Məhkəmə qərarları › İş №2(058)-74/2023

Samux Rayon Məhkəməsi Qətnamə — İş №2(058)-74/2023

27.02.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № 2(058)-74/2023 27.02.2023 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Mikayılov Cəlil Ağadin oğlunun katibliyi, iddiaçı X2 nümayəndəsi X3 iştirakı ilə, İddiaçı X1 Cavabdeh qarşı “uşağı ilə birlikdə evə köçürülmə” tələbinə dair iddia ərizəsi üzrə mülki işə, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı X4 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək azyaşlı uşağı ilə birlikdə cavabdehə məxsus Samux rayonu Ağasıbəyli kəndində yerləşən evə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə rəsmi nikaha daxil olmaqla ailə qurmuş, birgə nikahdan bir övladları doğulmuşdur. Daha sonra cavabdehlə xasiyyətlərinin tutmaması səbəbilə nikahları məhkəmə qaydasında pozulmuşdur. Hazırda o, uşağı ilə birlikdə atasının evində yaşayır, atasının evi iki otaqdan ibarətdir, həmin evdə atası, anası və qardaşı da yaşayır. Ev dar olduğundan onun və uşağının orada yaşaması mümkün deyil, atasının evindən başqa da heç bir yaşayış yeri yoxdur. Cavabadeh onu və uşağını yaşayış yeri ilə təmin etmir, ona görə də, hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X5 iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, əlavə olaraq bildirdi ki, evin kimin mülkiyyətində olmasını bilməsə də cavabdeh ailə üzvləri ilə birlikdə Samux rayonu Ağasıbəyli kəndində yerləşən evdə yaşayır. Qızı cavabdehlə evlənən vaxtdan həmin evdə yaşayıblar. Qızının və nəvəsinin həmin evə köçürülməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Cavabdeh xx.xx.2023-cü il tarixdə məhkəməyə ərizə ünvanlayaraq ərizəsində bildirmişdir ki, hazırda onun yaşadığı ev əmisinə məxsusdur, həmin ev nənəsi və babası vəfat edəndən sonra vərəsəlik qaydasında əmisinin mülkiyyətinə keçmişdir. Atası, anası və o, əmisinə məxsus evdə yaşayırlar. Ona görə də iddia tələbinin rədd edilməsini xahiş edir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, məhkəmə baxışında tədqiq edilmiş sübutlara və araşdırılmış iş materiallarına məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti daşınmaz Əmlakın Kadastrı və Reyestri Xidməti publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli sorğuya cavab məktubundan və məktuba əlavə edilmiş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların surətindən görünür ki, Cavabdeh Samux rayonu Tatlı kəndində yerləşən 0,24 ha və 0,5 ha və Samux rayonu Aşağı Ağasıbəyli kəndində yerləşən 0,1886 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrinə dair mülkiyyət hüququ qeydə alınmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Samux Rayon İcra Hakimiyyəti Başçısının Ağasıbəyli kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin xx.xx.2023-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, Cavabdeh məxsus Samux rayonu Aşağı Ağasıbəyli kəndində yerləşən torpaq sahəsində yaşayış üçün nəzərdə tutulan hər hansı tikili mövcud deyil. Məhkəmə qeyd edir ki, iddiaçı iddia ərizəsində Samux rayonu Ağasıbəyli kəndində yerləşən evə köçürülməsini tələb etsə də, köçürülməsini tələb etdiyi evin kimə məxsus olmasını iddia ərizəsində göstərməmiş, iddiaçının nümayəndəsi isə məhkəmə iclasında verdiyi izahatında iddiaçının köçürülməsini tələb etdiyi Samux rayonu Ağasıbəyli kəndində cavabdehin ailə üzvləri ilə birlikdə yaşadığı evin kimə məxsus olması barədə məlumatının olmadığını bildirmişdir. Məhkəmə tərəfindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti daşınmaz Əmlakın Kadastrı və Reyestri Xidməti publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə sorğu verilərək Cavabdeh adına daşınmaz əmlakın qeydə alınıb-alınmaması barədə məhkəməyə məlumat verilməsi xahiş olunmuş, həmin orqandan məhkəməyə ünvanlanan sorğuya cavab məktubunda Cavabdeh adına Samux rayonu Tatlı kəndində yerləşən sahəsi 0,24 ha və 0,5 ha, Samux rayonu Aşağı Ağasıbəyli kəndində yerləşən 0,1886 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin olduğu bildirilmişdir. İddiaçı iddia ərizəsində məhz Samux rayonu Ağasıbəyli kəndində yerləşən evə köçürülməsini tələb etdiyi üçün, məhkəmə tərəfindən həmin kənddə yerləşən cavabdehə məxsus 0,1886 ha torpaq sahəsində mənzil statusuna malik hər hansı tikilinin olub-olmaması barədə məhkəməyə məlumat verilməsi barədə Samux rayonu Ağasıbəyli kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyə sorğu verilmiş, nümayəndəlikdən məhkəməyə göndərilən sorğuya cavab məktubunda Cavabdeh məxsus Samux rayonu Aşağı Ağasıbəyli kəndində yerləşən torpaq sahəsində yaşayış üçün nəzərdə tutulan hər hansı tikilinin olmadığı bildirilmişdir. İddiaçının nümayəndəsinin məhkəmə iclasında verdiyi izahatından və cavabdehin məhkəməyə ünvanladığı, hazırda yaşadığı evin əmisinə məxsus olmasını göstərdiyi ərizədən aydın olmuşdur ki, iddiaçı cavabdehin ailə üzvləri ilə birlikdə yaşadığı evə köçürülməsini istəyir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1-ci və 228.2-ci maddələrinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Həmin Məcəllənin 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Məhkəmə qeyd edir ki, iddiaçının sözügedən evə köçürülməsi və həmin evdən istifadə hüququnun tanınması o halda mümkün olardı ki, həmin ev cavabdehin, yəni onun keçmiş ərinin mülkiyyətində olmuş olsun və ya onun keçmiş ərinin evin mülkiyyətçisinin ailə üzvü olması şərtilə iddiaçı ilə evin mülkiyyətçisi arasında notarial qaydada təsdiq edilmiş yazılı razılaşma olmaqla, daşınmaz əmlakın dövlət reyestri xidmətində iddiaçının istifadə hüququ qeydə alınmış olsun. İddiaçı məhkəməyə Samux rayonu Ağasıbəyli kəndində yerləşən evin cavabdehə məxsus olmasını təsdiq edən sənəd təqdim etmədiyindən və həmin evin kimə məxsus olması məhkəmədə müəyyən olunmadığından məhkəmə iddiaçının həmin evə köçürülməsi barədə iddiasını əsassız hesab edərək, iddia ərizəsinin təmin edilməməli olması qənaətinə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 217.4-cü maddələrinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır; 218.3-cü maddəsinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır; Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.3, 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı X1 Cavabdeh qarşı “uşağı ilə birlikdə evə köçürülmə” tələbinə dair iddiası təmin edilməsin. İddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Tərifə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar