Məhkəmə qərarları › İş №2(058)-72/2023

Samux Rayon Məhkəməsi Qətnamə — İş №2(058)-72/2023

05.06.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № 2(058)-72/2023 05.06.2023 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Mikayılov Cəlil Ağadin oğlunun katibliyi, İddiaçılar İddiaçı və X3 Cavabdeh qarşı “paylı mülkiyyətdə olan əmlakdan paylarının ayrılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçılar İddiaçı və X7 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə ümumi paylı mülkiyyətlərində olan yaşayış evindən və torpaq sahəsindən paylarının naturada bölünərək onlara verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdirlər. İddiaçılar tələblərini onunla əsaslandırmışdırlar ki, onlar qardaşdırlar, cavabdeh isə onların bacısı qızıdır. 2021-ci ildə Samux Rayon Məhkəməsində İddiaçı cavabdehlər Tağıyeva (Zeynalova) Dilarə Dilən qızına, X2, üçüncü şəxs X5 qarşı mərhum valideynləri X4 və X1 qanun üzrə vərəsəsi tanınması, atasından miras qalmış, Samux rayonu Qovlarsarı kəndində yerləşən, ümumi sahəsi 105,2 kv.m olan yaşayış evinin, həmin evin yerləşdiyi 0,2 ha həyətyanı torpaq sahəsinin anasının payına düşən 1/3 hissəsinə vərəsəlik hüququnun tanınmasına dair iddia qaldırmışdır və iddia tələbi təmin olunmuşdur. Həmin qətnaməyə əsasən onların miras qalmış mülkə ümumi mülkiyyət hüququ yaranmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrinin xx.xx.2022-ci il tarixli çıxarışına əsasən 0,20 da torpaq sahəsinin 3/6 hissəsinə X3, 1/6 hissəsinə İddiaçı və 2/6 hissəsinə Cavabdeh mülkiyyət hüququ müyyən edilmişdir. Hazırda onlar öz paylarına düşən hissəyə dair sərbəst istifadə və sərəncam hüquqlarını həyata keçirə bilmirlər. Ona görə də sözügedən torpaq sahəsindən və yaşayış evindən onların payına düşən hissənin naturada bölünərək onlara verilməsi barədə qətnamə çıxarılmasını xahiş edirlər. Məhkəmənin xx.xx.2023-cü il tarixdə keçirilmiş iclasında iddiaçı (eyni zamanda digər iddiaçının nümayəndəsi) İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək əlavə olaraq bildirdi ki, mütəxəssis rəyi ilə razıdır, sözügedən torpaq sahəsindən onların payına düşən hissənin rəyə uyğun olaraq bölünməsi və onlara verilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. İddiaçı (eyni zamanda digər iddiaçının nümayəndəsi) İddiaçı məhkəməyə ərizə təqdim edərək növbəti məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və tələbin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehə isə məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayarq o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının əvvəlki məhkəmə iclasında verdiyi izahatını nəzərə alaraq, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Samux rayonu Qovlarsarı kəndində yerləşən 0,2 ha torpaq sahəsi paylı mülkiyyət hüququ ilə X5, Cavabdeh və İddiaçı, həmin torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evi isə X5 və İddiaçı məxsusdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli mütəxəssis rəyindən görünür ki, Samux rayonu Qovlarsarı kəndində yerləşən, ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli Çıxarışa əsasən 0,20 ha torpaq sahəsi və fərdi yaşayış evinin faktiki olaraq cavabdehin istifadəsində olması və həyətyanı torpaq sahəsinə bir giriş-çıxış hissənin mövcud olması səbəbindən, sözügedən torpaq sahəsinin real bölgüsünün mümkün olmadığı, lakin həmin hallar nəzərə alınmazsa 0,20 ha torpaq sahəsinin iddiaçıların 4/6 hissədə, cavabdehin 2/6 hissədə payından texniki cəhətdən bölünməsinin mümkün olduğu qeyd olunmuşdur. Mülki işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından məlum olur ki, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən sözügedən torpaq sahəsi müvafiq paylar şəklində iddiaçıların və cavabdehin ümumi paylı mülkiyyətindədir, lakin həmin torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evi paylı mülkiyyət hüququ ilə yalnız iddiaçılara məxsusdur. Hazırda iddiaçılar həmin torpaq sahəsindən və fərdi yaşayış evindən onların payına düşən hissənin naturada bölünərək onlara verilməsini tələb edirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 214.2-ci maddəsinə əsasən əgər paylı mülkiyyətin bütün mülkiyyətçilərinin razılaşması ilə, ümumi mülkiyyətin yaradılmasına və artırılmasına onlardan hər birinin qoyduğu mayadan asılı olaraq, onların paylarının müəyyənləşdirilməsi və dəyişdirilməsi qaydası təyin edilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 215.1-ci maddəsinə əsasən, paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. Paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. Paylı ümumi mülkiyyətin mülkiyyətçiləri ümumi mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə qaydası haqqında razılığa gələ bilərlər. Paylı mülkiyyətdə olan əşyaya dair sərəncam verilməsi əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir. Həmin Məcəllənin 220-ci maddəsinə əsasən: 220.1. Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 220.2. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. 220.4. Bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. 220.5. Mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir. 220.6. Bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərarına əsasən, məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür. Məhkəmə qeyd edir ki, mülkiyyətçinin öz əmlakı üzərində sərəncam vermək hüququ mülkiyyət hüququnun həyata keçirilməsinin adi şərtlərindən biridir. Bu baxımdan mülkiyyətçinin paylı mülkiyyətdə olan əmlakdan öz payının ayrılmasını tələb etmək hüququ da onun öz əmlakına sərəncam vermək hüququ olmaqla əsassız olaraq məhdudlaşdırıla bilməz. Ümumi mülkiyyət hüququ ilə bir neçə şəxsə məxsus olan əmlakdan payın ayrılması ilə bağlı qaydalar Mülki Məcəllənin 220-ci maddəsi ilə tənzimlənmişdir. Bu maddədə göstərilmiş qaydalara uyğun olaraq paylı mülkiyyətdən payın ayrılmasının naturada bölünmə, payın əvəzinə kompensasiya verilməsi və açıq hərracdan satılaraq əldə edilən vəsaitin bölünməsi formaları mövcuddur. İddiaçılar məhkəməyə paylı mülkiyyətlərində olan əmlakın naturada bölünməsi tələbi ilə müraciət etmişlər, məhkəmənin müvafiq qərardadına əsasən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsi sözügedən torpaq sahəsindən və onun üzərində yerləşən fərdi yaşayış evindən iddiaçıların paylarının naturada bölünməsinin mümkün olub-olmamsı barədə mütəxəssis rəyi verilmişdir. Həmin rəydə Samux rayonu Qovlarsarı kəndində yerləşən, ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli çıxarışa əsasən 0,20 ha torpaq sahəsi və fərdi yaşayış evinin, faktiki olaraq cavabdehin istifadəsində olması və həyətyanı torpaq sahəsinə bir giriş-çıxış hissəsinin olması səbəbi ilə sözügedən torpaq sahəsinin real bölgüsünün mümkün olmadığı, lakin qeyd olunanlar nəzərə alınmazsa 0,20 ha torpaq sahəsindən iddiaçıların 4/6 hissədə payının cavabdehin 2/6 hissədə payından texniki cəhətdən bölgüsünün mümkün olduğu qeyd olunmuşdur. İddiaçı (eyni zamanda digər iddiaçının nümayəndəsi) İddiaçı əvvəlki məhkəmə iclasında sözügedən mütəxəssis rəyi ilə razı olduğunu bildirmişdir. Ona görə də, məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, Samux rayonu Qovlarsarı kəndində yerləşən, ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli çıxarışa əsasən iddiaçıların və cavabdehin ümumi paylı mülkiyyətlərində olan 0,20 ha torpaq sahəsindən iddiaçı X3 3/6 hissədə, İddiaçı isə 1/6 hissədə payları naturada bölünərək iddiaçılara verilməlidir. Məhkəmə iddia tələbinin fərdi yaşayış evinin naturada bölünməsi hissəsinə münasibətdə isə qeyd edir ki, sözügedən mülkiyyət sənədinə əsasən iddiaçıların və cavabdehin paylı mülkiyyətlərində olan torpaq sahəsində yerləşən fərdi yaşayış evinə dair hərəsinin ½ hissədə pay hüququ olmaqla yalnız iddiaçıların mülkiyyət hüququ müəyyən olunub, cavabdehin isə həmin evə dair mülkiyyət hüququ müəyyən edilməyib. Belə olan halda iddia tələbi fərdi yaşayış evinin naturada bölünməsi hissəsində əsl olmayan cavabdehə qarşı qaldırılmış hesab olunur və ona görə də iddia tələbi həmin hissədə təmin oluna bilməz. İş üzrə məhkəmə xərci mütəxəssis rəyinin verilməsi üçün ödənilən 215 manat puldan ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddianın təmin edilmiş hissəsinə mütənasib olaraq mütəxəssis rəyinin verilməsi üçün iddiaçılar tərəfindən ödənilmiş 215 manat pulun 107,50 manat hissəsi cavabdehdən tutularaq iddiaçılara ödənilməlidr. Azərbaycan Respublikası Mülki-Prossesual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Samux rayonu Qovlarsarı kəndində yerləşən, ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli çıxarışa əsasən iddiaçıların və cavabdehin ümumi paylı mülkiyyətlərində olan 0,20 ha torpaq sahəsindən iddiaçı X3 3/6 hissədə, İddiaçı isə 1/6 hissədə payları naturada bölünərək iddiaçılara verilsin. Mütəxəssis rəyinin verilməsi üçün iddiaçılar tərəfindən ödənilən 215 manat pulun 107,50 manat hissəsi Cavabdeh tutularaq iddiaçılara ödənilsin. İddia qalan hissədə təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəəy minir. Sədrlik edən: Tərifə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar