Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № 2(058)-44/2023 19.05.2023 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Mikayılov Cəlil Ağadin oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı Hünbətova (Bayramova) Xumar Akif qızının Cavabdeh qarşı “paylı mülkiyyətdə olan əmlakdan payının ayrılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Hünbətova (Bayramova) Xumar Akif qızı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.1998-ci il tarixli, JN 805A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən paylı mülkiyyətində olan həyətyanı torpaq sahəsinin ona məxsus olan 120 kvm hissəsinin və xx.xx.1998-ci il tarixli JN 1033 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən paylı mülkiyyətində olan həyətyanı torpaq sahəsinin ona məxsus olan 23 sot hissəsinin naturada bölünərək ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Samux rayonu Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 04 nömrəli qərarı ilə Samux rayonu Nəbiağalı kəndinin ərazisində ona, atası Cavabdeh, anası X3, qardaşı Bəhrəm Akif oğluna və bacısı X7 xx.xx.1998-ci il tarixli JN 805A nömrəli “torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə əsasən fərdi yaşayış evi tikintisi üçün 0,06 ha torpaq sahəsi verilmişdir. Eyni tarixli, eyni nömrəli qərarla onlara və mülkiyyət sənədində qeyd olunan digər şəxslərə xx.xx.1998-ci il tarixli, JN 1033 nömrəli “torpağa mülkiyyət hüququna dair” dövlət aktına əsasən həmin ərazidə kənd təsaərrüfatı təyinatlı 1,55 ha torpaq sahəsi verilmişdir. Hazırda ümumi mülkiyyətdə olan torpaq payının naturada ayrılmsını istəyir. Ona görə də sözügedən torpaq sahələrindən onun payına düşən hissənin naturada bölünərək ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X4 iddia ərizəsinin məzmununa uyğun izahat verərək əlavə olaraq bildirdi ki, mütəxəssis rəyi ilə razıdır, sözügedən torpaq sahəsindən iddiaçının payına düşən hissənin rəyə uyğun olaraq bölünməsi və iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı qəbul edərək bildirdi ki, mütəxəssis rəyi ilə razıdır, sözügedən torpaq sahəsindən iddiaçının payına düşən hissənin rəyə uyğun olaraq bölünməsinə və iddiaçıya verilməsinə etirazı yoxdur. İddia ərizəsində üçüncü şəxs qismində göstərilən şəxslərə məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayarq onlar məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin və cavabdehin izahatını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan “Torpağa mülkiyyət hüququna dair” JN-1033, kod 50701006 saylı dövlət aktının surətindən görünür ki, Samux rayonu Aqrar İslahat Komissiyasının 1998-ci il 25 fevral tarixli, 04 nömrəli qərarı ilə 1,55 ha kənd təsərrüfatı təyinatlı torpaq X8, Cavabdeh, X2, X5, X9, X6, X10 paylı mülkiyyətinə verilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli mütəxəssis rəyindən görünür ki, Samux rayonu Nəbiağalı qəsəbəsində yerləşən, JN-1033 nömrəli dövlət aktına əsasən iddiaçının, cavabdehin və digər mülkiyyətçilərin paylı mülkiyyətində olan iki hissədən ( 0,93 ha və 0,62 ha) ibarət 1,55 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin iddiaçının payına düşən 1/7 (müvafiq olaraq 0,1328 ha və 0,0855 ha) hissəsinin naturada real bölgüsü mümkündür. “Torpağın mülkiyyətə verilməsinə dair” JN-805A (kod-********) nömrəli şəhadətnaməyə əsasən iddiaçının və digər mülkiyyətçilərin paylı mülkiyyətində olan 0,06 ha torpaq sahəsinə isə yalnız bir giriş-çıxış hissəsinin olması səbəbi ilə naturada bölünməsi mümkün deyildir. Mülki işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından məlum olur ki, sözügedən torpaq sahələri “Torpağa mülkiyyət hüququna dair” JN-1033, kod 50701006 saylı dövlət aktına və “Torpağın mülkiyyətə verilməsinə dair” JN-805A (kod-********) nömrəli şəhadətnaməyə əsasən iddiaçının ümumi paylı mülkiyyətindədir. Hazırda iddiaçı həmin torpaq sahələrindən onun payına düşən hissənin naturada bölünərək ona verilməsini tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 214.2-ci maddəsinə əsasən əgər paylı mülkiyyətin bütün mülkiyyətçilərinin razılaşması ilə, ümumi mülkiyyətin yaradılmasına və artırılmasına onlardan hər birinin qoyduğu mayadan asılı olaraq, onların paylarının müəyyənləşdirilməsi və dəyişdirilməsi qaydası təyin edilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 215.1-ci maddəsinə əsasən, paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. Paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. Paylı ümumi mülkiyyətin mülkiyyətçiləri ümumi mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə qaydası haqqında razılığa gələ bilərlər. Paylı mülkiyyətdə olan əşyaya dair sərəncam verilməsi əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir. Həmin Məcəllənin 220-ci maddəsinə əsasən: 220.1. Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 220.2. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. 220.4. Bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. 220.5. Mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir. 220.6. Bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərarına əsasən, məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür. Məhkəmə qeyd edir ki, mülkiyyətçinin öz əmlakı üzərində sərəncam vermək hüququ mülkiyyət hüququnun həyata keçirilməsinin adi şərtlərindən biridir. Bu baxımdan mülkiyyətçinin paylı mülkiyyətdə olan əmlakdan öz payının ayrılmasını tələb etmək hüququ da onun öz əmlakına sərəncam vermək hüququ olmaqla əsassız olaraq məhdudlaşdırıla bilməz. Ümumi mülkiyyət hüququ ilə bir neçə şəxsə məxsus olan əmlakdan payın ayrılması ilə bağlı qaydalar Mülki Məcəllənin 220-ci maddəsi ilə tənzimlnmişdir. Bu maddədə göstərilmiş qaydalara uyğun olaraq paylı mülkiyyətdən payın ayrılmasının naturada bölünmə, payın əvəzinə kompensasiya verilməsi və açıq hərracdan satılaraq əldə edilən vəsaitin bölünməsi formaları mövcuddur. İddiaçı məhkəməyə paylı mülkiyyətində olan əmlakın naturada bölünməsi tələbi ilə müraciət etmiş, məhkəmənin müvafiq qərardadına əsasən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsi sözügedən torpaq sahələrindən iddiaçının paylarının naturada bölünməsinin mümkün olub-olmamsı barədə mütəxəssis rəyi verilmişdir. Həmin rəydə Samux rayonu Nəbiağalı qəsəbəsində yerləşən, JN-1033 nömrəli dövlət aktına əsasən iddiaçının, cavabdehin və digər mülkiyyətçilərin paylı mülkiyyətində olan iki hissədən ( 0,93 ha və 0,62 ha) ibarət 1,55 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin iddiaçının payına düşən 1/7 (müvafiq olaraq 0,1328 ha və 0,0855 ha) hissəsinin naturada real bölgüsünün mümkün olduğu, digər mülkiyyət sənədinə, yəni “Torpağın mülkiyyətə verilməsinə dair” JN-805A (kod-********) nömrəli şəhadətnaməyə əsasən iddiaçının və digər mülkiyyətçilərin paylı mülkiyyətində olan 0,06 ha torpaq sahəsinin isə yalnız bir giriş-çıxış hissəsinin olması səbəbi ilə naturada bölünməsinin mümkün olmadığı qeyd olunmuşdur. Həm iddiaçı, həm də cavabdeh məhkəmə iclasında sözügedən mütəxəssis rəyi ilə razı olduqlarını bildirmişlər. Ona görə də, məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, Samux rayonu Nəbiağalı qəsəbəsində yerləşən, JN-1033 nömrəli dövlət aktına əsasən iddiaçının, cavabdehin və digər mülkiyyətçilərin paylı mülkiyyətində olan iki hissədən ( 0,93 ha və 0,62 ha) ibarət 1,55 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin iddiaçının payına düşən 1/7 (müvafiq olaraq 0,1328 ha və 0,0855 ha) hissəsi naturada bölünərək iddiaçıya verilməlidir. Məhkəmə qeyd edir ki, digər mülkiyyət sənədinə, yəni “Torpağın mülkiyyətə verilməsinə dair” JN-805A (kod-********) nömrəli şəhadətnaməyə əsasən iddiaçının və digər mülkiyyətçilərin paylı mülkiyyətində olan 0,06 ha torpaq sahəsinin naturada bölünməsi mümkün olmadığından iddia tələbi həmin hissədə təmin oluna bilməz. İş üzrə məhkəmə xərci mütəxəssis rəyinin verilməsi üçün ödənilən 215 manat puldan ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddianın təmin edilmiş hissəsinə mütənasib olaraq mütəxəssis rəyinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş 215 manat pulun 107 manat hissəsi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidr. Azərbaycan Respublikası Mülki-Prossesual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Samux rayonu Nəbiağalı qəsəbəsində yerləşən, JN-1033 nömrəli dövlət aktına əsasən iddiaçının, cavabdehin və digər mülkiyyətçilərin paylı mülkiyyətində olan iki hissədən ( 0,93 ha və 0,62 ha) ibarət 1,55 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin iddiaçının payına düşən 1/7 (müvafiq olaraq 0,1328 ha və 0,0855 ha) hissəsi naturada bölünərək X11 verilsin. Mütəxəssis rəyinin verilməsi üçün iddiaçı tərəfindən ödənilən 215 manat pulun 107 manat hissəsi cavabdehdən tutularaq iddiaçıya ödənilsin. İddia qalan hissədə təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəəy minir. Sədrlik edən: Tərifə Kərimova
Məhkəmə qərarları › İş №2(058)-44/2023
Samux Rayon Məhkəməsi Qətnamə — İş №2(058)-44/2023
19.05.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver