Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № 2(058)-696/2023 07.07.2023 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Mikayılov Cəlil Ağadin oğlunun katibliyi, İddiaçı, Cavabdeh Kəramət oğlunun nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh Kəramət oğluna qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh Kəramət oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Kəramət oğlundan 840 manat pulun və məhkəməyə ödənilmiş 40 manat dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh Kəramət oğlu ondan 840 manat borc pul almışdır. Bir ilə yaxındır ki, borcundan heç bir ödəniş etmir, borcu ödəməkdən yayınır. O, həmin məsələ barəsində Samux Rayon Polis Şöbəsinə müraciət etmiş, Samux Rayon Polis Şöbəsi tərəfindən ona cavabdehlə aralarında olan mübahisənin mülki xarakterli olması və həlli üçün məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Ona görə də o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iddiaçı iddia ərizəsini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və tələbin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 iddianı qəbul etməyərək bildirdi ki, iddia əsassızdır. Cavabdehin iddiaçıya heç bir borcu yoxdur, iddianın rədd olunmasını xahiş edir. Məhkəmə iclasında şahid qismində iştirak edən X2 ifadə verərək bildirdi ki, qızı Nəzakət 17 mart 2022-ci il tarixdə cavabdehə əvvəl 400 manat, sonra isə 450 manat pul borc verib, lakin pulu verən zaman heç bir sənədə qol çəkdirməyib, aralarındakı borc razılaşması şifahi olub. Məhkəmə tərəflərin izahatlarını dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 739.1-ci maddəsinin tələbinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Məhkəmə baxışında müəyyən edildi ki, iddiaçı cavabdehə şifahi razılaşma əsasında 840 manat məbləğində pul borc verdiyini iddia etsə də, məhkəməyə, cavabdehlə aralarında borc razılaşmasının olmasını təsdiq edən heç bir sübut təqdim etməmişdir. Mülki prossesual qanunvericiliyin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan iddia tələbində göstərilən öhdəliyin yaranmasını sübuta yetirmək vəzifəsi iddia edən tərəfin üzərinə düşür. Hazırki iş üzrə iddiaçı iddia tələbində göstərilən öhdəliyin yaranmasını sübuta yetirə bilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 357-361-ci maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Tərifə Kərimova
Məhkəmə qərarları › İş №2(058)-696/2023
Samux Rayon Məhkəməsi Qətnamə — İş №2(058)-696/2023
07.07.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver