Məhkəmə qərarları › İş №2(058)-373/2023

Samux Rayon Məhkəməsi Qətnamə — İş №2(058)-373/2023

08.09.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № 2(058)-373/2023 08.09.2023 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Mikayılov Cəlil Ağadin oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «dəymiş maddi ziyanın əvəzinin ödənilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən ona vurduğu maddi ziyana görə 1665 manat məbləğində pulun, dəymiş ziyanın hesablanması üçün ödənilmiş 100 manat məbləğində pulun və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 37.65 manat məbləğində pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2023-cü il tarixdə Gəncə şəhəri, Ş.İ.Xətai küçəsində idarə etdiyi, ona məxsus Toyota Rav-4 markalı **-EH-*** dövlət qeydiyyat nişanlı avtomobilinə Cavabdeh etibarnamə ilə idarə etdiyi Mersedec-Benz E220 markalı **-EA-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə arxadan vuraraq onun avtomobilinə 1665 manat miqdarında ziyan yetirmişdir. Baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar cavabdeh Gəncə şəhər BPİ-nin DYPŞ-nin İnzibati tənbeh vermə haqqında xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli qərarı ilə İXM 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 40 manat məbləğində cərimə edilmişdir. X1 tərəfindən verilmiş qüsur aktına əsasən onun avtomobilnə dəymiş ziyanın həcmi 1665 manat miqdarında müəyyənləşmişdir. Cavabdeh idarə etdiyi Mersedec-Benz E220 markalı **-EA-*** dövlət qeydiyyat nişanlı avtomobil sığortalanmadığından o, sığorta ödənişi ala bilməmişdir, cavabdehin isə dəymiş maddi ziyanı könüllü olaraq ödəməmişdir. Ona görə də məhkəməyə müraciət etmək məcburiiyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi, həmçinin ekspert rəyi ilə razı olduğunu bildirərək iddianın tam təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı etiraf etməyərək, ekspert rəyi ilə razı olmadığını bildirərək iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını nəzərə alaraq və iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş: AD seriyalı № 117033 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, «Toyota Rav-4» markalı **-EH-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı məxsusdur. İnzibati tənbeh vermə haqqında xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli qərarın surətindən görünür ki, xx.xx.2023-cü il tarixdə saat 12:09 da Gəncə şəhəri, Ş.İ.Xətai küşəsində sürücü Cavabdeh idarə etdiyi «Mersedec-Benz E220» markalı **-EA-*** dövlət qeydiyyat nişanlı avtomobillə İXM-in 327 maddəsində nəzərdə tutulmuş yol-nəqliyyat hadisəsi törətmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən verilmiş 19 yanvar 2023-ci il tarixli qüsur aktından görünür ki, «Toyota Rav-4» markalı **-EH-*** dövlət qeydiyyat nişanlı avtomobilə 1665 manat dəyərində maddi zərər dəymişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 25 iyun 2023-cü il tarixli, 9/3952 nömrəli məhkəmə-əmtəəşünaslıq ekspertizası rəyindən görünür ki, tədqiq edilən 2020-ci il buraxılışlı, «Toyota Rav-4» markalı **-EH-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminəən 1572 manat müəyyən edilir. İşin müəyyən edilmiş halları ondan ibarətdir ki, Cavabdeh törətdiyi yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçıya məhsus «Toyota Rav-4» markalı **-EH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə ziyan dəymişdir. Hazırda iddiaçı cavabdeh tərəfindən ona vurulmuş maddi zərərin əvəzinin ödənilməsini tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1. maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.2. maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır Göründüyü kimi cavabdehin təqsirli, hüquqazidd hərəkəti nəticəsində iddiaçının avtomobilinə maddi ziyan dəymiş və buna görə də cavabdeh törətdiyi mülki hüquq pozuntusuna görə mülki məsuliyyət daşıyır. İddiaçı hazırda ona dəymiş maddi zərərin əvəzinin ödənilməsini tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1 maddəsinə əsasən, Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə hesab edir ki, iddiaçı ona dəymiş maddi zərərin əvəzinin ödənilməsini tələb etməkdə haqlı olsa da, zərərin əvəzinin həcmi iddia tələbində vurulmuş real zərərin həcmindən artıq məbləğdə qeyd olunmuşdur. Belə ki, iş üzrə təyin edilmiş məhkəməəmtəəşünaslıq ekspertizasına əsasən verilmiş ekspert rəyində "xxxx" MMC tərəfindən verilmiş 19 yanvar 2023-ci il tarixli qüsur aktında göstəriləndən fərqli olaraq sözügedən avtomobilə dəymiş zərərinin həcminin 1572 manat məbləğində olduğu müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, ekspert rəyi daha ətraflı araşdırmanın nəticəsi olduğundan mötəbər sübut kimi qəbul edilməlidir. iddiaçıya verilməlidir. Beləliklə məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, cavabdehdən onun təqsirli hərəkətləri nəticəsinə iddiaçının avtomobilinə dəymiş maddi ziayanın əvəzi kimi 1572 manat pul alınaraq iddiaçıya verilməlidir. Məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddiaçı tərəfindən ödənilmiş 37.65 manat dövlət rüsumunun iddia tələbinin təmin olunmuş hissəsinə uyğun olaraq 35,72 manat hissəsi iddiaçının xeyrinə, 100 manat məbləğində ekspertiza xərci Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi üçün Cavabdeh tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh vurulmuş ziyana görə 1572 (min beş yüz yetmiş iki) manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 35,72 (otuz beş manat yetmiş iki qəpik) manat pul tutularaq İddiaçı verilsin. Ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat pul Cavabdeh alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (KOD- 210005, VÖEN – **********, müxbir hesab – AZ 41NABZ ********************, SWİFT BİK CTREAZ 22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ 34 CTRE ********************, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu – 3.) köçürülsün. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Tərifə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar