olan borcundan 1000 manatı geri qaytarıb və qalan 1800 manat borcu qısa müddət ərzində qaytaracağına dair vəd versə də vədini yerinə yetirməyib. Bu səbəbdən də o, məhkəməyə müraciət etmək məcburiyyətində qalıb. İddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat verərək tələbin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh Raqif oğlu izahat verərək bildirdi ki, iddianı qəbul edir. O, iddiaçıdan bir dəfə 700 manat, növbəti dəfə 1100 manat borc alıb. İddiaçı həmin borcu faizi ilə qaytarmaq şərtilə verib. 2020-ci ilin dekabr ayına qədər borcunun həm faiz, həm də əsas hissəsindən ödənişlər edib. Əsas borcdan 1000 manat ödəyib, qalan borcu isə ödəyə bilməyib. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işin faktiki hallarını araşdırıb hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarına əlavə edilmiş Cavabdeh Raqif oğlunun Gəncə şəhər Baş Polis İdarəsində verdiyi izahatından görünür ki, o, izahatında İddiaçı borcu olduğunu etiraf etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinin tələbinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 740-cı maddəsinə borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Məhkəmə baxışında müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh Raqif oğlu ilə şifahi qaydada bağladığı borc müqaviləsinə əsasən cavabdehə 1800 manat borc pul vermişdir. Cavabdeh borcu tərəflər arasında müəyyənləşdirilmiş müddət ərzində qaytarmalı olduğu halda borcu qaytarmamışdır. İşin bu halı tərəflərin izahatının qarşılıqlı müqayisəsi ilə öz təsdiqini tapmışdır. Belə ki, Cavabdeh iddiaçıdan 1800 manat borc pul aldığını etiraf edir. İşin mübahisəli halı ondan ibarətdir ki, cavabdeh həmin borcun 1000 manatını iddiaçıya qaytardığını iddia edir. Məhkəmə hesab edir ki, cavabdeh iddiaçıdan 1800 manat borc almasını etiraf etdiyindən və o, iddiaçıya olan borcunun 1000 manat hissəsini iddiaçıya qaytarmasına dair məhkəməyə heç bir sübut təqdim etmədiyindən iddia tələbi təmin olunmalıdır. Belə ki, qanunvericiliyin tələbinə əsasən hər kəs öz tələbinin və etirazının əsası kimi istinat etdiyi halları sübut etməli olduğundan cavabdehin iddiaçıya olan borcunun 1000 manat hissəsini qaytarmasını sübut etmək yükü cavabdehin üzərinə düşür. Cavabdeh isə həmin halı məhkəmədə sübut edə bilməmişdir. Buna görə də məhkəmə hesab edir ki, tərəflər arasında şifahi borc müqaviləsi əsasında borc münasbətləri yaranmış və cavabdeh bu müqaviləyə uyğun olaraq aldığı 1800 manat məbləğində pulu iddiaçıya qaytarmaq öhdəliyi daşıyır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İş üzrə məhkəmə xərci iddiaçı tərəfindən ödənilmiş 38 manat dövlət rüsumundan ibarətdir. İddia təmin olunduğundan Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumunun əvəzi cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 357-361-ci maddələrini rəhbər tutaraq, q ə t e t d i̇ İddia təmin edilsin. Cavabdeh Raqif oğlundan 1800 (min səkkiz yüz) manat məbləğində borc və ödənilmiş 38 (otuz səkkiz) manat dövlət rüsumunun əvəzi tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Tərifə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar