Məhkəmə qərarları › İş №2(058)-310/2025

Samux Rayon Məhkəməsi Qətnamə — İş №2(058)-310/2025

01.05.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № 2(058)-310/2025 01.05.2025 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Nəcəfova Gülnar Rəhman qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı Samux şəhəri Alıncalı küçəsində yerləşən fərdi yaşayış evindən övladları ilə birlikdə istifadə hüququnun tanınması və həmin evə köçürülmələri tələbinə dair iddia ərizəsi üzrə mülki işə, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Samux şəhəri Alıncalı küçəsində yerləşən fərdi yaşayış evindən övladları ilə birlikdə istifadə hüququnun tanınması və həmin evə köçürülmələrinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, O, Cavabdeh ilə xx.xx.1999-cu il tarixdə el adati ilə ailə hayatı quraraq faktiki nikaha girmişlər. Birgə faktiki nikah dövründə 2 övladları, yəni xx.xx.2000-ci il təvəllüdlü X14 va xx.xx.2003-cü il təvəllüdlü X18 adlı övladları doğulmuşdur və övladlarına cavabdeh tərəfindən atahq verilmişdır. Onlar birgə faktiki nikahlarını xx.xx.2023-cü ildə Gəncə "ASAN xidmət Mərkəzinin Qeydiyyat şöbəsində rəsmiləşdirmişlər və bu barədə AZ-İİ 581202 nömrəli nikah haqqında şəhadətnamə almışlar. Hazırda o, cavabdehlə rəsmi nikahdadır. O, cavabdehlə xx.xx.1999-cu ildə faktiki nikaha girən zaman Samux rayonu, Kolayır qəsəbəsinə mərhum X1nun evinə gəlin köçmüşdür. Həmin vaxt gəlin köçdüyü evdə qaynatası, qaynanası və hayat yoldaşı ilə birlikdə yaşamağa başlamışdır. X1 xx.xx.2016-cı il tarixdə, qaynanası X15 xx.xx.2019-cu il tarixdə vəfat etmişdir. O, həmin evdə maneəsiz, mehriban şəraitdə yaşamışdır. Onun faktiki va rəsmi nikah dövründə cavabdehlə heç bir problemi olmayıb. Sonradan cavabdeh ona qarşı aqressiv mövqe tutmağa başlamışdır və yersiz dava dalaş etmişdir. Nəhayət cavabdeh onu döyərək uşaqları ilə birlikdə xx.xx.2024-cü il tarixdə evdən çıxarmışdır. O, hazırda anasının yanında qalır. Həmin evda yaşamaq imkanı məhduddur. Kirayədə yaşamağa isə maddi imkanı çatmır. Cavabdehin niyyəti onu uşaqları ilə birlikdə hamin evden çıxardıqdan sonra evi satmaqdır. Cavabdeh spirtli içkiyə meyilli şəxs olduğu üçün onunla apardığı bütün söhbətlər nəticəsiz qalmışdır. Hesab edir ki, onları evdən qovmağının səbəbi pis vərdişlərinin olması və ailə üzvlərinə laqeyd münasibət bəsləməsi ila əlaqədardır. O, cavabdeh tərəfindən yaşadığı evdən çıxmağı ilə əlaqədar təqiblərə məruz qaldığı üçün mülkiyyətdən istifadə hüququnun tanınması və evə köçürulmə tələbi ilə əlaqədar Samux 1 saylı Mediasiya təşkilatına müraciət etmişdir. Mediasiya prosesi mediator X23 tərəfindən həyata keçirilmişdır. Lakin mediasıya prosesində heç bir barışıq sazişi əldə edilməmişdir. Bu səbəbdən ilkin mediasiya sessiyasında prosesin davam etdirilə bilməməsi barədə müvafiq arayış alınmışdır. Hazırda o, 2 qız övladı ilə birlikdə yaşamaq uğrunda mübarizə aparır. Gəlin köçdüyü evdə o, xx.xx.1999-cu il tarixdən xx.xx.2024-cü il tarixə kimi yaşamışdır. Bu səbəbdən ordan başqa ayrı bir yaşayış yeri olmamışdır. Yaxın ətrafda yaşayan insanlar və rəsmi dövlət qurumları hamısı bilirlər ki, qeyd etdiyi müddət ərzində o, mübahisələndirilən evdə yaşamışdır. Hazırda onun və övladlarının həmin evdən istifadə hüququnun tanınmasına və həmin evə köçürülmələrinə tələbinə dair iddia ilə məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Hesab edir ki, aralarında yaranmış mülki-hüquq münasibətlər 2000-ci il sentyabr 1-dən sonra yarandığından hazırki mübahisə həll edilərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin müddəaları tətbiq edilməlidir. O, cavabdehlə hazırda bir yerdə yaşamırlar, lakin onun cehiz əşyaları, onun və uşaqlarının paltarları və əşyaları həmin ünvandadır. İddiaçı iddia tələbini müdafiə edərək bildirki ki, o, Cavabdeh ilə xx.xx.1999-cu il tarixdə el adati ilə ailə hayatı quraraq faktiki nikaha girmişlər. Birgə nikahlarından 2 övladları, yəni xx.xx.2000-ci il təvəllüdlü X14 və xx.xx.2003-cü il təvəllüdlü X18 doğulmuşdur. Onlar nikahlarını xx.xx.2023-cü ildə rəsmiləşdirmişlər. Hazırda o, cavabdehlə rəsmi nikahdadır. O, iddia tələbində sözügedən evə 2001-ci ildə köçmüşdür. Onun ilk övladı, xx.xx.2000-ci il təvəllüdlü X14 cavabdehlə əvvəl Gəncə şəhərində yaşadıqları evdə doğulmuşdur. Birinci övladı doğulduqdan sonra, yəni 2001-ci ildə o, iddia tələbində sözügedən, yəni qaynatasına məxsus olan, Samux rayonu Alıncalı küçəsində yerləşən fərdi yaşayış evinə köçmüşdür. Onun ikinci övladı, yəni xx.xx.2003-cü il təvəllüdlü X18 hazırda mübahisələndirilən evdə doğulmuşdur. X1 xx.xx.2016-cı il tarixdə, qaynanası X15 xx.xx.2019-cu il tarixdə vəfat etmişdir. Cavabdeh valideynlərinin ölümündən sonra həmin evdə yaşasa da, miras əmlak onun tərəfindən formal olaraq qəbul edilməmişdir. xx.xx.2024-cü il tarixdə cavabdeh onu döyərək uşaqları ilə birlikdə həmin evdən çıxarmışdır. Hesab edir ki, iddia tələbi əsaslıdır və təmin olunmasını məhkəmədən xahiş edir. xx.xx.2025-ci il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında iştirak edən Cavabdeh iddianı qəbul etməyərək bildirdi ki, sözügedən ev onun deyil, atası Allahverdi Əliyevin mülkiyyətində olmuşdur. O, iddiaçı ilə 1999-cu ildə faktiki olaraq evlənmimiş, lakin rəsmi nikaha daxil olmamışlar. 1999-cu ildə ailə qurarkən o, iddiaçı ilə onun anasına zavodda işlədiyi üçün yer verilmiş yataqxana otağına köçərək orada yaşamağa başlamışlar. 2000-ci ildə isə o, əsgərliyə getmişdir. Əsgərlikdə olanda öyrənmişdir ki, onun ilk uşağı dünyaya gəlmişdir, lakin uşaq fiziki qüsurlu olmuşdur. Əsgərlikdən qayıdanda isə görmüşdür ki, iddiaçı həmin fiziki qüsurlu uşağı onun anasının yanında qoyaraq öz anasıgilə getmişdir. Belə olduqda o, anasını və həmin fiziki qüsurlu övladını götürüb atasına məxsus, Samux şəhəri Alıncalı küçəsində yerləşən fərdi yaşayış evinə getmişdir. Daha sonra uşağı körpələr evinə qoymuşlar və o, Bakı şəhərinə işləməyə getmişdir. Bir neçə il sonra onunla iddiaçı arasındakı münasibətlər bərpa olunmuş və onlar təxminən 2007-ci ildə sözügedən evdə, yəni onun atasına məxsus olan, Samux şəhəri Alıncalı küçəsində yerləşən fərdi yaşayış evində birlikdə yaşamağa başlamışlar. Onun ikinci övladı həmin evdə doğulmuşdur. Atası 2016-cı ildə vəfat etmişdir. Atasından miras qalan həmin evdə onlar yaşamağa davam etsələr də o, miras əmlakı formal olaraq qəbul etməmişdir və sözügedən ev rəsmi sənədlərə əsasən atasının mülkiyyətində qalmaqda davam edir. İddiaçı ilə 2023-cü ildə rəsmi nikaha daxil olmuşlar. Bir müddət sonra isə iddiaçı işləmək adı ilə evdən çıxıb getmişdir. Hesab edir ki, iddia tələbi əsassızdır və tələbinin rədd edilməsini məhkəmədən xahiş edir. Hazırda məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasında iştirak etmir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində bildirdi ki, İddiaçı onun qonşusudur. Onlar Samux rayonu Kolayır kəndində qonşu olaraq yaşayırlar. Kifayət həmin kənddə qaynatası Allahverdiyə məxsus evdə uzun müddət, yəni 30 ilə yaxın müddət yaşayıb, lakin onun sözügedən evə hansı tarixdə köçməsini dəqiq xatırlamır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X13 ifadəsində bildirdi ki, İddiaçı onun qonşusudur. Onlar Samux rayonu Kolayır kəndində qonşu olaraq yaşayırlar. Kifayət həmin kənddə qaynatası Allahverdiyə məxsus evdə uzun müddət yaşayıb, lakin onun sözügedən evə hansı tarixdə köçməsini dəqiq xatırlamır. Hazırda isə bir nüçə aydır ki, artıq orada yaşamır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində bildirdi ki, İddiaçı onun qonşusudur. Onlar Samux rayonu Kolayır kəndində qonşu olaraq yaşayırlar. Kifayət həmin kənddə qaynatası Allahverdiyə məxsus evdə uzun müddət yaşayıb, onun övladları həmin evdə doğulub, lakin onun sözügedən evə hansı tarixdə köçməsini dəqiq xatırlamır. Məhkəmə işdə iddiaçının izahatını, şahidlərin ifadələrini dinləyib, cavabdehin məhkəmə hazırlıq iclasında verdiyi izahatını nəzərə alaraq və tədqiq edilmiş sübutlara və araşdırılmış iş materiallarına məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. İş materiallarına əlavə edilmiş Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Resyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il tarixli çıxarışından görünür ki, Samux şəhəri Alıncalı küçəsində yerləşən ümumi sahəsi 43.9 kvadratmetr olan fərdi yaşayış evi X4 məxsusdur. İş materiallarına əlavə edilmiş xx.xx.2019-cu il qeydiyyat tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X16 xx.xx.2019-cü il tarixində ölmüşdür. İş materiallarına əlavə edilmiş xx.xx.2016-cı il qeydiyyat tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2016-cı il tarixində ölmüşdür. İş materiallarına əlavə edilmiş AZ-İİ № 581202 saylı nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə X10 arasında xx.xx.2023-cü il tarixdə nikah bağlanılmışdır. Nikah bağlandıqdan sonra ərə Əliyev, arvada Əliyeva soyadı verilmişdir. İş materiallarına əlavə edilmiş AZ-İİ № 350488 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2000-ci il tarixdə doğulmuş X11 atası Cavabdeh, anası X5r. İş materiallarına əlavə edilmiş AZ-İ № 397844 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2003-cü il tarixdə doğulmuş X11 atası Cavabdeh, anası X5r. İrəli sürülmüş tələblərə baxılarkən əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, daha sonra cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığı araşdırılmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. İş materialları və tərəflərin izahatları ilə müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh 1999-cu ildə faktiki olaraq evlənərək ailə həyatı qurmuş, tərəflər arasında rəsmi nikah 2023-cü ildə qeydə alınmışdır. Tərəflərin birgə yaşadıqları müddətdə xx.xx.2000-ci ildə X14 və xx.xx.2003-cü il tarixdə X18 adlı övladları olmuşdur. İddiaçı və cavabdeh 1999-cu ildə faktiki olaraq evləndikləri vaxt onlar Gəncə şəhərində yerləşən, cavabdehin anasına işlədiyi zavod tərəfindən müvəqqəti yaşaması üçün verilən yataqxana otağında yaşamışlar. Bir neçə il orada yaşadıqdan sonra isə onlar iddia tələbində sözügedən, cavabdehin atasının mülkiyyətində olan, Samux rayonu Alıncalı küçəsində yerləşən mübahisəli evə köçmüşlər. İddiaçı bildirir ki, iddia ərizəsində mübahisəli evə 1999-cu ildə köçdüyünü qeyd etmiş, lakin iddia ərizəsində eyni zamanda mübahisəli hüquq münasibətinin 2000-ci ildən sonra yarandığını vurğulayaraq mübahisəyə Mülki Məcəllənin müvafiq normalarının tətbiq edilməli olduğunu qeyd etmişdir. Bununla yanaşı iddiaçı məhkəmə baxış iclasında verdiyi izahatında iddia tələbində sözügedən mübahisəli evə 2001-ci ildə köçdüyünü, ilk övladının Gəncə şəhərində, əvvəl yaşadıqları evdə doğulduğunu, ikinci övladının isə iddia tələbində sözügedən mübahisəli evdə doğulduğunu bildirmişdir. İş materiallarından da aydındır ki, tərəflərin ilk övladları 2000-ci ildə, ikinci övladları isə 2003-cü ildə doğulmuşdur. Həmçinin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddia tələbində sözügedən mübahisəli ev iddiaçının qaynatasının mülkiyyətində olmuş və 2001-ci ildə iddiaçı həmin evə köçərkən onunla qaynatası, yəni evin mülkiyyətçisi arasında iddiaçının sözügedən fərdi yaşayış evindən istifadəsi ilə bağlı heç bir qanuni razılaşma olmamışdır. Hal-hazırda evin mülkiyyətçisi, yəni iddiaçının qaynatası həyatda olmadığından və hazırda mübahisəli ev miras əmlak kimi iddiaçının keçmiş əri tərəfindən formal olaraq qəbul edilməsə də həmin evdə yaşadığından iddiaçı keçmiş ərini iş üzrə cavabdeh qoyaraq vaxtilə qaynatasının mülkiyyətində olmuş həmin evdən övladları ilə birlikdə istifadə hüququnun tanınmasını tələb edir. Cavabdeh isə iddia tələbini qəbul etmir. Məhkəmə qeyd edir ki, məhkəmə müdafiəsi məhkəməyə müraciət etmək hüququ ilə kifayətlənməyərək, bu hüquq, həmçinin pozulmuş hüquq və azadlıqları qanunvericilikdə nizamlanmış hədlər çərçivəsində səmərəli bərpa etməklə ədalət mühakiməsini də nəzərdə tutur. Hər hansı şəxs məhkəməyə müraciət edərək onun tələbi üzrə araşdırma aparılaraq yekun hüquqi nəticəyə gəlinən zaman maddi və prosessual hüquq normaları fərqli qaydada tətbiq edilir. Belə ki, mübahisə predmeti üzrə tərəflər arasında mübahisəyə hüquq münasibəti baş verən zaman qüvvədə olan maddi hüquq norması tətbiq edilməli olduğu halda, işin faktiki halları müəyyən edilməsindən ötrü sübutlar qiymətləndirilən zaman isə işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normaları tətbiq edilməlidir. Tərəflər arasında hüquq münasibəti yaranan zaman qüvvədə olan maddi hüquq normasının tətbiq edilməsini qanunverici ona görə zəruri hesab etmişdir ki, mülki hüquq münasibətlərinin müəyyənliyi və sabitliyi təmin edilsin. Yaşayış sahəsinə mülkiyyət hüququnun qanunverici tərəfindən tənzimlənməsi yaşayış sahəsinin mülkiyyətçisinin ailə üzvləri də daxil olmaqla müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Bu konstitusion məqsədə çatmaq üçün belə tənzimləmə həm də məhkəmələr tərəfindən konkret işin faktiki hallarının müəyyənləşdirilməsi və araşdırılması, bu halların əsasında yaranan və ya yarana biləcək müxtəlif halların nəzərə alınması və nəticə etibarilə konstitusiya hüquq və azadlıqlarının əsassız və həddən artıq məhdudlaşdırılmaması məqsədilə differensasiyalaşdırılmış (fərqli) yanaşmanın tətbiq edilməsini mümkün etməlidir. Bundan əlavə, müvafiq hüquq münasibətlərinin iştirakçılarının maraqlarının ədalətli və ağlabatan tarazlaşdırılması qüvvədə olan hüquqi tənzimetmə sisteminin əsasında, bütün hüquq sahələrinin normaları nəzərə alınmaqla həyata keçirilməlidir Nəzərə alınmalıdır ki, yaşayış binasının tərkib hissəsinə istifadə hüququnun yaranması ilə bağlı münasibətləri tənzimləyən üç hüquq mənbəyi mövcuddur. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli qərarındakı hüquqi mövqeyə əsasən 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məclləsinin (əvvəlki Mənzil Məclləsi) 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.5ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 oktyabr 2013-cü il tarixli qərarındakı hüquqi mövqeyə əsasən yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Məhkəmə tərəfindən müəyyən olunmuş işin hallarından göründüyü kimi iddiaçı mübahisəli yaşayış sahəsinə 2001-ci ildə köçmüşdür. Belə ki, bu hal iddiaçının özünün məhkəmə iclasında verdiyi izahatı və məhkəmə tərəfindən iddiaçıya ünvanlanan suallara iddiaçının cavabı ilə öz təsdiqini tapmışdır. Həmçinin iddiaçı məhkəmə iclasında verdiyi izahatında onun ilk övladının sözügedən mübahisəli evdə deyil, onların cavabdehlə Gəncə şəhərində daha öncə yaşadıqları evdə doğulduğunu qeyd etməsi və iş materiallarından da tərəflərin ilk övladı X8 xx.xx.2000-ci il tarixdə doğulmasının aydın olması halları iddiaçının iddia tələbində sözügedən mübahisəli evə 2001-ci ildə köçməsini bir daha təsdiq edir. İddia tələbində sözügedən mübahisəli evin isə, iddiaçı həmin evə köçərkən onun qaynatasının mülkiyyətində olması isə işin mübahisəsiz halıdır. Qeyd olunanlardan belə nəticəyə gəlinir ki, mübahisəli hüquq münasibəti 2000-ci ilin sentyabrın 1-dən sonrakı tarixdə yaranmışdır. Belə olan halda məhkəmə hesab edir ki, iddianın maddi-hüquqi əsasını Mülki Məcəlləsinin 228-ci maddəsi təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1-ci və 228.2-ci maddələrinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Həmin Məcəllənin 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Mülki Məcəllənin 228.1 və 228.5-ci maddələrinin tətbiqi ilə bağlı Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin onunla bərabər istifadə etmək hüququ mülkiyyət hüququnun Mülki Məcəllənin 152.1-ci maddəsində nəzərdə tutulan elementlərindən biri olan istifadə hüququnu təşkil etmir. Yaşayış binasının tərkib hissəsindən (mülkiyyət hüququnun tərkib hissəsi olan) istifadə hüququnun yaranması üçün Mülki Məcəllənin 228.1 və 228.2-ci maddəsinə riayət edilməsi tələb olunur. Mülki Məcəllənin 228.5-ci maddəsində əks olunmuş «mülkiyyətçinin razılığı» müddəası həmin Məcəllənin 228.1 və 228.2-ci maddələrinin tələbləri baxımından şərh olunmalı və bu normada nəzərdə tutulmuş «mülkiyyətçinin razılığı» yazılı şəkildə bağlanan razılaşmada ifadə edilməlidir (Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair” 27 may 2008-ci il tarixli qərarı). Beləliklə, Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin mənasından aydındır ki, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun yaranması üçün aşağıdakı mütləq şərtlərin yerinə yetirilməsi tələb olunur: mülkiyyətçi ilə yazılı razılaşmanın bağlanılması; həmin razılaşmanın notariat qaydasında təsdiq edilməsi; istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması. Məhkəmə qeyd edir ki, iddiaçının sözügedən evdən istifadə hüququnun tanınması o halda mümkün olardı ki, iddiaçı ilə evin mülkiyyətçisi arasında iddiaçının sözügedən fərdi yaşayış evindən istifadəsinə dair notarial qaydada təsdiq edilmiş yazılı razılaşma olmaqla, daşınmaz əmlakın dövlət reyestri xidmətində iddiaçının istifadə hüququ qeydə alınmış olardı. Lakin iddiaçının, istifadə hüququnun tanınmasını tələb etdiyi evin mülkiyyətçisi ilə aralarında belə bir yazılı razılaşma olmamış, dolayısıyla onun həmin evdən istifadə hüququ daşınmaz əmlakın dövlət reyestri xidmətində qeydə alınmamışdır. Bu da onu deməyə əsas verir ki, iddiaçının iddia tələbində sözügedən evdən istifadə hüququnun tanınması tələbinin təmin olunması qanunvericiliyin tələblərinə əsasən yolverilməzdir. Belə olan halda isə, iddiaçının həmçinin həmin evə köçürülməsini tələb etməsi üçün də heç bir maddi hüquqi əsas yoxdur. Bütün qeyd olunan hallara əsasən məhkəmə, iddia tələbini əsassız hesab edərək o qənaətə gəlir ki, iddia rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 217.4-cü maddələrinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır; 218.3-cü maddəsinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır; Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.3, 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdeh qarşı Samux şəhəri Alıncalı küçəsində yerləşən fərdi yaşayış evindən övladları ilə birlikdə istifadə hüququnun tanınması və həmin evə köçürülmələri tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Tərifə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar